Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Novruzovun doğum günündə büstünün açılışı olub
Balakən Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Novruzovun doğum günündə adının verildiyi Humanitar və texniki təmayüllü liseydə qoyulmuş büstünün açılış mərasimi keçirilib.Tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, RİH-in məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və şəhid valideynləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Büstün açılışı zamanı rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən, döyüşlər zamanı şəhid və qazilərimizin, o cümlədən Amin Novruzovun göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. O, bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, dövlətimizin şəhidlərin adının əbədiləşdirilməsi və ailələrinə göstərdiyi xüsusi diqqətdən bəhs edib.
Tədbirdə iştirak edən Amin Novruzovun atası Taciddin Novruzov, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin komandirinin şəxsi heyət üzrə müavini, polkovnik-leytenant İsmayıl İsmayılov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, şəhid anası Gülşən Kərimova və digər çıxış edənlər öz şücaəti ilə tarix yazan şəhidlər haqqında danışıb, bu məzmunlu tədbirlərin gənc nəslin vətənpərvərlik ruhda yetişməsində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Sonda Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Novruzovun adını daşıyan liseyin şagirdlərinin ifasında ədəbii-bədii kompozisiya nümayiş olunub.