Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Novruzovun və Vətən müharibəsi şəhidi Faiq Qalayçiyevin əziz xatirəsi ehtiramla yad edilib

03 noyabr 2026 | 11:00
Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qalayçiyev Faiq İsrafil oğlunun və Vətən Müharibəsi Qəhrəmanı Novruzov Amin Taciddin oğlunun əziz xatirəsi məzarları başında ehtiramla yad edilib.
Anım mərasimlərində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının nümayəndəsi, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşı, Balakən Rayon Mədəniyyət Müəssisəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər, “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi, digər dövlət qurumlarının təmsilçiləri, Balakən Rayon Ağsaqqallar Şurasının sədri, şəhid valideynləri, qazilər, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimlərdə şəhidlərin ruhlarına dualar oxunub, Faiq Qalayçiyev və Amin Novruzovun vətənpərvərliyindən, döyüşlərdə göstərdikləri şücaətdən bəhs olunub. Vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyi vurğulanıb.
Şəhidlərin valideynləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Faiq Qalayçiyev 16 dekabr 2001-ci ildə Balakən rayonunun Kortala kəndində anadan olub. 2008-2019-cu illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb.
Faiq Qalayçiyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 2 noyabr 2020-ci ildə Zəngilan rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Faiq Qalayçiyev Beçağarbinə kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Faiq Qalayçiyev ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və “İgidliyə görə” medalları, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Novruzov 16 avqust 1996-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olub. O, S.Vurğun adına Qullar 1 nömrəli kənd tam orta məktəbində, M.Müşfiq adına Gərəkli kənd tam orta məktəbində və hazırda onun adını daşıyan Humanitar və texniki təmayüllü liseydə təhsil alıb.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli və Zəngilan rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2 noyabr 2020-ci ildə Zəngilan rayonu istiqamətində gedən döyüşlər zamanı böyük şücaət göstərərək düşmənin 4 postunu darmadağın edib və qəhrəmancasına şəhid olub. Balakən Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Amin Novruzov ölümündən sonra “Vətən uğrunda” və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə Amin Novruzovun məzunu olduğu Balakən rayon Humanitar və texniki təmayüllü liseyə onun adı verilmişdir. 2022-ci ildə liseyin həyətində Amin Novruzovun büstü ucaldılmış, həmçinin rayon ərazisindəki küçələrdən birinə onun adı verilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər