Vətən müharibəsi şəhidi Cavid Yüzbaşiyevin əziz xatirəsi ehtiramla yad edilib
16 oktyabr 2026 | 10:00
Bu gün 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Yüzbaşiyev Cavid Cavanşir oğlunun əziz xatirəsi məzarı başında ehtiramla yad edilib.
Anım mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, dövlət qurumlarının nümayəndələri, şəhid valideynləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhid Cavid Yüzbaşiyevin ruhuna dualar oxunub, onun vətənpərvərliyindən və döyüşlərdə göstərdiyi şücaətdən bəhs olunub. Vətən qarşısında öz borcunu ləyaqətlə yerinə yetirərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyi vurğulanıb.
Şəhidlərin valideynləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Cavid Yüzbaşiyev 20 iyul 1995-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 2002-2013-cü illərdə M.P.Vaqif adına Tülü kənd 1 saylı tam orta məktəbində təhsil alıb.
Cavid Yüzbaşiyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 16 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Cavid Yüzbaşiyev Hənifə kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Cavid Yüzbaşiyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Həmçinin Cavid Yüzbaşiyevin əmisi Yüzbaşiyev Cahangir Cəmaləddin oğlu Birinci Qarabağ müharibəsi zamanı 31 iyul 1992-ci ildə Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Cavid Yüzbaşiyevin atası Yüzbaşiyev Cavanşir Cəmaləddin oğlu isə Birinci Qarabağ müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. İkinci dərəcə Qarabağ müharibəsi əlili olan Cavanşir Yüzbaşiyev oğlu şəhid olmazdan 11 ay əvvəl vəfat etmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






