Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əhməd Mollaçiyevin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub

27 oktyabr 2022 | 15:28

Balakən rayonunun Püştətala kəndində Vətən müharibəsi şəhidi Əhməd Mollaçıyevin anım günündə xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub.

Bulaq kompleksinin açılışında dövlət himninin səslənməsindən sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək bildirib ki, şəhidlərimiz Vətən sevgisinin ən kamil formasını yaşayan ali şəxslərdir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər və irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında misilsiz əhəmiyyətə malikdir.

Çıxışlarda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində şəhidlərimizin adlarının əbədiləşdirilməsi və xatirəsinin yad edilməsi istiqamətində işlərin mütəmadi həyata keçirildiyi vurğulanıb.

Məktəblilərin ifasında qəhrəman Vətən övladlarına həsr olunan şeirlər səsləndirilib.

Daha sonra mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar. 

Qeyd edək ki, Əhməd Mollaçiyev 1997-ci il noyabrın 2-də Balakən rayonunun Püştətala kəndinin Mollaçıbinə yaşayış məntəqəsində anadan olub. 2004-2013-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Əhməd Mollaçiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Mollaçıbinə kəndində torpağa tapşırılıb.

Mollaçiyev Əhməd Rəcəb oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Keçidlər