Vətən müharibəsi şəhidi Elməddin Şindiyevin xatirəsi anılıb
Qırx dörd gün davam edən və şanlı Zəfərlə başa çatan Vətən müharibəsində Balakən rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də rayonun Talalar kəndindən olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elməddin Şindiyevdir. Oktyabrın 12-si Elməddin Şindiyevin şəhadətə yüksəlməsinin ikinci ilidönümü ilə bağlı anım mərasimi keçirilib.
Şəhidin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının əməkdaşları, ictimaiyyətin nümayəndələri, ailə üzvləri və doğmaları, kənd sakinləri Balakən Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Mərasimdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda gedən 44 günlük müharibədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirərək, əsgərlərimizin, zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində parlaq Qələbə qazandığı bildirib. Qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığı, bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağı vurğulayıb.
Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.
Elməddin Şindiyev 1995-ci il martın 6-da Balakən rayonunun Talalar kəndində anadan olub. 2001—2012-ci illərdə 2 saylı Talalar kənd tam orta məktəbində təhsil alıb.
2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013—2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kəşfiyyat bölüyündə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elməddin Şindiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elməddin Şindiyev oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Elməddin Şindiyev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, "Kəlbəcərin azad olunmasına görə" və " Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.