Vətən müharibəsi şəhidi Hüseynov Orxan Ələkbər oğlunun xatirəsi yad edilib
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Balakən rayonunun igid oğullarından biri – Orxan Hüseynovun anım mərasimi keçirilib. Mərasimdə Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər. Mərasim iştirakçıları kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin əziz xatirəsinə dualar oxunub.
Anım günündə çıxış edən Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhid Orxan Hüseynovun keçdiyi şərəfli döyüş yolundan söz açıb. Qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığını, bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağını vurğulayıb. Turan Dibirov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Balakən rayonundan 30 nəfər şəhidlik zirvəsinə ucalıb. Onların hər birinin ildönümləri qeyd olunub. Bugün sonuncu Vətən müharibəsi şəhidimiz Orxan Hüseynovun anım günüdür. Arzu edirik ki, bundan sonra xalqımız həmişə sülh, əmin-amanlıq içində yaşasın, bir daha Vətənimizdə müharibə olmasın deyə Turan Dibirov fikirlərini tamamlayıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Orxan Hüseynov 1996-cı il martın 4-də Balakən rayonunun Hənifə kəndində anadan olub. 2003-2012-ci illərdə Gülüzanbinə kənd ümumi orta məktəbində təhsil alıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Hüseynov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Hənifə kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Orxan Hüseynov ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.