Vətən müharibəsi şəhidi Kamal Məmmədovun xatirəsinə inşa olunan bulağın açılışı olub
Balakən şəhərinin R.Səmədov küçəsində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədov Kamal Şamil oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Kamal Məmmədovun şəhidlik zirvəsinə yüksəlməsinin ikinci ildönümündə keçirilən açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyəti və şəhidin yaxınları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bulağın açılışında rayon icra hakimiyyətinin başçısının birinci müavini Turan Dibirov çıxış edərək, Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad olunacağını vurğulayıb.
Digər çıxış edənlər 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən danışıb, Kamal və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını, erməni silahlı qüvvələrinin darmadağın edilərək torpaqlarımızın azad olunduğunu vurğulayıblar.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbir iştirakçıları daha sonra rayon Şəhidlər xiyabanında Kamal Məmmədovun məzarını ziyarət edib, üstünə çiçəklər düzüblər.
Qeyd edək ki, Kamal Məmmədov 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2004-2011-ci illərdə S.Vurğun adına Qullar kənd 1 saylı tam orta məktəbində, 2011-2015-ci illərdə Humanitar və texniki təmayüllü liseydə, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kamal Məmmədov oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə Kamal Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.