Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Orxan Hüseynovun əziz xatirəsi ehtiramla yad edilib

19 oktyabr 2026 | 11:00
Bu gün 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Hüseynov Orxan Ələkbər oğlunun əziz xatirəsi məzarı başında ehtiramla yad edilib.
Anım mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, dövlət qurumlarının nümayəndələri, şəhid valideynləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhid Orxan Hüseynovun ruhuna dualar oxunub, onun vətənpərvərliyindən və döyüşlərdə göstərdiyi şücaətdən bəhs olunub. Vətən qarşısında öz borcunu ləyaqətlə yerinə yetirərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyi vurğulanıb.
Şəhid ailəsinin üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Orxan Hüseynov 4 mart 1996-cı ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 2002-2011-ci illərdə Gülüzanbinə kənd ümumi orta məktəbində təhsil alıb.
Orxan Hüseynov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 9 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Orxan Hüseynov Gülüzanbinə kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Orxan Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər