Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Xaqani Nəsibovun anım tədbiri keçirilib

20 oktyabr 2022 | 17:09

Qırx dörd gün davam edən və şanlı Zəfərlə başa çatan Vətən müharibəsində Balakən rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də rayonun Kortala kəndindən olan Xaqani Nəsibovdur. Oktyabrın 20-si Xaqani Nəsibovun şəhadətə yüksəlməsinin ikinci ilidönümü ilə bağlı anım mərasimi keçirilib.

Şəhidin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, ailə üzvləri və doğmaları, kənd sakinləri şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar. Qeyd edək ki, Xaqani Nəsibovun qardaşı Ədalət Nəsibov birinci Qarabağ müharibəsində, 30 mart 1993-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

Anım tədbirində çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda gedən 44 günlük müharibədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirərək, əsgərlərimizin, zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində parlaq Qələbə qazandığı bildirib. Qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığı, bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağı vurğulayıb.

Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.

Qeyd edək ki, Xaqani Nəsibov 1991-ci il mayın 1-də Balakən rayonunun Kortala kəndində anadan olub. 1997-2008-ci illərdə Q. Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb.

2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun  əsgəri olan Xaqani Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə rayonunun və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Xaqani Nəsibov oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Doğulduğu Kortala kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə  Xaqani Nəsibov ölümündən sonra  "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər