Vətən müharibəsi şəhidi Yusif Təmirovun xatirəsi anılıb
Yusif Təmirovun Vətən müharibəsində şəhadətə yüksəlməsindən iki il keçir. Bu münasibətlə şəhidin doğulub boya-başa çatdığı Katex kəndində anım mərasimi keçirilib.
Anım tədbirində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, din xadimləri, ağsaqqallar, kənd sakinləri iştirak ediblər. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda gedən 44 günlük müharibədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyi, əsgərlərimizin, zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində parlaq Qələbə qazandığı bildirib. Qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığı, bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağı vurğulanıb. Bildirilib ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.
Anım mərasimində şəhid Yusif Təmirovun keçdiyi döyüş yolundan və qəhrəmanlığından danışılıb. Qeyd olunub ki, Yusif Təmirov 1995-ci il sentyabrın 28-də Balakən rayonunun Katex kəndində anadan olub. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsində könüllü olaraq cəbhəyə yollanıb. Ağdərə və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Yusif Təmirov oktyabrın 5-də qəhrəmancasına şəhid olub. Katex kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Yusif Təmirov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildiriblər.