Xalatala kəndində növbəti səyyar qəbul keçirilib
06 sentyabr 2024 | 17:58
Sentyabrın 5-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Xalatala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurlardan bəhs edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Əli Çitiyev kəndin Qebel oba adlanan ərazisində elektrik dayaqlarının dəyişdirilməsinə, yeni transformatorun qoyulmasına, Abdulla Murtuzov Mazımköbər adlanan ərazidə sahilbərkitmə işlərinin görülməsinə, vətəndaşların fındıq bağından keçən elektrik xətlərinin yerinin dəyişdirilməsinə, Hüseyn Seriyev Süleymanovlar oba ərazidə kənddaxili suötürücü arxların təmizlənməsinə, Pitimat Əliyeva isə Xalatala kənd tam orta məktəbinin idman zalının dam örtüyünün təmir edilməsinə köməklik göstərilməsini xahiş edib.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.