Şriftin ölçüsü :

Saytın rəngi :

Xalatala kəndində səyyar görüş keçirilib

09 fevral 2024 | 10:25
  Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev fevralın 8-də Xalatala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək 7 fevral tarixində ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərinin bütöv Azərbaycanda baş tutan ilk seçki kimi tarixə həkk olunduğunu bildirib. Rayon rəhbəri seçkilərin xalqın yüksək fəallığı, mütləq dəstəyi ilə baş tutduğunu qeyd edib.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Abdulla Murtuzov kəndin “Mazımköbər” adlanan ərazisindəki  körpünün təmir edilməsinə, Ramazan Murtuzov ailə üzvlərindən birinin işlə təmin edilməsinə və yaz əkini başladığı zaman gübrə ilə təmin olunmasına, Rəfail Atayev 40 təsərrüfatda 170 nəfər  sakinin yaşadığı yeni yaşayış massivində qəzalı elektrik dayaqlarının yenisi ilə dəyişdirilməsinə, Zeynalabid Qarayev kəndin “Timirovlar oba” adlanan ərazisindəki elektrik transformatorunun yenisi ilə əvəzlənməsinə, Mahama Hontoyev isə 3 km uzunluğundakı magistral asfalt yolda çala təmiri işlərinin aparılmasına köməklik göstərilməsini xahiş ediblər.
  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər