Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin qanlı səhifəsidir

24 fevral 2023 | 15:17

Tariximizin ən qanlı səhifələrindən olan Xocalı faciəsinin otuz birinci ildönümü ilə əlaqədar Balakən rayonunda silsilə anım tədbirləri keçirilib.

Faciənin ildönümü ilə bağlı Balakən Rayon İcra Hakimiyyətində rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş olub. Tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin acı nəticələri, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Rayon rəhbəri vurğulayıb ki, Xocalı faciəsi xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum etməsi nəticəsində şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. Dəhşətli faciə nəticəsində 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Diqqətə çatdırılıb ki, 30 illik işğaldan sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad edib.

Hazırda Balakən rayonunda Xocalıdan olan 8 ailə yaşayır. Onlar dövlətimiz tərəfindən hər daim diqqət və qayğı ilə əhatə olunublar.

Daha sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək, ərazi bütövlüyümüz uğrunda şəhid olan igid həmyerlilərinin xatirəsinə ucaldılan abidənin önünə gül-çiçək düzüblər.

Keçidlər