Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

23 fevral 2024 | 16:12
  Tariximizin ən qanlı səhifələrindən olan Xocalı faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar Balakən rayonunda silsilə anım tədbirləri keçirilib.
  Faciənin ildönümü ilə bağlı Balakən Rayon İcra Hakimiyyətində rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin acı nəticələri, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Rayon rəhbəri vurğulayıb ki, müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
  Qeyd olunub ki, hazırda Balakən rayonunda Xocalıdan olan 8 ailə yaşayır. Onlar dövlətimiz tərəfindən hər daim diqqət və qayğı ilə əhatə olunublar.
  Daha sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsinə ucaldılan abidənin önünə qərənfillər  düzüblər.
Keçidlər