Yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə keçirilib
Meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Şəki şəhərində yanğından mühafizə mövzusunda regional müşavirə keçirilib. Tədbirdə Balakən rayonundan Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Turan Dibirov, Balakən Rayon İcra Hakimiyyəti Aparatında sektor müdiri, Rayon Fövqəladə Hallar Komissiyasının Qərargah rəisi Aqil Bağırov, Balakən DAİM-də direktor müavini Elvin Səmədov və xüsusi mühafizə olunan əraziyə düşən bələdiyyələrin sədrləri iştirak etmişlər.
Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər, Kənd Təsərrüfatı, Ədliyyə Nazirlikləri, Baş Prokurorluq və digər aidiyyəti qurumların rəsmilərinin, icra hakimiyyətinin nümayəndələrinin, fermer və sahibkarların iştirakı ilə keçirilən görüşdə yanğın təhlükəsizliyi ilə bağlı hazırlanmış birgə fəaliyyət planı barədə məlumat verilib, yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların müştərək fəaliyyətinin vacibliyi, eyni zamanda bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb. Qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyi xüsusi qeyd edilib.