Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunan tədbir keçirilib

21 oktyabr 2022 | 17:43

Oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə  Balakən rayonu Mədəniyyət Mərkəzində  tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Tədbir iştirakçıları Balakən rayonu  Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik siyasi təşkilatdır. Bu gün YAP ideya və amalına sadiq partiya kimi fəaliyyətini həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə gücləndirmişdir. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyasının  keçirdiyi qurultaylarda qəbul etdiyi tarixi qərarların Azərbaycanın uğurlu inkişafının təmin olunmasında böyük rolu olmuşdur. Azərbaycanın inkişafı aparılan məqsədyönlü, düşünülmüş islahatların məntiqi nəticəsidir. 2003-cü ildə ulu öndər Heydər Əliyevin siyasi kursuna verilən dəstək Azərbaycanın  44 günlük İkinci Qarabağ müharibəsində böyük Qələbəsinə yol açdı. Bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimizdən qürur duyur.

Balakən Rayon  İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.  Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrildi. Qeyd olunub ki, bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov partiyanın yaranma tarixinə nəzər salaraq, o dövrdə ölkəmizin və xalqımızın çətin sınaqlarla üz-üzə qaldığını bildirib. Xalqımız problemlərdən çıxış yolunu yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ümummilli Lider Azərbaycanı xilas edərək tərəqqi yoluna çıxardı.

Milli Məclisin deputatı Kamilə Əliyeva çıxış edərək vurğulayıb ki, Yeni Azərbaycan Partiyası milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynayaraq, xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrilib. Çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP 30  illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu bu partiya qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi qüvvəsinə çevrilib.

Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev, Vətən müharibəsi iştirakçısı, qazi Hacı Muradov, şəhid anası Zümrüd Məmmədova çıxış ediblər.

Tədbirin sonunda Vətən müharibəsi iştirakçılarının bir qrupuna medallar, Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvünə Fəxri fərmanlar və partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim olunub.

Keçidlər