Yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasının açılışı olub
06 avqust 2025 | 16:44
Balakən Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasına start verilib. Azərbaycan Şahmat Federasiyasının, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda respublikamızın 26 şəhər və rayonunu təmsil edən 252 şahmatçı mübarizə aparır.
Avqustun 5-də şahmat olimpiadasının rəsmi açılış mərasimi keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Olimpiadanın açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə şahmatın inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov çıxışında belə yarışların bölgələrdə idmanın şahmat növünün kütləviliyinin daha da artmasına böyük təkan verdiyini bildirib.
Turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov şahmat olimpiadasının qaydaları barədə məlumat verib. Bildirilib ki, yarış 11 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə FIDE qaydalarına əsasən keçirilir və şəxsi, komanda xarakteri daşıyır. Şahmatçılar A və B qrupları üzrə yarışırlar. A qrupunda 2009-2014- cü il təvəllüdlü, B qrupunda isə 2015-ci ildə anadan olmuş və daha kiçikyaşlı şahmatçılar mübarizə aparırlar.
Qeyd edək ki, Respublika Şahmat Olimpiadası avqustun 14-dək davam edəcəkdir.






