“Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin icrası ilə bağlı iclas keçirilib
29 oktyabr 2026 | 10:00
Bu gün Balakən Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin icrası ilə bağlı iclas keçirilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn vəzifələr, rəqəmsal idarəetmənin təkmilləşdirilməsi və elektron xidmətlərin genişləndirilməsi məsələləri müzakirə olunub.
Xüsusi diqqət “myGov” platformasının imkanlarının təşviqinə və vətəndaşların rəqəmsal xidmətlərdən istifadəsinin artırılmasına yönəldilib. Vətəndaş müraciətlərinin “myGov” üzərindən qəbulu və cavablandırılması, elektron sənədlərdən istifadə, eləcə də əhalinin rəqəmsal xidmətlər barədə məlumatlandırılması istiqamətində görüləcək işlər diqqətə çatdırılıb.
Həmçinin dövlət informasiya sistemlərində mövcud olan məlumatların vətəndaşlardan təkrar tələb edilməməsi, qurumlar arasında elektron məlumat mübadiləsinin genişləndirilməsi və əməkdaşların rəqəmsal bacarıqlarının artırılması məsələləri nəzərdən keçirilib.
İclasın sonunda Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrası, “myGov” platformasının imkanlarının əhali arasında geniş təşviqi və rəqəmsal xidmətlərdən istifadənin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Sizi “myGov” platformasının imkanlarından fəal istifadə etməyə, elektron xidmətlərlə tanış olmağa və rəqəmsal imkanlardan yararlanmağa dəvət edirik.
“myGov” portalı dövlət xidmətlərinə rəqəmsal çıxışı asanlaşdırır. Platforma vasitəsilə dövlət orqanlarına getmədən bir sıra elektron xidmətlərdən yararlanmaq, dövlət informasiya sistemlərində mövcud olan şəxsi məlumatlarla — əmək fəaliyyəti, təhsil, ailə vəziyyəti və digər məlumatlarla tanış olmaq, həmçinin müvafiq elektron sənəd və arayışları əldə etmək mümkündür.
Rəqəmsal xidmətlərdən istifadə edin, vaxtınıza qənaət edin və elektron imkanlardan faydalanın!






