Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü Balakəndə böyük coşqu ilə qeyd olunub

08 noyabr 2022 | 16:04

   İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Şanlı Qələbədən iki il ötür. 8 Noyabr – Zəfər Günü Balakən rayonunda da bayram əhvali-ruhiyyəsi ilə qeyd edilib.

   Tədbirlər planına uyğun olaraq, Zəfər Günü ilə əlaqədar Balakən şəhəri dövlət bayraqları, “Xarı bülbül” təsvirləri ilə bəzədilib, rayon mərkəzində yerləşən monitorda “Xarı bülbül” embleminin, Vətən müharibəsi şəhidlərinin şəkilləri və adları nümayiş etdirilib, silsilə tədbirlər, idman yarışları keçirilib, rayonun rəhbər işçiləri tərəfindən şəhid ailələri və müharibə qaziləri ziyarət olunub.

   Əlamətdar tarixi gün münasibətilə noyabrın 8-də rayon rəhbərliyi xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

   Sonra rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və əməkdaşları, ictimaiyyətin nümayəndələri Balakən şəhərindəki Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş igid Vətən oğullarının məzarlarını ziyarət edib, üzərinə gül-çiçək düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad ediblər.

   Tədbir iştirakçıları mədəniyyət və istirahət parkında Vətən Müharibəsi mövzusunda məktəblilərin işlərindən ibarət sərgiyə baxıblar.

   Sonra rayon incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Tədbirdə təqdim olunan ədəbi-bədii kompozisiya, rəqs və mahnılar, şagirdlərin söylədiyi şeirlər, vətənpərvərlik marşlarının sədaları altında hərbi geyimli gənclərin nümunəvi keçidi parka gələnlər tərəfindən maraqla qarşılanıb.

Keçidlər