Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilib

10 may 2023 | 12:06

Mayın 10-da Balakən rayonunda görkəmli siyasi xadim, dahi şəxsiyyət, müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilib. Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.

Rayon Mədəniyyət Mərkəzində keçirilən rəsmi yığıncağın iştirakçıları öncə mərkəzin foyesində ulu öndər Heydər Əliyevin iştirak etdiyi beynəlxalq toplantıları və görüşləri, dünya liderlərinin Onun haqqında dediyi sözləri əks etdirən və Ümummilli Lider haqqında yazılmış kitablardan ibarət sərgiyə baxıblar.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Rəsmi yığıncaqda geniş məruzə ilə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Ulu Öndərin keçdiyi şərəfli həyat yolundan bəhs edərək bildirib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolunu oynayıblar. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Məruzədə vurğulanıb ki, milli müstəqilliyimizin qorunması və gücləndirilməsi, ölkəmizin hərtərəfli və davamlı inkişafı naminə həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasəti, çoxşaxəli titanik fəaliyyəti ilə qədirbilən xalqımızın yaddaşında və hər bir azərbaycanlının qəlbində özünün əbədi heykəlini ucaldıb.
 
Hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan və şanlı zəfərlərlə dolu ən şərəfli səhifələrini yazmaqda davam edən müasir Azərbaycan Ümummilli Liderimizin şah əsəridir. Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi və sağlam əsaslar üzərində davamlı gücləndirilməsi Heydər Əliyevin ən mühüm tarixi xidmətlərindən hesab edilir. Məhz dahi şəxsiyyətin uğurlu daxili və xarici siyasəti sayəsində məhv olmaq təhlükəsindən qurtulan ölkəmizdə ictimai-siyasi sabitlik təmin olunub, tənəzzüldən tərəqqi yoluna qədəm qoyulub, zəngin ənənələrə və milli maraqlara söykənən müstəqil dövlətçiliyin təməlləri möhkəmləndirilib.
 
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, “Mənim üçün öz canımdan, öz qanımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” deyən Ulu Öndərimiz Vətənə, xalqa və dövlətə sıx bağlılığını bir insan ömrünə sığmayan zəngin həyat və fəaliyyəti ilə təsdiq edib. Bütün ömrünü canından çox sevdiyi Azərbaycanın parlaq gələcəyinə və xalqının rifahına həsr edən Heydər Əliyev milli-mənəvi dəyərlər və milli maraqlardan formalaşdırdığı azərbaycançılıq məfkurəsinə xidmət edən titanik fəaliyyətləri ilə ümumxalq məhəbbəti qazanıb və Ümummilli Lider zirvəsinə yüksəlməyi bacarıb.
 
İslam Rzayev diqqətə çatdırıb ki, dahi şəxsiyyətin layiqli davamçısı olan möhtərəm Prezidentimizin liderliyi ilə ən yeni tariximizin şanlı səhifələrinin yazıldığı hazırki dövrdə hər birimiz sonsuz qürur hissləri keçiririk. Heydər Əliyevin xalqımızın mənəvi sərvətinə çevrilmiş əbədiyaşar ideyaları və zəngin irsi ölkəmizin firavan gələcəyinə işıqlı yol açır.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı 100” sənədli filmi nümayiş olunub. Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər Heydər Əliyev adına mədəniyyət və istiarhət parkında tanınmış incəsənət ustalarının iştirakı ilə bədii-musiqili tədbirlə davam etdirilmişdir.
Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq olmuşdur.
Keçidlər