Balakəndə Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub
10 noyabr 2023 | 10:16
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Şanlı Qələbədən üç il ötür. 8 Noyabr – Zəfər Günü Balakən rayonunda silsilə tədbirlər və böyük coşqu ilə qeyd edilib.
Zəfər Günü ilə əlaqədar Balakən şəhəri dövlət bayraqları, “Xarı bülbül” təsvirləri ilə bəzədilib, rayon mərkəzində yerləşən monitorda “Xarı bülbül” embleminin, Vətən müharibəsi şəhidlərinin şəkilləri və adları nümayiş etdirilib, idman yarışları keçirilib, rayonun rəhbər işçiləri tərəfindən şəhid ailələri və müharibə qaziləri ziyarət olunub.
Əlamətdar tarixi gün münasibətilə noyabrın 8-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, Azərbaycan Respublikasının əməkdar artisti Nailə İslamzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq şəhid ailələri, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları və qazilərlə birlikdə Şəhidlər Xiyabanına gələrək şəhid məzarları önünə gül dəstələri qoyub, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları daha sonra Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Vətən müharibəsi şəhidi Vüsal Omarovun qızı Duyğu Omarovanın Zəfər Gününə həsr olunmuş sərgisinə tamaşa ediblər.
Zəfər Günü münasibəti ilə “Qubek” otelində “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda konfrans keçirilib. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusuna həsr olunmuş film nümayiş etdirilib.
Məruzə ilə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ulu Öndərin ən böyük arzusu Şuşanı, Qarabağı azad görmək idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğal altındakı torpaqları azad etməklə, həm də ata vəsiyyətini yerinə yetirib. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.
Konfransda Milli Məclisin deputatı Nəsib Məhəməliyev, Azərbaycan Respublikasının əməkdar artisti Nailə İslamzadə və şəhid anası Zümrüd Məmmədova çıxış ediblər. Çıxışlarda bildirilib ki, 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi xalqımızın Vətən müharibəsindəki ən böyük hərbi qələbəsi olub. Qədim Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazılıb. Prezident İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı Qələbəyə səsləyən rəhbər çağırışı olub və Zəfər yürüşü düşmənin sonadək bütün torpaqlarımızdan qovulması ilə nəticələnib.
Konfransın sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.
Zəfər Gününə həsr edilən silsilə tədbirlər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında bayram konserti ilə davam edib. Konsertdə respublika incəsənət ustalarının və rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının hazırladığı ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri izləyicilərə bayram ovqatı bəxş edib.
Axşam saatlarında Zəfər Günü ilə əlaqədar atəşfəşanlıq təşkil olunub.