Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə «Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu» mövzusunda konfrans keçirilib

25 may 2017 | 16:00

Mayın 25-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Balakən rayon Mədəniyyət Mərkəzində "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans keçirilib.
Konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Balakən rayonundakı möhtəşəm abidəsi önünə gül dəstələri qoyaraq  əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev,  Balakən  rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tədbirdə çıxış edərək hazırda ölkədə gənclərə göstərilən yüksək dövlət qayğısından söz açıblar. Natiqlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etmələrindən danışıblar. Həmçinin Azərbaycan gənclərinin qazandıqları nailiyyətlərdən, gənclərin ana dilimizə yüksək önəm vermələrindən, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə edilmələrindən, dövlətin gənc nəslin sağlamlığı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edilib.
Tədbirdə məlumat verilib ki, dövlətimizin apardığı gənclər siyasəti  respublikanın hər yerində olduğu kimi, Balakən rayonunda da uğurla həyata keçirilməkdədir. Rayon gənclərinin son illər bir çox sahələrdə əldə etdikləri uğurlar buna bariz nümunədir. Bu gün Balakən rayonunda 29 mindən çox gənc var ki, bu da rayon əhalisinin təxminən 3-də 1 hissəsini təşkil edir. Sevindirici haldır ki, gənclərimiz ali məktəblərdə təhsil alır, idman sahəsində dünya miqyasında nailiyyətlərə imza atır və həqiqi hərbi xidmətdə vətənin keşiyində dayanırlar. Qədim tarixə, etnik müxtəlifliyə, zəngin adət-ənənələrə malik olan Balakən rayonu üçün 2017-ci il uğurla başlayıb. Üç il əvvəl, 2014-cü ildə “Azərbaycanın Folklor Paytaxtı” kimi şərəfli vəzifəni uğurla yerinə yetirən Balakən rayonu 2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” adına layiq görülüb. Balakənin “Gənclər Paytaxtı-2017” seçilməsi rayon gənclərinə göstərilən böyük etimaddan xəbər verir.
Konfrans başa çatdıqdan sonra - axşam Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, açıq havada respublikamızın tanınmış musiqiçilərinin ifasında keçirilən zəngin repertuarlı konsert proqramı rayon ictimaiyyətinin ürəyincə olub.

Keçidlər