Şriftin ölçüsü :

Saytın rəngi :

Zərifə Əliyevanın 95 illik yubileyi qeyd edilib.

28 aprel 2018 | 16:00

   27 aprel 2018-ci il tarixdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi ilə əlaqədar Balakən rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində rayon ərazisində yerləşən Akademik  Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbində və Heydər Əliyev Mərkəzində  anım tədbirləri keçirilib.
   Tədbirdən öncə qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin foyesindəki büstü önünə tər gül dəstələri qoyaraq, onun əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
   Tədbiri giriş sözü ilə açan Zərifə Əliyeva adına adına şəhər 3 saylı tam orta məktəbin direktoru Yeganə Zamanova qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, bütöv və hərtərəfli şəxsiyyətində, zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış, möhkəmlətmiş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışmış, bu yolun qiymətli nümunəyə çevrilərək həyatında və fəaliyyətində elmin işığına, işığın elminə sədaqətli olan yeni-yeni ziyalı nəsilləri üçün örnək olduğunu bildirib, Azərbaycan təbabət elminin böyük alimin elmi xidmətlərini və kəşflərini yüksək səviyyədə qəbul etdiyini, onun göz xəstəliklərinə dair təliminə yiyələnmiş yeni nəsillərin bu əvəzolunmaz alimin işıqlı elmi ideyalarını ayrı-ayrı ölkələrə yaydığını nəzərə çatdırıb.
   Heydər Əliyev Mərkəzinin direktoru Leyla Qarayeva  qeyd edib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırıb. Dünya oftalmoloqları ən görkəmli azərbaycanlı alim, akademik Zərifə xanım Əliyevanı öz sıralarında görmüş, onu bu elmin ön cərgəsində qəbul ediblər. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyərək, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb, əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.
   Görkəmli alim, sədaqətli ömür-gün yoldaşı, mehriban və qayğıkeş ana olan, milli-mənəvi və yüksək əxlaqı dəyərləri varlığında təcəssüm etdirən Zərifə xanım Əliyeva bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insan idi. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Zərifə xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri onunla paylaşırdı.
   Qeyd olunub ki, fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi Zərifə xanım Əliyevanı hər kəsə sevdirib, onu gələcək nəsillər üçün əsl nümunəyə çevirib.
   Tədbirdə çıxış edənlər mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan,tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan, həyatının mənasını nəcib, xeyirxah əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş zəngin mənəviyyat sahibi olan və gördükləri işlərlə təkcə yaxın çevrəsinin - dostlarının, yaxınlarının deyil, el-obasının sevimlisinə çevrilərək bütövlükdə cəmiyyətin tükənməz rəğbətini qazanmış Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla, rəğbətlə anılacağını diqqətə çatdırıblar.
   Tədbirin bədii hissəsində Zərifə xanım Əliyevanın mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Məktəblilərin ifasında səslənən akademik Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər onun parlaq obrazını göz önündə canlandırıb və tədbir iştirakçılarına xoş təəsüratlar bağışlayıb.

Keçidlər