Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub.

07 mart 2019 | 16:00

   8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Balakən rayonunda bayram tədbiri təşkil olunub. “Qubek” otelində keçirilən bayram tədbirində Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, RİH başçısı Aparatının məsul əməkdaşları, şəhid anaları və həyat yoldaşları, ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər.

   Tədbirdə çıxış edən İslam Rzayev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edərək, qadınlarımıza xoş və səmimi arzularını bildirib. Qeyd edib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub.

   İslam Rzayev vurğulayıb ki, bu gün şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində onlara verilən müavinətlər yüksəlib, evlə təminat yaxşılaşıb. Nəticədə bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlət başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

   O cümlədən İslam Rzayev bildirib ki, Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlib. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.

   Tədbirdə digər çıxış edənlər respublikamızda və Balakən rayonunda qadınlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən, qadınlara göstərilən diqqət və qayğıdan bəhs ediblər.

   Tədbirin sonunda qadınlara qızıl gül və qiymətli hədiyyələr təqdim olunub.                             

Keçidlər