Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr –Ulu öndər Heydər Əliyevin anım günüdür

12 dekabr 2020 | 16:00

Xalqımızın ulu öndəri Heydər Əliyevin vəfatından 17 il ötür. Bu illər ərzində həyatımızda çox şey dəyişib, Azərbaycan inkişaf edərək qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilib. Vaxtilə xəyal hesab edilən transmilli energetika və nəqliyyat layihələri uğurla reallaşdırılıb. Zamanın dəyişə bilmədiyi yeganə reallıq xalqın öz böyük oğluna tükənməz məhəbbətidir. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşayır, yollarımızı daim işıqlandırır.
   Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dünyaya gəlib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb.
   Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət edib, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. O, 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
   Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1965-ci ildə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir. 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.
   Ümummilli lider Heydər Əliyev bənzəri olmayan bir ömür yaşayıb. Onun həyat yolu, Vətəni və xalqı qarşısında misilsiz xidmətləri Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin təntənəli sürətdə qeyd olunduğu bu günlərdə bir daha xatırlanır, yaddaşlar təzələnir.
   Azərbaycanın ən yeni tarixi, qazandığı möhtəşəm uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövründə Azərbaycan böyük inkişaf yolu keçib. Həmin illər haqlı olaraq tariximizin Heydər Əliyev dövrü adlandırılır. Heydər Əliyevin ölkə rəhbəri seçilməsi ilə həyatın ritmi büsbütün dəyişdi: ölkədə canlanma və yüksəliş, geniş quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri zavodu, dərin dəniz özülləri zavodu, memarlıq incilər olan binalar – “Gülüstan” sarayı, indiki Heydər Əliyev Sarayı tikildi, Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri, mikrorayonlar salındı. Pambıq, tərəvəz, üzüm istehsalı dəfələrlə artdı. Bunun nəticəsində əhalinin güzəranı da yaxşılaşdı, Azərbaycan intibah dövrünə qədəm qoydu.
   Azərbaycan xalqı Heydər Əliyevlə qürur duyur. O, SSRİ kimi nəhəng dövlətin əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü idi. Daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçilmişdi. Bu təyinatlar Azərbaycanda böyük sevinc doğurmuş, əsl bayram əhval-ruhiyyəsi yaratmışdı. Azərbaycanın böyük oğlu Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi təbii ki, bizim xeyrimizə oldu. Öz nüfuzundan və tutduğu yüksək vəzifələrin yaratdığı imkanlardan istifadə edərək bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi.
   Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrün ən böyük nəticələri ondan ibarət idi ki, respublikamızda sənayeləşmə siyasəti uğurla həyata keçirilərək, güclü iqtisadi potensial yaradıldı.1969-1982-ci illər ərzində 250-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verildi. Bakı ilə yanaşı, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri istifadəyə verildi. On dörd ildə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin dövrdə on  mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edir. Bununla da, xalqımızda özünə inam artdı, milli özünüdərk prosesi gücləndi. Ən başlıcası isə gələcək müstəqillik üçün möhkəm baza yaradıldı.Təsadüfi deyildi ki, Sovet İtttifaqı dağılanda Azərbaycan iqtisadi cəhətdən özünü təmin edə bilən 3 müttəfiq respublikadan biri idi.
   Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Xüsusilə də, xalqın təkidi ilə Ulu Öndərin 1993-cü il 15 iyunda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Həmin ərəfədə Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Dahi lider az qala siyasi xəritədən silinəcək  ölkəmizi siyasi fırtınaların cəngindən alaraq, onun strateji mövqelərini bərpa etdi, sabit ölkə imici qazandırdı.
   1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Heydər Əliyev milli dövlətçiliyimizin inkişaf konsepsiyasını yaratdı. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
   Ölkə daxilində yaranmış sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Sonra üç dəniz əfsanəsi adlandırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri, onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri ərsəyə gəldi. Bakı-Tbilisi-Qars dəmiryolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi nəhəng layihələr reallaşdırıldı. Azərbaycanın təşəbbüsü olan digər mühüm layihənin -Cənub Qaz Dəhlizinin sonuncu hissəsi başa çatmaq üzrədir. Bu transmilli enerji və nəqliyyat layihələri Azərbaycanın dünya miqyasında, Avropanın enerji təhlükəsizliyində rolunu artırır və ölkəmizi beynəlxalq aləmdə mühüm aktora çevirir.
   Ulu Öndərimizin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.
   Həmin vaxt 17 ildən sonra yetişdi. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. İldən-ilə güc toplayan Azərbaycan, onun rəşadətli ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi.
   Bu gün İlham Əliyevin 17 illik prezidentliyi dövründə qurulmuş Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında yer alır, onun arsenalında çoxlarının həsəd apardığı ən müasir silahlar var. Öz liderinə, Ali Baş Komandanına inanan və güvənən bu ordu, igid Azərbaycan əsgəri öz qanı, canı bahasına 30 illik işğala son qoydu.
   Bu gün Ulu Öndərimizin ruhu şaddır.
   Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Keçidlər