Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyəti başçısı İslam Rzayevin Ramazan bayramı münasibətilə Balakən rayon sakinlərinə ünvanlanmış təbriki

11 may 2021 | 16:00

Əziz balakənlilər, hörmətli dindarlar, qardaş və bacılar,
   Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.
   Dinimizin müqəddəs kitabı Qurani Kərimin nazil olduğu mübarək Ramazan ayı artıq başa çatmışdır. Ramazan ayı insanları sülh, əmin-amanlıq, bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar mənəvi-əxlaqi saflığın xeyirxah əməllərin təntənəsini, kamilliyin və dərrakənin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.
   İslam dünyasının ayrılmaz hissəsi olan müstəqil və demokratik Azərbaycanda milli və dini mərasimlər, eləcə də Ramazan bayramı hər il böyük  xalq sevgisi ilə təntənəli sürətdə qeyd olunur. Bu dəfə əziz bayramı ikiqat sevinc içində qarşılayacağıq. Ötən il sentyabrın 27-də erməni işğalçılarının növbəti təxribatının qarşısını almaq üçün Silahlı Qüvvələrimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatına başladı. Düşmənin başına dəmir yumruq vuruldu, təcavüzkar gözləmədiyi ağır zərbə aldı. 44 gün davam etmiş Vətən müharibəsi ordumuzun tarixi Zəfəri ilə başa çatdı, torpaqlarımız işğaldan azad olundu. İgid Azərbaycan əsgəri düşməni diz çökdürdü, tariximizə qəhrəmanlıq dastanı yazdı. Xalqımız bu Ramazan bayramını böyük ruh yüksəkliyi ilə qarşılayıb qeyd edəcəkdır.
   Əziz balakənlilər,
   Mübarək Ramazan günlərində ölkəmizin inkişafı və firavanlığı naminə etdiyiniz dualara qoşulur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm. Xalqımız onların müqəddəs adını həmişə uca tutacaq, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısını heç vaxt əsirgəməyəcəkdir.
   Hər birinizin ailəsinə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
   Allah orucunuzu qəbul eləsin !

Keçidlər