Rayon haqqında
Mədəniyyət
Rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələri 1951-ci ildən 1954-cü ilə qədər Kinolaşdırma idarəsi, 1954-cü ildən isə Mədəniyyət şöbəsinin nəzdində işə başlayıb, 2007-ci ilin 30 yanvar tarixindən isə Mədəniyyət və Turizm Şöbəsi yaradılıb. 01 yanvar 2017-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamı ilə yaradılan Şəki Regional Mədəniyyət İdarəsinin struktur tərkibinə daxil olub. Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayon üzrə nümayəndəliyinin nəzdində hazırda Heydər Əliyev Mərkəzi, Tarix–diyarşünaslıq muzeyi, Bülbül adına Uşaq incəsənət və Qabaqçöl qəsəbə musiqi məktəbləri, MKS və onun 1 şəhər, 20 kənd kitabxana filialı, 19 klub tipli mədəniyyət müəssisəsi fəaliyyət göstərir.
Mədəniyyət Mərkəzi
Balakən müxtəlif millətlərin mehriban şəkildə yaşadığı rayondur. Rayonda yaşayan hər bir millətin adət-ənənəsi, mədəni iris qorunub saxlanılır və təbliğ edilir. Balakən rayon Mədəniyyət Mərkəzində “Mehriban bacılar” və "Qubek” rəqs qrupu, 2 saylı diyarşünaslıq klubunda “Qönçə”, Yeni şərif kənd sənətkarlıq evində "Ebel”, ingiloyların yaşadığı İtitala kənd mədəniyyət evində “Nənələr”, Tülü kənd folklor evində “Buta”,Qabaqçöl qəsəbə folklor klubunda “Cahan” avar folklor qrupu fəaliyyət göstərir. Bu kollektivlər qeyri-maddi mədəni irsimizin, eləcə də ölkədə yaşayan azsaylı xalqların mədəniyyət nümunələrinin qorunması, tanınması istiqamətində Mədəniyyət Nazirliyinin il ərzində keçirdiyi bütün layihələrdə, beynəlxalq və respublika miqyaslı festivallarda fəal iştirak edərək rayonumuzu layiqincə təmsil edərək dəfələrlə diplom, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Rayon Mədəniyyət Mərkəzində yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçməsi və pis vərdişlərdən uzaq olması üçün dram, bədii qiraət, rəqs dərnəkləri fəaliyyət göstərir.
Balakənin özünəməxsus milli musiqi aləti olan iki simli tamburdan el şənliklərində, tütün, yun, qarğıdalı və fındıq təmizlənən iməciliklərdə istifadə olunur. Tamburun müşayəti ilə həm kişilər, həm də qadınlar haylalar söyləyir, Balakənə məxsus yerli rəqsləri ifa edirlər. Keçən əsrin 30-cu illərindən balakənli söz ustası, Azərbaycan aşıqlarının I qurultayının iştirakçısı olmuş aşıq Sənəmin haylaları (bayatıları) hələ də dillərdə əzbərdir.
Rayonda dəmirçilik, papaqçılıq, toxuculuq və bədii tikmə, ağac və daş üzərində oyma və zərgərlik kimi xalq sənətkarlıq nümunələri geniş yayılmışdır.Öz sənətini nəsildən-nəsilə ötürən el sənətkarları indi də həmin sahələrə aid ən gözəl sənət nümunələrini hazırlayırlar.
Balakənin təkrarolunmaz, özünəməxsus milli kulinariyası vardır. Sac üzərində bişirilən, günəş rəmzi daşıyan maxara, toyuq çığırtması, iribuynuzlu heyvan içalatından hazırlanan ev kolbasası (bağırsaq dolması adlanır), ət, şor, qabaq (boranı) xəngəlləri, ət, şor, gicitkən, qabaq qutabları (yerli dialektdə xitəb adlanır), soğança, boş xəngəl balakənlilər tərəfindən ustalıqla hazırlanıb bişirilir.
Xörəklərin bir çoxunun hazırlanmasında mədəni şəkildə becərilən yerli ədvadan (ət otundan) geniş istifadə olunur.
Rayonda dağ yamaclarında bitən xüsusi növ kəkotundan (xinçi adlanır), təzə və qurudulmuş cökə çiçəklərindən dəmlənən çay soyuqdəymə, zökəm, baş ağrıları, ümumhalsızlıq kimi xoşagəlməz fəsadları aradan qaldırmaqda əvəzsiz vasitədir.
Heydər Əliyev Mərkəzi
Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında müasir memarlıq üslubu ilə fərqlənən Heydər Əliyev Muzeyi 2008-ci ildə fəaliyyətə başlayıb. Muzey Balakən Rayon İcra Hakimiyyəti başçısının 22 iyul 2011-ci il tarixli 144 nömrəli sərəncamı ilə Mərkəzə çevrilib.
Birinci mərtəbədə fond otağı, 180 nəfərlik böyük konfrans zalı yerləşir. Heydər Əliyev Mərkəzinin eksponatlarının sayı 1049 ədəddir. Mərkəzdə ümummilli lider Heydər Əliyevin irsinin gənc nəslə təbliği məqsədilə vaxtaşırı Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş dərslər və tədbirlər keçirilir.
Binanın ikinci mərtəbəsində Ümumilli Liderin müxtəlif sahələrə göstərdiyi diqqət və qayğını, onun zəngin həyat və fəaliyyətini əks etdirən eksponatların nümayiş olunduğu 8 bölmədən ibarət ekspozisiya zalı yerləşir. Mərkəzdə “Heydər Əliyev və Balakən” guşəsi yaradılıb. Guşədə Ulu Öndərlə şəxsən görüşmüş həmyerlilərimizin fotoşəkilləri və xatirələri nümayiş olunur. Bundan başqa mərkəzdə “Ulu öndər Heydər Əliyev irsini öyrənirik” adlı klub və pianino dərnəyi fəaliyyət göstərir.
Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Balakən rayonunda ilk kitabxana binası 1947-ci ildə tikilib. Həmin binada 1948-ci ildə Mərkəzi Kitabxana yaradılıb,1966-cı ildə isə kitabxanaya görkəmli yazıçı Mehdi Hüseynin adı verilib. 1 dekabr 1979-cu ildən etibarən bütün kitabxanalar mərkəzləşdirilmiş halda fəaliyyət göstərməyə başlayıb.
1 mərkəzi, 1 şəhər və 20 kitabxana filialını özündə birləşdirən Mərkəzi Kitabxana Sisteminin nəzdində 6 şöbə: Oxuculara xidmət şöbəsi, komplektləşdirmə və kitabişləmə, metodika-biblioqrafiya, kitabxana –biblioqrafiya proseslərinin avtomatlaşdırılması, informasiya – resurs və uşaq şöbələri fəaliyyət göstərir. MKS-in ümumi kitab fondu 164823 nüsxə təşkil edir. Hər ildə kitabxanaya müxtəlif mənbələrdən 700-1000 sayda kitab daxil olir.
Balakən rayon MKS-nin balaken.cls.az saytı fəaliyyət göstərir və burada il ərzində keçirilən tədbirlər işıqlandırılır, elanlar yerləşdirilir, operativ olaraq məlumatlar yenilənir.
İl ərzində 200000-dən çox nüsxə kitabla verilişi ilə oxuculara xidmət göstərən Mərkəzi Kitabxana Sisteminin 20000-dən çox oxucusu olur.
Balakən rayon Mərkəzi Kitabxana Sisitemi ALISA mərkəzləşdirilmiş elektron kitabxana sisteminə qoşulub. Ötən dövr ərzində 258 adda 287 nüsxə elektron resurs, 1837 adda 1135 nüsxə qəzet məqaləsi və 2174 adda 52470 nüsxə kitab elektron katoloqa köçürülüb. Hazırda Alısa proqramında 8848 adda 53913 sayda nüsxənin elektron katoloqu yaradılıb. Bundan əlavə Səyyar kitabxanadan 10 mindən çox kitabın elektron versiyası PDF formatında oxucuların istifadəsinə verilib.
Uşaq musiqi və incəsənət məktəbləri
Balakən şəhər Uşaq İncəsənət məktəbi və Qabaqçöl qəsəbə uşaq musiqi məktəblərində böyüməkdə olan gənc nəslin bədii-estetik tərbiyəsində böyük rol oynayan milli musiqi və incəsənət sahəsindəki zəngin irsimizlə tanış olması, müasir ölkə və dünya musiqi nümunələri, bəstəkarlar haqqında bilgilər əldə etməsi istiqamətində işlər aparılır, eyni zamanda şagirdlərdə estetik mədəniyyət, milli və ümumbəşəri musiqi nümunələrinə maraq, yaradıcılığa meyl kimi keyfiyyətlər də inkişaf etdirilir.
Balakən şəhər Uşaq İncəsənət məktəbi 1966-cı ildən uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb, 2005-ci ildən etibarən Uşaq İncəsənət Məktəbi statusu alıb. Balakən şəhər Uşaq İncəsənət məktəbində Tədris 4 şöbə və 11 ixtisas üzrə ( fortepiano, tar, kamança, qarmon, nağara, skripka, xanəndəlik, rəssamlıq, vokal, xoeqrafiya, sintizator) aparılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 5 avqust 2017-ci il tarixli Sərəncam imzalayıb. 29 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Balakən şəhər Uşaq İncəsənət məktəbinin yeni binasının açılışı olub.
Tarix-diyarşünaslıq muzeyi
Balakən rayon Tarix-Diyarşünaslıq Muzeyi 1984-cü ildən fəaliyyət göstərir. 1994-cü ildən 2001-ci ilədək fəaliyyəti dayandırılan muzey 2003-cü ildə yenidən fəaliyyətə başlayıb. Muzey birmərtəbəli bunada yerləşir. Muzeyin ümumi sahəsi 322,7 m², ekspozisiya sərgi sahəsi 232 m², fond saxlama sahəsi 12 m²-dir. 140 eksponatla fəaliyyətə başlayan muzeydə hal-hazırda 5000-dən artıq eksponat vardır.
Muzeydə eksponatların artımı bağışlanma və toplanma yolu ilə həyata keçirilir.
Muzeyin ekspozisiya zalında aşağıdakı növ eksponatlar nümayiş etdirilir:
1. Qədim dövrlərə aid eksponatlar
2. Orta əsrlərə aid eksponatlar
3. Rayonun əkinçilik adətlərini əks etdirən eksponatlar
4. Rayonun yerli məişət əşyaları
5. Rayonun diyarşünaslığını əks etdirən eksponatlar
6. Rayonun flora və faunasına aid eksponatlar
7. Rayonun yeraltı və yerüstü sərvətlərini əks etdirən eksponatlar.
Muzeyin ekspozisiya zalında tunc dövrü və antik dövrü əks etdirən eksponatlar rayon ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuşdur. Onların böyük bir qismi eradan əvvəl IV-III əsrlərə aid məişət və bəzək əşyaları, silahlardır. Burada gildən düzəldilmiş üçayaqlı qablar, qara gildən hazırlanmış küplər, su qabları və s. möcvuddur.
Muzeyin eksponatları sırasında qədim dövrlərə aid olan müxtəlif növ gil qablar, XVII-XIX əsrə aid olan mis qablar üstünlük təşkil edir. Sərgilənən bütün eksponatlar əhali tərəfindən bağışlanılan və muzey işçiləri tərəfindən rayon ərazisindən toplanan eksponatlardır.
Muzeydə “Rayonda mövcud olan tarixi abidələr haqqında” xüsusi guşə də yer almışdır. Burada həmçinin fındığı qərzəkdən çıxaran maşının balakənli ixtiraçısı Məhəmməd Əndiyevə, rayonun 18 nəfər “Sosialist Əməyi Qəhrəmanları”na, rayonun görkəmli şəxsiyyətlərinə aid və s. guşələr də vardır.
Gürcüstan Respublikası və Rusiya Federasiyası ilə sərhəddə yerləşən Balakən rayonunda ölkəmizin tarixinin öyrənilməsində, milli-mənəvi dəyərlərinin qorunaraq gələcək nəsillərə ötürülməsində Tarix-Diyarşünaslıq Muzeyinin xüsusi rolu vardır.
TURİZM
Turizmin inkişaf potensialı
Balakən rayonunun zəngin təbii landşaft və toxunulmamış meşə sahələri turizmin inkişafı üçün əlverişli prespektivləri açır.Ərazidə turistlərin maraqlı istirahət mənbəyi ola biləcək əvəzsiz təbiət guşələri mövcuddur.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərilir. Parkda uşaq, yeniyetmə, gənclər və ahılların mənalı istirahəti üçün hər cür şərit yaradılmış, attraksionlar və 1200 metrlik kanat yolu quraşdırılmışdır. Parkın ərazisində 132 yerlik 4 ulduzlu “Qubek” oteli 2011-ci ildən turistlərin istifadəsinə verilmişdir.4 ulduzlu otel beynəlxalq standartlara cavab verir, 9 VİP, 24 standart, 30 delüks, 63 yaşayış nömrəsi vardır.Mərkəzin ətrafını müxtəlif ağaclar, bəzək kolları və yaşıllıqlar əhatə edir.Beşinci mərtəbədə 120 nəfərlik yeməkxana və kafe fəaliyyət göstərir. Uşaqların dincəlməsi, əylənməsi üçün qapalı və açıq hovuzlar bütün günü onların ixtiyarındadır.
Bakı-Şamaxı-İsmayıllı-Balakən turizm marşrutu reallaşdığından Balakən rayonunda 12 turizm marşrutu üzrə zonalar müəyyənləşdirilmişdir.
1.Balakən –Katex şəlaləsi
2. Balakən –Qubek –Su dönən
3 Balakən –“Mirovaya voda”
4. Balakən – Arılıq
5. Balakən –Qaraçay –Siltik –Geoloji kəşfiyyat
6. Balakən –Mazımçay
7. Balakən –Darvazbinə -Göyəmtala -Qanıx
8. Balakən –Qabaqçöl -Bağman bulaq - Kubçar bulaq
9. Balakən –Aviasiya mərkəzi-İmam bulağı
10. Balakən –İtitala
11. Balakən –Gərəkli –Zepel bulaq –Pəri qalası
12. Balakən –Cicixana
Rayon ərazisində olan tarix və mədəniyyət abidələrini və mövcud şəraiti nəzərə alaraq ekoloji, ekzotik, təbiət və idman (ovçuluq, deltaplan, piyada, atçılıq), ailə turizmini inkişaf etdirmək mümkündür.
Tarix və mədəniyyət abidələri
Balakən çox zəngin tarixə malik rayondur. Respublikamızda 6308 tarix və mədəniyyət abidəsi mövcuddur (onların 65-i dünya, 2034-ü ölkə, 4209-u yerli əhəmiyyətli abidələrdir).Rayonda dövlət qeydiyyatından keçmiş 26 tarix və mədəniyyət abidələri və 30 yeni aşkar olunmuş abidələr mövcuddur.Qeydə alınmış abidələr inventarlaşdırılmış, qoruyucu lövhələr vurulmuşdur.Həmin abidələrdən 2-si ölkə əhəmiyyətli memarlıq, 7-si ölkə əhəmiyyətli arxeoloji, 17-si isə yerli əhəmiyyətli abidələrdir.
Sasanı dövrünə aid olan Böyük Səddin qalıqları – VI əsr, inv. №4144
Bu qədim abidənin qalıqları Balakən rayonunun Katex kəndində Bakı-Balakən magistral yolu boyunca yolun şimalındadır.Divarların eni aşağıda 1, 5 metrə yaxındır, hündürlüyü 4-5 metr olub.Sədd V-VII yüzillikdə Azərbaycanı Sasanilər işğal etdikdən sonra Sasani hökmdarı I Qubad və Xosrov Ənuşirəvanın göstərişi ilə tikilib.
Səddin tikilməsində məqsəd dağlıların qəfil hücumlardan müdafiə, həmçinin “Hun keçidi”ndən gələn hunların axınının qarşısını almaq idi.
Darvaz məbədi – IV-IX əsr
antik dövr müəlliflərinin qeyd etdikləri kimi Qanığın (Alazan çayı) sol sahilində, Tuğay meşəsinin ortasında olan düzəngahın mərkəzindədir. Məbəd Balakən rayonunun mərkəzindən 15-16 km cənubda, Qacarçöl adlanan böyük bir düzəngahın yaxınlığında, Darvaz binə deyilən yerdədir.
Arılıqbinə məbədi – V-VI əsr
Yerləşdiyi ərazi Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir.Əsas məbəd binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib.Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları,o cümlədən xeyli qəbirlər vardır.
Minarəli məscid – XVIII-XIX əsr, inv. №207
Balakən rayonunun mərkəzində yerləşir.1867-1877-ci illərdə inşa edilmişdir. Çay daşından tikilmiş məscidin sahəsi 1025 kv.metrdir.Əsas binadan ayrı tikilmiş minarənin hündürlüyü 45 metrdir.
Məscidin şimal-qərb fasadında dörd yerdə qabarıq formada ərəb dilində sülh elementi nəxs xətti ilə kitablar həkk edilmişdir.
Nur kilsə - V-IX əsr
Bu abidə Talalar kəndində düzən bir yerdə yerləşir.XIV əsrə aid Nur kilsənin uzunluğu 15 m, giriş hissəsinin hündürlüyü 7,6 mdir. 2 tərəfli və 6 bucaq şəkilindədir.Binanın eni isə 6 metrdir.
İki hissədən ibarət olan binanın giriş hissəsi öndə iki nəhəng sütun üzərində durur, sonra isə ibadət yeri olan hissəyə, otağa giriş qapısı üzərində tağa birləşir.
Gül qala – XVIII-XIX əsr, inv. №4139
Balakən çayının sağ sahilində Mahamalar kəndində yerləşir.Gül formasında tikilib, 8 guşəlidir.
Noxo mağarası – dəmir dövrü, inv. № 844
Rayon mərkəzindən 18 km şimalda Qubek qayası deyilən yerdə yerləşir.Dəmir dövrünə aiddir.Mağaraya girmək qeyri mümkündür.Mağaranın qarşısı sıldırımlı aşırımdır.Mağaraya qayanın üstündən alpinist ləvazimatı ilə düşmək mümkündür.
Pəri qala – III-V əsr, inv. № 206
Humbul çayının yatağı istiqamətində olan dağ keçidinin (hun keçidi) qarşısında tikilən möhtəşəm qaladır.Qala V-VI yüzillikdə Böyük Səddlə eyni vaxtda Hun tayfalarının hücumuna qarşı müdafiə məqsədi ilə tikilib.
Alban məbədi – V-IX əsr
Məbəd Hənifə kəndinin Roçəhməd yaşayış məntəqəsində yerləşir.
Köhnə qəbiristanlıq – XV-XII əsr, inv. № 843
Köhnə qəbiristanlıq Mahamalar kəndinin Salban yaşayış məntəqəsində yerləşir.
Xarabalıq yaşayış yeri – V-VIII əsr, inv. №845
V-VIII əsrlər Mahamalar kəndindən 2 km qərbdə dağın ətəyində yerləşir.
Pir - inv. № 846
V-VIII əsrlər. Mahamalar kəndindən 2 km qərbdədir
Küp qəbirləri nekropolu - inv. № 847
E.ə.II-I əsrlər. Mahamalar kəndindən 7 km şimalda yerləşir
Yeraltı su anbarı - inv. № 848
XVIII-XIX əsrlər. Qullar kəndində dağın ətəyində yerləşir
Şəhərgah - inv. № 5784
Orta əsrlər. Məkləkan dağında Katex şəlaləsinin üst hissəsində yerləşir
Katex şəlaləsi
Şəlalənin hündürlüyü 25 metrdir.Katex kəndində yerləşir.
Yeraltı su anbarı
Tülü kəndində yerləşir.XVIII-XIX əsrlərə aiddir.
Məscid - inv. № 4140
XVIII əsrlər. Mahamalar kəndində Dibirovların yurdunda yerləşir.
Hacı Murtuz qalası - inv. №4141
XVIII-XIX əsrlər.Mahamalar kəndində yerləşir
Məbəd (Alban məbədi) - inv. №4142
V-IX əsrlər. Qullar kəndində yerləşir
Dördbucaqlı qala - inv. №4145
XVII əsr.Katex kombinat yolunun kənarında yerləşir
Məscid - inv. №4146
XIV əsr.Katex kəndində yerləşir
Müdafiə qalası - inv. №4147
XIV –XVII əsrlər.Katex kəndində Ammayev Molla Şeyxin bağında yerlşir.
Müdafiə qalası - inv. №4148
XIV-XVII əsrlər. Katex kəndində Ruştullayev Məhərrəm Məhəmməd oğlunun bağında yerləşir.
Türbə - inv. №4149
XIV əsr.Tülü kəndində Dabaxovların yurdunda yerləşir.
Məscid - inv. №4150
1905 - ci il.İtitala kəndində yerləşir
Məscid - inv. №4150
1910-cu il. Kortala kəndində yerləşir.
Qala - inv. №4151
VI-IX əsrlər. Qala Katex kəndindən yuxarıda Məkləkan dağında Şəhərgahın yerləşdiyi yerdən aralı, rayon mərkəzindən 38 km aralıda yerləşir.
Arxeoloji qazıntı
Tunc dövrünə aid e.ə.III-IV min illik.Rayon mərkəzindən 25 km cənubda Meşəşambul kəndinin Şörəkət çölündə Sərhəd Zastavasının yaxınlığında yerləşir.
Pəri qalası
V-IX əsrlər.Xalatala kəndi yaxınlığında meşənin ortasında yerləşir.
Məbəd
V-IX əsrlər.Gərəkli kəndinin Poştbinə yaşayış ərazisində.
Müdafiə qalası
Poştbinə kəndində Gürcüstanla sərhəddə yerləşir.
Kilsə - V-IX əsr
Dağılmayan kilsə.İlk orta əsrlər.Gərəkli kəndi Pəri qalasından 4 km aralıda yerləşir.
Məscid - inv. №4152
XIV əsr. Hənifə kəndi.Mehdiyevlərin həyətində
Məbəd - inv. №4154
IV-V əsrlər.Mazımçay kəndi.Gürcüstanla sərhəddə
Keşikçi qülləsi
XVIII-XIX əsrlər.Mahamalar kəndinin Salban yaşayış ərazisi yaxınlığında dağın üstündə
Cicixana məbədi
V-XIX əsrlər. Katex kəndində dağın ətəyində yerləşir.
Nəqşbənd məktəbi
XIX əsr. Katex kəndi, rayon mərkəzindən 16 km aralıda
Sofi ziyarətgahı
VIII-IX əsrlər. Katex kəndində magistral yolun kənarında
Xəncəritən qobu
e.ə. IV-I əsrlər. Xəncəritən qobu Qafqaz Albaniyasının yeraltı şəhəri olmaqla Kortala kəndindən İtitala kəndinə qədər çayın sahili boyu uzanir.
Məscid
XIV əsr. Katex kəndi. Qaybalı məscidi
Tağlı körpü
XVIII əsr. Şambul kəndində.Rayon mərkəzindən 13 km aralıda yerləşir.
Ərəb ocağı
XVIII –XIX əsrlər. Ərəb ocağı rayon mərkəzindən 12 km aralıda Katex kəndində yerləşir.
Heydər Əliyev abidə kompleksi
2007-ci il .Balakən şəhəri, Səttar Gözəlov küçəsi 1.Mədəniyyət və istirahət parkında
20 Yanvar Şəhidlərinin xatirə kompleksi
2006-cı il.Balakən şəhəri Səttar Gözəlov küçəsi.
31 mart Azərbaycanlıların Soyqırım abidəsi
2001-ci il. Balakən şəhəri, R. Səmədov küçəsi
Böyük vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış “Ana ” abidə kompleksi.
1985-ci il. Balakən rayonu, Katex kəndi, Bakı-Balakən magistral yolunda. Böyük vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi. Balakən rayonu, Qabaqçöl qəsəbəsinin mərkəzində İmam Şamil küçəsində yerləşir.
Ziyarətgah – XIX əsr
Əli Əfəndinin ziyarətgahı. Balakən şəhəri, Füzuli küçəsi 9.
Ziyarətgah – XIX əsr
Turut Mehdinin ziyarətgahı. Bedağar kəndi
20 Yanvar şəhidlərinin xatirə abidəsi
Tülü kəndi
Arxeoloji tapıntılar
Xarabalıq yaşayış yeri və Pir –V-VIII əsrlər, Mahamalar kəndinin 2 km qərbində, dağın ətəyində.
Küp qəbirləri və nekropolu-Mahamalar kəndinin 1 km şimalında.
Köhnə qəbiristanlıq XI-XII əsr, Salban kəndi.
Yeraltı su anbarı-Qullar kəndi.
Şəhərgah-orta əsrlər (Katex kəndi) Məkləkan dağında.
Yeraltı su anbarı-Gərəkli kəndi.
Kurqanlar –e.ə. III-II minilliklər. Qabaqçöl kəndinin yaxınlığındakı Təpəçöl ərazisi, Meşəşambul kəndinin Şorəkət çölündə.
Təbii ehtiyatlar
Balakən rayonu olduqca zəngin faydalı qazıntı ehtiyatlarına malikdir.Bunlardan ən böyükləri Filizçay, Tenros, Katsdağ və Katex kolçedan polimetal yataqlardır.Bu yataqlar mis, qurğuşun, sink və kükürdlə zəngindir.Ehtiyatlarına görə Filizçay Avropada ən iri yataqlardan biri sayılır.Əlvan metallurgiya üçün qiymətli xammal mənbəyi olan bu yataqların istismarı respublikamızın iqtisadi inkişafında mühüm rol oynaya bilər.
Zəngin ehtiyatlara malik Balakən meşələrində fısdıq, palıd,şabalıd, eldar şamı, ağ şam, qara şam, cökə, vələs, qoz, qızılağac, lapan, qovaq, yalanqoz, göyrüş, findıq, Qafqaz xurması, dəmir ağac və s. ağaclar bitir. Dağ meşələrində bitən yabanı qida bitkilərindən armud, alma, fındıq, zoğal, nar, sumaq, əzgil, yemişan, alça və s. qeyd etmək olar. Balakən rayonunun meşələrində təbabət əhəmiyyətli 150 növ dərman bitgisi vardır ki, bunun da 80 növünün ehtiyatı külli miqdardadır. Bunlardan itburnu, altey (gülxətmi), dağ zanbağı, yemişan, kəndəlaş, su bibəri, yarpız, nanə, kar gicitkən, andız, qızılçətir, baldırğan, biyan, göyəm, dazı otu, kalina, üçyarpaq yonca, zirinc, çay tikanı, qaragilə, Qafqaz rododendromu (jenşen), moruq, kəklik otu,çobanyastığı, bağayarpağı, əvəlik, razyana və s. göstərmək olar.
Müalicə və süfrə suları istehsalı məqsədi ilə istifadə oluna biləcək təbii süfrə suları və kükürdlü sular mövcuddur.
Ovçuluq və balıqçılıq
Rayonun meşə, düzənlik və dağları müxtəlif ov heyvanları və quşları ilə zəngindir. Həmçinin rayonun çay, nohur və göllərdə müxtəlif növ çay və göl balıqları vardır.Ümumiyyətlə mühafizə olunan heyvan, quş və balıqlarından başqa digər ov heyvanları, quşları və balıqları ovlamaq üçün şərait vardır. Dağ çaylarında farel (qızıl balıq) daha çoxdur.