Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Alimlərin apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikili abidələr və kurqanlar deməyə əsas verir ki, Balakən qədim yaşayış məskəni olmuşdur. 2010-2012-ci illərdə Qazma və Kortala kəndlərində aparılmış arxeoloji qazıntılar antik və erkən tunc dövrlərini üzə çıxarmışdır. Balakəndə daş dövrünə aid qədim yaşayış məskənləri və piktoqram (şəkli) yazı nümunələri aşkar edilmişdir. Bunlar sübut edir ki, Balakəndə insanların məskunlaşma tarixi 100 min ilədək qədimə gedib çıxır.

Yazılı qaynaqların verdiyi məlumatlara görə Balakən qədim Albaniya dövlətinin ərzisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və Alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur , döyüşdə cəsurdurlar. Bu gün də işlədilən Hetovlar(Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), ingiloylar (Qelləri xatırladan) və s. toponimlərin tədqiqi sübut edir ki, ən qədim zamanlardan başlayaraq  türk dilli tayfalar bu bölgənin daimi sakini olmuşlar. Balakən rayonu ərazisində yerləşən və öz qədimliyi ilə seçilən “Nurkilsə”, Tülü məbədi, Qullar məbədləri, Arılıqbinə məbəd kompleksi, qədim Katex məbədi və VI əsrdə inşa olunmuş 120 km uzunluğunda Böyük Qafqaz səddinin qalıqları bu gün də qalmaqdadır.

Bu ərazi bol təbii sərvətlərə, münbit torpaqlara malik olduğuna və mühüm strateji əhəmiyyət kəsb etdiyinə görə həmişə xarici qüvvələrin, yad dövlətlərin maraq dairəsində olmuş, ayrı-ayrı vaxtlarda müharibə və mübarizə meydanına çevrilmişdir. Eyni zamanda bu ərazi daima qəsbkarlara qarşı sipər rolu oynamış, işğalçıların Azərbaycanın içərilərinə doğru irəliləməsi zamanı ilk zərbəni də çox zaman məhz buranın sakinləri qarşılamalı olmuşlar.
Rayon ərazisində  təsərrüfat və məişət əhəmiyyətli qazıntılar zamanı məbədlər və tikili qalıqları, bir neçə yerdə küp qəbirlər aşkar edilmişdir. Bu da rayonun qədim tarixə malik olduğunu əyanı sübut edir.
Bu ərazi bizim eranın VIII əsrində ərəb işğalçıları tərəfindən zəbt olunmuş və Balakən şəhəri dağıdılmışdır. IX-X əsrlərdə Ərəb Xilafətinin süqutundan sonra bu ərazi müstəqillik qazanmış və Şəki şəhəri ilə iqtisadi əlaqələr qurmuşdur. Həmin dövrlərdə Balakəndə ipəkçilik inkişaf etmişdir.
XVII əsrin sonlarından etibarən Azərbaycanın şimal-qərbində dövrünün ən mütərəqqi idarəetmə üsuluna sahib olan və 6(altı) böyük icmanı birləşdirən Car-Balakən camaatlığı yaranmışdır. Car-Balakən camaatlığı XIX əsrin 30-cu illərinə qədər öz mövcudluğunu qoruyub saxlamışdır.
Balakən inzibati rayon kimi 08 avqust 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə Zaqatala rayonuna birləşdirilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. 1946-1965-ci illərdə rayonun inzibati mərkəzi Balakən qəsəbəsi, 1965-ci ildə Balakən şəhəridir.

Keçidlər