Rayon haqqında
Təhsil
Son illər Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bütün sahələrdə olduğu kimi təhsildə də davamlı islahatlar aparılır, nəticədə onun keyfiyyəti yüksəlir və yeni-yeni uğurlar əldə edilir. Balakən rayonunda təhsil yüksələn xətt üzrə inkişaf edir, rayon təhsil şöbəsi və onun tabeliyində olan təhsil müəssisələri gənc nəslin təlim-tərbiyəsi və kamil şəxsiyyət kimi formalaşması sahəsində uğurlu nəticələr əldə etmək üçün səylə çalışırlar.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun tabeliyində 48 ümumtəhsil məktəbi, 35 tam, 9 ümumi orta, 4 ibtidai məktəb və 25 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Rayonda İnteqrasiya təlimli internat tipli gimnaziya və xüsusi qabiliyyətli şagirdlərin istedad və qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə xidmət edən Humanitar və texniki təmayüllü lisey mövcuddur.
Balakən rayonunda son illər məktəblərin maddi-texniki və tədris bazasının yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib. Balakən rayonunda 33 yeni məktəb binası inşa edilib, iki modul tipli məktəb quraşdırılıb. 3 məktəb binası əsaslı təmir olunub. Rayonda yeni məktəb binalarının tikintisi və təmiri ilə yanaşı təhsil ocaqlarının avadanlıq və tədris vəsaitləri ilə təchizatına da diqqət yetirilib. Müasir cəmiyyətdə təhsilin ayrılmaz komponentinə çevrilmiş İKT-nin təhsil müəssisələrində tətbiqi nəticəsində hər 17 nəfərə şagirdə 1 ədəd kompüter düşür və 227 kompüter sürətli internet şəbəkəsinə qoşulub.
Bu gün rayon məktəbləri müstəqil dövlətimizin təhsil siyasətini və strategiyasını uğurla həyata keçirir. Hər il məzunlarımız ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. 2022/2023-cü tədris ilində Balakən rayonunun orta ümumtəhsil məktəblərinin məzunlarından 262 nəfəri ali məktəblərə qəbul olub. Ali məktəblərə qəbul olanlardan 3-ü 600-dən, 23 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Rayon üzrə ən yüksək nəticəni qəbul imtahanlarına 643 bal toplayan Şəhid Amin Novruzov adına Balakən rayon Humanitar və Texniki təmayüllü liseyin məzunu Osmanova Şamay Rahib qızı göstərib. 2022/2023-cü tədris ilinin yekunlarına görə, 1 məzun gümüş nişana layiq görülüb, 11 nəfərə fərqlənmə attestatı verilib.
Şəhid Amin Novruzov adına Balakən rayon Humanitar və Texniki təmayüllü lisey
Balakən rayon Humanitar və Texniki təmayüllü liseyi 1994-cü il 1 sentyabr tarixində 58 şagird, 20 müəllim və 2 texniki işçi ilə fəaliyyətə başlayıb. 2006-cı ildə liseyin hal-hazırda fəaliyyət göstərdiyi 240 şagird yerlik yeni binası tikilərək şagirdlərin istifadəsinə verilib.
Yarandığı 1994-cü ildən bu günədək lisey öz yüksək uğurları və nəticələri ilə seçilib. Ali məktəblərə qəbul zamanı liseyçilərdən 40 nəfəri 600-dən yuxarı, 107 nəfəri 500-dən yuxarı bal toplayıb. 2 nəfər Prezident təqaüdçüsü adına layiq görülüb. 2012-ci ildən bu günə qədər 12 nəfər liseyi “Qızıl medal”la bitirib. Fəaliyyətdə olduğu dövrlərdə liseyin 66 şagirdi Respublika Fənn Olimpiadalarının, 36 şagirdi respublika səviyyəli yarış və müsabiqələrin qalibi olub. Hal-hazırda 21 nəfər lisey məzunu liseydə müəllim və pedaqoji işçi kimi fəaliyyət göstərir.
Balakən rayon Humanitar və Texniki təmayüllü liseyi Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2 dəfə 2007-2008-ci və 2013-2014-cü tədris illərində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qalibi olub.
Balakən rayon İnteqrasiya təlimli internat tipli gimnaziya
Balakən rayonu ümumi orta internat məktəbi 1966-cı ildə fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2016-cı il tarixli 17/17/1718-11 nömrəli razılığına və Azərbaycan Respublikası Təhsil Nazirinin 06 avqust 2016-cı il tarixli 30 nömrəli əmrinə əsasən Balakən rayonu Ümumi orta internat məktəbinin bazasında Balakən rayonu İnteqrasiya təlimli internat tipli gimnaziya yaradılıb.
2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəsaiti hesabına əsaslı təmir olunan məktəb binası şagird və müəllimlərin istifadəsinə verilib. 450 yerlik məktəbdə 120 nəfər şagirdin yatılı olaraq təhsil alması üçün hər cür şərait yaradılıb.
1 nömrəli Balakən Peşə məktəbi
1 nömrəli Balakən Peşə məktəbi 1973-cü ildən fəaliyyət göstərir. Məktəbin 480 yerlik əsas və yardımçı tədris korpusları vardır.
Məktəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli 178 №-li qərarı ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı” na uyğun olaraq müvafiq kadr və maddi-texniki baza yaratmaqla əsas təhsil bazasına malik olan gənclərə 2, tam orta təhsilli gənclərə 1 il ərzində peşə təhsili verir.
Məktəbin müvafiq texnikası, 9 fənn kabineti, laboratoriya və emalatxanası, təlim təsərrüfat sahəsi vardır.
Şagirdlərin təlim- tərbiyəsi ilə 22 nəfər müəllim və istehsalat təlimi ustası məşğul olur.
Məktəbdə aşağıdakı peşələr üzrə ixtisaslı kadrlar hazırlanır:
1.Kompüter ustası
2.Laborant mikrobioloq
3.Traktorçu maşinist
4.Aqroservis mütəxəssisi
5.Elektrik qaz qaynaqçısı
6.Tomat və tərəvəz konservləri hazırlayan usta
7.Qənnadçı, şirniyyatçı
8.Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik mantyoru
9.Əməliyyatçı-mühasib
10.Meyvə-tərəvəz ustası
11.Dərzi
Məktəb öz fəaliyyətində “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” ni əsas tutur.
2 nömrəli Balakən Peşə Məktəbi
2 nömrəli Balakən Peşə məktəbi 1979-cu ildən fəaliyyət göstərir. Məktəb binası 2 tədris korpusundan ibarət olmaqla 240 şagird yerlikdir. Məktəbdə şagirdlərin təlim tərbiyəsi ilə 10 nəfər müəllim, 9 nəfəri istehsalat təlimi ustası məşğul olur. Məktəbdə 8 fənn kabineti, 2 təlim emalatxanası, 2 tədris laboratoriyası, kənd təsərrüfatı texnikası və aqreqatları şagirdlərin biliklərə yiyələnməsinə xidmət edir.
2 nömrəli Balakən Peşə məktəbi aşağıdakı peşə ixtisasları üzrə tədris həyata keçirir:
1.Geniş profilli traktorçu maşinist, təmirçi çilingər
2.Tikiş avadanlığının operatoru, tikişçi
3.Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru
4.Elektrik qaz qaynaqçısı
5.Bənna
6.Tütünçü
7.Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi xəzinədar
Məktəbəqədər təhsil müəssisələri
Azərbaycan Respublikasının bugünkü inkişafı əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərinin həllinə və yetişməkdə olan gənc nəslin formlaşmasına mühüm təsir göstərir. Bu gün uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.
Balakən rayonunda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrində 1370 uşağın təlim tərbiyəsi ilə məşğul olunur. Son illərdə rayonda 5 uşaq bağçası-körpələr evi üçün yeni binalar inşa olunub, 5 uşaq bağçası-körpələr evi isə əsaslı təmir olunub.