Şriftin ölçüsü :

Saytın rəngi :

2012-ci il üzrə hesabat

Balakən rayonu üzrə 2012-ci ildə sosial-iqtisadi sahədə görülən işlərə  dair

 Hesabat

         2012-ci  il Azərbaycan Respublikasının inkişafı tarixində uğurlu illərdən biri kimi özünü göstərdi və nəzərdə tutulmuş bütün proqramlar uğurla icra olundu. Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı məlumat verilmişdir. Müşavirədə ölkə prezidenti 2012-ci ildə sosial-iqtisadi inkişafın yekunlarını təhlil etmiş, eyni zamanda qarşıda duran vəzifələrə və həllini gözləyən problemlərə toxunmuşdur. Ötən ildə ölkə iqtisadiyyatının dinamik inkişafı qoruya bildiyini  və nəzərdə tutulan vəzifələrin uğurla icra olunduğunu deyən cənab Prezident 2012-ci ildə ümumi daxili məhsulun 2,2 faiz, qeyri-neft sektorunun 9,7 faiz artdığını bildirmişdir. Respublikamızın Prezidenti vurğulamışdır ki, valyuta ehtiyatlarımız 46 milyard dollar səviyyəsindədir. Valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini təşkil edir. Kənd təsərrüfatı 8 faiz, əhalinin pul gəlirləri 13,8  faiz artmışdır. İnflyasiya ilə pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. 2012-ci ildə investisiyalar 22 milyard dollardan çox olmuşdur. 

 Sosial, investisiya, regional inkişaf proqramları uğurla icra olunmuşdur. Sosial proqramlar içərisində sovet dövründən qalan əmanətlərə görə kompensasiyaların vətəndaşlara verilməsi insanlar tərəfindən böyük təqdirlə qarşılanmışdır. 2012-ci ildə sosial infrastrukturun yaradılması ilə bağlı yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, digər sosial obyektlər tikilmiş və təmir edilmişdir.

Keçən il sənayeləşmə istiqamətində çox əlamətdar il olmuş, həm iri sənaye müəssisələrinin yaradılması, həm də kiçik və orta sahibkarlığın inkişafı istiqamətində böyük işlər görülmüşdür. 2012-ci il ərzində regionlarda 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 400-dən çox müəssisənin isə tikintisi davam edir.

2012-ci ildə enerji sahəsində böyük nailiyyətlər qazanılmışdır. Azərbaycan bu sahədə çox ciddi ölkəyə çevrilmiş, onilliklər bundan sonra bölgənin, Avropanın, dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində əvəzolunmaz rol oynayacaqdır. 2012-ci ildə bu siyasətin davamı olaraq çox önəmli bir hadisə baş vermiş, TANAP layihəsinin təməli qoyulmuşdur. Bu layihənin icrası ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir.

  İqtisadiyyatın məqsədyönlü şəkildə şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün qabaqcıl tədbirlərin görülməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətinin tərkib hissəsidir. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası 2012-ci ildə davam etdirilmiş, aqrar sektora güzəştli kreditlərin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri reallaşdırılmışdır. 

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günədək  sahibkarlara 1 milyard  manata yaxın güzəştli kreditlər verilmişdir. Ərzaq təhlükəsizliyinin təmin olunmasında, yerli istehsalın gücləndirilməsində maliyyə dəstəyinin rolu böyükdür. 2013-cü ildə bu məqsədlər üçün sahibkarlara 250 milyon manat məbləğində güzəştli kreditlərin verilməsi nəzərdə tutulur ki, bu vəsaitin də 83 faizi regionların payına düşür.

İnfrastruktur layihələri arasında qazlaşma, işməli su və kanalizasiya, magistral və kəndarası yolların çəkilişi, meliorasiya layihələrinin icrası geniş vüsət almışdır. Bu layihələrin icrası əhalidən gələn müraciətlər əsasında təşkil edilmişdir.  

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə, İKT texnologiyalarının tətbiqi sahəsində Azərbaycan son illər ərzində böyük uğurlar əldə etmişdir. Bu sahələrdə aparılan siyasət gələcəkdə də davam etdiriləcəkdir.

2012-ci ildə respublikanın xarici siyasəti istiqamətində də böyük nailiyyətlər əldə olunmuşdur. Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına rəhbərlik etmiş,  özünün beynəlxalq mövqelərini daha da möhkəmləndirmiş, qonşu, dost ölkələrlə ikitərəfli formatda münasibətlərini inkişaf etdirmişdir. Respublika Prezidenti cənab İlham Əliyevin xarici siyasətinin əsasını diplomatik münasibətlərdə balanslaşdırma prinsipinin qorunması, beynəlxalq təşkilatlarla  inteqrasiya əlaqələrinin inkişafı, beynəlxalq təhlükəsizlik, tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və möhkəmləndirilməsi məsələləri təşkil edir.        

Ordu quruculuğunun möhkəmləndirilməsi, regional və beynəlxalq layihələrin  isrası prosesində ölkəmizin özünü etibarlı tərəfdaş kimi təsdiq etməsi güclü iqtisadiyyatın göstəricisidir. 2012-ci ildə hərbi xərclər üç milyard dollardan çox olmuşdur. Bu gün Azərbaycan ordusu Cənubi Qafqazda aparıcı hərbi qüvvədir. Azərbaycanda Milli Ordu quruculuğunun möhkəmləndirilməsi, dövlətin hərbi potensialının gücləndirilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.

Həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq, sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi Azərbaycanın nüfuzu daha da artmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilmişdir. Konsepsiyada qarşıya qoyulan məqsəd ölkədə inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaqdır. Konsepsiyanın reallaşması nəticəsində ölkə iqtisadiyyatının dayanıqlı və tarazlı inkişafı təmin olunacaq, əhalinin sosial rifahı yüksələcək, cəmiyyətin bütün istiqamətlərdə tərəqqisinə nail olunacaqdır.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Dövlət Proqramları regionların iqtisadi inkişafında mövcud olan kəskin fərqin aradan qaldırılması və regional tarazlığın əldə olunması məqsədi daşıyır. Regionların iqtisadi gücünü artıran və sosial problemlərin həllini sürətləndirən Dövlət Proqramı Respublikamızın hər bir rayonunun inkişafının əsas sahələrinə aid tədbirləri nəzərdə tutmuşdur ki, onların da icrası uğurla həyata keçirilir. «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda rayon üzrə 16 tədbir nəzərdə tutulmuşdur.  Nəzərdə tutulan tədbirlərdən 3-ü icra olunmuş, digər tədbirlərin icrası davam edir.

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında rayon üzrə nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə icrası Balakəni abad, gözəl, inkişaf etmiş şəhərə çevirməkdədir.  Nəticədə rayonun sosial infrastrukturu, sənaye potensialı güclənir, yeni inzibati binalar, məktəblər, mədəniyyət və səhiyyə obyektləri, körpülər tikilir, yollar çəkilir.

Dövlət Proqramında Balakən rayonu üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonun əsas sosial iqtisadi göstəriciləri ildən-ilə əhəmiyyətli dərəcədə yüksəlmişdir.

2012-ci ildə rayonda ümumi məhsul buraxılışı 147,2 milyon manat təşkil etmiş, 2011-ci illə müqayisədə artım  32 faiz olmuşdur. Hesabat dövründə 53,5 milyon  manatlıq kənd təsərrüfatı məhsulu, 5,8 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 45 milyon manatlıq tikinti işləri görülmüşdür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 9,6 faiz, tikinti işlərinin həcmi 2,9 dəfə, pərakəndə əmtəə dövriyyəsi 9,1  faiz artmışdır. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının xüsusi çəkisi 36,7 faiz, sənayenin xüsusi çəkisi 4 faiz, tikinti işlərinin həcmi 30 faiz təşkil etmişdir.

Hesabat dövründə rayon büdcəsinin ümumi gəlirləri 97,8 faiz, cari gəlirləri isə 89,8 faiz yerinə yetirilmişdir. Yerli gəlirləri və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 100 faiz alınmışdır. Yerli gəlirlər 2  tədiyyə növü üzrə (mənfəət, dövlət rüsumu) yerinə yetirilmiş, 7 tədiyyə növü üzrə kəsirlə icra olunmuşdur. Yerli xərclər 97,5 faiz yerinə yetirilmişdir.

Büdcə daxilolmalarında dövlət müəssisələrinin xüsusi çəkisi 9,8 faiz, qeyri dövlət müəssisələrinin xüsusi çəkisi 81,6 faiz, fiziki şəxslərin xüsusi çəkisi 8,6 faiz təşkil etmişdir.

1 yanvar 2013-cü ilə rayon üzrə  1874 vergi ödəyicisi, o cümlədən 309 hüquqi şəxs, 1665 fiziki şəxs  fəaliyyət göstərmişdir. Qeydiyyata alınmış vergi ödəyicilərindən 64-ü əlavə dəyər vergisi ödəyiciləridir.

2012-ci ildə rayonun əkin sahələrinin 11071 hektarında payızlıq və yazlıq bitkilər əkilmişdir. 498 hektar taxıl sahəsindən 1015 ton məhsul əldə olunmuşdur. Əvvəlki ilə nisbətən 521 ton taxıl artıq istehsal edilməklə məhsuldarlıq göstəricisi 20,4 sentner olmuşdur ki, bu da ötən ilin səviyyəsindən 6,5 sentner çoxdur.

Qeyd olunmalıdır ki, 2012-ci ilin iqlim şəraiti yazlıq bitkilərin optimal müddətdə əkilməsinə və əkin sahələrinin artırılmasına imkan vermişdir. Bununla yanaşı, əkin sahələrinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən kəndlər üzrə hədəf göstəricilərin müəyyən edilməsi, toxuma olan tələbatın ödənilməsi üçün «Balacans» MMC və «Azəryemsənaye» MMC ilə birgə işlərin görülməsi, kəndlərdə fermerlərlə görüşlərin keçirilməsi öz  səmərəsini vermiş, əkin sahələrinin 20 % artırılması ilə bağlı qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi mümkün olmuşdur. Fermerlər və torpaq mülkiyyətçiləri də öz növbəsində onlara göstərilən dəstəkdən maksimum istifadə etməyə çalışmış, əvvəlki ilin səviyyəsindən 21,3 % artıq sahədə kənd təsərrüfatı bitkilərinin əkilməsini təmin etmişlər.

Hesabat dövründə rayonda 6442 hektar qarğıdalı, 298 ha lobya, 1983 ha   tərəvəz, 300 ha  bostan, 857 ha  kartof, 689 ha yonca əkilmişdir. Əkin sahələrinə aqrotexniki qulluq göstərilmiş, mineral gübrələr verilmişdir.Həyata keçirilən tədbirlər nəticəsində 2012-ci ildə 6442 ha qarğıdalı sahəsindən 41076 ton dən qarğıdalı yığılmaqla hər hektardan məhsuldarlıq   63,8 sentnerə çatmış, rayonumuz həm qarğıdalı əkinlərinin sahəsinə, həm də məhsul istehsalına görə respublikada birinci olmuşdur.

Rayonda meyvəçiliyin inkişaf etdirilməsi istqamətində əhəmiyyətli işlər görülmüşdür. Qullar kəndində «Rəyyan» MMC tərəfindən 3,1 hektar sahədə, Meşəşambul, Talalar kəndlərində «Balacans» MMC tərəfindən 100 hektar sahədə yeni meyvə bağları salınmış, bağlarda damlama üsulu ilə müasir suvarma sistemləri qurulmuşdur. 2012-ci ildə meyvə bağları məhsul verməyə başlamışdır.

Rayonda bitkiçiliklə yanaşı heyvandarlığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır. Hesabat dövründə rayonda iri buynuzlu mal-qaranın sayı 38497 baş, ana malın sayı 18256 baş, qoyun və keçilərin sayı 35802 baş, quşların sayı 183105 baş, atların sayı 2669 baş, arı  ailələrinin sayı 7718  olmuşdur. Əvvəlki ilə nisbətən iri buynuzlu mal-qaranın sayı 440 baş, ana malın sayı 11 baş, qoyun və keçilərin sayı 171 baş artmışdır.

2012-ci  ildə təsərrüfatlarda 4719 ton ət, 16420 ton süd, 70,2 ton yun, 8419 min ədəd yumurta, 33,5 ton bal  istehsal olunmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən 65 ton ət, 764 ton süd, 1,4 ton yun, 75 min ədəd yumurta, 3,5 ton bal artıq istehsal edilmişdir.

Ötən dövr ərzində aqrar sahədən 53,5 milyon manat   gəlir əldə edilmişdir ki, bu da  əvvəlki ilə nisbətən 4,7 milyon manat və ya 9,6 faiz çoxdur. İstehsal olunan məhsulun 58,8 % -i, və ya 31,5  milyon manatı bitkiçilik, qalan 41,2 %-i və ya 22  milyon manatı isə heyvandarlıq məhsullarının payına düşür.  

Hesabat ilində heyvandarlığın yem bazasının möhkəmləndirilməsi istiqamətində də əhəmiyyətli işlər görülmüş, «Azəryemsənaye» MMC-də  1520 ton qüvvəli yem istehsal olunmuş və fermerlərə satılmışdır. Eyni zamanda, müəssisə tərəfindən dövlət hesabına xaricdən 214 baş malın gətirilməsi təmin edilmiş,  Katex kəndində yaradılmış ətlik fermada heyvandarlığın inkişaf etdirilməsi üçün müvafiq işlər görülmüşdür. Müəssisənin şəhər ərazisində ət və ət məhsullarının satışı üzrə firma mağazası tikilib istifadəyə verilmiş, burada məhsullar bazar qiymətlərindən aşağı qiymətə satılır.

Heyvandarlıq sahəsində mal-qaranın baş sayının, məhsul istehsalının artmasına baxmayaraq hər baş heyvandan alınan məhsulun miqdarı günün tələblərinə cavab vermir. Bu sahədə elmin nailiyyətlərindən, heyvandarlıqda qüvvəli yemlərlə yanaşı şirəli yemlərdən də istifadə edilməsinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün əlavə tədbirlərin görülməsinə ciddi  ehtiyac vardır.

2012-ci ildə 2259 istehsalçıya becərdikləri 5056,8 ha əkin sahəsinə görə 202,2 min manat yardım hesablanmış, plastik kartlarla vətəndaşlara ödənilmişdir. 1 dekabr 2012-ci ilə  63 nəfər  buğda istehsalçısına səpin apardıqları 175,90 ha buğda sahəsinə görə 7036 manat yardım hesablanmış və ödənilməsi barədə respublika komissiyası tərəfindən müvafiq qərar verilmişdir.

Hesabat dövründə «Aqroservis» filialı tərəfindən 117 ton azot, 15 ton superfosfat  gübrəsi gətirilmiş, 50% güzəştlə satılması təşkil olunmuşdur. Qarğıdalı istehsalının artması ilə əlaqədar əlavə 1 ədəd qarğıdalıyığan kombaynın gətirilməsi təmin edilmişdir.

Hesabat dövründə rayon fermerləri Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında  iştirak etmiş və 108 ton müxtəlif növ kənd təsərrüfatı məhsullarının ticarət mərkəzində satılmasını təşkil etmişlər.

8 noyabr 2012-ci il tarixdə Heydər Əliyev parkında rayonun müstəqillikdən sonrakı tarixində ilk dəfə olaraq “Məhsul bolluğu” bayramı keçirilmişdir.  Rayonda istehsal olunan bütün növ kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi bayram tədbiri əhali tərəfindən böyük maraqla qarşılanmış, əvvəllər rayonun aqrar sahədə əldə etdiyi uğurların təkrarlanmasının çətin olmadığı bir daha sübut edilmişdir.    

Hesabat   dövründə torpaqların mühafizəsinə dövlət nəzarəti ilə bağlı 16 qanun pozuntusu qeydə alınmış, 11 halda akt tərtib edilərək qanun pozuntusu aradan qaldırılmış, 5 halda cərimə tətbiq edilmişdir.

          Il ərzində 71 nəfərə 6 hektar həyətyanı  üçün, 15 nəfərə 662 m2 sahibkarlıq məqsədi üçün torpaq alqı-satqısı aparılmışdır. 17  hərrac keçirilmiş, 16 iş üzrə hərrac baş tutmuş, 1 halda müraciət olmadığı üçün  torpaq sahəsinin satışı ləğv edilmiş, 12 nəfərə sahibkarlıq fəaliyyəti üçün 11717,7 m2,  4 nəfərə həyətyanı üçün 2130 m2    torpaq sahəsi hərrac və müsabiqə yolu ilə satılmışdır.

          Hesabat ilində 60 ha meşə əkini aparılmış, 902 ha meşə əkinlərinə xidmət və 60 ha torpaq hazırlığı işləri görülmüşdür.  

          Hesabat dövründə özəl sektorun maliyyə təminatının yaxşılaşdırılması sahəsində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 11 nəfər sahibkara 121600 manat, kənd təsərrüfatının inkişafı və kreditləşməsi layihəsi çərçivəsində 550 nəfərə 300 min manat güzəştli kredit verilmişdir.        

Hesabat ilində  rayonda aparılan abadlıq və quruculuq işlərindən danışmazdan  əvvəl qeyd etmək istəyirəm ki, ötən ilin 7 -18 may tarixlərində və 13-14 oktyabr tarixlərində bölgəmizdə  baş verən zəlzələ nəticəsində fərdi yaşayış evlərinə və bir sıra sosial obyektlərə ciddi ziyan dəydi. Təbii fəlakətlə əlaqədar 9 may 2012-ci ildə bölgəyə səfər edən ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə  əsasən rayonda fəaliyyətə başlayan Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyaları tərəfindən RİH-nin aidiyyəti qurumları ilə birgə təxirəsalınmaz tədbirlər görüldü. Komissiya qısa müddət ərzində ziyan dəymiş fərdi yaşayış evlərinin və sosial obyektlərin siyahısını dəqiqləşdirdi. Komissiyanın rəyinə əsasən may zəlzələsi zamanı rayon üzrə 1195 evin müxtəlif dərəcəli zədələr aldığı, 225 evin qəzalı olduğu  müəyyənləşdirildi və tikinti işlərinə başlanıldı. İndiyədək  qəzalı vəziyyətdə olan 185 ev,  Qarahacılı kənd tam orta və Püştətala ibtidai məktəbləri tikilmiş və istifadəyə verilmişdir. Katex 1 saylı körpələr evi-uşaq bağçasının, Gərəkli kəndində 8 mənzilli yaşayış evinin və 27 fərdi evin tikintisi davam edir. Fövqəladə Hallar Nazirliyi tərəfindən zəlzələdən zərər çəkən ailələrə kompensasiyaların ödənilməsinə yaxın günlərdə başlanacaqdır.

         

Hesabat dövründə məktəb tikintiləri sahəsində 80 yerlik Qullar 3 saylı orta, 180 yerlik Katex-zavod və 360 yerlik Xalatala kənd tam orta məktəbləri  üçün yeni binaların tikintisi, Nizami adına şəhər 1 saylı tam orta məktəbin əsaslı təmiri başa çatdırılmış və məktəblər  yeni dərs ilində şagirdlərin istifadəsinə verilmişdir.

          Hesabat ilində 1540 yerlik 6 yeni  məktəbin tikintisinə başlanmışdır.

Ötən dövrdə şəhər 1 və 3 saylı, Gərəkli kənd uşaq bağçaları, Meşəşambul kənd tam orta, Roçəhməd orta, Salban kənd ibtidai məktəbi,  Uşaq Texniki Yaradıcılıq mərkəzi, Qazbinə klubu, Qabaqçöl xəstəxanası büdcə vəsaiti hesabına təmir edilmişdir.

          Hesabat dövründə “Heydər Əliyev” və “Dövlət bayrağı” meydanlarının abadlaşdırılması işləri başa çatmışdır. Prospektin yol qovşaqlarında  və hasarlarda dekorativ üzlənmə işləri aparılmış, səkilərə üzlük daş döşənmiş, sahibkarlıq obyektlərinin fasad hissələri yenidən qurulmuşdur. 8 çoxmənzilli yaşayış evinin dam örtüyü dəyişdirilmiş, M.Əsədov 1 ünvanında yerləşən bina əsaslı təmir olunmuşdur.

          Şəhərin R.Səmədov küçəsinin işıqlandırılması başa çatdırılmış, səkilərə 915 poqon metr  səki daşları düzülmüş, 760 m2 asfalt örtük quraşdırılmışdır.

Şəhərdə “Balakən-1” kiçik su-elektrik stansiyasının, rayon Mədəniyyət evinin, “Aqrolizinq” ASC-nin Balakən rayon Aqroservis filialının,  məcburi köçkünlər üçün  çoxmənzilli yaşayış binasının, YAP rayon təşkilatının və təhsil şöbəsinin yeni inzibati binalarının  tikintisi davam edir.

Heydər Əliyev prospektində “Şəhər seyrəngahı”nın tikintisi üçün torpaqayırma sənədləri hazırlanmış, layihələndirmə işləri aparılır. Yaxında seyrəngahın tikintisinə  başlanacaqdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin 28 mart 2012-ci il tarixli “Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən hesabat ilində tikilməyə başlanan 14 km uzunluğunda  Balakən-Qazma-Darvazbinə avtomobil yolunun tikintisində yol boyunca 305 ədəd elektrik dayağı dəyişdirilmiş, 14 km uzunluğunda elektrik naqilləri “SİP” kabellə əvəz olunmuşdur. Yol kənarlarında 9,5 km məsafədə abadlıq işləri aparılmış, 3,5 km məsafədə su və kanalizasiya xətləri tikilmişdir. Hazırda avtomobil yolunda 14 km çınqıl örtük, 11,5 km asfalt örtük tikilib və bu sahədə işlər davam etdirilir. Həmin yoldan 8 yaşayış məntəqəsində 16 mindən çox insan istifadə edəcəkdir.

Ötən dövr ərzində ümumi sahəsi 4811 m2  olan 55 ədəd fərdi yaşayış evi, ümumi sahəsi 1285 m2  olan 12 ədəd xidmət və sahibkarlıq obyektləri tikilərək istifadəyə verilmişdir.

          Hesabat ilində şəhərsalma və tikinti fəaliyyətində şəffaflığın və ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə Balakən şəhərinin yeni Baş Planının ilkin variantı ictimaiyyət nümayəndələrinə təqdim olunmaqla  müzakirəyə verilmişdir.

Hesabat dövründə İsaxlıgirmə kəndində Mazımçay üzərində  uzunluğu 50 metr olan körpünün tikintisi başa çatmış və əhalinin istifadəsinə verilmiş, Katex, İnter və Mazım çaylarında 470 p/m uzunluğunda daş-beton bənd tikilmiş, Balakənçay sisteminin daş-beton bəndlərində isə 490 m3  həcmində cari təmir işləri  aparılmışdır.      Mazımçayın Meşəşambul kəndi ərazisindən keçən hissəsində 200 metr məsafədə qabion bənd qurularaq çayın sahili bərkidilmişdir. Çay yataqlarında 387 min m3 həcmində tənzimləmə tədbirləri həyata keçirilmiş, Arılıqbinə,  Şambul, Meşəşambul, Qazbinə, Qaysa və Xalatala kəndlərinə məxsus əkin sahələrinin və yaşayış ərazisinin mühafizəsi üçün 30 km uzunluğunda suvarma və qurutma kanalları təmizlənmişdir.

          Ötən dövrdə əhalinin aztəminatlı təbəqələrinin  sosial təminatında mühüm əhəmiyyəti olan  ünvanlı sosial yardımın təyin olunmasında şəffaflıq təmin olunmuş, şikayətlərin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Hesabat ilində ünvanlı sosial yardım üçün 1648  ailənin sənədləri qeydiyyata alınmış, 1499 ailəyə   yardım təyin olunmuşdur. Ödənilən orta aylıq yardımın məbləği hər ailəyə 110 manat, hər nəfərə 25,6 manat   təşkil etmişdir. Hesabat dövründə 3164 nəfərə sosial müavinət, 261 nəfərə təqaüd ödənilmişdir.

          Əhalinin sosial müdafiəsinə əlavə təminat yaradan sığorta tədiyyələrinin toplanması sahəsində hesabat dövründə rayon əhalisinə 4 sığorta şirkətinin rayon nümayəndəlikləri vasitəsilə xidmət göstərilmişdir. 24 iyun 2011-ci ildə qəbul olunmuş “Daşınmaz əmlakın icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq daşınmaz əmlakın icbari sığortası üzrə vətəndaşlarla  2713 müqavilə bağlanmış, rayonda baş vermiş zəlzələ ilə əlaqədar 80 nəfərə sığorta ödənişi aparılmışdır.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 mart 2012-ci il tarixli “Keçmiş SSRİ Əmanət bankının Azərbaycan Pespublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Fərmanının icrası ilə əlaqədar Kapital Bank ASC-nin Balakən rayon filialı tərəfindən 1 iyun 2012-ci ildən 31 dekabr 2012-ci ilədək  əmanətçilərdən  8200 ədəd ərizə qəbul edilmişdir. 7003 ərizəyə əsasən vətəndaşlara 3,1 milyon  manat əmanət məbləği ödənilmişdir. Qəbul edilmiş, lakin ödənilməmiş ərizələrə baxılması işləri cari ildə də davam etdiriləcəkdir.

2012-ci ildə məcburi sosial sığorta haqlarının toplanması proqnozu 93,2 faiz yerinə yetirilmişdir. Bu da keçən ilin müvafiq dövründən 2,1 faiz çoxdur.

          Hesabat dövrünün sonuna pensiyaçıların sayı 12575 nəfər,  aylıq pensiya tələbatı 1,7 milyon manat, orta aylıq pensiya məbləği 139 manat olmuşdur. 1 yanvar 2013-cü il tarixə əhalinin pensiya tələbi tamamilə ödənilmişdir.

Hesabat ilində işaxtaran vətəndaşların sosial müdafiəsinin təmin edilməsində peşə hazırlığının, ixtisasartırma kurslarının, haqqı ödənilən ictimai işlərin təşkili kimi aktiv məşğulluq tədbirləri diqqətdə saxlanılmışdır.

  İl ərzində məşğulluq mərkəzinə 342 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. 10 nəfər  haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 28 nəfərə “işsiz” statusu verilmişdir.          Hesabat ilində işsiz əhalinin məşğulluğunun təmin edilməsində mühüm  tədbirlərdən biri olan “Əmək yarmarkası” keçirilmişdir. Yarmarkaya 12 müəssisədən 96 boş iş yeri təqdim olunmuş, 40 nəfər işlə təmin edilmişdir.

Ötən dövr ərzində ümumilikdə 1174 iş yeri açılmış, onlardan 644-ü daimi, 530 iş yeri isə mövsümi və müvəqqəti iş yerləridir.

Əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində 2012-ci ildə  Qazbinə və Püştətala elektron telefon stansiyaları üçün yeni binanın tikintisinə başlanılmışdır. Katex kəndində 128 nömrə tutumlu yeni elektron stansiya istifadəyə verilmiş, Qazma və Yeni Şərif kəndlərində xətt şəbəkəsi qurularaq telefon çəkilişi aparılmışdır. Hesabat dövründə internet istifadəçilərinin sayı 1340 nəfər olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 4 dəfə çoxdur. 168 mənzilə telefon çəkilmişdir.

Hesabat ilində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən istehlakçılara faktiki qiymətlərlə 215,3 min manatlıq xidmət göstərilmişdir. Nəqliyyatın bütün növləri ilə 642 min ton və ya əvvəlki illə müqayisədə 62 min ton çox yük daşınmışdır. Əhaliyə 2,8 milyon manatlıq və ya 2011-cu ilə nisbətən 267 min manat çox nəqliyyat xidməti göstərilmişdir.

2012-ci ildə rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 124, 7 milyon manat olmuş, 2011-ci illə müqayisədə artım 10,7 faiz təşkil etmişdir. Ticarət dövriyyəsinin həcmində ərzaq mallarının xüsusi çəkisi 60,2 faiz, qeyri ərzaq mallarının xüsusi çəkisi 39,8 faiz təşkil etmişdir. Hesabat ilində əhaliyə göstərilən iaşə xidmətlərinin həcmi 2011-ci illə müqayisədə 18,5 faiz artaraq 3,1 milyon manat olmuşdur.

          Rayonun qazlaşdırılması sahəsində hesabat dövründə 6347 evə qaz xətti çəkilməklə rayon üzrə  abonent sayı 11640 nəfərə çatdırılmışdır.

Hazırda 9 yaşayış məntəqəsinin qazlaşmayan ərazilərində tikinti işləri aparılır. Qazlaşma sahəsində aparılan sürətli iş onu deməyə əsas verir ki, cari ilin I rübünün sonunadək rayonun qazlaşması tam başa çatdırılacaq, 20 min abonent təbii qazdan istifadə edəcəkdir.  

          Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində şəhərin Qafqaz, Füzuli, Ə.Əfəndiyev küçələrində ümumilikdə 3500 metr, Mahamalar kəndində 1000 metr məsafədə su xətləri dəyişdirilmişdir. Rayonun kəndlərində 7 artezian quyusu qazılmış,  Cederovtala  kəndində  1 artezian quyusunun qazılmasına başlanılmış, kəndlərdə daha 3 artezian quyusunun qazılması nəzərdə tutulmuşdur.  Eyni zamanda, istismar olunan və yararsız vəziyyətə düşmüş 4 subartezian və 2 artezian quyusu təmir edilərək əhalinin istifadəsinə verilmişdir.     

          2012-ci ildə rayonda elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması məqsədilə 3 yaşayış məntəqəsində  transformator məntəqələri quraşdırılmış, 29 transformator əsaslı, 54 transformator cari təmir edilmişdir. Yüksək və aşağı gərginlikli elektrik hava xətlərində 425 yeni dəmir beton dayaq basdırılmış, 38 ədəd 0,4 kv-luq, 3 ədəd 10 kv-luq ayırıcı quraşdırılmışdır. 0,4 kv-luq elektrik verilişi xətləri 17 km məsafədə “SİP” kabellə əvəz edilmişdir.

Hesabat ilində payız-qış mövsümünə hazırlıqla bağlı istehlakçılara istilik xidməti göstərilməsi sahəsində qazanxanalarda zəruri təmir işləri aparılmışdır.

Hesabat dövrü ərzində əhaliyə verilmiş  elektrik enerjisinin dəyəri 80,7 faiz,  içməli suyun dəyəri 100 faiz, təbii qazın dəyəri 87,2 faiz  ödənilmişdir. Təhlillər göstərir ki, bu rəqəmlər 2011-ci ilin müvafiq dövrünə nisbətən aşağıdır və  kommunal xidmət haqlarının ödənilməsi sahəsində ciddi dönüş yaradılmalı, əhaliyə göstərilən xidmətlərin səviyyəsi yaxşılaşdırılmalıdır.

2012-2013-cü tədris ilinin başlanğıcında ümumtəhsil məktəblərində 11749 şagird məktəbə cəlb edilmiş, məktəblərdə onların təlim və tərbiyəsi üçün normal şərait yaradılmışdır.

Hesabat ilində təlimin keyfiyyətinin yüksəldilməsi və  məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə xeyli iş görülmüş, məktəblərdə aparılan təmir işləri vaxtında tamamlanmışdır. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı 17 məktəb və rayon təhsil şöbəsi sürətli internet şəbəkəsinə qoşulmuşdur. Hazırda rayonun məktəblərində hər  22 nəfər şagirdə 1 kompüter düşür.

          Ümumtəhsil məktəblərinin şagirdlərinin müxtəlif tədbir, yarış və müsabiqələrdə iştirakı təmin edilmiş, fənn Olimpiadalarının Respublika turunda iştirak edən 15 nəfər şagirddən 2 nəfəri III yeri, 3 nəfəri isə IV yeri tutmuşdur.

Ölkə Prezidenti cənab İlham Əliyevin 19 aprel 2012-ci il tarixli Fərmanına uyğun olaraq IX və XI siniflərdə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilmişdir. Müvəffəqiyyət faizi  IX siniflərdə 92,1 faiz, XI siniflərdə isə 91,8 faiz olmuşdur.  2011-ci ilə nisbətən IX siniflərdə müvəffəq olanlar 6,1 faiz, XI siniflərdə isə 10,8 faiz artmışdır.

2012-ci ildə ali məktəblərə qəbul üçün sənəd vermiş 406 nəfərdən 192 nəfəri tələbə adını qazanmışdır ki, bu da 2011-cu ilin göstəricisindən 3 nəfər çoxdur.

Ali məktəblərə qəbul zamanı 16 nəfər 500-dən yuxarı,  3 nəfər isə 600-dan yuxarı bal toplamışdır. Məzunlardan 2 nəfəri təhsildə qazandıqları uğurlara görə qızıl medala layiq görülmüş, 1 tələbəyə isə Prezident təqaüdü təyin olunmuşdur.

Hesabat dövründə təlimin keyfiyyətini xarakterizə edən   göstəricilər əvvəlki illərin göstəriciləri ilə müqayisədə yaxşılaşsa da təhsil işçiləri əldə olunan nəticələrlə kifayətlənməməli, arxayınlaşmamalıdırlar. Həm məktəblərdə, həm də məktəbəqədər uşaq müəssisələrində təlim və tərbiyənin müasir dövrün standartlarına uyğun daha da yaxşılaşdırılması hər bir ziyalının, hər bir təhsil işçisinin əsas vəzifəsi olmalıdır.

Hesabat dövründə yeni xəstəxana kompleksində müasir tibbi avadanlıq və aparatura ilə əhaliyə səhiyyə xidmətinin göstərilməsi əvvəlki illərdə paytaxt və bölgə xəstəxanalarına üz tutan xəstələrin rayon xəstəxanasında müayinə və müalicəyə üstünlük verməsinə səbəb olmuşdur.

 2012-ci ildə xəstəxanaya 3380 və ya 2011-ci ildəkindən  1361  nəfər  çox  xəstə daxil olmuş və müalicə almışdır. İl ərzində 943 və ya 2011-ci ildəkindən 409 cərrahiyyə əməliyyatı çox aparılmışdır.

 Ötən dövr ərzində 1227 uşaq doğulmuşdur ki, bu da 2011-ci illə müqayisədə  167 uşaq çoxdur.

İl ərzində 11573 xəstəyə təcili və təxirəsalınmaz yardım göstərilmiş, təcili yardım şöbəsinin texniki təminatı yaxşılaşdırılmışdır. Ötən illə müqayisədə yardım göstərilənlərin sayı 1273 nəfər çox olmuşdur. Profilaktiki peyvəndlər 98-99 %  yerinə yetirilmişdir.                  

          Müvafiq dövr ərzində əhali arasında kütləvi qida zəhərlənməsi halları və xüsusi təhlükəli infeksiyalar qeydə alınmamış, qan xəstələrinin sayında artım olmamışdır.

Dispanser müşahidəsində 1320 nəfər şəkərli diabet, 407 nəfər onkoloji, 20 nəfər talassemiya, 2 hemofiliya, 366 nəfər vərəm, 33 hemodializ xəstəsi vardır. Ötən illə müqayisədə xəstəliklər içərisində ən çox artan şəkərli diabet,  yoluxucu xəstəliklər içərisində isə vərəm xəstəliyi (50 nəfər) olmuşdur. 17 yaşadək uşaqlara mantu sınağı qoyulmuş, vərəmə meylli 45 nəfər aşkar olunaraq ilkin müalicəyə cəlb olunmuşdur.

2012-ci ilin dekabr ayında Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən rayona göndərilən həkim briqadaları tərəfindən 12759 nəfər tibbi müayinədən keçirilmişdir.

Hesabat dövründə dərman təchizatı əvvəlki illərə nisbətən yaxşılaşsa da, dərman və sarğı materiallarına ayrılan vəsaitin artırılmasına, kənd həkim ambulatoriyalarının və tibb məntəqələrinin bina şəraitinin yaxşılaşdırılmasına ehtiyac vardır.

2012-ci ildə sanitar-sağlamlaşdırıcı tədbirlər çərçivəsində 2150 nəfər tibbi müayinələrə cəlb olunmuş,  gigiyenik qaydaları pozduğuna görə 12 nəfər 750 manat cərimə edilmişdir. 27 istehsal və ya xidmət müəssisəsinə 71 adda gigiyenik sertifikat alınmışdır.

          Hesabat ilində rayona 18981 nəfər turist gəlmiş, onlardan 1981 nəfəri xarici turist olmuşdur. Keçən illə müqayisədə rayona gəlmiş turistlərin sayi 10007 nəfər artmışdır.          Rayonun turizm potensialını əks etdirən “balakantourizm.az” saytı yaradılmışdır.      

           Tarix-diyarşünaslıq muzeyində il ərzində 180 eksponat əldə edilmiş, eksponatların sayı 4487 ədədə çatdırılmışdır. Muzeyə il ərzində 4495 ziyarətçi gəlmiş, 42  saat tarix dərsi burada keçirilmişdir. Rayon Tarix-diyarşünaslıq muzeyi, tarixi abidələrimiz və onların dislokasiyası haqqında bukletlər hazırlanmışdır.

Rayonda fəaliyyət göstərən mədəni–maarif müəssisələri il ərzində yadda qalan mədəni-kütləvi tədbirlər keçirmiş,  sair və yazıçıların yubileylərini qeyd etmişlər. Kitabxanalarda keçirilən tədbirlərlə  əlaqədar kartotekalar və sərgilər təşkil edilmişdir.

           Rayon ərazisində mövcud olan tarixi abidələrdən 43-ü dövlət qeydiyyatına alınmış, onlara qoruyucu lövhələr vurulmuşdur. Dövlət qeydiyyatına alınmış abidələrdən 2-si ölkə əhəmiyyətli memarlıq, 7-si arxeoloji, qalanı yerli əhəmiyyətli abidələrdir. 29 abidənin dövlət qeydiyyatına alınması üçün onlar haqqında məlumatlar Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilmişdir.

Tarixi abidələr yerli bələdiyyələrin balansında olduğu üçün onların təmizlənməsi və qorunması istiqamətində bələdiyyələr və rayon gəncləri tərəfindən mütəmadi olaraq iş aparılır. Rayonumuzun tarixi abidələri haqqında məlumatları əks etdirən bukletlər və onların dislokasiyası  barədə məlumat hazırlanmışdır.

2012-ci ilin “İdman ili” elan olunması ilə əlaqədar idmanın daha da kütləviləşdirilməsi məqsədilə çoxsaylı tədbir və görüşlər təşkil olunmuş, müxtəlif idman növləri üzrə 60 rayon birinciliyi və turniri keçirilmişdir. Keçirilən rayon səviyyəli yarışlara 5866 idmançı cəlb edilmiş, 46 respublika səviyyəli yarışda 364   idmançının iştirakı təmin  edilmişdir. Həmin yarışlarda idmançılar 17 dəfə I yeri, 20 dəfə II yeri və 22 dəfə III yeri tutmuşlar.

İdmançılarımızdan Rasul Çunayev, Murad Bazarov, Rasul Məmmədov, Oluxan Musayev respublika yığma komandasının tərkibində beynəlxalq səviyyəli yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmiş, fəxri kürsünün ən yuxarı pilləsinə qalxmağı bacarmışlar.

2012-ci ildə rayon Olimpiya İdman Kompleksində idmanın  futbol, sərbəst güləş, cudo, boks, kikboksinq, kyokşin-kay, uşu növləri üzrə bölmələr  fəaliyyət göstərmiş, ümumilikdə məşğul olanların sayı 250 nəfərdən çox olmuşdur. Kompleksdə “İdman ili” çərçivəsində 2000-dən artıq yeniyetmə və gəncin iştirakı ilə 13 idman növü üzrə məktəblilərin spartakiadası, Milli Olimpiya Komitəsinin 20 illiyi ilə əlaqədar “Milli Olimpiya Komitəsi müstəqillik illərində”  adlı təntənəli tədbir, idmanın müxtəlif növləri üzrə 36 rayon birinciliyi, turnirlər və seminarlar təşkil edilmiş, idman veteranları ilə görüşlər keçirilmişdir. Keçirilən yarışlarda 4000-dən artıq idmançı iştirak etmişdir.

Hesabat ilində Olimpiya İdman Kompleksində 15 Respublika səviyyəli yarış təşkil olunmuşdur. Keçirilən Respublika səviyyəli yarışlarda Balakən Olimpiya İdman Kompleksinin komandalarını təmsil edən 126 idmançının iştirakı təmin edilmiş və idmançılardan 13 nəfəri mükafata layiq yerləri tutmuşlar.

2012-ci ildə  Heydər Əliyev Mərkəzində əlamətdar və tarixi günlər, şair və yazıçıların yubileyləri, sərgilər təşkil edilmiş, dəyirmi masa, konfrans, disput, görüş, və kitab müzakirələri keçirilmişdir. Müvafiq dövr ərzində Heydər Əliyev Mərkəzinə gələnlərin sayı 6647 nəfər olmuş, 36 yeni eksponat əldə edilərək eksponatların sayı 798-ə çatdırılmışdır. Heydər Əliyev Mərkəzində ”Sənətkarlar evi” yaradılmış, burada  rəsm, foto studiya, rəqs, toxuculuq, gənc dizaynerlər, kulinariya məktəbi və başqa dərnəklər fəaliyyətə başlamış, inventar və avadanlıq alınmışdır.

          Heydər Əliyev Mərkəzinin internet saytı açılmış, İRBİS-64 avtomatlaşdırılmış kitabxana informasiya sistemi quraşdırılaraq elektron kitabxana yaradılmışdır.

 Hesabat dövründə rayonda qeydə alınan 16 siyasi partiya qanunvericiliyə uyğun  fəaliyyət göstərmiş, 5 partiya qərargahla təmin olunmuşdur.

          Ötən dövr ərzində rayonda fəaliyyət göstərən müxalifət partiyalarının fəaliyyəti  demək olar ki, hiss olunmamışdır. Müxalifət partiyalarının son illərdə zəifləyən fəaliyyəti onların üzvlərinin sayının azalmasında da özünü göstərir.

2012-ci ildə rayonda qeydiyyatdan keçmiş 25 qeyri hökumət təşkilatı və ictimai birlik fəaliyyət göstərmiş və onların öz fəaliyyətlərini  mövcud qanunvericiliyə uyğun qurmalarına tərəfimizdən nəzarət olunmuşdur. Qeyri hökumət təşkilatları  tərəfindən qaldırılan faydalı təşəbbüslər və ideyalara vaxtında münasibət bildirilmiş, rayonda keçirilən bütün rəsmi dövlət tədbirlərinə QHT rəhbərləri dəvət olunmuşlar.

 Hesabat dövründə rayonda dini fəaliyyətin «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsi nəzarətdə saxlanılmışdır. Rayonda qanuna zidd dini təriqətlərdən yalnız vəhabi təriqəti mövcuddur. Hesabat ilində qanunazidd, neqativ halların və xarici missionerlərin fəaliyyətinin qarşısının alınması məqsədi ilə hüquq-mühafizə orqanları ilə birgə reydlər keçirilmiş, qeyri-qanuni yolla dini ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa materialların xüsusi icazə olmadan satılması və saxlanılmasının qarşısı alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının məruzə və nitqlərində, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərin, sosial- iqtisadi inkişaf və həyata keçirilən geniş miqyaslı layihələr haqqında məlumatların dolğun və düzgün şəkildə əhaliyə çatdırılması məqsədilə yaradılan təbliğat qrupları  tərəfindən 2012-ci ildə əhalinin müxtəlif təbəqələri ilə 96 görüş keçirilmişdir. Təbliğat qruplarının yerlərdə keçirdikləri görüşlər haqqında məlumatlar ümumiləşdirilərək  hər ayın sonunda Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı analitik informasiya sisteminə göndərilmişdir.

Rayonda milli azlıqların sıx yaşadıqları bölgələrin sosial –iqtisadi və mədəni problemləri öyrənilərək bu istiqamətdə tədbirlər həyata keçirilir. Rayonda keçirilən bütün tədbirlərdə milli azlıqların adət-ənənələri və mədəniyyəti təbliğ olunur. Avarlara məxsus “Cahan” folklor ansamblı və “Təbəssüm” rəqs qrupunun , Ingiloylara məxsus “Şəlalə” rəqs qrupu və “Nənələr” folklor qrupunun çıxışları respublikanın müxtəlif televiziya kanalları vasitəsilə yayımlanmışdır.

Rayon İcra Hakimiyyətinin orqanı olan “Balakən” qəzeti ayda 2 dəfə nəşr olunur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələrinin dolğun işıqlandırılmasında, milli-mənəvi dəyərlərin təbliğ olunmasında yerli  qəzetin  imkanlarından geniş istifadə olunur.

Hesabat dövründə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahәsində müntəzəm iş aparılmış, 734 nəfər çağırışçı həqiqi hərbi xidmətə yola salınmış, 715 nəfər isə hərbi mükəlləfiyyətli kimi qeydə alınmışdır.

2012-ci ildə rayonda 132 cinayət hadisəsi qeydə alınmış, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin sayı 44 fakt çox olmuşdur. Baş vermiş cinayətlərin 83,6 faizinin açılması təmin edilmişdir.

Hesabat dövründə narkotiklərlə bağlı 37 cinayət faktı aşkar olunmuş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 18 fakt artmışdır.

Ötən dövr ərzində 20 yol-nəqliyyat hadisəsi baş vermiş, 2012-ci ilin müvafiq dövrü ilə  müqayisədə hadisələrin sayı 10 fakt, ölənlərin sayı 2 dəfə, xəsarət alanların sayı isə 18 nəfər artmışdır.

2012-ci ildə rayonda qeydə alınan 48 yanğın hadisəsindən 14-ü yaşayış evlərində baş vermiş, bu zaman 1 nəfər ölmüş, zərərçəkənlərə 29264 manat maddi ziyan dəymişdir.

Hesabat dövründə bələdiyyələr mövcud sosial-iqtisadi problemlərin və yerli əhəmiyyətli məsələlərin həll olunması, abadlıq və quruculuq işlərinin aparılması sahəsində öz fəaliyyətlərini əvvəlki illərə nisbətən gücləndirmişlər. Bələdiyyələr tərəfindən “Bir bələdiyyə-azı bir layihə” çərçivəsində  rayonun kəndlərində   8 km uzunluğunda kəndarası yollara asfalt tökülmüş, 85 km uzunluğunda yollar qum- çınqıl materialı ilə təmir  olunmuşdur. 38 km uzunluğunda su kanalları və arxlar qazılmış, 1,3 km uzunluğunda yeni su xətti çəkilmişdir. 6 su keçidi dəyişdirilmiş, 2 su keçidi təmir olunmuş, Kortala kəndində 4890 m3  val vurulmuş, kəndlərdə abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Hesabat ilində Əlaqələndirmə Şurasının 12 iclası keçirilmişdir. Təhlillər göstərir ki, ötən dövr ərzində Şuranın fəaliyyəti qənaətbəxş olmamışdır. Əlaqələndirmə Şurasının səmərəli fəaliyyətinin təşkili məqsədilə iclaslarda inzibati ərazi dairələri üzrə  nümayəndələrin və ağsaqqalların iştirakı təmin edilməli, onların təklif və iradları öyrənilməli və nəzərə alınmalıdır. Vətəndaşları narahat edən məsələlərə birlikdə və operativ baxılmalıdır.

Bələdiyyə torpaqlarından və mülkiyyətində olan əmlaklardan qanunvericiliyə uyğun olaraq istifadə olunur. Rayon üzrə bələdiyyələrin 8394 ha torpaq sahələri vardır. Onun 667 hektarı perspektiv inkişaf, 506 hektarı ehtiyat fondu torpaqlarıdır. Bələdiyyənin torpaqlarından 1111 hektarı əkin yerləridir. Əkin yerlərinin 562 hektarından kənd təsərrüfatı məhsulları istehsalı, 310 hektarından isə quru ot istehsalı üçün istifadə olunmuşdur. Bələdiyyələrin mülkiyyətində olan əmlakın satışı olmamış və təyinatı üzrə istifadə olunur.

Cari ilin yanvar ayında təsdiq olunmuş qrafikə uyğun olaraq rayon icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə  nümayəndələrinin hesabat yığıncaqları keçirilmişdir. 1 şəhər, 1 qəsəbə və 18 kənddə keçirilən hesabat yığıncaqlarında 82 nəfər çıxış etmiş, çıxış edənlər tərəfindən 20 tənqidi qeyd, 81 təklif səslənmişdir. Tənqidi qeydlər əsasən işıq təsərrüfatının ünvanına (10 nəfər) söylənmiş, sahilbərkitmə işlərinin yetərincə aparılmaması səbəbindən əkin sahələrinin və ev təsərrüfatlarının təhlükəyə məruz qalması (8 nəfər), sərhəd zolağına yaxın yerləşdiyi üçün əkin sahələrindən istifadə edilməsində əngəllər yaranması (2)  barədə olmuşdur.

Təkliflər içərisində kəndlərdə artezian quyularının qazılması və kənd su şəbəkələrinin yaradılması (20 nəfər) üstünlük təşkil etmiş, ikinci yerdə kəndlərin qazlaşdırılması (7 nəfər), daha sonra uyğun olaraq yolların təmiri, uşaq bağçalarının təmiri və yenilərinin açılması, qrunt və yağış sularının axıdılması üçün kanalların qazılması və suötürücü boruların qoyulması, telefon xətlərinin çəkilməsi, rayon mərkəzindən uzaqda yerləşən  kəndlərdə yanğınsöndürmə məntəqələrinin açılması və s. barədə olmuşdur. Hesabat yığıncağında səsləndirilmiş təkliflər ümumiləşdirilmiş, rayonun imkanları çərçivəsində həlli mümkün olan təklif və tənqidi qeydlərin həlli məqsədilə tədbirlər planı hazırlanmışdır. Digər təklif və tənqidi qeydlərin həlli üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacaqdır.

Hesabat dövründə vətəndaş müraciətlərinə baxılması və qəbulun təşkilinə xüsusi diqqət yetirilmişdir. Rayon icra hakimiyyətinin müvafiq şöbələri tərəfindən yerli icra orqanlarında, müəssisə və təşkilatlarda vətəndaşların qəbulu, müraciətlərinə baxılmasının vəziyyəti vaxtaşırı öyrənilmiş, bu sahədə onlara əməli köməklik göstərilmişdir.

          2012-ci  ildə rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclaslarında 2 dəfə, aparat və şöbələrin yığıncaqlarında isə 3 dəfə vətəndaş müraciətlərinə baxılmasının vəziyyətinə dair məsələlər müzakirə olunmuş, müvafiq tövsiyyələr verilmişdir.

Hesabat ilində rayon icra hakimiyyəti başçısı aparatına vətəndaşlardan 1206  ərizə və məktub daxil olmuş, icra başçısı tərəfindən 1430  nəfər (o cümlədən, səyyar qəbullarda 238 nəfər)  vətəndaş qəbul edilmişdir. Əvvəlki illə müqayisədə vətəndaşlardan daxil olan müraciətlər 146  ədəd artmışdır. Daxil olan ərizə və məktubların 97,1 %-nə, yəni 1171 müraciətə bilavasitə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri tərəfindən baxılmış, nəticələri barədə vətəndaşlara məlumat verilməsi təmin edilmişdir.

Müraciətlərin araşdırılması nəticəsində vətəndaşların haqlı tələbləri yerinə yetirilmiş, bir çox hallarda imkan daxilində maddi yardım və material köməklikləri göstərilmiş, kollektiv müraciətlərdə qaldırılan sosial problemlərin həlli üçün zəruri tədbirlər həyata keçirilmişdir. 

          2012-ci ildə daxil olan yazılı və şifahi müraciətlər əsasında 188 nəfər vətəndaşa  evlərin tikintisi və təmiri, yanmış evin bərpa olunması, imkansız  xəstələrin müayinə  və  müalicəsi, müxtəlif sosial-məişət problemlərinin həlli məsələlərində maddi və material yardımları göstərilmiş, 304 ərizə və müraciət  müsbət həll olunmuşdur.

          Daxil olan müraciətlərin xarakterində  müsbət dəyişikliklər baş vermiş, şikayətlərlə müqayisədə ərizələrin xüsusi çəkisi yüksək olmuşdur.  İl ərzində qeydə alınan 1206  müraciətdən 3 faizini təklif, 87,6 faizini ərizə və yalnız 9,4 faizini şikayət məktubları  təşkil etmişdir.

Vətəndaşlardan daxil olan 1206  müraciətin 304-ü müsbət həll olunmuş, 55-i qismən həll edilmiş,  706 müraciətə dair müvafiq izahat verilmiş, 74  müraciət  əsassız hesab edilmişdir, 35 müraciət isə baxılmaq üçün aidiyyəti və tabeli qurumlara göndərilmişdir.

          2012-ci ildə rayon icra hakimiyyəti başçısı aparatına Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 296 vətəndaş müraciəti daxil olmuşdur ki, bu da bütün müraciətlərin 24,2 %-ni təşkil edir.

          Rayon icra hakimiyyətinin başçısı tərəfindən qəsəbə və kəndlərdə müntəzəm olaraq səyyar qəbullar keçirilmiş, kiçik və ucqar kəndlər əhatə olunmaqla görüşlərin əhatə dairəsi də genişləndirilmişdir. Keçirilən 43 səyyar qəbul-görüşlərdə 5510 nəfər iştirak etmiş, 238 nəfər vətəndaş çıxış edərək 247 təklif və tənqidi qeyd söyləmişdir.  Vətəndaşlar tərəfindən söylənilən təkliflərdən 76,1 %-i (188-ı) icra olunmuş, digər təkliflərin cari ildə ilk növbədə  icrası nəzarətdə saxlanılacaqdır.

          Rayon icra hakimiyyətinə vətəndaşlardan daxil olan yazılı və şifahi müraciətlərin təhlilinə əsasən qeyd edilməlidir ki, rayonun qazlaşdırılması işinin sürətləndirilməsi, elektrik verilişi xətlərinin əsaslı təmir olunması, şəhərdə su-kanalizasiya şəbəkəsinin yenidən qurulması, kəndlərdə artezianlar qazılması və su şəbəkələrinin yaradılması , kommunal evlərin təmiri, dam ötüklərinin dəyişdirilməsi və digər sosial problemlərin həll edilməsində vətəndaşların rəy və təkliflərinin nəzərə alınması əhali tərəfindən minnətdarlıqla qarşılanır.       

Hesabat ilində «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanının icrası üçün müvafiq tədbirlər görülmüş, RİHB aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə struktur dəyişiklikləri həyata keçirilmişdir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dövlət qulluqçularının tərkibi müvafiq ali ixtisas tələblərinə cavab verən gənc və perspektivli yeni kadrlar hesabına möhkəmləndirilmişdir.  Bu istiqamətdə aparılan tədbirlər nəticəsində RİHB aparatında inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə dövlət qulluğunun inzibati vəzifələrinə 16  nəfər yeni kadr işə qəbul olunmuş, aparatda orta yaş həddi 46-dan 44-ə enmişdir.

2012-cu ildə idarə, müəssisə və təşkilatlarda  3  rəhbər kadr dəyişikliyi aparılmışdır. Həmçinin, RİH-nə işlə təmin olunma xahişi ilə müraciət etmiş 101 nəfərdən 32 nəfəri peşə və ixtisasına uyğun işlə təmin edilmişlər. Yeni təyin olunan kadrlar ali təhsilli  olmaqla müvafiq iş təcrübəsinə, tutduqları vəzifələrə uyğun ixtisaslara malikdirlər.

 “Dövlət qulluğu haqqında” Qanuna və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq kadrların hazırlanması, seçilib yerləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Dövlət qulluğunda rəhbər vəzifələr üçün ehtiyat kadr bazası yaradılmışdır ki, bu prosesdə gənc kadrlardan daha çox istifadə olunur. Hesabat ilində 38 nəfər dövlət qulluqçusu rəhbər vəzifələrə ehtiyat kadrlar siyahısına daxil edilmişdir.

Rayon icra hakimiyyətində, idarə və təşkilatlarda, yerli inzibati ərazi nümayəndəliklərində informasiya texnologiyalarından  geniş istifadə edilir Rayon İHB aparatı, idarə və təşkilatlar, inzibati ərazi nümayəndəlikləri geniş zolaqlı sürətli internet şəbəkəsinə qoşulmaqla informasiyanın əldə edilməsi və mübadiləsində  müasir imkanlardan səmərəli istifadə edirlər.

          Hesabat ilində rayonun istehsal, xidmət, sosial və infrastruktur obyektlərinin ahəngdar işinin təmin olunması, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar çevik qərarlar qəbul edilməsi və aidiyyəti orqanların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə  RİH-də operativ idarəetmə mərkəzi yaradılmışdır. Operativ idarəetmə mərkəzi lazımi avadanlıqlarla təchiz olunmuş, 8 inzibati ərazi nümayəndəliyi mərkəz kimi müəyyənləşdirilərək operativ idarəetmə mərkəzinə qoşulmuşdur.

2012-ci ildə RİH başçısı yanında Şuranın 15 yığıncağı keçirilmiş, bu yığıncaqlarda sosial-iqtisadi həyatın müxtəlif sahələrini əhatə edən 26 məsələ müzakirə olunmuşdur.

2012-ci ildə rayon icra hakimiyyəti başçısı aparatında sənədlərin dövriyyəsi yüksək olmuş,  rayon icra hakimiyyətinin başçısı  tərəfindən 220 sərəncam, 128 əmr imzalanmış, RİHB aparatına 20 ədəd Azərbaycan Respublikasının Qanunu, 28 ədəd Azərbaycan Respublikası Prezidentinin fərmanları və 17  ədəd sərəncamları,  2 ədəd Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamları və 21 ədəd Prezident Administrasiyasının xidməti sənədləri,  Azərbaycan Respublikası Nazirlər Kabinetindən 49  ədəd qərar və  sərəncam, 54 ədəd xidməti sənədlər, respublikanın dövlət hakimiyyəti orqanlarından və digər qurumlardan 297 ədəd, rayonun idarə və təşkilatlarından 302 ədəd xidməti sənədlər daxil olmuşdur. Rayon icra hakimiyyəti  başçısı aparatından respublikanın dövlət hakimiyyəti orqanlarına və digər qurumlara, həmçinin rayon təşkilatlarına cəmi 1231  sənəd göndərilmişdir. Elektron sənəd dövriyyəsi 20 %-ə yaxın olmuşdur.

 

Ötən dövr ərzində şəhər və Qabaqçöl qəsəbəsinin ərazisində olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatlarının uçotunun (təsərrüfarbaşına uçot) aparılmasının təşkili məqsədilə RİH-nin müvafiq sərəncamı hazırlanmış və uçot işlərinə başlanmışdır. Sərəncama əsasən yaradılmış komissiya  uçot işlərini başa çatdırmış, şəhər və qəsəbə ərazisində ev təsərrüfatlarının uçotu kitabları vasitəsilə seçicilərin sayı dəqiqləşdirilmişdir. Hazırda ünvan dəyişikliyi ilə əlaqədar şəhər əhalisinin şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi işləri aparılır.

Nazirlər Kabinetinin 2012-ci ilin  yekunlarına  dair hesabat müşavirəsində ölkə prezidenti cənab İ.Əliyev çıxışı zamanı qeyd etdi ki, 2013-cü ilin büdcəsi müstəqil Azərbaycan dövlətinin tarixində ən böyük büdcədir və bu vəsait bizə imkan verəcək ki,  böyük infrastruktur layihələrini uğurla icra edək.  Ölkə başçısı eyni zamanda vurğuladı ki,  2013-cü ildə qarşıda duran vəzifə və həllini gözləyən problemlərimiz də vardır, su və kanalizasiya layihələrinin icrası, yol tikintisi, qəzalı məktəblərin yenidən qurulması, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə  və digər tədbirlərimizi davam etdirməli, makroiqtisadi sabitliyə nail olmalıyıq.

Rayonumuz kənd təsərrüfatı rayonudur və ölkə başçısının ərzaq təhlükəsizliyinin təmin olunması, sahibkarlığın inkişafı    ilə bağlı  verdiyi tapşırıqlar qarşımıza yeni vəzifələr qoyur. 2012-ci ildə aqrar sahənin inkişafında müəyyən etdiyimiz hədəflərə nail olduq. Lakin bu nailiyyət heç kimdə arxayınlıq yaratmamalıdır. Mütəxəssislərlə birlikdə təhlillər aparmışıq və 2013-cü ildə yeni hədəflərimizi müəyyən etmişik. Cari ildə bütün növ kənd təsərrüfatı əkinlərinin 15 faiz artırılması, eyni zamanda, məhsuldarlığın artırılması üçün zəruri tədbirlər görüləcəkdir. Katex kəndində inşa olunan 4,5 min tonluq soyuducu kameraların istifadəyə verilməsi kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına stimul verəcəkdir.

Cari ilin sonunadək görüləcək işlərimiz çoxdur. Şəhərin ümumi arxitekturasının daha müasir və yeni üslubda dəyişdirilməsinə çalışırıq. Çoxmənzilli kommunal binaların fasadı üzlük daşla üzlənəcək, dam örtüklərinin təmiri davam etdiriləcək, 3 yeni inzibati bina, məcburi köçkünlər üçün çoxmənzilli yaşayış evi, 6 məktəb və bir uşaq bağçası  istifadəyə veriləcək, şəhər seyrəngahı tikiləcək və sadalamadığım başqa tikinti–quruculuq işləri aparılacaqdır. Şəhərdə  aparılan abadlıq və quruculuq işlərinə sahibkarlar da qoşulmaqla şəhərin ümumi görünüşünə xələl gətirən köhnə, yaraşıqsız ticarət və xidmət  obyektlərini ümumi arxitekturaya uyğun şəkildə təmir edirlər. Görülən tikinti və abadlıq işləri yüksək zövqlə, keyfiyyətlə aparılır və əhali tərəfindən razılıqla qarşılanır.

Cari ildə rayonun qazlaşdırılması başa çatdırılacaq, enerji təchizatı sahəsində yeni güc istifadəyə veriləcək, içməli su və kanalizasiya sisteminin tikintisi, elektrik xətt təsərrüfatının yenidən qurulması, yol təmiri sahəsində yeni layihələrin icrasına başlanılacaqdır. Bundan əlavə yerli büdcə vəsaitləri və investisiya hesabına təhsil, səhiyyə və mədəniyyət müəssisələrində  uşaq bağçalarında, inzibati binalarda yenidənqurma və təmir işlərinin aparılması nəzərdə tutulur. Bu da bizə  deməyə əsas verir ki, Balakən cari ilin sonuna daha gözəl və abad mənzərə alacaqdır.

2013-cü il ölkə Prezidentinin təşəbbüsü ilə “İnformasiya və kommunikasiya texnologiyaları ili” elan olunmuşdur. Cari ilin sonunadək dövlət orqanları, o cümlədən icra hakimiyyəti elektron sənəd dövriyyəsinə keçidi təmin etməli, ictimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək vasitəsi kimi internetin imkanlarından geniş istifadə etməlidir. Kəndlərin telefonlaşması, yüksək sürətli internet istifadəçilərinin sayının artırılması istiqamətində zəruri tədbirlər görülməlidir.

Vətəndaş müraciətlərinə vaxtında və obyektiv baxılması, hər bir müraciətə həssas münasibət bəslənilməsi cari ildə də davam etdirilməlidir.

2013-cü ilin payızında ölkəmizdə Prezident  seçkiləri keçiriləcəkdir. Seçkilərin keçirilməsinə hazırlığı yüksək səviyyədə təşkil etməliyik.

 Ölkə Prezidenti tərəfindən həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət nəticəsində respublikamız sözün həqiqi mənasında dinamik və hərtərəfli inkişaf yolundadır. Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirilmiş hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin dünyada mövqeyinin daha da möhkəmlənməsini və davamlı iqtisadi inkişafını təmin edəcəkdir.

 Balakənlilər bu inkişafın təmin edilməsi üçün qüvvə və bacarıqlarını əsirgəməyəcək, Balakənin respublikanın ən sabit, iqtisadi cəhətdən inkişaf etmiş rayonuna çevrilməsi üçün bütün imkanlarını səfərbərliyə alacaqlar.

         

Keçidlər