Hesabatlar
2014-cü il üzrə hesabat
Balakən rayonu üzrə 2014-cü ildə sosial-iqtisadi sahədə görülən işlərə dair
Hesabat
10 yanvar 2015-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına həsr olunmuş müşavirəsi keçirilmişdir. Həmin müşavirədə cənab Prezident bildirmişdir ki, ölkəmizin həyatında və cəmiyyətimizin dayanıqlı inkişafında mühüm rol oynayan 2014-cü ildə qarşıya qoyulan vəzifələr uğurla icra olunmuşdur.Ölkəmizin təhlükəsizliyi təmin edilmiş, iqtisadi və sosial proqramlar icra olunmuş, ictimai-siyasi vəziyyət sabit qalmışdır. Ümumi daxili məhsul istehsalı 3 faizə yaxın, qeyri-neft sektoru isə 7 faiz artmışdır. İnflyasiya 1,4 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 4,8 faiz artmışdır.
2014-cü ildə manatın məzənnəsinin nəinki sabit qaldığını, eyni zamanda əsas dünya valyutalarına qarşı dəyər qazandığını qeyd edən cənab Prezident vurğulamışdır ki, ilin əvvəlindən ölkəmizə 27 milyard dollar sərmayə qoyulmuşdur ki, onun da 16 milyard dolları daxili investisiyalardır. Azərbaycan xarici investorlar üçün də cəlbedici ölkə kimi qalmış, dünyada və bölgədə müşahidə olunan ağır iqtisadi vəziyyətə baxmayaraq iqtisadiyyata 11 milyard dollar xarici investisiya cəlb olunmuşdur.
Dövlət başçısı bildirmişdir ki, Dünya İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə artıq 38-ci yerdə qərarlaşmışdır.
Bu dövrdə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunmuş, sosial layihələrin icrası davam etdirilmiş və investisiya portfelində bu layihələrə xərclənən vəsait kifayət qədər böyük olmuşdur. 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilmişdir.
Ölkə iqtisadiyyatında aparılan uğurlu iqtisadi islahatların nəticəsidir ki, digər sahələrlə yanaşı, sənayenin inkişafında da böyük nailiyyətlər əldə olunmuş, sənaye ilində 230-dan çox sənaye müəssisəsi açılmışdır. Yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyulmuş, kosmik sənayenin inkişafı sürətlə getmişdir.
Korrupsiyaya və rüşvətxorluğa qarşı son illər aparılan institusional islahatlar içərisində ”Asan xidmət” ön planda olmuş, bu xidmət insanlara həm yenilik, həm də rahatlıq gətirmişdir. İKT texnologiyalarının tətbiqi sahəsində də Azərbaycan böyük uğurlar əldə etmişdir. Bu sahələrdə aparılan siyasət gələcəkdə də davam etdiriləcəkdir.
Respublikanın xarici siyasəti istiqamətində beynəlxalq əlaqələr artmış, regional əməkdaşlıq məsələlərində Azərbaycan bir çox təşəbbüslərin müəllifi olmuşdur. 2014-cü ildə ölkəmiz Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmiş, bu dövrdə Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına öz töhfələrini vermişdir.
Ötən ildə ölkəmizdə ordu quruculuğunun möhkəmləndirilməsində də böyük nailiyyətlər əldə olunmuş, ordumuz düşmənə də, düşmənin havadarlarına da istənilən vaxtda öz ərazi bütövlüyümüzü bərpa edə biləcəyini göstərmişdir.
Ötən dövrdə həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların, yürüdülən daxili və xarici siyasətin nəticəsi olaraq sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi Azərbaycanın dünyada nüfuzu daha da artmışdır.
Qeyd olunduğu kimi 2014-cü ildə respublikamız sosial-iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində dinamik inkişaf etmişdir. Ölkənin bütün vətəndaşları kimi balakənlilər də bu inkişaf və quruculuq prosesinin fəal iştirakçısı olmuşlar. Hesabatını verəcəyimiz 2014-cü ildə rayonumuzda da investisiya və Dövlət Proqramlarının icrası davam etdirilmiş, tikinti, abadlıq-quruculuq işləri keyfiyyətlə aparılmışdır.
Hələ 2014-cü ilin ilk günlərində-16 yanvar 2014-cü il tarixdə ölkə Prezidentinin imzaladığı sənədlərdən biri kənd təsərrüfatına aid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı kənd təsərrüfatının inkişafı strategiyasını, yaxın gələcəkdə onun inkişafı perspektivlərini müəyyən etmişdir. Sərəncamda insanların sağlamlığının qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətinə nəzarət edilməsi üçün baytarlıq-sanitariya və epidemioloji tələblərə uyğun ət kəsimi, satışı mərkəzlərinin yaradılması tədbirlərinin həyata keçirilməsi, “yaşıl marketlər”in və topdansatış mərkəzlərinin dövlət tərəfindən dəstəklənməsi, fermerlərə informasiya-məsləhət xidmətlərinin səmərəli təşkili sahəsində müvafiq tədbirlərin və sair işlərin görülməsi nəzərdə tutulmuşdur ki, bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılmasına və daxili bazarın dövlət tərəfindən qorunmasına gətirib çıxaracaqdır. Sərəncamın icrasına başlanılması kənd təsərrüfatı rayonu kimi Balakən rayonunda da aqrar sahənin inkişafında müsbət meylləri gücləndirmişdir.
Hesabat ilində rayonda dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən istifadənin vəziyyəti RİHB-nın 30 oktyabr 2014-cü il tarixli 140 nömrəli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən araşdırılmışdır. Dövlət mülkiyyətində olan torpaqlardan istifadənin vəziyyəti 9 dekabr 2014-cü il tarixli Şura iclasında müzakirə edilmiş, komissiya tərəfindən aşkar edilən və hüquqi əsası olmadan istifadə olunan 58 ha əkin sahəsi geri alınmışdır. Dövlət mülkiyyətində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılması istiqamətində zəruri tədbirlər görülməkdədir. Son illərdə iqlim şəraitində baş verən dəyişikliklər, havaların yaz və yay mövsümündə quraq keçməsi torpaq sahələrinin suvarılmasını ön plana çəkmişdir. Ona görə də faktiki suvarılan torpaq sahələrinin müəyyən edilməsi və xəritələrin hazırlanması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə yaradılan komissiya tərəfindən rayon üzrə 6901 ha sahənin faktiki suvarıldığı müəyyən edilmişdir.
Qeyd olunmalıdır ki, 2014-cü ilin iqlim şəraiti yazlıq bitkilərin optimal müddətdə əkilməsi üçün əlverişli olmuş, əkin sahələrinin 2,7 % artırılması təmin edilmişdir. Sahələrin 12065 hektarında payızlıq və yazlıq bitkilər əkilmiş, 2013-cü ilə nisbətən qarğıdalı əkinləri 3,3 %, yonca əkinləri 19,9 %, kartof əkinləri 1,8 %, lobya əkinləri 11 %, tərəvəz əkinləri 0,8 % artırılmışdır.
Əkin sahələrinə aqrotexniki qulluq göstərilmiş, mineral və üzvi gübrələr verilmiş, zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilmişdir. İlin olduqca quraq keçməsinə baxmayaraq zəruri tədbirlərin görülməsi nəticəsində təsərrüfatlarda 39,6 min ton qarğıdalı, 22,2 min ton tərəvəz, 7,1 min ton kartof, 3,2 min ton bostan, 631 ton lobya istehsal olunmuşdur.
Rayonda meyvəçiliyin inkişaf etdirilməsinə, yeni intensiv bağların salınmasına və mövcud bağlara qulluq göstərilməsinə diqqətartırılmış, bağlardan 28,6 min ton meyvə istehsal edilmişdir ki, onun 14,3 min tonu xurma, 3,9 min tonu fındıq, qalanı isə digər meyvələrdir.
Ötən dövrdə bitkiçiliklə yanaşı heyvandarlığın da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, iri və xırda buynuzlu mal-qaranın baş sayında və bütün növ heyvandarlıq məhsullarının istehsalında əvvəlki ilin müvafiq dövrünə nisbətən artım əldə olunmuşdur.
Heyvandarlığın inkişaf etdirilməsi təmin edilmiş və damazlıq işlərinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət artırılmışdır. «Azəryemsənaye» MMC-də məhsul istehsalı artırılmış, tara istehsalı sexi tikilmişdir. Həmçinin, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi və qablaşdırılması üzrə yeni istehsal sahəsinin tikintisi davam etdirilir.
Quşçuluğun inkişaf etdirilməsi üçün mövcud əlverişli şərait nəzərə alınaraq Qaysa kəndində inqubasiya təsərrüfatı yaradılmış və istifadəyə verilmişdir.
Bütövlükdə, 2014-cü ildə aqrar sahədən 59,5 milyon manatlıq gəlir əldə edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 2 milyon manat çoxdur. İstehsal olunan məhsulların 54,3 faizi, yəni 32,4 milyon manatı bitkiçilik, qalan 45,7 faizi, yəni 27,1 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşmüşdür.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi tədbirləri çərçivəsində il ərzində 2137 nəfər istehsalçıya 218724 manat yardım ödənilmiş, 01 dekabr vəziyyətinə görə taxıl istehsalçılarına 94,25 ha buğda sahəsinə görə 3770 manat yardım hesablanmış və sənədlər respublika komissiyasına təqdim olunmuşdur.
Hesabat ilində istehsalçılara güzəştlə 917 ton və ya əvvəlki ilə nisbətən 366 ton mineral gübrə artıq satılmışdır. Mineral gübrələrin 812 tonu «Aqroservis» filialı tərəfindən güzəştli qaydada gətirilən gübrələrdir. Bu da istehsalın artırılması üçün aqrotexniki xidmətin yaxşılaşdırıldığını göstərir. Rayonda qarğıdalı əkinin və istehsalının artması ilə əlaqədar kənd təsərrüfatı istehsalçılarının biçin mövsümündə texnikaya olan tələbatının ödənilməsi üçün əlavə 2 kombayn gətirilmiş, lizinq yolu ilə 17 ədəd kənd təsərrüfatı texnikasının istehsalçılara verilməsi təmin edilmişdir. Ümumilikdə rayonda 80 nəfərə lizinq yolu ilə 140 adda kənd təsərrüfatı texnikası satılmış və hazırda onların xidmətindədir.
Rayonun fermerləri Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında fəal iştirak etmiş və bu yarmarkalarda 117 ton müxtəlif növ meyvə və tərəvəz məhsullarının satışı təşkil edilmişdir. Eyni zamanda, “Novruz” bayramı, “31 dekabr-Dünya Azərbaycanlılarının həmrəyliyi günü” və “Məhsul bolluğu” bayramları ərəfəsində rayonda da kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunmuş və bu cür tədbirlər əhali tərəfindən razılıqla qarşılanmışdır.
Rayonda mal-qaraya baytarlıq xidmətinin göstərilməsinə nəzarət artırılmış, xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə və profilaktik tədbirlər həyata keçirilmişdir. Təsdiq edilmiş epizootik tədbirlər planına uyğun olaraq müayinə və peyvəndləmə işləri aparılmış, xəstə heyvanlar zərərsizləşdirilmiş və ya müalicəyə cəlb edilmişdir. İl ərzində 454 it dişləməsi halı qeydə alınmışdır ki, bu da əvvəlki illərlə müqayisədə iki dəfəyə yaxın çoxdur. Odur ki, “Quduzluq” xəstəliyi üçün təhlükə mənbəyi olan sahibsiz itlərə qarşı daha ciddi mübarizə tədbirlərinin aparılmasına ehtiyac vardır.
Ötən ildə bələdiyyələr tərəfindən həyətyanı üçün 107 nəfərə 7,0 ha, sahibkarlıq fəaliyyəti üçün 12 nəfərə hərrac yolu ilə 993 m2 torpaq sahəsi satılmışdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə 2014-cü ildə rayon üzrə 15 sahibkara 189 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 14yeni iş yeri yaradılmışdır.
Hesabat ilində taxıl və bostan məhsulları istisna olmaqla bütün növ kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində artıma nail olunmuş, əvvəlki ildə olduğu kimi qarğıdalı istehsalı sahəsində birincilik qorunub saxlanılmışdır. Əldə olunmuş uğurlar Heydər Əliyev parkında “Məhsul bolluğu” bayramı keçirilməklə qeyd olunmuş, rayonda istehsal olunan bütün növ kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi bayram tədbirində çox sayda rayon sakini və qonaqlar iştirak etmişdir.
2014-cü ildə respublikamızın hər yerində olduğu kimi rayonumuzda da abadlaşdırma, tikinti, təmir və quruculuq işlərinə xüsusi diqqət yetirilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin avqust ayında imzaladığı Sərəncama əsasən tikintisi üçün vəsait ayrılmış Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala yolunda işə başlanılmış və hesabat ilində yolun 16,2 km-lik hissəsində işlər başa çatdırılmışdır.
Şəhərin Rafiq Səmədov küçəsində yerləşən bağ abadlaşdırılaraq yenidən qurulmuş və burada Soyqırım qurbanlarının xatirəsinə abidə kompleksi tikilmiş, “Veteranlar bağı” salınmış, küçələrdə yol nişanları daha müasirləri ilə əvəz edilmişdir. Şəhərdə 20 kommunal binanın dam örtüyü dəyişdirilmiş, 13 binanın isə fasad hissələri mişar daşı və dekorativ daşlarla üzlənmişdir. Heydər Əliyev adına mədəniyyət və istirahət parkının giriş hissəsi, “Şəhidlər xiyabanı” yenidən qurulmuş, şəhərin Heydər Əliyev və Atatürk prospektlərində, Nəriman Nərimanov, Rafiq Səmədov, Məhəmməd Əsədov, Əli Ansuxski küçələrində və Soyqırım bağında 18183 kvadrat metr tamet plitə, 5422 poqonmetr bardür düzülmüş, 2271 kvadrat metr küçə divarı dekorativ daşlarla üzlənmiş, 310 yeni işıq dirəyi basdırılmışdır. Balakənçay körpüsünün kənarı yeni üslubda abadlaşdırılmışdır. Qabaqçöl qəsəbəsinin mərkəzində yerləşən park abadlaşdırılmış, ərazi işıqlandırılmışdır. Hazırda Qullar və Qazbinə kəndlərinin ərazisində və Heydər Əliyev prospektində yol kənarlarının abadlaşdırılması işləri davam etdirilir.
Məktəb tikintisi sahəsində 280 yerlik Talalar 2 saylı kənd tam orta məktəbinin inşası başa çatdırılmış və bina yeni dərs ilində şagirdlərin istifadəsinə verilmişdir. Rayonun Qaysa kəndində 20 yerlik, Şərif və Şambul kəndlərində 40 yerlik körpələr evi-uşaq bağçası tikilərək istifadəyə verilmişdir. Şəhərdə Heydər Əliyev 100 yerlik yeni uşaq bağçasının tikintisi başa çatdırılmış, şəhər internat məktəbinin və Sarıbulaq kəndində uşaq bağçasının əsaslı təmiri, Rayon Polis şöbəsinin inzibati binasının və “Balakən-1” kiçik su elektrik stansiyasının tikintisi davam etdirilir.
Yerli büdcə vəsaitləri hesabına Katex 1 saylı, Kortala və Beretbinə kənd tam orta məktəblərində, şəhər 2 və 4 saylı uşaq bağçalarında, uşaq texniki yaradıcılıq mərkəzində, Katexkombinat sənətkarlar evində, Qaysa və Hənifə kənd həkim məntəqələrində təmir işləri aparılmışdır. Məcburi köçkünlər üçün inşa edilən 45 mənzilli binanın tikintisi tamamlanmış və bina köçkün ailələrinin istifadəsinə verilmişdir.
Hesabat dövründə respublika və rayon əhəmiyyətli avtomobil yollarında asfalt-beton qarışığı ilə 11155 kvadrat metr, çınqıl materialı ilə 175735 kvadrat metr cari təmir işləri aparılmış, şəhərin 11 küçəsində 14854 kvadratmetr sahə asfaltlaşdırılmışdır.
Ötən dövrdə ümumi sahəsi 4720 m2 olan 40 fərdi yaşayış evi, ümumi sahəsi 2205 m2 olan 21 xidmət və sahibkarlıq obyekti tikilərək istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində ölkəmizin bütün guşələrində start verilən ağacəkmə kampaniyasına rayonumuz da qoşulmuş, Katex-Balakən magistral yolunun kənarlarında, şəhərin küçə və parklarında 4000-dən çox ağac, minlərlə dekorativ kol və güllərin əkilməsi təmin edilmişdir. Ağacəkmə kampaniyası 2015-ci ildə də davam etdiriləcəkdir.
Ötən dövrdə rayon büdcəsinin ümumi gəlirlər üzrə proqnozu 100,6 faiz, cari gəlirlər üzrə proqnozu isə 119,4 faiz yerinə yetirilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi gəlirlər 10,5 faiz, cari gəlirlər 22,4 faiz artmış, yerli gəlirləri və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 9,6 faiz çox alınmışdır.
Son illərdə ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü antiinhisar siyasəti, ticarətin təmərküzləşməsi səviyyəsinin aşağı salınması nəticəsində əmtəə bazarında sahibkarların sayı artmış, onların fəaliyyəti üçün əlverişli şərait yaranmışdır. Bunu hesabat ilində əhaliyə satılan mallar və göstərilən xidmətlərin real həcmi də sübut edir. 2014-cü ildə rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 139,4 milyon manat olmuşdur ki, bu da 2013-cü illə müqayisədə 5 faiz çoxdur. Hesabat ilində əhaliyə 51 milyon manatlıq pullu xidmət göstərilmiş, adambaşına düşən xidmətlər 543 manat və ya 2013-cü illə müqayisədə 29 manat çox olmuşdur.
Ümumi məhsul buraxılışı 137 milyon manat təşkil etmiş, 59,5 milyon manatlıq kənd təsərrüfatı məhsulu, 6,3 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 20,2 milyon manatlıq tikinti işləri görülmüşdür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 3,3 faiz, sənaye məhsulunun həcmi 6,1 faiz artmışdır. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının istehsalının xüsusi çəkisi 43,4 faiz, sənayenin xüsusi çəkisi 4,6 faiz, tikinti işlərinin həcmi 14,8 faiz təşkil etmişdir. Orta aylıq əmək haqqı 2013-cü illə müqayisədə 1,6 faiz artaraq 254,5 manat olmuşdur.
Sahilbərkitmə və əhalinin təhlükəsizliyi tədbirləri çərçivəsində ümumilikdə bütün iri çaylarda 870 p/m daş-beton bənd tikintisi aparılmışdır ki, bu da son illərin ən yaxşı göstəricisidir. Mazımçay sistemində 180 p/m, İnterçay sistemində 405 p/m, Balakənçay sistemində 185 p/m, Katexçay sistemində 100 p/m uzunluğunda daş-beton bənd tikilmiş, Balakən çay sistemində daş-beton bəndlərdə 600 kubmetr həcmində təmir işləri aparılmışdır. Çaylarda 7,4 km, suvarma kanallarında isə 27 km məsafədə məcra təmizləmə işləri görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 29 yanvar 2014-cü il tarixli Sərəncamına əsasən rayonun kəndlərində 10 artezian quyusu qazılaraq istifadəyə verilmişdir. Sarıbulaq kəndində mövcud su quyusundan istifadə etməklə 3 km məsafədə su şəbəkəsi qurulmuşdur. Ölkə Prezidentinin növbəti Sərəncamı ilə cari ildə rayonda daha 7 artezian quyusunun qazılması nəzərdə tutulmuşdur.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində su anbarları, magistral və şəhər su xətləri təmir olunmuş, şəhərin Rafiq Səmədov küçəsinin su və kanalizasiya xətləri 1200 p/m məsafədə yeni polietilen borularla çəkilmiş, Ə. Ansuxski və Nizami küçələrində yerləşən 3 yaşayış binasının su və kanalizasiya xətləri yenilənmiş, kanalizasiya baxış quyuları tikilmişdir.
Əhali və qeyri əhali abonentlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün xətt təsərrüfatında cari təmir işləri aparılmış, 117 transformator cari, 28 transformator isə əsaslı təmir olunmuşdur. Təsərrüfata xidmət edən avadanlıqlar-güc transformatorları, açar və ayırıcılar yenilənmiş və ya təmir edilmiş, 44 dəmir-beton, 57 ağac dayaq basdırılmış, 0,4 kvt-luq xətlər 3,2 km məsafədə SİP kabellə çəkilmişdir.
İl ərzində müxtəlif səbəblərdən qazlaşdırılmamış 1885 mənzil qazlaşdırılaraq ümumi abonent sayı 20311-ə çatdırılmışdır. Qazın fasiləsiz verilməsini və təzyiqin tələb olunan rejimdə saxlanılmasını təmin etmək məqsədilə tənzimləyici şkaflara və siyirmələrə, daşıyıcı qaz xətlərinə texniki xidmət göstərilmiş, zəruri hallarda xətlərin yeri dəyişdirilmişdir.
Hesabat dövrü ərzində əhaliyə verilmiş elektrik enerjisinin dəyəri 80,3 faiz, içməli suyun dəyəri 83,3 faiz, qazın dəyəri 95,8 faiz ödənilmişdir. RİHB yanında və yerlərdə yaradılmış qərargahlar kommunal xidmətlərin dəyərinin 100 faiz toplanılmasının təşkilini bir hədəf kimi qəbul etməli və icrasını təmin etməlidirlər.
Qış mövsümünə hazırlıqla əlaqədar şəhər əhalisinə və müəssisələrə istilik xidməti göstərən qazanxanalarda, magistral və məhəllədaxili istilik xətlərində təmir və yoxlama işləri aparılmış, zəruri avadanlıqlar gətirilərək quraşdırılmışdır. Şəhərin Heydər Əliyev prospekti 41 ünvanında yerləşən beşmərtəbəli binaya istilik xidməti göstərilməyə başlanılmışdır.
Əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində Meşəşambul və Qazma kəndlərində hər biri 256 nömrə tutumlu yeni elektron telefon stansiyası quraşdırılmış, xətt şəbəkəsi qurulmaqla əhaliyə telefon çəkilişi davam etdirilir. Ə. Ansuxski küçəsində 400 metr kabel yer altına köçürülmüş, R. Səmədov küçəsində 700 metr məsafədə hava rabitə xətləri yenisi ilə əvəz olunmuş, kəndlərdə 2400 metr məsafədə kabel təmir olunmuşdur. 2014-cü ildə internet istifadəçilərinin sayı 856 nəfər artmış, 427 nəfərə telefon çəkilərək abonent sayı 7431 nəfərə çatdırılmışdır. Kənd elektron telefon stansiyalarında 12 DSLAM (deslam) avadanlığı quraşdırılmışdır.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqlarının toplanması proqnozunun yerinə yetirilməsi sahəsində proqnoz tapşırığına 93 faiz əməl olunmuşdur. 1 yanvar tarixinə uçotda olan pensiyaçıların sayı 12415 nəfər, aylıq pensiya tələbatı 1,8 milyon manat, orta aylıq pensiya məbləği 151 manat olmuş, əhalinin pensiya tələbi ödənilmişdir.
Əhalinin sosial müdafiəsinə əlavə təminat yaradan sığorta sahəsində daşınmaz əmlakın icbari sığortası üzrə vətəndaşlarla 676 müqavilə bağlanmış və ya rayon üzrə mövcud evlərin cəmi 3,4 faizi sığortalanmışdır. Respublikanın şəhər və rayonları üzrə bu rəqəmin 6 faiz təşkil etdiyi nəzərə alınmalı,rayonda daşınmaz əmlakın sığortası sahəsində işlərin daha yaxşı təşkili təmin edilməlidir. Mütəmadi olaraq əhali arasında izahat işləri aparılmalı, sığortanın ayrı-ayrı növlərinin əhəmiyyəti və rolu əhaliyə izah olunmalı, sığorta olunanlara dəymiş zərərin vaxtında zərərçəkənlərə ödənilməsi təmin edilməlidir.
2014-cü ildə aztəminatlı vətəndaşlara dövlət tərəfindən verilən ünvanlı sosial yardım proqramının icrası davam etdirilmiş, ünvanlı sosial yardımların verilməsində şəffaflıq təmin olunmaqla şikayətlərin sayı əhəmiyyətli dərəcədə azalmışdır. 1 yanvar 2015-ci ilə ünvanlı sosial yardım alan 1532 ailənin 6788 üzvü olmuş, 2013-ci illə müqayisədə ünvanlı sosial yardım təyin edilən ailələrin sayı 398 ailə azalmışdır. Hər nəfərə ödənilən orta aylıq yardım 32,27 manat təşkil etmiş və ya 2013-cü illə müqayisədə 4,34 manat artmışdır. İl ərzində 4361 nəfərə sosial müavinət, 269 nəfərə təqaüd ödənilmişdir.
Hesabat ilində işaxtaran vətəndaşların sosial müdafiəsinin təmin edilməsində peşə hazırlığının, ixtisasartırma kurslarının, haqqı ödənilən ictimai işlərin təşkili kimi aktiv məşğulluq tədbirləri diqqətdə saxlanılmışdır. Rayonda əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunması məqsədilə vakant iş yerləri haqqında məlumatlar toplanmış, işləməyən əhalinin uçotu aparılmışdır.
İl ərzində məşğulluq mərkəzinə 369 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. 16 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 21 nəfərə “işsiz” statusu verilmişdir.
Ötən dövr ərzində ümumilikdə 1220 iş yeri açılmış, onlardan 620-i daimi, 600 iş yeri isə mövsümi və müvəqqəti iş yerləridir.
Respublikamızın hər yerində olduğu kimi Balakən rayonunda da təhsil son illər yüksələn xətt üzrə inkişaf etmiş , nəticədə digər sahələrdə olduğu kimi bu sahədə də xeyli uğurlar əldə edilmişdir.
Cari tədris ilində ümumtəhsil məktəblərində 11880 nəfər şagird təhsilə cəlb edilmişdir. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 211 nəfər çoxdur. Məktəblərin maddi-texniki və tədris bazasının yaxşılaşdırılması istiqamətindəki işlər davam etdirilmiş, müasir avadanlıq və tədris vəsaitləri ilə təchizata, həmçinin qış mövsümünə hazırlıq məsələlərinə böyük diqqət yetirilmişdir.
İnformasiya və kommunikasiya texnologiyalarının təhsil müəssisələrində tətbiqi ilə bağlı xeyli iş görülmüşdür. Hal-hazırda rayon məktəblərində 632 ədəd müasir tipli kompüter vardır və hər 18 nəfər şagirdə 1 kompüter düşür. 226 kompüter sürətli internet şəbəkəsinə qoşulmuşdur.
2014-cü ildə fənn olimpiadalarının respublika turunda iştirak edən 19 nəfər şagirddən 7 nəfəri olimpiadanın qalibi olmuşdur. Şagirdlərdən 1 nəfəri I yeri, 1 nəfəri II yeri, 5 nəfəri isə IV yeri tutmuşdur. Olimpiada qaliblərindən 5 nəfəri humanitar və texniki təmayüllü liseyin, 1 nəfəri Yeni Şərif, 1 nəfəri isə Qaysa kənd tam orta məktəblərinin şagirdləridir.
Hesabat dövründə ali məktəblərə sənəd təqdim edən 385 nəfər məzundan 224 nəfəri tələbə adını qazanmışdır. Ali məktəbə qəbul olunanlardan 8 nəfəri 600-dən, 23 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. 2013-cü ildə ali məktəbə qəbul olunanların sayı 215 nəfər olmaqla bütün məzunların 28 %-i təşkil edirdisə, 2014-cü ildə bu rəqəm müvafiq olaraq 224 nəfər və 33 % olmuşdur. Diqqətəlayiq haldır ki, 2014-cü ildə 5 nəfər məktəbi qızıl medalla bitirmiş və onlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli Sərəncamı ilə rayonun Texniki və humanitar təmayüllü liseyi “İlin ən yaxşı məktəbi”, 2 müəllim – Aygün Hacıyeva və Məhəmməd Qarakişiyev isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi elan olunmuşlar.
22-25 avqust tarixlərində “Ölkəmizi tanıyaq” devizi altında rayonun 40 nəfər yuxarı sinif şagirdi 3 gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarında istirahət etmişlər. Bu layihənin həyata keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək olmuşdur.
Hesabat dövründə əhaliyə tibbi xidmətin göstərilməsində mühüm işlər görülmüş, müsbət tendensiya uğurla davam etdirilmişdir. Bu müddət ərzində müxtəlif ixtisaslı həkimlərdən ibarət briqadalar daima ucqar kəndlərdə olmuş, əhali arasında həm müayinə, həm də tibbi maarifləndirmə işləri aparmışlar. “Dövlət Proqramı”na daxil olan xəstəliklərin diaqnostikasına, profilaktikasına, müayinə və müalicəsinə ciddi fikir verilmişdir. O cümlədən şəkərli diabet, vərəm, bəd xassəli şişlər, qan xəstəlikləri, böyrək çatışmazlığı və digər xəstəliklər vaxtında nəzarətə götürülmüş, onların dərmanla təchizatı yaxşılaşdırılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən rayon əhalisinin tibbi müayinədən mütəşəkkil keçirilməsinə rəhbərlik və nəzarəti təmin etmək üçün rayon qərargahı yaradılmış, 17 fevral-30 aprel tarixlərində rayon əhalisi tibbi müayinədən keçirilmiş, 8324 nəfər xəstə aşkar olunaraq dispanser qeydiyyatına götürülmüşdür. 2014-cü ildən uşaqların icbari dispanserizasiyası başlanmışdır. Məlumat üçün bildirirəm ki, 2015-ci ildə də əhalinin tibbi müayinədən keçirilməsi davam etdiriləcəkdir.
2014-cü ildə 1315 uşaq doğulmuş, 1 yaşa qədər uşaq ölümü 4 promil təşkil etmiş (respublikada bu göstərici 13 promildir) 727 cərrahiyə əməliyyatı aparılmışdır.
Həkim və tibb məntəqələrinin maddi texniki bazası gücləndirilmiş, yeni ultrasəs aparatı gətirilmişdir. Hesabat müddətində müxtəlif ixtisas həkimlərindən ibarət briqadalar ucqar kəndlərdə olmuş, əhali arasında müayinə və tibbi maarifləndirmə işləri aparmışlar.
Rayon ərazisində sanitar-gigiyenik nəzarətdə olan obyektlərdə profilaktik tədbirlər həyata keçirilmiş və bunun nəticəsində əhali arasında xüsusi təhlükəli infeksiyalar qeydə alınmamışdır. Profilaktik peyvəndlər 2014-cü ildə 98,8-100% arasında yerinə yetirilmişdir.
Hesabat dövründə rayonun bütün mədəniyyət müəssisələrində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq müxtəlif tədbirlərin keçirilməsi təmin edilmiş, təhsil müəssisələrində Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş mühazirələr oxunmuşdur. Hesabat dövründə Heydər Əliyev Mərkəzinin fəaliyyətinin əhatə dairəsi daha da genişləndirilmiş, aprel ayından başlayaraq nikahların burada təntənəli surətdə bağlanması həyata keçirilmişdir. İl ərzində Mərkəzdə 233 nigah bağlanaraq yeni gənc ailələrin təməli qoyulmuşdur. Bu mərasimlər müasir gəncliyin ulu öndər irsinə, ümummilli liderimizin tarixi xidmətlərinə verdiyi sonsuz dəyərin təzahürüdür.
Ötən dövrdə Heydər Əliyev Mərkəzinə gələnlərin sayı 8158 nəfər, o cümlədən xarici ölkə vətəndaşlarının sayı 72 nəfər olmuşdur. Tarix-diyarşünaslıq muzeyində 2014-cü il ərzində nümayiş etdirilən eksponatların sayı 4717 ədəd, muzeyə gələn ziyarətçilərin sayı 4584 nəfər olmuşdur. İl ərzində muzeyə hədiyyə və bağışlanma yolu ilə 132 ədəd eksponat daxil olmuş, muzeydə 62 mühazirə, 42 saat tarix dərsi, müxtəlif mövzuda 12 dəyirmi masa keçirilmişdir.
Rayon ərazisində mövcud olan tarixi abidələr dövlət qeydiyyatına alınmış, onlara qoruyucu lövhələr vurulmuşdur. Dövlət qeydiyyatına alınmış abidələrdən 2-si ölkə əhəmiyyətli memarlıq, 7-si arxeoloji, qalanı yerli əhəmiyyətli abidələrdir. Tarixi abidələr yerli bələdiyyələrin balansında olduğu üçün onların təmizlənməsi və qorunması istiqamətində bələdiyyələr və rayon gəncləri tərəfindən mütəmadi olaraq iş aparılır. Rayonun tarixi abidələri haqqında məlumatları əks etdirən bukletlər və onların dislokasiyası barədə məlumat hazırlanmışdır.
Gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğundan, hesabat dövründə gənclərlə işin yaxşılaşdırılmasına diqqət artırılmış, milli və ümumbəşəri dəyərlərin qorunması, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, rayonun ictimai-siyasi həyatında fəal iştirakı və inkişafı üçün şəraitin yaradılması istiqmətində mühüm işlər görülmüşdür.
2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları Proqramı” çərçivəsində Balakən Azərbaycanın Folklor Paytaxtı elan edilmişdir.
Bu mədəni tədbirin il ərzində qeyd edilməsi ilə əlaqədar tərtib edilmiş tədbirlər planına əsasən yanvar ayından başlayaraq Mədəniyyət və turizm şöbəsi tərəfindən rayonun folklorunu, milli adət-ənənələrini, kulinariyasını əks etdirən 41 rəngarəng tədbir həyata keçirilmişdir. Bu tədbirlərin içərisində 2 xarici ölkənin folklor kollektivinin də qatıldığı “Balakən payızı” folklor festivalı xüsusi qeyd olunmalıdır. Məlumat üçün bildirirəm ki, folklor festivalına bu ildən etibarən beynəlxalq status verilmişdir.
Rayonumuzun uşaq incəsənət məktəbinin “Şənlik” ansamblı isə öz növbəsində Moldova Respublikasının Komrat şəhərində keçirilən “Xədərləz” Beynəlxalq Folklor festivalında Azərbaycan Respublikasını şərəflə təmsil etmiş, hədiyyə və diplomlar almış, laureat adı qazanmışdır.
Hesabat dövründə rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması istiqamətində əsaslı dönüş yaranmışdır. Bu məqsədlə kəndlərdə yeni idman meydançaları düzəldilmiş, mövcud idman qurğuları yeniləri ilə əvəzlənmişdir. İl ərzində idmanın 8 növü üzrə 43 rayon birinciliyi və turniri keçirilmişdir. Keçirilən rayon səviyyəli turnirlərdə 6000-dən çox idmançı iştirak etmiş, 316 idmançının isə respublika səviyyəli yarışlarda iştirakı təmin olunmuşdur. Bu yarışlarda idmançılarımız 12 dəfə birinci, 9 dəfə ikinci, 14 dəfə üçüncü yeri tutmuşlar. Güləşçilərimiz Hacımurad Çopsiyev və Hacımurad Bağmanov Bolqarıstanın Plovdiv şəhərində keçirilən beynəlxalq turnirdə müvafiq olaraq I və III yeri, Rasul Çunayev Finlandiyada keçirilən Avropa Çempionatında II yeri, daha sonra may ayında İranda keçirilən Dünya kubokunda komanda hesabında III yeri tutmuşdur. 2014-cü ilin 06-07 may tarixlərində Bolqarıstanda yeniyetmələr arasında keçirilən Avropa çempionatında isə sərbəst güləşçimiz İqbal Hacızadə I yerə çıxmış, paraolimpiyaçımız Uluxan Musayev diskatma üzrə Avropa çempionu olmuşdur. 2014-cü ilin yekunlarına görə Çunayev Rəsul “ilin idmançısı”, İsmayıl Çöpsiyev isə “ilin məşqçisi” seçilmişdir.
Hesabat ilində Rayon Olimpiya İdman Kompleksində 19 respublika səviyyəli yarış keçirilmişdir .
Gənclərin hərbi vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, onların narkomaniya və digər zərərli vərdişlərdən uzaq olmaları, istedadlı gənclərlə iş, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Cəsurlar” və “Şahin” hərbi idman oyunlarının məktəbdaxili, zona və final mərhələləri keçirilmiş, yarışlarda qalib gəlmiş komandaların respublikanın zona yarışlarında iştirakı təmin edilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mütəxəssis hazırlanması sahəsində iş qənaətbəxş səviyyədə qurulmuşdur. Il ərzində 505 nəfər çağırışçı müddətli hərbi xidmətə yola salınmış, 657 nəfər tərxis olunaraq hərbi mükəlləfiyyətlilərin qeydiyyatına alınmışdır. Hesabat ilində Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Balakən Aviasiya Mərkəzində respublikanın hər yerindən gələn idmançı və həvəskarların paraşütdən tullanma üzrə təlimləri müntəzəm olaraq keçirilmişdir.
Ötən dövrdə rayon icra hakimiyyəti başçısının aparatı, İƏD üzrə nümayəndəliklər, bələdiyyələr və sahibkarlar tərəfindən Azərbaycan Pespublikası Silahlı Qüvvələrinin yardım Fonduna vəsait köçürülməsi davam etdirilmiş, il ərzində Fonda 9301 manat vəsait köçürülmüşdür ki, bu da 2013-cü illə müqayisədə 3327 manat çoxdur.
2014-ci ildə rayon polis şöbəsi tərəfindən 167 cinayət hadisəsi qeydə alınmış, onlardan 95,9 %-nin üstü açılmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin sayı 51 fakt azalmışdır.
Narkotiklərlə bağlı 42 cinayət faktı aşkar olunmuş, onlardan 31 fakt əkib- becərmə ilə bağlı olmuşdur. Müvafiq dövrdə 15 yol nəqliyyat hadisəsi baş vermiş, bu zaman 5 nəfər dünyasını dəyişmiş, 20 nəfər isə xəsarət almışdır.
2014-cü ildə rayonda qeydə alınan 84 yanğın hadisəsindən 11-i yaşayış evlərində baş vermiş, 2013-cü ilə nisbətən hadisələrin sayı 2 dəfə, yanmış yaşayış evlərinin sayı 7 ədəd artmış, vətəndaşlara ümumilikdə 91916 manat maddi ziyan dəymişdir. Bu isə vətəndaşların və aidiyyəti qurumların məsuliyyətinin, yanğından mühafizə tədbirlərinə diqqətinin aşağı olduğunu, ümumilikdə bu sahədə maarifləndirmə işlərinin zəif olduğunu sübut edir. Odur ki, bu sahədə zəruri tədbirlərin görülməsi təmin edilməlidir.
Hesabat dövründə bələdiyyələr mövcud sosial-iqtisadi problemlərin və yerli əhəmiyyətli məsələlərin həll olunması, abadlıq və quruculuq işlərinin aparılması sahəsində öz fəaliyyətlərini əvvəlki illərə nisbətən gücləndirmişlər. “Bir bələdiyyə-azı bir layihə” çərçivəsində kəndarası yollara 5,7 km asfalt, 74 km qum-çınqıl tökülmüş, 15,08 km uzunluğunda su kanalları və arxlar təmir edilmiş, 3,3 km uzunluğunda yeni içməli su xətləri çəkilmiş, 14 su keçidi təmir edilmiş, abadlıq və yaşıllaşdırma işləri aparılmışdır ki, buda əvvəlki ilin müvafiq dövrü ərzində görülən işlərdən əhəmiyyətli dərəcədə çoxdur. 2014-cü ilin 4 sentyabr tarixində rayonda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə bələdiyyələr tərəfindən kəndlərdə 81 ailəyə 3441 ədəd şifer verilməsi təmin edilmişdir.
Hesabat ilində Əlaqələndirmə Şurasının 12 iclası keçirilmiş, iclaslarda 15 məsələ müzakirə olunmuşdur. Təhlillər göstərir ki, ötən dövr ərzində Şuranın fəaliyyəti qənaətbəxş olmamışdır. Əlaqələndirmə Şurasının fəaliyyətinin səmərəli təşkili məqsədilə iclaslarda vətəndaşların təklif və iradları öyrənilməli və nəzərə alınmalı, insanları narahat edən məsələlərə birlikdə və operativ baxılmalıdır.
Bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadənin vəziyyəti rayon icra hakimiyyəti başçısının 30.10.2014-cü il tarixli 140 nömrəli əmrinə əsasən yaradılmış komissiya tərəfindən araşdırılır.
Bələdiyyə mülkiyyətində olan 8373 hektar torpağın 1090 hektarı əkin, 2463 hektarı örüş, 43 hektarı bağlar, 10 hektarı biçənək, 3804 hektarı yararsız, 963 hektarı sair torpaqlardır. Həmin torpaqların 569 hektarı uzunmüddətli, 811,35 hektarı isə mövsümi icarəyə verilməklə təyinatı üzrə istifadə olunmuşdur. Lakin Püştətala, Qazbinə, Talalar, Hənifə, Xalatala bələdiyyələrində uzunmüddətli icarədə olan torpaq sahələrindən icarə haqları tam yığılmamış və 6115 manat borcun qaldığı müəyyən olunmuşdur. Eyni zamanda, mövsümi icarədə olan torpaqlara görə Püştətala, Kortala, Tülü, Talalar, Hənifə, Sarıbulaq, Şambul Xalatala, Şərif, Yeni Şərif, Qaysa bələdiyyələrində 20410 manat icarə haqqı ödənilməmiş qalmışdır. Qeyd olunan bələdiyyələr tərəfindən həmin icarə haqlarının qısa müddət ərzində yığılması təmin olunmalı və kəndlərdə abadlıq işlərinin görülməsinə istiqamətləndirilməlidir. Bütünlükdə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən təyinatı üzrə səmərəli istifadə olunmalı, məhsuldarlığın artırılması üçün əlavə tədbirlər görülməlidir. Bu məqsədlə, yeni seçilmiş bələdiyyələrə tövsiyyə olunur ki, əvvəlki illərdə aşağı səviyyədə icarə haqqı müəyyən edilmiş müqavilələrə yenidən baxsınlar. Torpaqdan qeyri-qanuni istifadə, təyinatı üzrə istifadə edilməmə və yaxud səmərəsiz istifadə olunması hallarına qarşı nəzarət tədbirlərini gücləndirməklə qanuna müvafiq qaydada (məhkəmə yolu ilə) zəruri tədbirlər görsünlər.
Bələdiyyələrin mülkiyyətində olan əmlakın satışı olmamış və təyinatı üzrə istifadə olunur.
Cari ilin yanvar ayında təsdiq olunmuş qrafikə uyğun olaraq rayon icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin hesabat yığıncaqları keçirilmişdir. 1 şəhər, 1 qəsəbə və 18 kənddə keçirilən hesabat yığıncaqlarında 1534 nəfər iştirak etmiş, çıxış edən 92 nəfər tərəfindən 8 tənqidi qeyd, 84 təklif səsləndirilmişdir. Tənqidi qeydlər əsasən işıq təsərrüfatının ünvanına söylənilmiş, sahilbərkitmə işlərinin yetərincə aparılmaması səbəbindən əkin sahələrinin və ev təsərrüfatlarının təhlükəyə məruz qalması, bəzi kənddaxili yolların təmirə ehtiyacının olması, məktəblərdə istilik sisteminin qaz yanacağına keçirilməsi, zəlzələyə görə qəzalı hesab edilmiş evlərin tikilməməsi barədə olmuşdur.
Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin «Vətəndaşların müraciətlərinə baxılması Qaydası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Fərmanının icrası və sənədlərlə işin təkmilləşdirilməsi sahəsində rayon icra hakimiyyəti başçısı aparatında müntəzəm iş aparılmışdır.
Rayon icra hakimiyyətinin müvafiq şöbələri tərəfindən yerli icra orqanlarında, müəssisə və təşkilatlarda vətəndaşların qəbulu, müraciətlərinə baxılmasının vəziyyəti vaxtaşırı yoxlanılmış, bu sahədə işin yaxşılaşdırılmasına yönəldilən əməli köməklik göstərilmişdir. Ötən dövrdə rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclaslarında vətəndaş müraciətlərinə baxılmasının vəziyyətinə dair 8 məsələ müzakirə olunmuş, müvafiq tövsiyələr qəbul edilmişdir. Rayon rəhbərliyi tərəfindən müntəzəm olaraq qəsəbə və kəndlərdə əhali ilə keçirilən səyyar qəbul-görüşlərdə yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının perspektivləri, mövcud yerli problemlər öyrənilmiş və həlli üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Səyyar qəbul-görüşlərdə irəli sürülən təkliflər, söylənilən tənqidi qeydlər əsasında həyata keçirilən tədbirlər mühüm sosial problemlərin həll olunmasına, kənd təsərrüfatı məhsullarının istehsalına, sahibkarlığın inkişafına, yaşayış məntəqələrinin elektrik enerjisi, təbii qaz və su ilə fasiləsiz təminatına müsbət təsir göstərmişdir.
2014-ci ildə vətəndaşlardan rayon icra hakimiyyətinə 998 müraciət daxil olmuş, icra başçısı tərəfindən 803 nəfər (o cümlədən, səyyar qəbullarda 223 nəfər) vətəndaş qəbul edilmişdir. Daxil olan ərizə və məktubların 97,5 %-nə, yəni 973 müraciətə bilavasitə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri tərəfindən baxılmış, nəticələri barədə vətəndaşlara məlumat verilməsi təmin edilmişdir.
RİHB aparatına 45 ədəd təkrar, 60 ədəd kollektiv müraciət daxil olmuşdur. Əvvəlki illə müqayisədə təkrar müraciətlər 2 dəfə, kollektiv müraciətlər isə 25 % azalmışdır. Müvafiq dövrdə RİHB aparatına Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 316 vətəndaş müraciəti daxil olmuşdur ki, bu da bütün müraciətlərin 32,0 %-ni təşkil edir. 2013-cü illə müqayisədə AR Prezidentinin Administrasiyasından daxil olan müraciətlər 3,2 dəfə azalmışdır.
Rayon icra hakimiyyəti başçısı aparatına vətəndaşlardan daxil olan 998 ərizə və şikayətlərdən 292-si müsbət həll olunmuş, 43-ü qismən həll edilmiş, 449 müraciətə dair müvafiq izahat verilmiş, 66 müraciət əsassız hesab edilmiş, 25 müraciət isə baxılmaq üçün aidiyyəti və tabeli qurumlara göndərilmişdir.
2014-cü ildə RİHB aparatına daxil olan vətəndaş müraciətlərinin 147-nə, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş 316 müraciətdən 89-na nəzarətə alınmaqla baxılmışdır. Respublika Prezidentinin Administrasiyasından nəzarət qaydasında göndərilən 28 müraciətin hamısına vaxtında obyektiv baxılmaqla cavab göndərilməsi təmin olunmuşdur.
Hesabat dövründə daxil olan yazılı və şifahi müraciətlər əsasında 131 nəfər vətəndaşa işlə təmin olunması, evlərin tikintisi və təmiri, imkansız xəstələrin müayinə və müalicəsi, müxtəlif sosial-məişət problemlərinin həlli üçün maddi və material yardımları göstərilmişdir.
İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti RİH tərəfindən vaxtaşırı yoxlanılır, kargüzarlığın aparılması sahəsində əməli köməklik göstərilir. 2014-cü ildə İƏD üzrə nümayəndəliklərə vətəndaşlardan 910 yazılı, 1089 şifahi müraciət daxil olmuş və müvafiq qaydada baxılaraq cavablandırılmışdır.
RİH tərəfindən kadrların hazırlanması, yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması istiqamətində müntəzəm iş aparılır, inzibati vəzifələrə müvafiq ixtisaslara malik perspektivli gənclər seçilib irəli çəkilir. Hazırda RİHB aparatında inzibati vəzifə tutan dövlət qulluqçularının orta yaş həddi 43-ə, İƏD üzrə nümayəndəliklərdə isə 42-yə bərabərdir. 2014-cü ildə RİHB aparatında, İƏD üzrə nümayəndəliklərdə və təşkilatlarda 7 kadr dəyişikliyi aparılmışdır. İnzibati vəzifəyə irəli sürülən namizədlərin ali təhsilli və tutduqları vəzifəyə uyğun ixtisaslara malik olmasına birmənalı olaraq riayət olunmuşdur.
01 oktyabr 2014-cü il tarixdən RİHB aparatında elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılmış, həmçinin, mövcud problemlərin aradan qaldırılması ilə bağlı çevik idarəedici qərarların qəbul edilməsi, aidiyyəti orqanların bu sahədəki fəaliyyətinin əlaqələndirilməsi və s. məqsədlərlə yaradılan operativ idarəetmə mərkəzinin normal fəaliyyəti davam etdirilmişdir. Operativ idarəetmə mərkəzi vasitəsilə 8 videoqəbul keçirilmiş, videoqəbullarda 21 vətəndaş dinlənilmişdir.
2014-cü ilin avqust ayında Rayon İcra Hakimiyyəti başçısı aparatında və dövlət hakimiyyəti orqanlarının yerli qurumlarımda vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu, sənədlərlə işin vəziyyəti Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən yoxlanılmış, yoxlamanın nəticələri rayon icra hakimiyyəti başçısı yanında Şuranın 30 sentyabr 2014-cü il tarixli iclasında müzakirə olunaraq müvafiq qərar qəbul edilmişdir. Şura qərarının tövsiyələri əsasında aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması, sənədlərlə işin təkmilləşdirilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulunun təşkilində qanunvericiliyin və müvafiq Təlimatların tələblərinə əməl olunmasını yaxşılaşdırmaq məqsədilə 26 bənddən ibarət “Tədbirlər planı” təsdiq edilmişdir. Planda nəzərdə tutulan tədbirlərin icrası davam edir.
Aparılan yoxlama bir daha sübut etmişdir ki, vəzifəsindən asılı olmayaraq hər bir məmur vətəndaş müraciətlərinə vaxtında və həssaslıqla yanaşılmasını təmin etməli, müraciətlərin operativ həllinə nail olmalıdır.
Hesabat dövründə rayon icra hakimiyyətinin fəaliyyətinin başlıca istiqamətlərindən biri də rayonda ictimai-siyasi sabitliyin qorunub saxlanılması olmuşdur. Müvafiq dövrdə 16 siyasi partiya, 21 ictimai birlik, cəmiyyət və qeyri-hökumət təşkilatı fəaliyyət göstərmişdir. İqtidar partiyası olan YAP Balakən rayon təşkilatı 69 yerli təşkilatında 4814 nəfər partiya üzvünü öz ətrafında birləşdirmişdir. Partiya üzvlərinin 50 faizindən çoxunu gənclər və qadınlar təşkil edir. Partiyanın sıralarının gənclər hesabına artırılmasına daim diqqət yetirilir. İctimai birlik, cəmiyyət və qeyri-hökumət təşkilatları tərəfindən qaldırılan faydalı təşəbbüslər və ideyalara vaxtında münasibət bildirilir, qanunvericiliyə uyğun olaraq tədbirlər görülür. Keçirilən bütün rəsmi dövlət tədbirlərinə ictimai birlik və təşkilatların rəhbərləri dəvət olunurlar. Hesabat ilində rayonda qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif mövzularda 9 maarifləndirici tədbir keçirilmişdir.
Ötən dövrdə dini durumda sabitliyin təmin olunmasının, dini icmaların fəaliyyətinin Azərbaycan Respublikasının «Dini etiqad azadlığı haqqında» Qanununa uyğun olaraq tənzimlənməsinə daim diqqət yetirilmiş, qeyri-ənənəvi və zərərli təriqətlərin gənclər arasında yayılmasının qarşısının alınması məqsədi ilə rayonun kəndlərində maarifləndirici yığıncaqlar keçirilmişdir. Yığıncaqlarda dini durumun vəziyyəti, dini kəbinin kəsilməsi və yas mərasimlərinin sadələşdirilməsi və s. kimi məsələlər müzakirə edilmişdir.
Regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələrinin dolğun işıqlandırılmasında, milli-mənəvi dəyərlərin təbliğ olunmasında kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunmuşdur.
Rayon İcra Hakimiyyətinin orqanı olan “Balakən” qəzetinin ayda iki nömrə olmaqla çap olunması təmin edilmiş, ölkəmizdə və rayonda görülmüş işlər, keçirilmiş tədbirlər qəzet səhifələrində, həmçinin, RİH-nin internet səhifəsində işıqlandırılmışdır.
Hesabat ilində 65 adda ictimai-siyasi qəzetin nümayəndəsi rayonda olmuş və onların fəaliyyəti üçün normal şərait yaradılmışdır. Televiziya kanallarında rayonun sosial-iqtisadi inkişafını əks etdirən çox sayda süjet nümayiş etdirilmişdir.
23 dekabr 2014-cü ildə keçirilmiş bələdiyyə seçkiləri rayonda yüksək seçici fəallığı ilə uğurla başa çatmışdır. Səsvermə 2 seçki dairəsinin əhatə etdiyi 54 seçki məntəqəsində keçirilmiş, seçkilərdə 20 bələdiyyəyə 198 yer uğrunda 600 namizəd mübarizə aparmışdır. Səsvermənin gedişini 540 yerli müşahidəçi izləmiş, məntəqələrin 10-da veb-kamera quraşdırılmışdır. Səsvermənin gedişində qanun pozuntusuna yol verilməmiş, seçicilər sərbəst və azad şəkildə öz seçimlərini etmiş, etimad göstərdikləri namizədlərə səs vermişlər.
Hörmətli müşavirə iştirakçıları!
Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına dair hesabat müşavirəsində ölkə Prezidenti cənab İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, 2014-cü il “Sənaye ili” elan edilmişdi və bu ildə bütovlükdə sənaye sahəsinin inkişafına böyük diqqət yetirildi. Ənənəvi sənaye mərkəzlərimiz öz imkanlarını genişləndirdi, yeni sənaye mərkələrinin yaradılması üçün pilot layihələrin icrasına başlanıldı. Nəticədə Azərbaycanda yeni ixrac məhsulları yaranacaq və bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına əlavə təkan verəcəkdir. Cari ildə də ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə böyük diqqət yetirilməlidir. Yeni sənaye müəssisələrinin açılması, ixrac yönümlü sənaye məhsullarının istehsalı ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir. Ölkə başçısı eyni zamanda vurğuladı ki, ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmli məsələdir. Sənayeləşmə siyasətinin davamı olaraq bizim rayonda da sənaye zonası yaradılmalı, infrastruktur layihələri icra edilməklə rəqabət qabiliyyətli sənaye müəssisələrinin yaradılması təmin edilməlidir.
Ölkə Prezidenti cənab İlham Əliyev 12 yanvar tarixində 2015-ci ilin Azərbaycan respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncam imzaladı. Sərəncamın verilməsində məqsəd kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etməkdir.
Rayonumuz kənd təsərrüfatı rayonudur və ölkə başçısının ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıqlar qarşımıza yeni vəzifələr qoyur. Biz məhsul istehsalının artırılmasını şərtləndirən tədbirlərlə yanaşı, verilən tapşırıqların icrası istiqamətində də fəaliyyətimizi qurmalıyıq. Əkin sahələrinin suvarılması diqqət mərkəzində saxlanılmalı, bunun üçün bütün texniki vasitələrdən istifadə olunmalıdır. Kənd təsərrüfatı bitkilərinin müntəzəm suvarılması, yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından müdafiəsi üçün çaylarda daş-beton bəndlərin tikintisi davam etdirilməli, mövcud kanallar təmizlənməli, yeni kanallar qazılmalıdır. Torpağın münbitliyinin qorunması daim diqqət mərkəzində saxlanılmalı, sahələrin kənarlarına ağaclar əkilməklə qoruyucu zolaqlar bərpa edilməlidir.
İstifadəsiz torpaq sahələri əkin dövriyyəsinə cəlb edilməklə mövcud əkinsahələrindən, eləcə də dövlət mülkiyyətində olmaqla istifadəçilərdən geri alınmış 58 ha əkin sahəsindən təyinatına uyğun, səmərəli istifadə olunmalı, məhsuldarlığın artırılması üçün zəruri tədbirlər görülməlidir.
Kənd bələdiyyələrinə tövsiyyə olunur ki, icarəyə götürülmüş torpaqlardan istifadə edilməməsi hallarında icarə müqavilələrini ləğv etsinlər. Biz torpaqlardan təyinatı üzrə istifadəyə nəzarəti gücləndirməli, torpaqların zəbt edilməsinə qarşı ciddi tədbirlər görməliyik. Həmçinin, müasir istixana kompleksi, intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəzin emalı müəssisələrini özündə birləşdirən aqroparkların yaradılması imkanlarını nəzərdən keçirməliyik. Fermerlərimiz dövlətin kənd təsərrüfatına verdiyi dəstəkdən maksimum istifadə etməklə sahələrə üzvi və mineral gübrələrin vaxtlı-vaxtında verilməsini təmin etməlidirlər. Hesab edirəm ki, cari ildə əkin sahələrinin 5 faiz artırılması ilə bağlı müəyyən etdiyimiz hədəf göstəriciləri reallığa çevirmək bizim üçün çətin olmayacaqdır. Bunun üçün istehsalçılara bizim tərəfimizdən hər cür dəstək veriləcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyev 16 aprel 2014-cü il tarixdə rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində səmərəli əməkdaşlığın qurulması məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin yaradılması barədə Fərman imzalamışdır. Həmin Fərmanın icrası məqsədilə rayonda Kənd Təsərrüfatı Nazirliyinin rayon idarəsinin inzibati binası inşa ediləcəkdir. Yeni idarənin fəaliyyətə başlaması şübhəsiz ki, aqrar sahədə idarəetmənin təkmilləşdirilməsinə böyük töhfə verəcəkdir.
Müşavirədə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət çəkdiyi məsələlərdən biri də elektrik xətt təsərrüfatı ilə bağlı problemlərin həllidir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, rayonumuzda da əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün xətt təsərrüfatının yenidən qurulmasına ehtiyac vardır. Bu sahədə işlərin başlanması ilə əlaqədar ilk növbədə Qabaqçöl ərazisinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması üçün Xalatala kəndi ərazisində yeni 35/10 kv-luq yarımstansiyanın tikintisi nəzərdə tutulmuşdur. Bu məqsədlə 0,5 ha torpaq sahəsi ayrılmışdır.
Nazirlər Kabinetində keçirilən yekun nitqində ölkə başçısı cənab İlham Əliyevin diqqət çəkdiyi məsələlərdən biri də hər bir dövlət strukturunda, idarəetmə prinsiplərinin təkmilləşdirilməsi, israfçılığa yol verilməməsidir. Hər bir müəssisə və təşkilat rəhbəri sərəncamında olan maliyyə vəsaitlərindən və əmlakdan düzgün istifadə etməli, lüzumsuz xərclərə yol verməməlidir.
2015-ci ildə abadlıq işləri davam etdiriləcəkdir, hazırda şəhərin Heydər Əliyev prospektində, Qullar və Qazbinə kəndlərində yol kənarları abadlaşdırılır, divarlar dekorativ daşlarla üzlənilir. Həmin ərazilərdə yeni işıq dirəkləri quraşdırılmaqla müasir işıqlandırma sistemi qurulacaqdır.
Heydər Əliyev Fondunun hesabına şəhərdə inşa olunan 100 yerlik uşaq bağçası yaxın dövrlərdə istifadəyə veriləcəkdir. Sarıbulaq kəndində əsaslı təmir olunan 35 yerlik uşaq bağçasının, şəhər internat məktəbinin və “Balakən-1” kiçik su-elektrik stansiyasının da bu ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur. Rayon üzrə bütün kommunal binaların dam örtükləri dəyişdiriləcək, həyətlərində gecə işıqlandırılması qurulacaqdır.
Cari ildə “Sənaye ili” tədbirləri çərçivəsində layihələrin icrası davam etdiriləcəkdir. “Azəryemsənaye” MMC-nin soyuducu anbar kompleksinin genişləndirilməsi, orada meyvəqurutma və konserv istehsalı üzrə sənaye xəttinin açılması, heyvandarlıq kompleksinin inkişaf etdirilməsi, “Balacans” MMC-nin konserv sexində isə İtaliya istehsalı olan müasir şüşə qablardan istifadə etməklə yeni konserv çeşidlərinin istehsal olunması nəzərdə tutulur. Hənifə kəndinin ərazisində keramika məmulatlarının istehsalı üzrə tikintisinə başlanan müəssisə də “Sənaye ili” tədbirləri çərçivəsində sahibkarlar tərəfindən reallaşdırılacaq layihələrdən biridir.
Abadlıq və quruculuq işlərinin icrası, küçələrin, kənd yollarının və sosial obyektlərin tikintisi, su və elektrik xətlərinin təmiri, ekoloji və digər tədbirlərimizi davam etdirməli, makroiqtisadi sabitliyə nail olmalıyıq.