Şriftin ölçüsü :

Saytın rəngi :

2019-cu il üzrə hesabat

 

      

Balakən rayonu üzrə 2019-cu ildə sosial-iqtisadi sahədə görülən işlərə  dair

 Hesabat

 

    Hesabatını verdiyimiz 2019-cu ildə rayonun əsas sosial-iqtisadi göstəriciləri yüksəlmiş,  ümumi məhsul buraxılışı 226,0 milyon manat təşkil etmiş, 2018-ci illə müqayisədə artım  1,2 faiz olmuşdur. Hesabat dövründə 79,0 milyon  manatlıq kənd təsərrüfatı məhsulu, 48,2 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 16,6 milyon manat dəyərində tikinti işləri görülmüşdür. 2018-ci illə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 8,2 faiz, ödənişli xidmətlərin həcmi 1,0 faiz, pərakəndə əmtəə dövriyyəsi 3,0 faiz artmış, ümumi məhsul buraxılışının rayon əhalisinin hər nəfərinə düşən həcmi 2283 manat olmuşdur. Kənd təsərrüfatında istehsal olunan məhsulun  53,0 faizi bitkiçilik, 47,0 faizi isə heyvandarlıq məhsullarının payına düşmüşdür. Rayonun sənaye müəssisələri tərəfindən istehsal olunan 20 milyon manatlıq quru meyvə və tərəvəz ixrac olunmuşdur.

Ötən dövr ərzində özəl sektorun maliyyə təminatının yaxşılaşdırılması sahəsində Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına sahibkarlara 3 layihə üzrə  4540,0 min manat kredit verilmişdir.

    2019-cu ildə rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin göstərilməsi və bu sahədə müvafiq  tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə geniş şərait yaratmışdır. Baramaçılığın, tütünçülüyün və fındıqçılığın daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl işlər aparılmış, bələdiyyə, dövlət  və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin səmərəli istifadə edilməsi üçün tədbirlər görülmüşdür. 2019-cu ilin məhsulu üçün  13685,7 ha sahədə  payızlıq və yazlıq əkinlərin aparılması təmin olunmuş,  taxıl biçini optimal müddətdə başa çatdırılmışdır. Sahələrdən 4715,5 ton məhsul istehsal edilmiş, hər hektardan məhsuldarlıq göstəricisi  28,2 sentner olmuşdur.

    Rayonun kənd təsərrüfatının ənənəvi sahələrindən olan barama istehsalı sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə barama toxumu rayonda dirildilmiş, 1075 qutu ipəkqurdu  kümçülərə paylanılmışdır. Nəzərdə tutulan 43,0 ton barama istehsalı proqnozuna qarşı 311 kümçü tərəfindən 44,1 ton barama istehsal olunmuş, proqnoza 102,6% əməl edilmişdir.

Ötən il 450 ha sahədə tütün əkilməklə  512.3 ton quru tütün istehsal edilmişdir. Emal müəssisələri olan “Azərtütün” MMC-yə 1766,3 ton yaş Virciniya növ, “Azəri” Korporasiyasına 846 ton yaş və 110,4 ton quru,  “ İlham-M” MMC-yə isə 22 ton quru tütün təhvil verilmişdir. 2018-ci ilə nisbətən əkin sahələri azaldılmaqla daha məhsuldar torpaqlar seçilmiş,  nəticə etibarı ilə keyfiyyətli tütün istehsalı  artırılmaqla hər hektardan məhsuldarlıq 1,14 ton olmuşdur. Təsərrüfat ilində “Azərtütün” MMC tərəfindən tütünçülərə təqdim olunmuş tütün toxumunun keyfiyyəti aşağı olmuşdur. Balakən tütün istehsalı və emalı məntəqəsinin fəaliyyətinin təhlili göstərir ki, müəssisədə  2018-ci ildə emal olunan tütünün cəmi 40.8 faizi  I növ olmuşdursa, 2019-cu  ildə bu rəqəm  60.1 faiz təşkil etmişdir.

    Rayon üzrə quru şəkildə ən çox tütün Qazbinə kənd sakini Dadayeva Ayparə Şaban qızı (74,1 ton), Talalar kənd sakini Cumayev İmran Ələkbər oğlu (33,0 ton) və Püştətala kənd sakini Bayramova Şamsu Müzaməddin qızı (21,0 ton) tərəfindən  istehsal edilmişdir.

Hesabat ilində  772,0 hektar sahədə fındıq bağları salınmaqla yeni salınan bağların sahəsi 5050,0 hektara, rayon üzrə fındıq bağlarının ümumi sahəsi 10716,1 hektara çatdırılmışdır.

  Rayonda bitkiçiliyin digər sahələrinin-qarğıdalıçılığın, tərəvəzçiliyin, kartofçuluğun, bostançılığın inkişaf etdirilməsi məqsədilə istehsalçıların toxuma, mineral gübrələrə, pestisidlərə, texniki vasitələrə olan tələbatının  ödənilməsi təşkil edilmiş, məhsuldarlığın artırılması üçün tədbirlər görülmüş,  il ərzində 44173,5 ton qarğıdalı, 28845 ton tərəvəz, 5596 ton kartof, 3628 ton bostan, 415 ton lobya və.s məhsullar istehsal edilmişdir.

    Taxılçılıq sahəsində fermerlər tərəfindən  cari ilin məhsulu üçün 1499,1 ha sahədə taxıl səpilmiş, onun 547 hektarını  arpa, 896,1 hektarını buğda, 56 hektarını isə xəsil təşkil etmişdir.

   Rayonda bitkiçiliklə yanaşı heyvandarlığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılmışdır. 1 yanvar 2020-ci il tarixinə iribuynuzlu mal-qaranın sayı 36939 baş, xırdabuynuzlu malın sayı  36999 baş olmuşdur. Ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə eyni qalmış, süd istehsalı 0,4 faiz, yumurta istehsalı  6,6 faiz, yun istehsalı 10,4 faiz, bal istehsalı isə 27,7 faiz artmışdır.

    Ötən dövr ərzində rayon üzrə bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçılarına pul ifadəsində göstərilən dövlət dəstəyi ümumilikdə  939,2 min manat olmuşdur ki, bu da 2018-ci ildə göstərilən yardımdan 320,1 min manat çoxdur.

   Kənd təsərrüfatında yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar fermerlərin qeydiyyata alınması və payızlıq əkinlərə görə  bəyannamələrin təqdim edilməsi  təşkil  edilmiş və  8409   nəfər təsərrüfatçı qeydiyyatdan keçirilmişdir.

   Rayonda meyvəçiliyin inkişafını stimullaşdırmaq, rəqabət qabiliyyətli və ixrac yönümlü yerli məhsulların xarici bazarlarda satışını təşviq etmək, xurma və ondan hazırlanan məhsulları nümayiş etdirmək üçün 27 oktyabr 2019-cu ildə  üçüncü “Xurma” festivalı keçirilmişdir. Qeyd olunmalıdır ki,  festival milli adət-ənənələrimizin təbliği ilə yanaşı rayonda istehsal olunan digər kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasında  önəmli rol oynayır.

   Rayonun Qazbinə kənd sakini Dadayeva Ayparə Şaban qızı kənd təsərrüfatının inkişafında xidmətləri olan təsərrüfatçı kimi ölkə Prezidenti cənab İlham Əliyevin  25 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur. Cənab Prezidentin Ayparə Dadayevanın şəxsində bütün balakənlilərin əməyinə verdiyi qiymət olan  orden yığıncağın sonunda sahibinə təqdim olunacaqdır.

   Ötən dövrdə suvarma kanallarında 240.0 min kubmetr, çaylarda 702,0 min kubmetr həcmində məcra təmizləmə işləri,  şəhərin və Mahamalar kəndinin sel sularından müdafiəsi üçün Balakənçayın daş-beton bəndlərində 1526 kubmetr, Katex kəndinin müdafiəsi üçün Katexçayın daş-beton bəndlərində  294,7 kubmetr əsaslı və cari təmir işləri aparılmışdır.

    2019-cu ildə Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi üzrə layihəyə daxil olan Qaracabinə, Püştətala, Mollaçıbinə, Qarahacılı, Qaravəlli, Beçaqar,  İtitala yolları ilə birlikdə 29 km uzunluğunda 2 laylı  asfalt-beton örtük tikilmiş, 61 p/m uzunluğunda yeni suötürücü borular quraşdırılmışdır.

    Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisi layihəsi üzrə 24,5 km  uzunluğunda 2 laylı asfalt-beton örtük tikilmiş, 317,5 p/m yeni suötürücü borular quraşdırılmış, avtobus dayanacaqları inşa edilmişdir.  Hər iki  yolda  tamamlama işləri aparılır.

   Yevlax-Balakən-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Katex kəndi ərazisindən keçən hissəsində yeni körpü inşa edilmiş, suötürücü borular dəyişdirilmişdir. Qullar kəndi ərazisində yol boyu hər iki istiqamətdə piyadalar üçün səkilər inşa edilmişdir. Avtobus dayanacaqları tikilmiş, yol nişanları yerləşdirilmiş, yolun hərəkət hissəsində xətlər çəkilmiş, yolun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

   Ötən dövr ərzində respublika və yerli əhəmiyyətli avtomobil yollarında asfalt-beton qarışığı ilə 4501 m2,  qum-çınqıl qarışığı ilə 377,0 min m2  sahədə təmir işləri  aparılmışdır.

   Şəhərin  18 küçəsində 23090 kvadrat metr sahədə asfalt örtüyü tikilmiş, 18 küçədə 1144 kvadrat metr sahədə çala təmiri işləri görülmüşdür.

  320 şagird yerlik Uşaq İncəsənət Məktəbinin tikintisi başa çatdırılmış, “ASAN xidmət” mərkəzinin inzibati binasının, “Azərişıq” ASC-nin  Şimal Qərb Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Balakən paylayıcı elektrik şəbəkəsinin inzibati binasının və idarəetmə mərkəzinin, habelə Dövlət Təhlükəsizlik Xidmətinin inzibati binasının tikinti-quraşdırma işləri davam etdirilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsinin rayon şöbəsinin inzibati binası tikilərək istifadəyə verilmişdir.

        Gərəkli kənd tam orta məktəbinin yeni binasının tikintisi məqsədilə torpaq sahəsi ayrılmış, layihə-smeta sənədlərinin hazırlanmasına başlanılmışdır.

         Büdcə vəsaiti hesabına Tülü və İtitala kənd körpələr evi-uşaq bağçalarında,  mərkəzi rayon xəstəxanasında, Tülü həkim məntəqəsində təmir işləri aparılmış,   şəhərin M. Müşfiq küçəsində 4 və 6 saylı, Heydər Əliyev prospektində 49 və 53 saylı  kommunal binaların dam örtüyü təmir olunmuşdur. H.Əliyev adına mədəniyyət və istirahət parkında, N.Nərimanov adına parkda, S.Gözəlov küçəsində mərkəzi kitabxananın qarşısında tikinti-abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

        Daha çox SEDA layihəsi kimi tanınan “Sosial-İqtisadi İnkişaf Fəaliyyəti” layihəsi üzrə 2019-cu ildə rayonun Qullar kənd körpələr evi-uşaq bağçası təmir olunmuş, Qazma kəndində yem istehsalı üzrə kiçik sex, Gərəkli kəndində 4000  yumurtalıq inkubator avadanlığı quraşdırılmışdır.   

Ötən müddət ərzində əhalinin elektrik enerjisi, içməli su, təbii qaz, nəqliyyat, rabitə və digər xidmətlərlə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmış, xidmət təşkilatları tərəfindən hər bir vətəndaş müraciətinə həssaslıqla yanaşılmışdır.

        Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması məqsədilə 6/10/0.4 kv-luq 6 ədəd yeni transformator istismara verilmiş, 22 transformator cari, 12 transformator əsaslı təmir edilmiş, Meşəşambul və Püştətala kəndlərində 2 yeni güc mərkəzi yaradılaraq əhalinin istifadəsinə verilmişdir. Yüksək və aşağı gərginlikli  elektrik verilişi xətləri üzrə 354 ədəd yeni dayaq basdırılmaqla  5,2 km məsafədə təmir işləri aparılmış, 37.7 km məsafədə yeni naqil çəkilmişdir.  

Əhalinin içməli su, təsərrüfatların suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Katex, Tülü, Qazma, Şərif, Sarıbulaq,  Xalatala, Meşəşambul, Qaysa və İtitala kəndlərində yeni artezian quyuları  qazılaraq əhalinin istifadəsinə verilmişdir.

 Ötən dövrdə magistral və şəhərdaxili   içməli su xətlərində  təmir işləri aparılmış, orta təzyiqli qaz xətlərinə və qaz avadanlıqlarına texniki xidmət göstərilmişdir.

133 yeni abonentə təbii qaz verilərək əhali abonentlərinin ümumi sayı 21202-yə çatdırılmış, əhaliyə verilmiş elektrik enerjisinin, içməli suyun  və qazın dəyəri 100,0 faiz ödənilmişdir. 

Əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində rayon üzrə 114 nəfərə telefon çəkilməklə telefon istifadəçilərin sayı 7822 nəfərə çatdırılmış, 610 nəfər internet xidmətinə qoşulmuş, qəzalı vəziyyətdə olan 2250 metr kabel təmir edilmiş, 1400 metr kabel yenisi ilə əvəz edilmişdir.

        İşsiz və işaxtaran vətəndaşların daimi və müvəqqəti məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilmişdir. 2019-cu ildə  Məşğulluq mərkəzinə 2447 nəfər işaxtaran vətəndaş müraciət etmiş, 535 nəfərə işə göndəriş verilmiş, işlə təmin olunanlar əsasən abadlıq, təmizlik və yaşıllaşdırma işlərinə cəlb edilmişlər.    Məşğulluq Mərkəzində qeydiyyatda olan vətəndaşlardan 449 nəfəri “DOST İŞ” MMC vasitəsilə ictimai işlərə cəlb edilmişdir. “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli  1941 nömrəli Sərəncamının icrası ilə əlaqədar 210 ailənin maddi-məişət şəraitinə baxış keçirilmiş, 199 nəfər təlimə cəlb olunmuş, onlardan 111 nəfəri aktivlərlə təmin edilmişdir.

Hesabat dövrünün tədris ilinin sonunda məktəblərdə biliyi qiymətləndirilən şagirdlərin 99,8  faizi müvəffəq qiymət almışdır. Təhsil müəssisələrində müxtəlif növ tədbirlərin, yarış və müsabiqələrin keçirilməsi diqqət mərkəzində saxlanılmış, həmin tədbirlərin nəticələri tədrisin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərmişdir.  

2019-cu ilin məzunlarının ali məktəblərə qəbul imtahanlarında göstərdiyi nəticələr yüksək olmuş, qəbul imtahanlarında iştirak edən  420 nəfər məzundan 282  nəfəri  tələbə adını qazanmışdır. Ali məktəbə qəbul olan məzunlardan   6   nəfər  600 baldan çox,  33  nəfər isə 500-dən 600-ə qədər bal toplamışdır. Qeyd edilməlidir ki, 600-baldan  yuxarı bal toplayan məzunlardan 3-ü, 500-dən yuxarı bal toplayanlardan 2  nəfəri  Qaravəli kənd  tam orta məktəbin məzunlarıdır. 2019-cu ildə ali məktəblərə qəbul olunanlar bütün  məzunların  43 faizini, sənəd verənlərin 67 faizini təşkil etmişdir.

    Fənn olimpiadalarının  rayon turunda   405 nəfər, Şəki şəhərində keçirilən yarımfinalda isə 92 nəfər  iştirak etmişdir. Yarımfinalın qaliblərindən 3 nəfər respublika turunda iştirak etmək hüququ əldə etmiş, bir nəfər şagirdimiz- Məmmədov Müslüm Qasım oğlu respublika turunda da müvəffəqiyyətlə çıxış edərək I yerə çıxmış və qızıl medal qazanmışdır.

Olimpiadada rayon məktəblilərinin  tarix, riyaziyyat, coğrafiya, azərbaycan dili, biologiya fənlərindən  nəticələri yüksək olmuşdur.

    Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində mart və noyabr aylarında rayon ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin 80 nəfəri Gəncə-Qazax  və Lənkəran-Astara bölgəsinin rayonlarına səyahət etmişdir.

Ötən ildə Təhsil nazirinin müavinin təhsil müəssislərində apardığı monitorinqlər,  buraxılış imtahanlarının nəticələri, təhsilin inkişafı, məktəblərdə təmayül siniflərinin, həmçinin məktəbəhazırlıq qruplarının təşkili ilə bağlı müzakirələr zamanı bəzi çatışmazlıqlar,  zəif nəticələrə səbəb olan  xarakterik nöqsanlar  müəyyən olunmuşdur. Rayon təhsil şöbəsi mövcud nöqsanların aradan qaldırılması üçün öz fəaliyyətini təhsil müəssisələrinin yüksək səviyyədə idarə olunması, təhsilin nəticələrinə görə cavabdehliyin artırılması, təhsil prosesinin monitorinqi və qiymətləndirilməsi istiqamətində qurmalıdır. Mütəmadi olaraq nəticələri zəif olan müəllimlərlə iş aparılmalı, dərslərinin dinlənilməsi və müzakirəsi təşkil edilməli, onların peşəkarlıq səviyyəsinin artırılması Rayon Təhsil şöbəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etməlidir.

Məktəb rəhbərləri şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunmasını, geniş dünyagörüşlü, savadlı şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsini daim diqqət mərkəzində saxlamalıdırlar. Bu mənada istedadlı şagirdlərin olimpiada hərəkatının gücləndirilməsi, rayon ümumtəhsil məktəblərində uşaqların məktəbəhazırlıq təhsilinin təşkilinə xüsusi diqqət artırılmalıdır. Məktəblərdə  zəif oxuyan, xüsusi qayğıya ehtiyacı olan və   təhsildən yayınmaq təhlükəsi olanlarla  aparılan işlərin keyfiyyəti yüksəldilməli,  bütün fəaliyyətdə təhsil qanunçuluğunun tələbləri gözlənilməlidir. Müasir təhsilin qarşısında duran əsas vəzifələrdən biri psixoloji sağlam, sabahkı inkişafa hazır, cəmiyyətdə gedən prosesləri dərketmə qabiliyyətinə malik sağlam nəsil yetişdirməkdir. Nəzərə alınmalıdır ki, gənc və yeniyetmələrin inkişaf dövrünün əsas mərhələsi məhz məktəb dövrünə təsadüf edir. Bu mərhələdə şagirdlərin qarşısına çıxan problemlərin müəllimlərin köməyi ilə düzgün həll edilməsi vacibdir. Ümumtəhsil məktəblərinin rəhbərləri bu məsələni xüsusi nəzarətdə saxlamalıdırlar.

2019-cu ildə Rayon Mərkəzi Xəstəxanasında stasionar  xəstələrin sayı 4075 nəfər olmuş, 824 cərrahi əməliyyat aparılmışdır. Ötən dövr ərzində əhaliyə tibbi xidmətlərin göstərilməsi sahəsində rayon əhalisinin kütləvi tibbi müayinədən keçirilməsi, həmçinin, uşaqların icbari müayinəsi təşkil olunmuşdur. Əhalinin müayinəsində bütün ixtisas həkimləri və laborator-instrumental kabinetlər iştirak etmişdir. Müayinələrin nəticəsinə əsasən 1748 nəfərə ambulator, 492 nəfərə stasionar müalicə təyin olunmuş, 174 nəfər Bakı şəhərindəki ixtisaslaşdırılmış klinikalara göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilmişdir. Sərəncama əsasən rayonun mədəni-maarif müəssisələrində  şairin yubileyinə həsr olunmuş ədəbi-bədii gecələr, kompozisiyalar, dəyirmi masalar, sərgilər, rəsm müsabiqələri keçirilmişdir. Yubiley ilə əlaqədar görülən tədbirlər çərçivəsində magistral yolların kənarlarında və digər ərazilərdə 6 dekabr tarixində müxtəlif cinslərdən olan 3500  ağacın əkilməsi təmin edilmişdir.

Ötən dövrdə keçirilən 35 rayon səviyyəli idman yarışları və birinciliklərdə  4292 idmançı iştirak etmişdir. Həmçinin, 29 respublika səviyyəli birincilik, çempionat və turnirlərdə 209 rayon idmançısının iştirakı təmin edilmişdir. İdmançılarımız həmin yarışlarda 7 dəfə I yeri, 7 dəfə II yeri, 3 dəfə isə III yeri tutmuş və ümumilikdə 17 medal qazanmışdır. Ötən dövr ərzində Olimpiya İdman Kompleksinin xidmətlərindən 245 nəfər ödənişli, 390 nəfər ödənişsiz əsasla olmaqla cəmi  635 nəfər istifadə etmişdir.

 Kompleks öz işini  idmanın inkişaf etdirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması ilə bağlı fəaliyyət istiqamətləri üzrə təşkil etmişdir.

Rayonda cinayətkarlığa qarşı mübarizə, hüquq qaydalarının qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində tədbirlər görülmüş, kriminogen durum nəzarətdə saxlanılmışdır.  Ötən müddətdə rayon polis şöbəsi tərəfindən 165  cinayət hadisəsi qeydə alınmış, onlardan  97,4 %-nin üstü açılmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin sayı  1 fakt azalmışdır.

Narkotiklərlə bağlı 72 cinayət faktı aşkar olunmuş, onlardan 20 fakt  əkib- becərmə  ilə bağlı olmuşdur.  Müvafiq dövrdə baş vermiş 12 yol nəqliyyat hadisəsi zamanı  4 nəfər dünyasını dəyişmiş, 12 nəfər isə xəsarət almış, 2018-ci illə müqayisədə hadisələrin sayı 7 fakt azalmışdır.

        

    RİH-də vətəndaş müraciətlərinə baxılması, onların qəbulunun təşkili işinin təkmilləşdirilməsi sahəsində aparatda RİH başçısı tərəfindən 621 nəfər vətəndaş qəbul edilmiş, əvvəlki illə müqayisədə qəbula gələn vətəndaşların sayı 130 nəfər artmışdır.        

    RİHB aparatına vətəndaşlardan 801 yazılı müraciət daxil olmuş, əvvəlki illə müqayisədə müraciətlər 166 ədəd və ya 26,0 % artmışdır. Daxil olan vətəndaş müraciətlərinin 98,2 %-nə bilavasitə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri tərəfindən baxılmışdır.

        RİHB aparatında qeydə alınan 801 müraciətdən 7-ni təklif, 704-nü ərizə, 90-nı isə şikayət məktubları təşkil etmişdir. Ötən dövrdə RİHB aparatına 58 ədəd təkrar, 48 ədəd kollektiv müraciət, yuxarı orqanlardan 430 ədəd, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 355 ədəd müraciət daxil olmuşdur.  Yuxarı orqanlardan daxil olan müraciətlər əvvəlki illə müqayisədə 123 ədəd və ya 40 %, Prezident Administrasiyasından daxil olan müraciətlər isə 107 ədəd və ya 43,1 % artmış,  Prezident Administrasiyasından daxil olan müraciətlər  ümumi  müracətlərin 44,3 %-ni təşkil etmişdir.

        Əsassız təkrar müraciətlər əvvəlki illə müqayisədə ümumi müraciətlərin sayının artmasına səbəb olan başlıca amildir.

     Daxil olan müraciətlərin ərazilər üzrə təhlili göstərir ki, hesabat dövründə ən çox müraciətlər  Balakən şəhərindən (170  əd.), Katex  kəndindən (66 əd.), Gərəkli kəndindən (54 əd.), Tülü kəndindən (52 əd.),    ən az müraciət isə İtitala kəndindən ( 8 əd.), Qabaqçöl qəsəbəsi və Yeni Şərif kəndinin hər birindən (11 əd.) və Qaysa kəndindən ( 14 əd.) daxil olmuşdur.

    Daxil olan vətəndaş müraciətlərinin məzmununa  görə təhlilindən aydın olur  ki, müraciətlərin içərisində işlə təmin olunma tələbi, kənd təsərrüfatı və torpaq məsələləri, təbii fəlakətlərin yaratdığı fəsadların aradan qaldırılması, mənzillə təmin olunma, fərdi yaşayış evlərinin tikintisi və təmiri,  enerji və su təchizatı məsələləri, məişət problemlərinin həllinə köməklik barədə müraciətlər çoxluq təşkil etmişdir.

    Daxil olan ərizə və müraciətlərin 23,9  %-i ( 192 ədəd)  müsbət həll olunmuş,  410   müraciətə dair  müvafiq izahat verilmiş,  39  müraciət qismən həll olunmuş, 61  müraciət əsassız hesab edilmiş,  14  müraciət  isə baxılmaq üçün aidiyyəti və tabeli qurumlara göndərilmişdir. Şifahi və yazılı müraciət edən  50-dən çox  vətəndaşa maddi yardım göstərilmişdir.

Ötən ildə RİH-nə daxil olan bütün müraciətlər araşdırılaraq vaxtında baxılmış, icra müddətinin pozulması hallarına yol verilməmişdir.  

RİH-nin tabeli qurumlarına (şəhər, qəsəbə və kənd İƏD üzrə nümayəndəliklərə)  671 vətəndaş müraciəti daxil olmuş, nümayəndə və müavinlər tərəfindən  881 nəfər vətəndaş qəbul edilmişdir.

    Qəsəbə və kəndlərdə  əhalini narahat edən sosial-iqtisadi problemlərin öyrənilib həll edilməsi, həmçinin şəxsi məsələlərə dair müraciətlərin  yerlərdə baxılması məqsədilə qrafik üzrə mütəmadi olaraq əhalinin müxtəlif təbəqələri, eləcə də qəsəbə və kənd sakinləri ilə görüşlər keçirilmiş, həmin görüşlər zamanı qaldırılmış problemlərin əksər hissəsinin yerində həll edilməsi əhali tərəfindən razılıq hissi ilə qarşılanmışdır. Ötən dövrdə rayonun qəsəbə və kəndlərində rayon İcra Hakimiyyətinin başçısının əhali ilə keçirdiyi 47 səyyar qəbul-görüşdə 3744 nəfər iştirak etmişdir. 235 nəfər vətəndaş tərəfindən 257 təklif və tənqidi qeyd söylənilmişdir. Həmin görüşlərdən sonra əhali tərəfindən qaldırılmış müraciətlər nəzarətə alınaraq həlli mümkün olan məsələlər icra olunmuş, problemlər barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırılmışdır. 

23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində 20 bələdiyyədə 200 yer uğrunda 649 namizəd mübarizə aparmışdır. 2 seçki dairəsinin əhatə etdiyi 54 seçki məntəqəsində keçirilən  səsvermənin gedişində qanun pozuntusuna yol verilməmiş, seçicilər sərbəst şəkildə öz seçimlərini etmiş, etimad göstərdikləri  namizədlərə səs vermişlər.

Ötən il oktyabrın 1-dən 10-dək ölkədə keçirilən əhalinin növbəti siyahıyaalınması zamanı rayonda siyahıyaalmanın təşkili məqsədilə yaradılmış rayon komissiyası və məntəqələr öz işini “Təqvim planı”na uyğun qurmuş, bu sahədə işlər müəyyən olunmuş vaxtda başa çatdırılmışdır.

Hesabat dövründə rayonda 11 qeyri-hökumət təşkilatı tərəfindən müxtəlif mövzulara həsr olunan 18 tədbir keçirilmişdir.

     Xarakterizə olunan dövrdə gənclərin radikal dini fikirlərdən və dini ekstremizmdən çəkindirilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, hüquq mühafizə orqanları və QHT tərəfindən idarə və müəssisələrdə, məktəblərdə və məscidlərdə müxtəlif görüşlər təşkil edilmiş, məscidlərdə ümumilikdə dini durumun öyrənilməsi ilə bağlı monitorinqlər aparılmışdır.   Keçirilən görüşlərdə iştirakçılara qeyri-ənənəvi, zərərli cərəyanlar və ölkəmizdə mövcud ictimai-siyasi, dini sabitliyin qorunmasında onlara qarşı mübarizənin əhəmiyyəti ilə bağlı məlumat verilmişdir. Həmçinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış, dini fanatizm və ekstremizmin fəsadlarından və vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlardan bəhs edən  filmlərin ictimaiyyət nümayəndələrinin, xüsusilə gənclərin iştirakı ilə nümayiş etdirilməsi təmin edilmişdir.

 Rayonda görülən işlər, baş verən ictimai-siyasi hadisələr RİH-nin rəsmi saytında, yerli “Balakən” qəzetində, digər mətbu orqanlarda və televiziya kanallarında işıqlandırılmışdır.

    Ölkə Prezidenti İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə ölkədə bu sahədə görülən bütün işlərin keçən ilin əvvəlində qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirildiyini  qeyd etmişdir. Cənab Prezident investisiya proqramına uyğun olaraq icra olunan sosial infrastruktur layihələri barədə məlumat vermiş, kəndlərin içməli su təminatının yaxşılaşdırılacağını, yol tikintisi sahəsində magistral yollarla yanaşı, kəndlərarası yollarla bağlı böyük layihələrin icra ediləcəyini, kənd təsərrüfatı sahəsində əldə olunan uğurları, keçən il həyata keçirilən sosial paketin insanların maddi vəziyyətini yaxşılaşdırdığını  diqqətə çatdırmışdır.

 Cənab  Prezident müşavirədə daşınmaz əmlakın sığortalanması ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılması və əmlakın sığortalanması məsələsinin müasir standartlara uyğunlaşdırılması, maarifləndirmə ilə yanaşı, marketinq işlərinin də aparılması və vətəndaşların əmlakın sığortalanmasında maraqlı olmaları üçün müvafiq tədbirlər görülməsi ilə əlaqədar tapşırıq vermişdir. Əmlakın sığortası vətəndaşların da mənafelərinə cavab verir. Vətəndaşlar daşınmaz əmlaklarını icbari qaydada sığortalamaqla, fövqəladə hallarda riskləri minimuma endirmiş olurlar. 

    İcbari sığorta ilə əlaqədar qanunvericilik bazasının formalaşdırıldığını qeyd edən dövlətimizin başçısı əmlakın sığortalanması işinin vətəndaşla sığorta şirkətlərinin qarşılıqlı maraqları çərçivəsində həyata keçirilməsinə üstünlük vermişdir. Bu məsələdə də maarifləndirmə mühüm amildir.  Yaşadığımız coğrafiyada baş verən təbii fəlakətin-zəlzələnin törətdiyi çoxsaylı dağıntılar, yanğın və digər  sığorta hadisələri nəticəsində əhalinin uzun illər ərzində tikdiyi əmlakının dağılması sığortanın əhəmiyyətini və vacibliyini bir daha  sübut edir. Qeyd olunmalıdır ki, təkcə 2019-cu il ərzində rayonda   17 ev, 2 obyekt yanaraq istifadə üçün yararsız hala düşmüş, onlardan yalnız bir ev sığortalı olmuşdur. Əhalinin  maarifləndirilməsi və əmlakın sığortalanmasına təşviq edilməsi  sahəsində yerli icra qurumu olaraq bizim üzərimizə xeyli iş düşür.

    Kənd təsərrüfatının sığortalanması ilə bağlı bildirirəm ki, ötən il ölkə Prezidenti tərəfindən “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Fərman imzalanmışdır. Bununla da 2020-ci ildən etibarən yeni aqrar sığorta mexanizminin fəaliyyətə başlaması nəzərdə tutulur. Yeni sığorta mexanizmi Azərbaycanda ilk dəfə olaraq, müştərək sığorta sisteminin yaradılmasını, yəni sığortaçıların birgə vəsaitləri ilə özlərini sığorta etdirməsini nəzərdə tutur. Sığorta şirkətlərinin etdiyi sığortadan fərqli olaraq, bu sistemdə heç bir sığorta hadisəsi baş vermədikdə yığılmış vəsaitlər silinmir və növbəti ilə saxlanılır. Üstəlik, dövlət sığorta vəsaitinin müəyyən edilən faizi həcmində sığorta edilənlərə subsidiya ayıracaq, nəticədə yeni aqrar sığorta sisteminin tətbiqi kənd təsərrüfatı istehsalının davamlılığını təmin edəcəkdir.

   Cari təsərrüfat ilində Balakən Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən torpaq sahibləri arasında, pay torpaqlarının könüllülük prinsipi əsasında birləşdirilərək iri təsərrüfatların yaradılması istiqamətində təbliğat işləri aparılmalıdır. Çünki, belə təsərrüfatların yaradılması iqtisadi cəhətdən səmərəli olmaqla təsərrüfatda  bütün aqrotexniki qaydalara riayət olunması üçün imkan yaradır.   Barama istehsalının 50 tona çatdırılması  ilə  əlaqədar kəndlər üzrə  kümçülərin siyahısı  dəqiqləşdirilməli  və əkilmiş  tut tinglərinə düzgün  qulluq göstərilməlidir.

     2020-ci ildə 450 ha sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütünçülük sahəsində əhalinin böyük  təcrübəsinin olduğunu və gəlirlərinin formalaşmasına  əhəmiyyətli rol oynadığın nəzərə almaqla tütünçülüyün inkişafına xüsusi diqqət göstərilməsi olduqca vacibdir. Ona görə də,  bu sahədə yüksək məhsuldarlığa nail olunması üçün əkin sahələrinə düzgün aqrotexniki xidmət göstərilməli,  əkin sahələrinin suvarılması üçün  əlavə tədbirlər həyata keçirilməlidir.  Dövlət Aqrar İnkişaf Mərkəzi isə cari təsərrüfat ilində istehsalçılara daha keyfiyyətli tütün toxumunun paylanmasını ciddi nəzarətə götürməli, aidiyyəti qurumların nümayəndələri ilə birlikdə tütün əkilmiş ərazilərin uçotunun aparılmasını təmin etməlidir.

    2019-cu ildə əkin sahələrinin və əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə 9 artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilmişdir. Cari ildə də 10 artezian quyusunun qazılması nəzərdə tutulmuş, quyuların qazılacağı  koordinatlar müəyyənləşdirilmişdir. Suvarma Sistemləri idarəsi rayon Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birgə mövcud su mənbələrindən yeni suvarma kanallarının çəkilməsi və quraqlıqdan əziyyət çəkən sahələrin suvarılması perspektivlərini araşdırmalıdır. Mövcud əkin sahələrinin cəmi 6823 hektarının suvarılması günün tələblərinə cavab vermir və bu statistika  dəyişdirilməlidir. Əhali ilə keçirilən səyyar görüşlər zamanı Meşəşambul, Xalatala, İtitala, Gərəkli, Katex kəndlərindən torpaq sahələrinin yuyulması, eroziyası ilə bağlı çoxsaylı müraciətlər daxil olur.  Bu müraciətlərin həlli istiqamətində işlər aparılmalı, əhalini narahat edən məsələlər həll olunmalıdır.

     Bildiyimiz kimi 2020-ci ilin yanvar ayının 1-dən Şimal bölgəsi üzrə rayonlarda, o cümlədən Balakən rayonunda  icbari tibbi sığortanın tətbiqinə başlanılıb. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa  edilmiş  dəyişikliyə əsasən, icbari tibbi sığortanın xidmətlər zərfi vahid toplu şəklində ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edir. Artıq dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortanın tətbiq olunduğu rayonlarda bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılıb. Mərkəzi rayon xəstəxanası tərəfindən əhali arasında maarifləndirmə işləri aparılmalı, sakinlərə icbari tibbi sığortanın əhəmiyyəti, fəaliyyət istiqamətləri, sığorta haqları, tibbi sığorta ilə əlaqədar xidmətlər paketi haqqında ətraflı məlumat veriməlidir.

Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə “DOST İŞ” mərkəzi tərəfindən  insanlar müxtəlif ictimai işlərə  cəlb edilirlər. İctimai işlərin təşkilinə RİH-də yaradılmış komissiya tərəfindən müntəzəm nəzarət olunur.  Bununla belə, mən bu işlərin daha effektli təşkilini  təmin etmək üçün ictimai nəzarətin tətbiqini, bu sahədə çatışmazlıqlar aşkar olunduqda RİH-nin məlumatlandırılmasını  tövsiyə edirəm.

    Ölkə Prezidenti cənab İlham Əliyev 5 fevral 2020-ci ildə Balakən rayonunun Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (155 km)–Qullar–Tülü–Talalar–Şərif–Acılıqbinə–Qaysa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında  Sərəncam imzalamışdır. Sərəncama əsasən otuz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qullar–Tülü–Talalar–Şərif–Acılıqbinə–Qaysa avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan 17,6 milyon vəsait ayrılmışdır ki, bu da rayon əhalisi tərəfindən böyük  razılıqla qarşılanmışdır.

    Cari ildə 320 şagird yerlik Uşaq İncəsənət məktəbi, “ASAN xidmət” mərkəzi, “Azərişıq” ASC-nin  Şimal Qərb Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Balakən paylayıcı elektrik şəbəkəsinin inzibati binası və idarəetmə mərkəzi, habelə Dövlət Təhlükəsizlik Xidmətinin inzibati binası istifadəyə veriləcək, eyni zamanda, Gərəkli kənd 264 şagird yerlik tam orta məktəbinin yeni binasının və Hənifə kəndində barama qəbulu və qurudulması məntəqəsinin tikintisinə başlanılacaqdır.

    Talalar kənd körpələr evi-uşaq bağçasında, mərkəzi xəstəxanada, məktəblərdə, kommunal binalarda, şəhər küçələrində büdcə vəsaiti hesabına əsaslı və cari təmir işləri  aparılacaq, abadlıq və quruculuq işləri, su və elektrik xətlərinin təmiri, ekoloji  və digər tədbirlərimiz davam etdiriləcəkdir.  Ümidvaram ki, 2020-ci il ölkəmiz və rayonumuz üçün daha uğurlu il olacaq, sosial-iqtisadi həyatın bütün sahələrində əhəmiyyətli irəliləyişə nail olunacaqdır.

 

Keçidlər