Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci il üzrə hesabat

Balakən rayonu üzrə 2017-ci ildə sosial-iqtisadi sahədə görülən işlərə  dair

 Hesabat

 

         Ölkəmizin həyatında və cəmiyyətimizin dayanıqlı inkişafında mühüm rol oynayan daha bir il arxada qaldı. 2017-ci ildə  həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti, iqtisadi islahatların dərinləşdirilməsi, mövcud potensialın gücləndirilməsi ölkədə dinamik inkişafın təmin olunmasına, əldə olunan nailiyyətlərin daha da möhkəmləndirilməsinə  xidmət etmişdir. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ölkə Prezidenti cənab İlham Əliyev 2017-ci ildə sosial-iqtisadi inkişafın yekunlarını ətraflı təhlil etmiş, eyni zamanda qarşıda duran vəzifələrə və həllini gözləyən problemlərə toxunmuşdur.  

Qeyd olunmuşdur ki, ötən ildə qeyri-neft sektoru 2.5 faiz,  kənd təsərrüfatı 4.1 faiz artmış, ölkə iqtisadiyyatına 14.6 milyard dollar sərmayə qoyulmuş, inflyasiya 2,4 faiz təşkil etmişdir. Nəzərdə tutulmuş proqramlar əsasında ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində yol, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil, səhiyyə, bir sözlə,  sosial-iqtisadi, mədəni və digər sahələri əhatə edən  infrastruktur layihələri reallaşdırılmış, ölkənin kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atılmışdır.     

Həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq  etibarlı tərəfdaş və dinamik inkişaf edən bir ölkə kimi Azərbaycanın nüfuzu daha da artmışdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi  inkişafını şərtləndirən ilk Dövlət Proqramının qəbu olunmasından sonra keçən 14 ildə makroiqtisadi göstəricilər, açılan iş yerləri, istifadəyə verilən obyektlər həmin Proqramın icrasının bölgələrin sosial-iqtisadi inkişafındakı əhəmiyyətini bir daha təsdiq etmişdir.

        Səhiyyə, idman, mədəniyyət obyektləri, inzibati binalar, yollar, körpülər tikilərək istifadəyə verilmiş, istehsal və xidmət  sahələri yaradılmışdır. Dövlət Proqramlarının icrası müddətində ölkə Prezidenti cənab İlham Əliyev beş dəfə Balakənə səfər etmişdir. Dövlət başçısının rayonumuza sonuncu-beşinci səfəri hesabat ilinə təsadüf edir. Nümayiş olunan filmdən də izlədiyiniz kimi, rayona 3 avqust 2017-ci il tarixli səfəri zamanı cənab Prezident Bayraq Muzeyinin, “ABAD” mərkəzinin, “Balakən-1” kiçik su elektrik stansiyasının, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışını etmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin rayona səfərindən qısa müddət sonra rayonda aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi və regional inkişaf Proqramında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrasının  sürətləndirilməsi məqsədilə üç Sərəncam imzalanmışdır.

18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 35 km olan Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri barədə, həmçinin, Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi ilə bağlı imzalanmış Sərəncamlar rayonda sosial və texniki infrastrukturun yenidən qurulması  layihəsi kimi xüsusi əhəmiyyət kəsb edir. Rayonumuza və balakənlilərə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rayon əhalisi adından sonsuz minnətdarlığımızı bildiririk.

Hesabat dövründə rayon üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonun əsas sosial iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlmiş,  ümumi məhsul buraxılışı 196,2  milyon manat təşkil etmiş, 2016-cı il ilə müqayisədə artım  35,9 faiz olmuşdur. Hesabat dövründə 69,6 milyon  manat dəyərində kənd təsərrüfatı məhsulu, 7,6 milyon manat dəyərində sənaye məhsulu istehsal edilmiş, 43,7 milyon manat dəyərində tikinti işləri görülmüşdür. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 11,2 faiz, tikinti işlərinin həcmi 4,9 dəfə artmış, ümumi məhsul buraxılışının rayon əhalisinin hər nəfərinə düşən həcmi 2012,6 manat olmuşdur.

Ötən ildə rayonda ənənəvi istehsal sahələrinin dirçəldilməsi və kənd təsərrüfatının inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilmişdir. Kənd təsərrüfatının əsas istiqamətləri üzrə təcrübəli mütəxəssislər cəlb edilməklə  işçi qrupları təşkil olunmuş, ayrı-ayrı sahələrdə çalışan kiçik və orta sahibkarlarla çoxsaylı görüşlər keçirilmişdir. Kənd təsərrüfatının intensiv və ekstensiv inkişaf istiqamətləri müəyyənləşdirilmiş, torpaqlardan səmərəli istifadə olunması, məhsuldarlığın artırılması, rəqabət qabiliyyətli məhsullar istehsal olunması, eyni zamanda, rayonumuz üçün ənənəvi hesab olunan baramaçılığın, tütünçülüyün, fındıq əkinlərinin, tərəvəzçiliyin və digər sa- hələrin dirçəldilməsi ilə bağlı konkret tədbirlər görülmüşdür. Barama və tütün  istehsal edəcək, eləcə də yeni fındıq bağları salacaq  istehsalçılar ilin əvvəlindən müəyyən edilmiş, sahələrdə  yazlıq bitkilərin əkilməsi təşkil olunmuşdur.

Baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə 115 istehsalçıya 250 qutu  ipəkqurdu paylanılmaqla 11,0 ton barama istehsal olunmuşdur. Baramaçılığın yem bazasının yaxşılaşdırılması istiqamətində 131,5 min ədəd tut tinglərinin əkilməsi təmin olunmuşdur ki, onlardan 80 min ədədi Çin xalq respublikasından gətirilən tinglərdir.

Hesabat ilində tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı torpaq sahələri və istehsalçılar müəyyən edilmiş, tədarük təşkilatları ilə müqavilələr bağlanılmış, 528,0 ha sahədə tütünün Virciniya, Berley və İtiyarpaq kimi növləri əkilməklə 317,4 ton quru tütün istehsal olmuşdur.

Qeyd olunmalıdır ki, 2017-ci ildə tütün  istehsalı sahəsində  əhəmiyyətli işlərin görülməsinə və şitilin optimal müddətdə sahələrə köçürülməsinə baxmayaraq  bəzi kəndlərdə bu vacib sahəyə  lazımi qədər  diqqət göstərilməmiş, əkin üçün seçilən sahələr az  məhsuldar olmuş, mineral və üzvi gübrələrdən lazımi  qədər istifadə  olunmamışdır.  Havaların  quraq keçməsinə baxmayaraq  suvarma  üçün  əlavə  tədbirlər həyata keçirilməmiş və  nəticədə bütün  bunlar məhsuldarlığa mənfi təsir etmişdir.

  Rayonda fındıqçılığın inkişaf etdirilməsi məqsədi ilə  dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri üzrə  torpaq sahələri  müəyyən olunmuş, istehsalçıların fındıq pöhrələrinə olan tələbatı ödənilmiş, yaz mövsümündə 662,0 ha, payız müvsümündə isə 1004 ha sahədə fındıq bağları  salınmış, bununla da yeni salınmış fındıq bağları 3930,2 hektara çatmışdır. Yeni salınmış fındıq bağlarının 2192,4 hektarı xüsüsi, 637,7 hektarı bələdiyyə 437 hektarı isə dövlət mülkiyyəti torpaqlarıdır. Mövcüd fındıq bağlarının  və yeni salınmış bağ sahələrinin xəritələrinin hazırlanması işinə başlanmışdır ki,  bu da fındıq sahələrinin yer quruluşu sənədlərində əks olunmasına imkan verəcəkdir. Qeyd olunmalıdır ki,  yeni fındıq bağlarının salınmasına kifayət qədər vəsait və əmək sərf edilməsinə baxmayaraq  Gərəkli, Qullar, Kortala, Mahamalar, Hənifə kənd bələdiyyələri, AZZA  firması, “Azəryemsənaye” MMC və digər  istehsalçılar  tərəfindən həmin fındıq bağlarına zəruri aqrotexniki xidməti göstərilməmiş,  yeni salınmış fındıq bağlarının bir hissəsində pöhrələr  qurumuşdur. Həmin bağ sahələri  bərpa  olunmalı və   yetişdirilməsi  üçün əlavə tədbirlərin  görülməsi təmin olunmalıdır.

2017-ci ildə rayonda 13093,0 ha sahədə  kənd təsərrüfatı bitkilərinin əkilməsi təmin edilmiş, əkinlərin 1579,0 ha payızlıq, 11514 ha yazlıq bitkilər olmuşdur.

Hesabat ilində rayonda taxıl biçininin mütəşəkkil keçirilməsi üçün tədbirlər görülmüş, istehsalçıların kombaynlara olan təlabatının ödənilməsi məqsədi ilə əlavə 5 ədəd kombayn gətirilmiş və biçin mövsümü optimal müddətdə başa çatdırılmaqla 1560,5 ha sahədən 4206,6 ton taxıl yığılmışdır. Əvvəlki ilə nisbətən taxıl istehsalı 19,6 % artmış,  məhsuldarlıq göstəricisi isə 27 sentner olmuşdur.

2017-ci təsərrüfat ilində rayonda 43 min tondan çox qarğıdalı məhsulu istehsal olunmuşdur. Meyvəçiliyin, o cümlədən intensiv bağçılığın, tərəvəzçiliyin, heyvandarlığın inkişafına diqqət yetirilmiş, bu sahələrdə də irəliləyişə nail olunmuşdur.

Heyvandarlığın inkişaf etdirilməsi və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, 31 nəfərə 54 baş xaricdən idxal olunan yüksək məhsuldar cins malların gətirilməsi üçün rəy verilmişdir.

Rayonun inzibati ərazisində kənd təsərrüfatına yararlı torpaqlar 36309 hektar, ondan 8032 hektarı dövlət mülkiyyətində 3652 hektarı bələdiyyə mülkiyyətində, 24625 hektarı isə xüsusi mülkiyyətə aid torpaqlardır. Rayonda torpaqların qanunsuz zəbt olunması halları vardır. Belə hallara qarşı tədbirlər görülür və bundan sonra da torpaqların qanunsuz zəbt olunmasına və müvafiq dövlət orqanlarının qərarı olmadan təyinatının dəyişdirilməsinə qarşı qətiyyətli mübarizə aparılacaqdır.

Əkin sahələrinin suvarılmasının  təşkili ilə bağlı Suvarma Sistemləri İdarəsi, bələdiyyələr və torpaq mülkiyyətçiləri ilə birgə zəruri işlər görülmüş, kanallarda 68.3 min kub metr həcmində  təmizləmə işləri aparılmışdır. Mazım-Tuqay, Balakən-Tuqay suvarma kanalları, eləcə də Talalar, Katex, Püştətala, İtitala, Şambul və Meşəşambul  kəndlərində mövcüd kanallar təmizlənərək tam işlək vəziyyətə  gətirilmişdir. Digər tərəfdən mənbəyi İnterçaydan götürülən uzunluğu 5300 metr olan suvarma kanalının tikintisinə  başlanılmışdır ki, bu da əlavə 1300 ha əkin sahəsinin suvarılmasına imkan verəcəkdir.  Artıq həmin suvarma kanalı su qəbul edir, qurğunun  tikintisi başa çatmışdır. Bununla yanaşı  əkin sahələrinin  və yaşayış məntəqələrininn sel sularından  mühafizəsi üçün  də  tədbirlər görülmüş, Balakən çayda 80 p/m uzunluğunda  daş-beton bənd  təmir edilmiş, çaylarda 421 min  kub metr həcmində məcra təmizləmə işləri görülmüşdür.

Azərbaycan  Respublikası Prezidentinin “Kənd təsərrüfatı  məhsulları istehsalçılarına  dövlət dəstəyi  haqqında” Sərəncamına uyğun olaraq  istehsalçılara yardımların verilməsinın təşkili ilə bağlı  işlər görülmüş 01 iyun vəziyyətinə görə  3924,51 ha əkin sahəsinə görə  2333 istehsalçıya 219011,90 manat yardım verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”na uyğun olaraq 115 nəfər barama istehsalçısına 54423,0 manat məbləğində subsidiyanın verilməsi təmin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasının dövlət dəstəyi haqqında”  sərəncamına uyğun olaraq  süni mayalanma yolu ilə  alınmış 1076 buzova görə 107600 manat  subsidiya 987 nəfər  heyvan sahibinin  kart və cari hesablarına  köçürülmüşdür.

 Hesabat ilində mal-qaraya baytarlıq xidmətlərinin göstərilməsi, xəstəliklərə qarşı mübarizə aparılması, profilaktik və digər tədbirlərin həyata keçirilməsi sahəsində  müvafiq işlər həyata keçirilmiş, epizootik vəziyyət sabit qalmışdır.

Kənd təsərrüfatı bitkilərinin zərəvericilərini və xəstəliklərini yerində müəyyən etmək üçün bütün təsərrüfatları əhatə edən yoxlamalar aparılmış, alaq otları və xüsusi təhlükəli zərərvericilərə qarşı dövlət büdcə vəsaiti hesabına kimyəvi mübarizə işləri təşkil edilmişdir. Lakin sahələrdəki hazırki vəziyyət göstərir ki, ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri daha da gücləndirilməlidir.  

 2017-cı ildə istehsalçıların texnikaya, mineral gübrələrə,  pestisidlərə olan tələbatının  ödənilməsi sahəsində “Aqrolizinq” ASC-nin rayon filialı tərəfindən 400 ha sahədə əkin, 1050 ha sahədə biçin işləri aparılmış,  1345,75 ton mineral gübrənin 70%  güzəştlə  fermerlərə satılması təşkil olunmuşdur.

Bunlarla yanaşı rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi  üçün  əlavə tədbirlər həyata keçirilməli və bu sahədə qarşıya qoyulan vəzifələr tam yerinə yetirilməlidir. Qarşıda duran vəzifələr əkin və örüş sahələrinin təyinatına uyğun  səmərəli  istifadəsinin  təşkili , əlavə sahələrin əkin dövrüyyəsinə cəlb edilməsi, fındıq bağlarının salınmasının davam etdirilməsi, tütünçülüyün  inkişaf etdirilməsi və məhsuldarlığının artırılması,  torpaqların münbitliyinin yaxşılaşdırılması və aqrotexniki xidmətlərin keyfiyyətinin yüksəldilməsi, zərərvericilərə və alaq otlarına  qarşı  səmərəli mübarizə aparılması, keyfiyyətli toxumun səpilməsinə nəzarətin gücləndirilməsi, sahələrin suvarılmasının təşkili, baramaçılığın inkişaf etdirilməsi, yeni tut tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi,  meyvəçiliyin inkişaf etdirilməsi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması  və digər məsələlərlə bağlıdır.

Rayonda kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurların hər ilin payız aylarında “Məhsul bolluğu” bayramı keçirilməklə qeyd olunması ənənə şəklini almışdı. Lakin, 2017-ci ildə bu ənənəyə dəyişiklik edilmiş, rayonda ilk dəfə  Beynəlxalq “Xurma festivalı” keçirilmişdir. Çox sayda insanların iştirak etdiyi festivalda rayonun kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olmuş xurma istehsalı barədə festival iştirakçılarına  geniş məlumat verilmiş, xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxış keçirilmişdir.  Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, “Balxurma” MMC-nin, “Azəryem Sənaye” MMC-nin və digər istehsalçıların müxtəlif çeşiddə əmtəəlik məhsulları  festival iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Ötən dövr ərzində özəl sektorun maliyyə təminatının yaxşılaşdırılması sahəsində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlara 21 layihə üzrə  260300 manat kredit verilmiş, nəticədə  18 yeni iş yeri açılmışdır.

Hesabat ilində istifadəyə verilən “ABAD” mərkəzində zəruru istehsal avadanlıqları ilə təchiz olunmuş 12  konteynerdən 8-də  62 min manat dəyərində 7,3 tondan çox cem, mürəbbə və povidla istehsal edilərək satış üçün Bakı şəhərinə göndərilmişdir. “ABAD” mərkəzində 8 ailənin  ümumilikdə 28 nəfər üzvü işə cəlb edilmiş, satışdan əldə edilən qazanc “ABAD”-çıların bank hesabına köçürülmüşdür.  Digər  4 konteynerdə məhsul istehsalı test edilmiş, artıq kütləvi məhsul istehsalına başlanılmışdır.

Katex kəndində “Balxurma” MMC-nin meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsinin  və anbar binasının tikintisi başa çatdırılmış, 100-dən çox insanın işlə təmin olunduğu müəssisədə məhsul istehsalına başlanılmışdır. Müəssisə Almaniya, Hollandiya, Rusiya, Latviya,  Litva kimi dövlətlərlə məhsul satışına dair müqavilələr bağlamışdır. İndiyədək müəssisədə 300 ton quru meyvə istehsal olunmuş, anbarlarda 1000 tondan çox yaş meyvə istehsal  məqsədilə saxlanılır. Növbəti illərdə istehsalın həcminin 2 dəfə artırılması, xurmadan doşab və cem istehsal olunması, həmçinin,  14 növ meyvə və giləmeyvənin quru və yarım quru emal edilməsi nəzərdə tutulur.

        Hesabat ilində  abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilmiş, şəhərdə  29 çoxmənzilli yaşayış binasında və binaların həyətlərində bir sıra təmir işləri görülmüşdür. Sarıbulaq və  Mahamalar kəndlərində müvafiq olaraq  40 və 20 yerlik modul tipli məktəblərin tikintisi başa çatdırılaraq şagirdlərin istifadəsinə verilmişdir. Şərif kəndində 360 şagird yerlik məktəbin tikintisi davam etdirilmiş, Qazma 2 saylı uşaq bağçası və Katex həkim məntəqəsi əsaslı təmir olunmuşdur.

Şəhərin Heydər Əliyev prospektində 1 km məsafədə su və kanalizasiya xətləri dəyişdirilmiş,         Heydər Əliyev prospektinin Qazbinə kəndi istiqamətində yolun hər iki tərəfində bardür və tamet daşları ilə səkilər düzəldilmiş,  yaşıllıqlar salınmışdır.

Katex kəndində yolun hər iki tərəfində  2000 metr məsafədə daş hasarlar aqlay və ya təbii daşla  üzlənmiş, 500 m2 dekorativ suvaq vurulmuş, yolun hər iki tərəfində ümumi uzunluğu 5,2 km olan səki, 180 p/metr olan beton arxlar tikilmiş, 5000 p/metr səki daşları quraşdırılmış,  magistral yol genişləndirilmiş, ərazi hamarlanmış, abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Həmçinin, 3,5 km məsafədə yüksək və aşağı gərginlikli  elektrik hava xətləri  və 85 elektrik dayağı dəyişdirilmiş, 3,5 km məsafədə gecə işıqlandırılması qurulmuşdur.

Ötən dövr ərzində  respublika əhəmiyyətli  avtomobil yollarında 9520 m2, yerli əhəmiyyətli avtomobil yollarında  4510 m2  cari təmir  aparılmış, 5735 p/m bardür quraşdırılmışdır. Heydər Əliyev prospektində 6 km, 6 küçədə  28812 kvadratmetr sahə asfaltlanmış, digər küçələrdə çala təmiri işləri aparılmış, Xalatala kəndində 18 metr uzunluğunda bir aşırımlı körpü tikilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin rayona səfərindən sonra müvafiq Sərənamlarla tikintisinə vəsait ayrılan Uşaq İncəsənət məktəbinin, Balakən-Qazbinə-İtitala avtomobil yolunun, həmçinin, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 35 km olan Zaqatala-Balakən-Mazımçay hissəsinin tikintisinə başlanılmışdır. 

Hesabat dövründə 4 nəfərə sahibkarlıq obyektinin tikintisinə icazə verilmiş, 30 yaşayış evinin eskiz layihələri məlumatlandırma icraatında həll edilmişdir.

        Qeyd olunmalıdır ki, tikinti-quruculuq işlərinin əhatə dairəsi, həcmi kimi keyfiyyəti məsələlərinə  də ciddi fikir verilməlidir. Aparılan işlərin Şəhərsalma və Tikinti Məcəlləsinə, milli memarlıq  üslubuna, layihə sənədlərinə uyğunluğu təmin olunmalı, xüsusilə kənd yerlərində icazəsiz, özbaşına tikinti işlərinin aparılmasına yol verilməməlidir. Şəhərdə ictimai yerlər-park və bağlar, küçə və meydanlar,  kommunal binalar müasir üslubda təmir olunur və bu işlərə kifayət qədər dövlət vəsaiti xərclənir. Bunun müqabilində sakinlər abadlığı və yaşıllığı qorumalı, təmizliyə riayət etməli, sahibkarlar fəaliyyət göstərdikləri ticarət, xidmət, sənaye və digər obyektlərinin təmir olunmasını, abad saxlanmasını təmin etməlidirlər. Təəssüf ki, bir çox obyekt sahibləri aparılan ümumi işlərə  qoşulmaq istəmir, şəhərin mərkəzi küçələrində yerləşən köhnə, təmirsiz obyektlərdə fəaliyyət və xidmət göstərməkdə davam edirlər. Tikinti və memarlıq şöbəsi, İƏD üzrə nümayəndələr tikinti sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına diqqəti və tələbkarlığı artırmalıdırlar.

 2017-ci ildə məcburi sosial sığorta haqlarının toplanması proqnozu 88,0 faiz yerinə yetirilmişdir ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,0 faiz çoxdur.  Hesabat dövrünün sonuna pensiyaçıların sayı 12231 nəfər,  aylıq pensiya tələbatı 2.0 milyon manat, orta aylıq pensiya məbləği 168,6 manat olmuşdur. İl ərzində 4391 nəfər sosial müavinət və təqaüd alan,  376 nəfər ünvanlı sosial yardım alan   vətəndaşa xidmət göstərilmişdir.

2017-ci ildə imtiyazlı təbəqəyə aid olmaqla mənzilə ehtiyacı olan 7  nəfər əlil və şəhid ailəsinin  mənzil-məişət şəraiti araşdırılmış və onlar növbəyə alınmışlar.  Hazırda imtiyazlı şəxslərin mənzil növbəsində 50 nəfər vardır.

Hesabat ilində işaxtaran vətəndaşların sosial müdafiəsinin təmin edilməsi və rayonda əmək ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə vakant iş yerləri haqqında məlumatlar toplanmış, işləməyən əhalinin uçotu aparılmışdır.

          Məşğulluq mərkəzinə 1226 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. 12 nəfər  haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 121 nəfərə “işsiz” statusu verilmiş, 510 nəfər işlə təmin edilmişdir.

Ötən dövr ərzində ümumilikdə 1469 yeni iş yeri açılmışdır ki, ondan da 927-si daimi iş yerləridir.   

2017-ci ildə  əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində rayonun tam telefonlaşdırılması üçün layihələndirmə işləri aparılmışdır.  Stansiyalarda təmir işləri aparılmış,  11 DSLAM avadanlığı gətirilərək quraşdırılmışdır.  İnternet istifadəçilərinin sayı 4596 nəfər olmuşdur ki, bu da 2016-cı illə müqayisədə 331 nəfər çoxdur. 96 abunəçiyə telefon çəkilməklə ümumi istifadəçi  sayı 7788 nəfərə çatdırılmışdır.

2017-ci ildə rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 212,2 milyon manat olmuş, hər bir istehlakçı ayda orta hesabla ticarət şəbəkəsindən 182,5 manat dəyərində və ya  2016-cı il ilə müqayisədə 22,7 manat çox əmtəə almış, artım 4,5 faiz təşkil etmişdir. Ticarət dövriyyəsinin həcmində ərzaq mallarının xüsusi çəkisi 58,3 faiz, qeyri ərzaq mallarının xüsusi çəkisi 41,7 faiz təşkil etmişdir.

Ötən dövr ərzində aşağı və orta təzyiqli qaz xətlərinə, tənzimləyici şkaflara, qaz sayğaclarına texniki xidmət göstərilmiş, 310 evə qaz xətti çəkilməklə rayon üzrə abonent sayı 20920 nəfərə çatdırılmışdır.

        Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində magistral və şəhər su xətlərində təmir işləri aparılmış, magistral xətlərinin 60 p\m-lik, şəhər su xətlərinin 1284 p/m-lik hissəsi dəyişdirilərək yenilənmişdir. Rayonun kəndlərində 4 artezian quyusu qazılaraq istifadəyə verilmişdir.

Elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün 6/10/0,4 kv-luq 4 ədəd yeni transformator istismara verilmiş, 38 transformator cari, 16  transformator isə əsaslı təmir edilmişdir. 10 kv-luq hava xətlərində 309 ədəd, 0,4 kv-luq hava xətlərində  468 ədəd metal və ya dəmir-beton dayaq basdırılmış, 36,2 km məsafədə 0,4 kv-luq elektrik verilişi xətləri SİP kabellə çəkilmişdir.

 Əhaliyə verilmiş  elektrik enerjisinin dəyəri 81,1 faiz,  içməli suyun dəyəri 100 faiz, təbii qazın dəyəri 95,0 faiz  ödənilmişdir. 

 

Hesabat dövründə təhsil müəssisələri gənc nəslin təlim-tərbiyəsi, kamil şəxsiyyət kimi formalaşması  sahəsində  uğurlu nəticələr  əldə etmək üçün səylə çalışmışdır.

Rayonun ümumtəhsil məktəblərində tədris ilinin başlanğıcında 11918 nəfər şagird təhsilə cəlb edilmiş, onların təlim-tərbiyəsi ilə 1586 nəfər müəllim məşğul olmuşdur. 2017-ci ildə Nizami adına şəhər 1 saylı tam orta məktəbin 2 şagirdi fənn olimpiadalarının  respublika turunda tarix və riyaziyyat fənləri üzrə iştirak edərək  II və  IV nəticəni  göstərməklə mükafata layiq yerlər tutmuş, yenə həmin  məktəbin məzunlarından 2 nəfərı məktəbi qızıl medalla bitirmiş və onlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat verilmişdir.

Rayonun ümumtəhsil məktəblərinin şagirdləri fənn olimpiadalarının respublika turunda, respublika və beynəlxalq səviyyəli yarış, müsabiqə, intellektual oyunlarda iştirak etməklə çoxsaylı uğurlara imza atmış, adlarını qaliblər siyahısına yazdırmağı bacarmışlar.

2017-ci ildə keçirilən qəbul imtahanlarında  məzunlardan     341 nəfər iştirak etmiş, onlardan  224 nəfəri tələbə adını qazanmışdır. Ali məktəbə qəbul olan məzunlardan  13 nəfəri  600-dən çox,  28  nəfəri isə 500-dən 600-ə qədər bal toplamışdır. 2017-ci ildə ali məktəblərə qəbul olunanlar bütün  məzunların 28,6 faizini, sənəd verənlərin isə 60 faizini təşkil edir.

“Ölkəmizi tanıyaq” şüarı altında həyata keçirilən tur-aksiyalar davam etdirilmiş, noyabr ayında 40 nəfər fəal məktəbli cənub bölgəsinə səfər etmişdir.

Bununla belə qeyd etmək lazımdır ki, 2016-2017-ci tədris ilində  nəticələri aşağı olan məktəblərimiz vardır. Xüsusilə IX siniflər arasında buraxılış imtahanlarının nəticələri aşağı olan məktəblərdə tədrisin keyfiyyəti rayon təhsil şöbəsi tərəfindən ciddi araşdırılaraq  təsirli tədbirlər görülməlidir.

Hesabat dövründə əhaliyə tibbi xidmətlərin göstərilməsi sahəsində tədbirlər davam etdirilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən 15 fevral-15 may  2017-ci il tarixlərdə rayon əhalisinin tibbi müayinədən mütəşəkkil şəkildə keçirilməsi təmin olunmuş, müayinə nəticəsində 3394 nəfərə ambulator müalicə yazılmış, 492 nəfər stasionara yerləşdirilmiş, 212 nəfər isə Bakı şəhərinin müxtəlif klinikalarına göndərilmişdir. Müayinələr zamanı ürək qan-damar, tənəffüs və oynaq xəstəliklərinin əhali arasında daha çox yayılması müşahidə olunmuşdur. 

 18 yaşadək 19556 uşaq müayinədən keçirilmiş,  müxtəlif xəstəliklərlə dispanser müalicəyə cəlb edilmiş 3396 uşaqdan 3084-ü  sağalaraq dispanser müalicədən çıxarılmışdır.

Aparılan proflaktiki tədbirlər nəticəsində 2017-ci il ərzində əhali arasında xüsusi təhlükəli infeksiyalar və  kütləvi zəhərlənmə halları qeydə alınmamışdır.

 Görülən işlərlə yanaşı səhiyyə sahəsində göstərilən xidmətlərin yaxşılaşdırılması üçün daha çox işlər görülməlidir. Kənd həkim ambulatoriyalarının  bir qismi yararsız binada yerləşir, rayon üzrə 13 həkim ştatı vakantdır, ondan da 8-i kənd həkim məntəqələrindədir, 2 kənd həkim məntəqəsində isə ümumiyyətlə həkim yoxdur.

Mədəniyyət müəssisələri daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması,  muzey, kitabxana informasiya sistemlərinin müasirləşdirilməsi, xalq yaradıcılığının dəstəklənməsi, muzey fondlarının zənginləşdirilməsi, qeyri-maddi mədəni irsin qorunması və yaşadılması üçün  silsilə tədbirlər keçirmişdir. Əlamətdar və tarixi günlərin, milli və dövlət bayramlarının, yubiley tədbirlərinin yüksək səviyyədə qeyd edilməsi, vətənpərvərlik mövzusunda məzmunlu və rəngarəng tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.

Yay mövsümü ərzində Mədəniyyət Mərkəzi tərəfindən tutulmuş qrafik əsasında əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə Heydər Əliyev adına Mədəniyyət və istirahət  parkında həftənin şənbə və bazar günləri  konsert proqramları təşkil edilmişdir.

Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş mövzulara uyğun dərslərin Heydər Əliyev Mərkəzində XI sinif şagirdlərinə tədrisi təşkil  olunmuşdur.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi elektron səsvermə nəticəsində Balakən rayonu 2017-ci il üçün “Gənclər paytaxtı” seçilmişdir. Bununla əlaqədar olaraq “Xəmsə Milli İntellektual Oyunu” üzrə IX Azərbaycan Çempionatının Finalı, “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans və mədəni-kütləvi tədbir”, “SAY – Solidarity” həmrəylik düşərgəsi, Kompüter oyunları üzrə Azərbaycan çempionatının zona mərhələsi və s. kimi Respublika əhəmiyyətli, “Mənim ailəm” Beynəlxalq Gənclər Festivalı kimi beynəlxalq tədbirlər rayonumuzda keçirilmişdir.

         Rayonda dövlət Gənclər siyasətini uğurla həyata keçirmək məqsədilə bu sahəyə diqqət artırılmış, il ərzində gənclərin iştirakı ilə müxtəlif səpkili tədbirlər keçirilmiş, gənclər təşkilatlarının rayonun ictimai-siyasi həyatında fəal iştirakına əlverişli şərait yaradılmışdır. Rayon  Gənclər evində gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və vətnpərvərlik ruhunda tərbiyə olunmaları üçün lazımi şərait yaradılmışdır. Mərkəzdə müxtəlif dərnək və qruplar fəaliyyət göstərir, “dəyirmi masa”lar təşkil olunur, intellektual oyunlar keçirilir.  

Ötən dövrdə 48 rayon səviyyəli idman yarışları, birincilik və turnirlər keçirilmiş, rayonun idmançıları 34 Respublika səviyyəli birincilik, çempionat və turnirlərdə  iştirak etmiş, həmin yarışlarda 14 dəfə I yeri, 13 dəfə II yeri və 9 dəfə III yeri tutmaqla  ümumilikdə 36 medal qazanmışlar.

        Rayonda hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizənin təşkili diqqət mərkəzində olmuşdur. 2017-ci ildə rayonda  196  cinayət hadisəsi qeydə alınmış, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin sayı 13 fakt çox olmuşdur. Baş vermiş cinayətlərin 93  faizinin açılması təmin edilmişdir.

Hesabat dövründə narkotiklərlə bağlı 66 cinayət faktı aşkar olunmuş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 11  fakt artmış, 66,6 kq narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılmışdır.

Ötən dövr ərzində 15 yol-nəqliyyat hadisəsi baş vermiş, 2016-cı ilin müvafiq dövrü ilə  müqayisədə hadisələrin sayı 3 fakt azalmış, hadisələr zamanı həlak olanların sayı sabit qalmışdır.

2017-ci ildə bələdiyyə qurumları tərəfindən “Yerli demokratiya həftəsi” çərçivəsində müxtəlif tədbirlər, əhali ilə görüşlər keçirilmiş, problemlərin öyrənilməsi və həlli ilə bağlı işlər görülmüşdür. “Bir bələdiyyə-azı bir layihə” çərçivəsində 126,2 min manat dəyərində 69 xırda layihə icra olunmuşdur. 2018-ci ilin yanvar ayında ərazi nümayəndəliklərinin 2017-ci ilin yekunlarına dair keçirilən hesabat yığıncaqlarında 1719 nəfər iştirak etmiş, 71 nəfər tənqidi qeyd və təkliflərlə çıxış etmişdir.

“Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə müvafiq olaraq ötən ildə RİHB yanında Şuranın 24 yığıncağı kecirilmiş, bu yıqıncaqlarda  müxtəlif sahələr üzrə 41  məsələ müzakirə olunmuşdur.

          RİH başçısı tərəfindən aparatda  il ərzində 497 nəfər vətəndaş qəbul edilmişdir. Əvvəlki illə müqayisədə qəbula gələn vətəndaşların sayı 341 nəfər azalmışdır.      

2017-ci ildə  RİHB aparatına vətəndaşlardan 599 yazılı müraciət daxil olmuşdur. Əvvəlki illə müqayisədə müraciətlər 103 ədəd, və ya 14,7 % azalmışdır. Daxil olan vətəndaş müraciətlərinin 99,1 %-nə (yəni 594 müraciətə) bilavasitə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri tərəfindən baxılmışdır.

        RİHB aparatında qeydə alınan 599 müraciətin 14-nü təklif, 512-ni ərizə, 73-nü isə şikayət məktubları təşkil etmişdir. Hesabat dövründə RİHB aparatına 22 ədəd təkrar, 63 ədəd kollektiv müraciətlər daxil olmuşdur. Müraciətlərdə qaldırılan məsələlərin əksəriyyəti ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlıdır və onların həlli ilə əlaqədar tədbirlər görülmüş və görülməkdədir.

Hesabat dövründə  RİHB aparatına yuxarı orqanlardan cəmi 235 ədəd, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 203 ədəd müraciət daxil olmuşdur.  Yuxarı orqanlardan daxil olan müraciətlər əvvəlki illə müqayisədə 69 ədəd , Prezident Administrasiyasından daxil olan müraciətlər isə 29 ədəd azalmışdır.  Prezident Administrasiyasından daxil olan müraciətlər  ümumi  müracətlərin 33,9 %-ni təşkil etmişdir. .

Daxil olan ərizə və müraciətlərin 28,5 %-i müsbət həll olmuş,  339   müraciətə dair  müvafiq izahat verilmiş,  17  müraciət qismən həll olunmuş, 27   müraciət əsassız hesab edilmiş,  5  müraciət  isə baxılmaq üçün aidiyyəti və tabeli qurumlara göndərilmişdir. Şifahi və yazılı müraciət edən 46 nəfər vətəndaşa maddi yardım göstərilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasından nəzarət qaydasında göndərilən 13 müraciətə vaxtında obyektiv baxılmaqla Prezident Administrasiyasına və müraciət müəlliflərinə cavab verilməsi təmin edilmişdir.

Hesabat dövründə RİH başçısı tərəfindən rayonun qəsəbə və kəndlərində 40 səyyar qəbul-görüşlər keçirilmiş, bu görüşlərdə  3720 nəfər  əhali iştirak etmiş, 133 nəfər vətəndaş tərəfindən 136 təklif və tənqidi qeydlər söylənilmişdir. Səyyar qəbullarda söylənilmiş təklif və tənqidi  qeydlərin 74-ü icra olunmuş, 19 təklif qismən icra olunmuş, 43 təklifin icrası cari və növbəti illər üçün perspektiv tədbirlər siyahısına daxil edilmişdir.

2017-cı ildə 21  kadr dəyişikliyi olmuş, RİH başçısı tərəfindən  151  sərəncam, 202  ədəd əmr imzalanmışdır.

İl əzində rayonda fəaliyyət göstərən siyasi partiyaların yerli təşkilatları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və dini qurumlarla qarşılıqlı fəaliyyətin təşkili sahəsində müvafiq iş aparılmış, ərazidəki ictimai-siyasi vəziyyət barədə məlumatlar toplanılaraq təhlil edilmiş, mövcud tendensiyalar müyyənləşdirilmişdir.

Rayonda dini durum sabit qalmış, qeyri-ənənəvi dinlərin və təriqətlərin yayılması hallarına yol verilməmiş, dini fanatizmin və xurafat meyllərinin təzahürlərinə qarşı mübarizə aparılmışdır. Bu məqsədlə yerlərdə ictimaiyyətlə və dini icma nümayəndələri ilə görüşlər keçirilmiş və onların mahiyyəti barədə əhaliyə geniş məlumat verilmişdir.

Hesabat dövründə Qeyri-Hökumət Təşkilatları tərəfindən müxtəlif mövzuları əhatə edən, maarifləndirmə xarakterli  13 tədbir keçirilmişdir.  Kütləvi informasiya vasitələri ilə sıx əlaqələr qurulmuş, rayonda baş verən ictimai-siyasi hadisələr və görülmüş işlər televiziya kanallarında, respublikanın müxtəlif mətbu orqanlarında və yerli “Balakən qəzetində mütəmadi olaraq işıqlandırılmışdır.Mən bu gün hesabat yığıncağında qazandığımız uğurlar, əldə et- diyimiz nəticələr barədə daha çox söz açdım. Məruzə boyu işimizdə olan nöqsanlara da toxundum. Rayonda mövcud olan hər bir problemin həlli üzrə konkret tədbirlərimiz var. İctimaiyyəti narahat edən, əhaliyə xidmətlə bağlı olan problemlərin həlli üçün məsuliyyət birinci növbədə bizim üzərimizə düşür.

Şəhərin ümumi arxitekturasının daha müasir və yeni üslubda dəyişdirilməsinə çalışırıq. Cari ildə Uşaq İncəsənət məktəbinin tikintisi, çoxmənzilli kommunal binaların fasadının və həyətlərinin təmiri davam etdiriləcək, şəhər küçələri asfaltlanacaqdır. Balakən-Qazbinə-İtitala avtomobil yolu, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 29 km olan Balakən-Mazımçay hissəsi yenidən qurulacaq, 2 uşaq bağçası tikilərək istifadəyə veriləcək, 10 uşaq bağçasında isə  təmir işləri aparılacaqdır.

Elektrik xətt təsərrüfatının yenidən qurulması, telefonlaşma, yüksək sürətli internet istifadəçilərinin sayının artırılması, bələdiyyələrin vəsaiti hesabına kənd yollarının tikintisi sahəsində yeni layihələrin icrasına başlanılacaq, rayonun kəndlərində 9 artezian quyusu qazılacaqdır.  Bundan əlavə  büdcə vəsaitləri hesabına təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, uşaq bağçalarında yenidənqurma və təmir işlərinin aparılması nəzərdə tutulur. Bu da bizə  deməyə əsas verir ki, yeni layihələrin icrasına başlanılması sosial-iqtisadi inkişafı daha da sürətləndirəcək, Balakən cari ilin sonuna daha da gözəl və abad mənzərə alacaqdır.

Rayon üzrə tütünçülük sahəsində 2018-ci ildə əkin sahələrinin artırılaraq 550 hektara çatdırılması  proqnozlaşdırılır. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Tütünçülüyün inkişafına dair Dövlət Proqramı”na  uyğun olaraq  rayonda qurutma  kameralarının  tikintisinə başlanılmışdır. Bu baxımdan tütünçülüyün inkişafına xüsusi diqqət göstərilməsi olduqca vacibdir. Ona görə də,  yüksək məhsuldarlığa nail olunması üçün  daha ciddi əlavə tədbirlər həyata keçirilməli,  tütün əkini üçün daha  münbit və məhsuldar  sahələr seçilməklə qış şumu işləri başa çatdırılmalı, şitilin optimal əkin müddətində sahələrə köçürülməsi təmin edilməli,  bir sözlə, tütünçülüklə bağlı  keçmiş illərdəki  ənənələr bərpa olunmalı və bu sahədə dövlətin qarşıya qoyduğu vəzifələr tam yerinə yetirilməlidir. Fındıq əkinləri davam etdirilməli, 2018-ci təsərrüfat ilinin yaz aylarında 700 ha, payız aylarında 1000 ha olmaqla ümumilikdə 1700 ha sahədə fındıq bağları salınmalı, ötən illərdə əkilmiş bağlara xidmət olunmalıdır. 2018-ci ildə baramaçılıq üzrə hədəfimiz 25 ton olaraq müəyyən edilmiş və istehsal üzrə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün kəndlər üzrə bölgü aparılmışdır. Bu sahədə hədəflərə nail olmaq üçün ötən təsərrüfat ilində buraxılmış səhvlər təkrarlanmamalı, kümçülərin maarifləndirilməsi, ipəkqurdunun yetişdirilməsi və hazır məhsulun qəbulu  sahəsində işlər düzgün təşkil olunmalıdır.

Rayonda hesabat dövründə görülmüş işlər, əldə olunmuş nailiyyətlər bir daha göstərir ki, Azərbaycan dünyanın sürətli inkişaf edən, gündən-günə qüdrətlənən az sayda dövlətlərindən biridir.   Məhz dövlətimizin qayğısı ilə Balakən də öz tərəqqisini davam etdirir. Bu il də uğurlu işlərimiz çox olacaq, regional Dövlət Proqramının icrası rayonumuzun  inkişafını daha da sürətləndirəcəkdir.

 

Keçidlər