Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci il üzrə hesabat

   

        

Balakən rayonu üzrə 2018-ci ildə sosial-iqtisadi sahədə görülən işlərə  dair

 Hesabat

    11 yanvar 2019-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş müşavirəsi keçirilmişdir. Həmin müşavirədə cənab Prezident bildirmişdir ki, 2018-ci ildə ölkə qarşısında duran demək olar ki, bütün əsas vəzifələr həll edilmiş, dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq  ölkəmiz uğurla, sürətlə inkişaf etmiş, həm ictimai-siyasi, həm də sosial-iqtisadi məsələlərlə bağlı çox önəmli addımlar atılmışdır.

    2018-ci ildə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi  inkişafını şərtləndirən üçüncü Dövlət Proqramının icrası başa çatdırılmışdır. Proqramın qəbulundan sonra keçən 5 ildə makroiqtisadi göstəricilər, açılan iş yerləri, istifadəyə verilən obyektlər Proqramın icrasının bölgələrin sosial-iqtisadi inkişafındakı əhəmiyyətini bir daha təsdiq etmişdir.

     2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icrası nəticəsində  rayon üzrə son 5 ildə ümumi məhsul buraxılışı 42,0 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 22,7 faiz, sənaye məhsulu istehsalı 4,2 dəfə, tikinti işlərinin həcmi 2,8 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 45,7 faiz, pərakəndə ticarət dövriyyəsi 56,2 faiz artmışdır.     

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 95 layihə üzrə 2,6 milyon  manat güzəştli kredit verilmiş, nəticədə 219 yeni iş yeri açılmışdır.

 Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət tərəfindən 1,9 milyon manat məbləğində yardım edilmişdir.

Elektron telefon stansiyalarının ümumi nömrə tutumu 10 faiz, internet istifadəçilərinin sayı 1,6 dəfə, internetə çıxışı olan evlərin və  kompyuter istifadəçilərinin sayı 1,5 dəfə artmışdır.

         Son 5 ildə 700 şagird yerlik 4 məktəb binası, 190 uşaq-yerlik  4 uşaq bağçası tikilmiş,  450 şagird yerlik 1 məktəb binası, 35 yerlik 1 uşaq bağçası əsaslı təmir olunmuş,  mədəniyyət mərkəzi, inzibati binalar, yollar, körpülər tikilərək istifadəyə verilmiş, istehsal və xidmət  sahələri yaradılmışdır. Üçüncü Dövlət Proqramının icrası müddətində-2017-ci ildə  ölkə Prezidenti cənab İlham Əliyev Balakənə səfər etmiş, səfərindən qısa müddət sonra rayonda aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi və regional inkişaf Proqramında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrasının  sürətləndirilməsi məqsədilə iki Sərəncam imzalamışdır. Ümumilikdə üçüncü Dövlət Proqramının icrası müddətində ölkə Prezidenti tərəfindən  rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, infrastrukturun yaxşılaşdırılması məqsədilə 5 Sərəncam imzalanmış, 2 Sərəncam üzrə nəzərdə tutulmuş tədbirlərin icrası başa çatdırılmış, digər 3 Sərəncamda nəzərdə tutulan tədbirlərin icrası davam etdirilir.  Nazirlər Kabinetinin iclasındakı  nitqində ölkə prezidenti cənab İlham Əliyev regional inkişaf proqramının çox böyük əhəmiyyəti və gözəl nəticələri olduğunu, 2019-cu ildə regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul ediləcəyini qeyd etmişdir.

      Hesabatını verdiyimiz 2018-ci ildə Dövlət və İnvestisiya Proqramlarında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonun əsas sosial iqtisadi göstəriciləri yüksəlmiş,  ümumi məhsul buraxılışı 197,0  milyon manat təşkil etmiş, 2017-cı illə müqayisədə artım  1,2 faiz olmuşdur. Hesabat dövründə 73,0 milyon  manat dəyərində kənd təsərrüfatı məhsulu, 26,5 milyon manat dəyərində sənaye məhsulu istehsal edilmiş, 21,2 milyon manat dəyərində tikinti işləri görülmüşdür. 2017-cı illə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 4,9 faiz, sənaye məhsulu istehsalı 3,5 dəfə, tikinti işlərinin həcmi 4,9 faiz artmış, ümumi məhsul buraxılışının rayon əhalisinin hər nəfərinə düşən həcmi 2007,0 manat olmuşdur. 2018-ci ildə kənd təsərrüfatında istehsal olunan məhsulun  50,7 faizi bitkiçilik, 49,3 faizi isə heyvandarlıq məhsullarının payına düşmüşdür.

     Rayonda  2018-ci ilin məhsulu üçün 15458,2 ha sahədə  payızlıq və yazlıq bitkilərin əkilməsi təmin edilmişdir ki, bu da əvvəlki ilin səviyyəsindən 1,1 % çoxdur. Əkinlərin  1716,2 hektarını payızlıq, 11935 hektarını isə yazlıq bitkilər təşkil etmişdir. Yazlıq əkinlərdən 7040 ha  qarğıdalı, 2057 ha tərəvəz, 580 ha kartof, 535 ha tütün, 388,0 ha lobya, 335 ha bostan, 10,0 ha soya, 990 ha yonca və digər bitkilərin əkilməsi təmin edilmişdir. Təsərrüfatlarda 4779,1 ton taxıl, 42994 ton qarğıdalı, 823 ton lobya, 25488,0 ton tərəvəz, 5469 ton kartof, 3566,5 ton bostan bitkisi istehsal edilmişdir. Eyni zamanda, oktyabr-dekabr aylarında 2019-cu ilin məhsulu üçün payızlıq taxıl səpini ilə bağlı işlər görülmüş və 1673,7 ha sahədə taxıl, o cümlədən 1215 ha buğda, 457,7 ha arpa, 1 ha xəsil əkilmişdir.

    Hesabat dövründə rayonun ənənəvi kənd təsərrüfatı sahəsi hesab olunan baramaçılığın inkişaf etdirilməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl işlər aparılmış, nəticədə 29,8 ton barama istehsal olunaraq “Azəripək” ASC-yə təhvil verilmiş, proqnoza 130,3 %  əməl olunmuşdur.

     2018-ci  ildə  535 ha sahədə (475 ha -Virciniya,  60 hektar digər növ)  tütün əkilmiş, tütün istehsalçıları ilə emal müəssisələri  arasında müqavilələrin bağlanılması təmin edilmişdir. Rayon fermerləri tərəfindən hesabat ilində  643,0 ton  və ya 2017-ci ilə nisbətən  2 dəfə artıq quru tütün istehsal edilərək emal müəssisələrinə təhvil verilmiş, hər hektardan  məhsuldarlıq 12 sentner təşkil etmişdir. Tütün istehsalı sahəsində Sarıbulaq, Katex, Mahamalar, Gərəkli, Xalatala, Talalar və Püştətala kəndlərinin təsərrüfatçılarının əməyi xüsusi qeyd olunmalıdır.  Rayon üzrə ən çox tütün Püştətala bələdiyyəsi Şamsu Bayramova (359 ton), Qazma bələdiyyəsi Məmliyev Tahir (287 ton) və Talalar kənd sakini Cumayev İmran (202 ton) tərəfindən  istehsal edilmişdir.

    Tütün istehsalının 2017-ci  ilə nisbətən 2 dəfə artmasına  ölkə Prezidenti cənab İlham Əliyevin  tapşırığına əsasən tikilən  60 kameralı tütün qurutma məntəqəsinin tam gücü ilə işləməsi böyük təsir göstərmişdir.

     20 nəfərin daimi, 75 nəfərin isə mövsümü işlə təmin olunduğu məntəqə 23.07.2018-ci ildə fəaliyyətə başlamış və mövsüm ərzində 2823 ton yaş tütün qəbul etmiş, emal prosesindən sonra  392 ton quru tütün əldə edilmişdir.

     Fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı görülən tədbirlər tarixən qərzəkli meyvəçiliyin, o cümlədən fındıqçılığın yaxşı inkişaf etdirildiyi rayonumuzda əhalinin bu sahəyə marağını artırmışdır. Ötən ildə Son üç  ildə 4278 hektar sahədə isə 1010 hektar sahədə fındıq bağları salınmış və  bağların ümumi sahəsi 9944 hektara çatdırılmışdır. Bağlardan 6,2 min ton fındıq tədarük edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə    900  ton və ya 17,0 faiz çoxdur. Cari ildə daha 700 hektar sahədə  fındıq pöhrələri əkilməklə yeni salınan bağların sahəsinin 5 min hektara çatdırılması nəzərdə tutulur.

    Ötən dövr ərzində əkin sahələrinin suvarılmasının  təşkili ilə bağlı suvarma kanallarında  443 min kub metr həcmində təmizləmə işləri aparılmışdır. Mazım-Tuqay, Balakən-Tuqay suvarma kanalları, eləcə də Talalar, Katex, Püştətala, İtitala, Şambul və Meşəşambul  kəndlərinin ərazilərində mövcüd kanallar tam təmizlənərək onların su ötürmə qabiliyyəti yaxşılaşdırılmışdır. Balakən çayda Mahamalar kəndinin sel sularından müdafiəsi üçün qurulmuş daş-beton bəndlərdə 680 kub metr həcmində cari, 241 kub metr həcmində isə əsaslı təmir işləri görülmüşdür.

     Qanıx çayının yatağını şimala--rayonun ərazisinə doğru dəyişməsi prosesinin qarşısının alınması məqsədilə tərəfimizdən Nazirlər Kabineti qarşısında qaldırılmış təklif əsasında çayda  ümumilikdə 2445 p/metr məsafədə sahilbərkitmə işlərinin  görülməsi nəzərdə tutulmuş, hesabat dövründə 330  p/metr  məsafədə iş görülmüşdür və həmin işlər cari ildə də davam etdiriləcəkdir.

     “Aqrolizinq” ASC-nin rayon nümayəndəliyi tərəfindən istehsalçıların texnikaya, mineral gübrələrə,  pestisidlərə olan tələbatının  ödənilməsi sahəsində zəruri işlər görülmüş, 500 ha sahədə əkin, 1200 ha sahədə biçin işləri aparılmış, 2068,15 ton mineral gübrənin 70% güzəştlə məhsul istehsalçılarına satılması təmin edilmişdir. Lakin mövsüm ərzində gübrə və kənd təsərrüfatı  texnikasına tələbatla bağlı istehsalçıların haqlı narazılığı yaranır. Belə narazılıqların yaranmaması üçün “Aqrolizinq” ASC-nin rayon nümayəndəliyi təsərrüfatçılarla müqavilələrin əvvəlcədən bağlanmasını və sifarişlərin tələbata uyğun verilməsini təmin etməlidir.

    Ötən ildə heyvandarlıq məhsullarının istehsalının artırılması, mal-qaranın cins tərkibinin və yem bazasının yaxşılaşdırılması sahəsində zəruri tədbirlər görülmüş,  01 dekabr 2018-ci il vəziyyətinə iribuynuzlu mal-qaranın sayı 36888 baş, ana malın sayı 17697 baş, xırdabuynuzlu malın sayı 38527 baş olmuşdur. İl ərzində ət istehsalı 5048 ton,  süd istehsalı 21,0 min  ton, yumurta istehsalı 9,6 milyon ədəd, yun istehsalı 76,8 ton, bal istehsalı 94 ton olmuşdur. 2017-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 6,0 %  süd istehsalı 1,3 %, yumurta istehsalı 4,2 %,   bal istehsalı 2,3 dəfə artmış,  yun istehsalı isə eyni qalmışdır. Təhlillər göstərir ki, hesabat dövründə  mal-qaranın baş sayı  azalsa da, məhsul istehsalında artım müşahidə olunur. Bu da heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın artması hesabına olmuşdur. Bal istehsalı üzrə göstəricinin kəskin artmasının səbəbi isə arı ailələrinin uçotunun dəqiqləşdirilməsi ilə bağlıdır.

     Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Sərəncamının icrası ilə əlaqədar süni mayalanma yolu ilə doğulmuş 1219 buzova görə 1118 təsərrüfat sahibinə 121,9 min manat, “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Sərəncamının icrası ilə əlaqədar 879 arıçıya 24420 ədəd arı ailəsinə görə 244,2 min manat subsidiya hesablanmış və ödənilmişdir. Məlumat üçün bildirirəm ki, Balakən respublikanın ən çox arı ailələrinin saxlanıldığı rayonlarından biridir.

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarları ilə təsdiq edilmiş “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”na uyğun olaraq 2017-ci ildə tütün istehsalçılarının emal müəssisələrinə satdıqları yaş və quru tütünün miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına 75 istehsalçıya 13,7 min manat, “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na uyğun olaraq 4378,73 ha əkin sahəsinə görə 2652 istehsalçıya 249,2 min manat yardım  hesablanmış və kart hesablarına köçürülməklə ödənilmişdir.

      2018-ci ildə tütün əkmiş 66 istehsalçıya subsidiyanın verilməsi yaxın günlərdə təmin olunacaqdır.

     Beləliklə, ötən dövr ərzində rayon üzrə bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçılarına pul ifadəsində göstərilən dövlət dəstəyi cəmi  619,1 min manat olmuşdur.

      Ötən dövrdə rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə dövlət, bələdiyyə və xüsusi mülkiyyət torpaqlarından istifadənin vəziyyəti  mütəmadi olaraq öyrənilmiş, torpaqlardan təyinatı üzrə istifadə etməyənlərə ciddi xəbərdarlıq edilmişdir. Rayonda torpaq ehtiyatlarından istifadənin təşkil olunması, təyinatına uyğun istifadə edilməyən  kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilməli, Katex, Hənifə və Qullar kəndlərində vətəndaşlar tərəfindən örüş sahələrinin qeyri-qanuni zəbt olunması hallarına son qoyulmalıdır.

 

      Rayonda meyvəçiliyin inkişafını stimullaşdırmaq, rəqabət qabiliyyətli və ixrac yönümlü yerli məhsulların xarici bazarlarda satışını təşviq etmək, xurma və ondan hazırlanan məhsulları nümayiş etdirmək üçün ötən ilin 27-28 oktyabr tarixlərində  ikinci Beynəlxalq “Xurma” festivalı keçirilmişdir. Çoxlu sayda qonağın iştirak etdiyi festival milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, həmçinin rayonda istehsal olunan digər kənd təsərrüfatı məhsullarının təbliğində önəmli rol oynayır.

   Hesabat ilində rayonun Talalar kənd sakini Cumayev İmran Ələkbər oğlu kənd təsərrüfatının inkişafında xidmətləri olan fermer kimi ölkə Prezidenti cənab İlham Əliyevin  25 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur. Cənab Prezidentin İmran Cumayevin şəxsində bütün balakənlilərin əməyinə verdiyi qiymət olan  bu mükafat yığıncağın sonunda sahibinə təqdim olunacaqdır.

   2018-ci ildə Balakən 2 saylı regional “ABAD” Mərkəzi ilə əməkdaşlıq edən ailələrin sayı artırılaraq 24-ə çatdırılmışdır. Onlardan 13-ü qida istehsalı, 11-i isə dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fəaliyyət göstərir.

    Ötən müddət ərzində  “ABAD”-çılar tərəfindən 3 növ pendir, 2 növ kolbasa, 21 növ mürəbbə-cem məhsullarının istehsalı təşkil edilərək Bakı şəhərində iri marketlərdə satışa çıxarılmış, həmçinin, “Balxurma” MMC ilə bağlanmış müqaviləyə əsasən şirkətin istehsal etdiyi xurma məhsullarının satışına dəstək göstərilmişdir.

    2018-ci ildə rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilmiş, şəhərdə 23 çoxmənzilli yaşayış binasında və binaların həyətlərində təmir işləri aparılmışdır.

     Ötən dövr ərzində respublika və yerli əhəmiyyətli avtomobil yollarında asfalt-beton qarışığı ilə 5858 m2,  qum-çınqıl qarışığı ilə 316,4 min m2 sahədə təmir işləri  aparılmışdır. Şəhərin  15 küçəsində 34000 kvadrat metr sahədə asfalt örtüyü çəkilmiş, 18 küçədə 2100 kvadrat metr sahədə çala təmiri işləri görülmüşdür.

    “Heydər parkı”nda   2600 kvadrat metr ərazidə tamet  tava, 226 ədəd işıq dirəyi və gecə işıqlandırılması lampaları dəyişdirilmiş, 2200 p/metr su xətti təmir olunmuşdur. 

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə tikilən Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 29 km olan Balakən-Mazımçay hissəsinin tikintisi davam etdirilmiş, yolboyu körpülər yenidən qurulmuş, avtobus dayanacaqları, su və kommunikasiya keçidləri, yol nişanları və istiqamətləndirici lövhələrin quraşdırılmasına  başlanılmışdır. Yolun tikintisi ilə əlaqədar olaraq şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya xətləri dəyişdirilmişdir.

      18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirənBalakən-Qazbinə-İtitala avtomobil yolunun Qaracabinə, Mollaçıbinə, Qarahacılı, İtitala kəndlərinin ərazisindən keçən hissəsində  9,2 km uzunluğunda 2 laylı  asfalt-beton örtük tikilmiş, 61 p/m uzunluğunda yeni suötürücü borular quraşdırılmışdır. Hazırda Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi davam edir.

    9 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunda isə uzunluğu 24,4 km olan 2 laylı 144925 m2 asfalt-beton örtük quraşdırılmış, 317,5 p/m yeni suötürücü borular düzülmüşdür.  Hazırda yolun inşası davam etdirilir.

   2018-ci ildə  ümumilikdə 62,6 km avtomobil yolu yenidən salınmışdır ki, bu da rayonun tarixində rekord göstəricidir.

     Ötən ildə  Şərif kəndində inşa edilən 360 şagird yerlik tam orta məktəbin tikintisi başa  çatdırılmış və məktəb şagirdlərin istifadəsinə verilmişdir. 320 şagird yerlik uşaq incəsənət məktəbinin tikintisi başa çatdırılmış, mərkəzi xəstəxanada, 130 yerlik Qullar uşaq bağçasında təmir işləri aparılmışdır. Şəhərin Heydər Əliyev prospektində “ASAN xidmət” mərkəzinin üç mərtəbəli inzibati binasının tikintisinə başlanılmışdır.

     Hesabat dövründə 13 nəfərə sahibkarlıq obyektinin tikintisinə icazə verilmiş, 4 nəfər qeyri-yaşayış binasında yenidənqurma işlərinə başlamış, 19 nəfər isə yaşayış evi tikmək üçün layihə təqdim etmiş və məlumatlandırma icraatında həll edilmişdir.

     Ötən dövrdə yerli bələdiyyələrin vəsaiti hesabına 104 km uzunluğunda kəndarası yollara qum-çınqıl döşənmiş,  11,6 km uzunluğunda su kanalları və arxlar təmir edilmiş, 3,4 km uzunluğunda yeni içməli  su xətti çəkilmiş, 9 su keçidi tikilmiş və ya təmir edilmiş, abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

    2018-ci ildə elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması məqsədilə 5 yeni transformator məntəqəsi istismara verilmiş, 48 transformator təmir edilmiş, Kortala kəndində 3,2 meqavat gücündə 35/6 kvt-luq yarımstansiya tikilmişdir. Yuxarı və aşağı gərginlikli elektrik xətləri üzrə 517 dəmir-beton və metal dayaq yenisi ilə əvəz olunmuş, elektrik verilişi xətləri 34,0 km məsafədə  “SİP” xətlə  çəkilmiş,  28,0 km məsafədə təmir edilmişdir.

    Qeyd olunmalıdır ki, RİH-nə daxil olan vətəndaş müraciətləri içərisində elektrik xətt təsərrüfatında mövcud olan çatışmazlıqlar və problemlər barədə müraciətlər üstünlük təşkil edir. Xidmət təşkilatı vətəndaş müraciətlərinə həssaslıqla yanaşmalı, baş verən qəzaların qısa müddətdə aradan qaldırılması istiqamətində işini qurmalıdır.

    Hesabat dövründə əhalinin  qaz, su və istiliklə  təchizatının yaxşılaşdırılması  sahəsində xətlərdə zəruri təmir işləri aparılmış, yaranmış problemlər qısa müddətdə aradan qaldırılmışdır.

     Əhalinin içməli və suvarma  suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə su anbarları, magistral və şəhər su xətləri təmir olunmuş, şəhərin Ə. Ansuxski və N.Nərimanov küçələrində 924 p/m magistral su xətləri dəyişdirilmiş, kəndlərdə  doqquz artezian quyusu qazılmış, beş subartezian quyusunda təmir işləri aparılmışdır. Eyni zamanda, Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə Hənifə və Mahamalar kəndlərində  2 artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilmişdir.

  Ölkədə sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasıdır. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri də   özünüməşğulluq proqramıdır. Özünüməşğulluq proqramı dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla özünüməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. 2018-ci ildə özünüməşğulluq proqramı çərçivəsində rayon üzrə 210 ailənin mənzil-məişət şəraitinə baxış keçirilmiş, onlardan  110 ailə xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün mal və materiallarla təmin edilmişdir.

   Hesabat dövründə rayonun  ümumtəhsil məktəblərində təlimin keyfiyyət göstəricilərini əks etdirən  məlumatların təhlili göstərmişdir ki, tədris ilinin sonunda  rayon üzrə biliyi qiymətləndirilən şagirdlərin 99,8 faizi müvəffəq qiymət almışdır. Şagirdlərin ibtidai təhsil səviyyəsində   30 faizi, ümumi orta təhsil səviyyəsində 14,6 faizi, tam orta təhsil səviyyəsində isə 12,5 faizi tədris ilini əla qiymətlərlə başa vurmuşlar. Məzunlardan 15  nəfəri ümumi orta təhsil haqqında,  21 nəfəri isə tam orta təhsil haqqında fərqlənmə attestatı almışdır.

     Tam orta məktəblərin fəaliyyətinin  qiymətləndirilməsinin  əsas göstəricilərindən biri  ali məktəblərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarında  məzunların əldə etdiyi nəticələrdir. 2018-ci ildə tam orta məktəb pilləsini  bitirənlərin 336 nəfəri qəbul imtahanlarında biliklərini sınamış, onlardan 235  nəfər  tələbə adını qazanmışdır.  17 nəfər məzun  600-dən yuxarı,  37  nəfər isə 500-dən 600-ə qədər bal toplamışdır. 2018-ci ildə ali məktəblərə qəbul olunanlar bütün  məzunların  31,3 faizini, sənəd verənlərin isə  70,0  faizini təşkil edir.

      Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən 12 noyabr-Konstitusiya gününə həsr edilmiş “Hüquqi dövlətin əsasları” mövzusunda keçirilən  hüquq olimpiadasında rayonumuzun məktəbliləri  zona üzrə I nəticə göstərmişlər. Konstitusiya Məhkəməsinin indiyə qədər  keçirdiyi olimpiadalarda  ilk dəfə olaraq humanitar və texniki təmayüllü liseyin  şagirdi  Nihat Şindiyev 100 sualın hər birinə doğru cavab vermişdir. Hüquq olimpiadasının iştirakçıları RİH tərəfindən  qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

     Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində rayon ümumtəhsil məktəblərinin təhsildə və ictimai işlərdə fərqlənən şagirdlərinin 2018-ci ilin mart və noyabr aylarında Gəncə-Şəmkir-Göygöl və Lənkəran-Masallı-Astara rayonlarına səfərləri təşkil edilmişdir.

     Ötən dövr ərzində əhaliyə tibbi xidmətlərin göstərilməsi sahəsində rayon əhalisinin kütləvi tibbi müayinədən keçirilməsi, həmçinin, uşaqların icbari müayinəsi təşkil olunmuşdur.

     Rayon  ərazisində  sanitar gigiyenik nəzarətdə olan obyektlərdə profilaktik tədbirlər həyata keçirilmiş, əhali arasında xüsusi təhlükəli infeksiyalar qeydə alınmamışdır.

       Mərkəzi rayon xəstəxanası əhali arasında sağlam həyat tərzi və mütəmadi olaraq tibbi müayinədən keçmənin əhəmiyyətinin aşılanması, sakinlərin tibbi maarifləndirilməsi işini həyata keçirməlidir. Həmçinin, əhalinin tibbi müayinəsi zamanı aşkar edilən xəstəliklərin artma səbəbləri öyrənilməli, xəstəliklərin vaxtında aşkarlanmasına, ictimaiyyətin bütün təbəqələrinin tibbi müayinədə iştirakının təmin edilməsinə, fiziki cəhətdən məhdud imkanlı və yaşlı nəslin nümayəndələrinin  yerində müayinəsinin təşkilinə, şagirdlər arasında spesifik xəstəliklərin ilkin əlamətlərinin aşkara çıxarılmasına xüsusi diqqət ayırmalıdır. Xüsusilə məktəb yaşlı uşaqların onurğa problemləri narahatçılıq doğuran məsələlərindən biri olduğu üçün bu istiqamətdə maarifləndirmə, təbliğat-təşviqat işlərin aparılması vacibdir. Uşaqlarda rast gəlinən xəstəliklərlə bağlı bütün ümumtəhsil məktəblərində müəllimlərin və valideynlərin iştirakı ilə  maarifləndirmə tədbirləri həyata keçirilməlidir.

       Rayon Gigiyena və Epidemiologiya Mərkəzi rayonda fəaliyyət göstərən otellərin, restoranların, müxtəlif iaşə və digər xidmət sahələrinin, xüsusən də həmin obyektlərdə mövcud sanitar qovşaqların vəziyyətinin yoxlanılaraq araşdırılması, sanitar-texniki, sanitar-gigiyenik norma və tələblər nəzərə alınmaqla zəruri tədbirlərin həyata keçirilməsində yaxından iştirak etməli, müəyyən edilmiş normalara uyğun olmayan ictimai iaşə obyektlərinin rəhbərlərinə müvafiq tövsiyələr verməlidir.

    2018-ci il şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuşdu. Yubiley ili ilə əlaqədar  RİH tərəfindən  hazırlanmış tədbirlər planına uyğun müvafiq işlərin görülməsi üçün rayon təhsil şöbəsinə, mədəniyyət müəssisələrinə, Gənclər və İdman İdarəsinə, ümumtəhsil məktəblərinə tapşırıqlar verilmişdir. Tədbirlər planına uyğun olaraq müvafiq qurumlar tərəfindən məktəblilər və gənclər arasında müxtəlif idman və bilik  yarışları, rəsm və inşa müsabiqələri təşkil edilmiş, Heydər Əliyev Mərkəzində, rayon ümumtəhsil məktəblərində, mədəniyyət müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar güşələr yaradılmış, tədbirlər keçirilmişdir.

       2018-ci il ərzində keçirilən 36 rayon səviyyəli idman yarışları və birinciliklərdə  4091 idmançı iştirak etmişdir.

      Hesabat dövründə rayonumuzun idmançıları 35 respublika səviyyəli birincilik, çempionat və turnirlərdə iştirak etmişlər. Həmin yarışlarda idmançılarımız 16 dəfə I yer, 3 dəfə II yeri və 4 dəfə III yeri tutmuş, ümumilikdə 23 medal qazanmışlar.

      Boksçumuz Məhəmməd Yusifov 2018-ci ilin fevral ayında Belorusiyada keçirilən beynəlxalq turnirdə I yeri, Litvada keçirilən beynəlxalq turnirdə isə III yeri tutmuşdur.

       Ötən müddət ərzində  gənclərlə iş üzrə 43 tədbir keçirilmiş və həmin tədbirlərdə 2353 gənc iştirak etmişdir.

       Hesabat dövründə rayon büdcəsinin ümumi gəlirləri 102,7 faiz, cari gəlirləri isə 108,5 faiz yerinə yetirilmişdir. Yerli gəlirləri və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 92,5 faiz təşkil etmiş, yerli xərclər  96,0 faiz  icra olunmuşdur.         

      2018-ci ildə rayon polis şöbəsi tərəfindən 166  cinayət hadisəsi qeydə alınmış, onlardan  94,3 %-nin üstü açılmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin sayı  30 fakt azalmışdır.

      Narkotiklərlə bağlı 55 cinayət faktı aşkar olunmuş, onlardan 17 fakt  əkib- becərmə  ilə bağlı olmuşdur.  Müvafiq dövrdə 19 yol nəqliyyat hadisəsi baş vermiş, bu zaman  3 nəfər dünyasını dəyişmiş, 19 nəfər isə xəsarət almışdır.

       Ötən ildə RİHB yanında Suranın 23 yığıncağı kecirilmiş, bu yığıncaqlarda  müxtəlif sahələr üzrə 43  məsələ müzakirə olunmuşdur.

           RİH başçısı tərəfindən aparatda 491 nəfər vətəndaş qəbul edilmiş, əvvəlki illə müqayisədə qəbula gələn vətəndaşların sayı 6 nəfər azalmışdır.

 RİHB aparatına vətəndaşlardan 635 yazılı müraciət daxil olmuş, əvvəlki illə müqayisədə müraciətlər 36 ədəd və ya 6,0 % artmışdır. Daxil olan vətəndaş müraciətlərinin 97,6 %-nə (yəni 620 müraciətə) bilavasitə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri tərəfindən baxılmışdır.

          Hesabat dövründə RİHB aparatına 42 ədəd təkrar, 84 ədəd kollektiv müraciət, yuxarı orqanlardan  307 ədəd, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 248 ədəd müraciət daxil olmuşdur. Yuxarı orqanlardan daxil olan müraciətlər əvvəlki illə müqayisədə 72 ədəd və ya 30,6 %, Prezident Administrasiyasından daxil olan müraciətlər isə 45 ədəd və ya 22,2 % artmışdır.

          Ötən illə müqayisədə müraciətlərin sayinin xeyli artmasına tələblərinin icrasının mümkünsüz  və ya əsassız  olması barədə dəfələrlə izahat verilməsinə və cavablandırılmasına baxmayaraq 10 nəfər vətəndaş tərəfindən  ümumilikdə 64 müraciətin ünvanlanması səbəb olmuşdur.

       Daxil olan müraciətlərin ərazilər üzrə təhlili göstərir ki, hesabat dövründə ən çox müraciətlər  Balakən şəhərindən (133  əd.), Qazma kəndindən (48 əd), Katex  kəndindən (44 əd.), Qullar kəndindən (42),  Gərəkli  və Talalar kəndlərinin hər birindən (35 əd.),  ən az müraciət isə Meşəşambul kəndindən ( 6 əd.), İtitala kəndindən ( 8 əd.), Qaysa kəndindən ( 9 əd.), Püştətala kəndindən ( 10 əd.) daxil olmuşdur.

        Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 2018-ci ildə nəzarət qaydasında göndərilən 12 müraciətə vaxtında və obyektiv baxılmaqla Prezident Administrasiyasına və müraciət müəlliflərinə cavab verilməsi təmin edilmişdir.

        Hesabat dövründə  RİH  başçısı tərəfindən rayonun qəsəbə və kəndlərində 40 səyyar qəbul-görüş keçirilmiş, bu görüşlərdə  2510 nəfər  əhali iştirak etmiş, 182 nəfər vətəndaş tərəfindən 194 təklif və tənqidi qeydlər söylənilmişdir. Həmin görüşlərdə elektrik verilişi xətlərinin yenidən qurulması və enerji təchizatının yaxşılaşdırılmasl barədə irəli sürülən 48 təklif prioritet təşkil edir. Əhalinin icməli su təchizatı, artezianların qazılması barədə 30 təklif, kənd yollarının təmirinə dair 25 təklif irəli sürülmüşdür ki, bu təkliflər də müvafiq olaraq  ikinci və üçüncü dərəcəli  sosial-iqtisadi problemlər kimi qeyd edilməlidir.

       Səyyar qəbullarda söylənilmiş təklif və tənqidi  qeydlərin 87-si tam, 29–u  qismən icra olunmuş, 78 təklifin icrası cari və növbəti illər üçün perspektiv tədbirlər siyahısına daxil edilmişdir.

      Hesabat dövründə rayon ərazisində milli-mənəvi dəyərlərin təbliğ edilməsi, radikal dini təsirlərin törətdiyi fəsadlara qarşı gənclərin maarifləndirilməsi ilə bağlı silsilə tədbirlər keçirilmişdir. Görüşlərdə iştirakçılara qeyri-ənənəvi, zərərli cərəyanlar, onların yaranma tarixi, ölkəmizdəki fəaliyyəti, mövcud ictimai-siyasi, dini sabitliyin qorunmasında onlara qarşı mübarizənin əhəmiyyəti ilə bağlı məlumat verilmişdir.

       Xarakterizə olunan dövrdə gənclərin radikal dini fikirlərdən və dini ekstremizmdən çəkindirilməsi məqsədilə hüquq mühafizə orqanları və QHT tərəfindən müxtəlif görüşlər təşkil edilmiş, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” və  “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda ikigünlük regional konfranslar keçirilmişdir.

      Ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci iIin yekunlarına dair iclasındakı yekun nitqində vergi-maliyyə intizamının gücləndirilməsinin, uçot sisteminin təkmilləşdirilməsinin prioritet olduğunu qeyd etmiş, cari ildə infrastrukturla bağlı çox önəmli yeni layihələrin – içməli su, qazlaşma, yol tikintisi, elektrik enerjisi ilə təminat sahəsində layihələrin icra ediləcəyini, sahibkarlığın, sənaye potensialının inkişafı sahəsində əlavə addımlar atılacağını bildirmişdir. Cənab Prezident qeyri–neft sektorunun, xüsusilə kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi sahəsində müsbət irəliləyişin davam etdirildiyini, elektron kənd təsərrüfatı sisteminin işə düşməsinin vacibliyini,  biznesin inkişafına təkan verilməsinin, özəl sektorun inkişafına yönəldilmiş əməli tədbirlərin icrasının, həmçinin, idarəetmənin təkmilləşdirilməsinin, turizmin, nəqliyyat sektorunun inkişaf etdirilməsinin  əhəmiyyətini xüsusi vurğulamışdır. 

      Ölkə Prezidentinin aqrar sahənin inkişafı sahəsində müəyyən etdiyi vəzifələrin yerinə yetirilməsi üçün  2019-cu ildə kənd təsərrüfatı məhsulunun istehsalı sahəsində qarşıya qoyulmuş hədəflərin icrasına nail olmalıyıq. Cari ilin məhsulu üçün 535 ha sahədə tütün əkiləcəkdir. Ondan 450 hektarı virciniya, 75 hektarı ənənəvi yerli növ, 10 hektarı isə berley növləridir. Bu il tütün istehsalı sahəsində hər hektardan məhsuldarlığın artırılmasına, xüsusilə diqqət yetiriləcəkdir. Bunun üçün məhsuldar sahələrin seçilməsi, istixanaların  qurulması işlərinin vaxtında başa çatdırılması, əkinlərə düzgün aqrotexniki qulluq göstərilməsi, məhsulun vaxtında və itkisiz toplanması təmin edilməlidir. Məhsuldarlığa bir başa təsir edən amillərdən biri torpaqların düzgün seçilməsidir. Bunun üçün torpaq sahələrinin analizə göndərilməsi işi ilk növbədə təmin olunmalıdır. Analizin nəticəsinə uyğun gübrələrin verilməsi təmin olunmalıdır. Sahələr seçilərkən “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin aqronomları ilə mütəmadi əlaqə saxlanılmalıdır.

      Aqrar sektorda aparılan işlər, o cümlədən, əkin və örüş sahələrinin səmərəli istifadəsinin təşkili, təyinatına uyğun istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsinə, o cümlədən qeyri-qanuni fəaliyyət göstərən balıqçılıq göllərinin ləğv olunmaqla torpağın əvvəlki vəziyyətinə qaytarılmasına  nəzarət tədbirlərinin görülməsi davam etdirilməlidir. Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Komissiya bu sahəyə nəzarəti daha da artırmaqla  torpaq sahələrinin qanunsuz istifadəsi hallarının azaldılmasını təmin etməlidir.

     Baramaçılıq sahəsində cari ildə hədəfimiz 50 ton barama istehsalıdır. Bunun üçün həm mövcud yem bazasından tam istifadə etməli, həm də son illərdə əkilmiş  tinglərə aqrotexniki qulluq göstərilməlidir.

      Yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından müdafiəsi üçün çaylarda daş-beton bəndlərin tikintisi davam etdirilməli, kənd təsərrüfatı bitkilərinin müntəzəm suvarılması üçün mövcud kanallar təmizlənməli, yeni kanallar qazılmalıdır. Torpağın münbitliyinin qorunması daim diqqət mərkəzində saxlanılmalı, sahələrin kənarlarına qoruyucu zolaq kimi əkilmiş ağaclar becərilməlidir.

         Rayonda  əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün xətt təsərrüfatının yenidən qurulmasına ehtiyac vardır. Bu sahədə başlanan işlər davam etdirilməli,  elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması üçün ilk növbədə yaşayış məntəqələrində tələbata uyğun transformator məntəqələri quraşdırılmalı, Kortala kəndində tikilən yarımstansiyanın istismara verilməsi sürətləndirilməlidir. Bu yarımstansiyanın istifadəyə verilməsi Kortala, Püştətala və İtitala kəndlərinin elektrik enerjisi ilə təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. 

      Son illərdə  şəhər ərazisində yerləşən bütün kommunal binaların dam örtüyü və fasadının  təmiri işləri  əsasən başa çatdırılmışdır. Keçirilən qəbullarda şəhər sakinləri çoxmənzilli binaların həyətlərində abadlıq işlərinin aparılmasının davam etdirilməsini, həyətlərin işıqlandırılmasını xahiş edirlər. 2019-cı ildə yerli büdcənin vəsaiti hesabına, həmçinin, şəhər bələdiyyəsinin imkanlarını səfərbər etməklə əhalidən daxil olan sosial sifarişlərin icrası istiqamətində işlər aparılacaqdır. 

      Küçələrdə yeni asfalt örtüyünün  tikilməsi və mövcud örtüyün  təmiri işləri, Balakən-Qazbinə-İtitala və Balakən-Hənifə-Gülüzanbinə yolunun  tikintisi davam etdiriləcəkdir.

     320 şagird yerlik Uşaq İncəsənət məktəbi istifadəyə veriləcək, “ASAN xidmət” mərkəzinin tikintisi  başa çatdırılacaqdır.

       Ititala və Tülü kənd körpələr evi-uşaq bağçalarında, mərkəzi xəstəxanada, məktəblərdə, “Heydər” parkında büdcə vəsaiti hesabına əsaslı və cari təmir işləri  aparılacaq, abadlıq və quruculuq işləri, su və elektrik xətlərinin təmiri, ekoloji  və digər tədbirlərimiz davam etdiriləcəkdir.

        Nazirlər Kabinetində keçirilən müşavirədəki yekun nitqində ölkə başçısı cənab Ilham Əliyev 2019-cu ili dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə  “Nəsimi ili” elan etmişdir.  Bu, ölkə Prezidentinin Azərbaycan mədəniyyətinə ədəbiyyatına, verdiyi yüksək dəyərin növbəti göstəricisi, dahi şairin əziz xatirəsinə ehtiram nümunəsidir.

        Ölkə Prezidenti bildirmişdir ki, hesabat  ilində üçüncü Dövlət Proqramının icrası uğurla başa çatmış və bu il dördüncü Dövlət Proqramı qəbul ediləcəkdir. Dördüncü Proqramda bu gün hələ həyata keçirə bilmədiyimiz tədbirlər öz əksini tapacaqdır ki, qarşıda duran bütün problemlər həll olunsun. 2019-cu ildə biz sosial-iqtisadi həyatın bütün sahələrində  inkişaf tempini qoruyub saxlamalı,  qarşımıza qoyulan vəzifələrin icrası, əldə olunan nəticələrin qorunub saxlanması üçün qüvvə və bacarığımızı əsirgəməməliyik.

         

 

Keçidlər