Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci il üzrə hesabat

 

       

Balakən rayonu üzrə 2015-ci ildə sosial-iqtisadi sahədə görülən işlərə  dair

 Hesabat

12 oktyabr  2015-ci ildə ölkə prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin doqquz ayının  yekunlarına həsr olunmuş müşavirəsi keçirilmişdir. Həmin müşavirədə cənab Prezident bildirmişdir ki, cari ilin ötən dövrü ərzində qarşıya qoyulan vəzifələr uğurla icra olunmuş, ölkəmizin təhlükəsizliyi təmin edilmiş, iqtisadi və sosial proqramlar icra olunmuş, ictimai-siyasi vəziyyət sabit qalmışdır. Ümumi daxili məhsul istehsalı 3,7 faiz, qeyri-neft sektoru isə 10 faizdən çox artmışdır. İnflyasiya 3,7 faiz təşkil etmiş,  ilin əvvəlindən ölkəmizə 16 milyard dollar sərmayə qoyulmuşdur ki, onun da 9 milyard dolları daxili investisiyalardır. Azərbaycan xarici investorlar üçün də cəlbedici ölkə kimi qalmış, dünyada və bölgədə müşahidə olunan ağır iqtisadi vəziyyətə baxmayaraq iqtisadiyyata 7 milyard dollar xarici investisiya cəlb olunmuşdur.

              Dövlət başçısı bildirmişdir ki, Dünya İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə artıq 40-ci yerdə, MDB ölkələri arasında isə birinci yerdə qərarlaşmışdır.

      Qeyd olunmalıdır ki, 9 aylıq hesabatını verdiyimiz  2015-ci il Azərbaycan Respublikası  Prezidentinin Sərəncamı ilə “kənd təsərrüfatı” ili elan olunmuş və bununla bağlı dövlət tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi və eləcə də istehsalçıların maddi-marağının artırılması sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Cənab Prezidentin “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 15 aprel 2015-ci il tarixli 1175 nömrəli sərəncamı ilə kənd təsərrüfatı istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların məbləği 50 manata çatdırılmış, mineral gübrələrin satışında güzəştlər artırılmış, təkrar əkinlərə də yardımlar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi haqqında” qərarına uyğun olaraq cari ilin cari ilin 1-30 iyun tarixlərində kənd təsərrüfatının siyahıyaalınması keçirilmişdir.

Hesabat dövründə kənd təsərrüfatı sahəsində görülən  işlərin gedişinə operativ nəzarət olunmuş, texniki təminatın yaxşılaşdırılması istiqamətində görülən işlər  özünün müsbət səmərəsini vermiş və əkin sahələrinin 2,2 % artırılması mümkün olmuşdur.

Rayonda 12333 ha sahədə payızlıq və yazlıq bitkilər əkilmiş, sahələrdən 1144 ton cəmi məhsul, o cümlədən 367 ton buğda, 777 ton arpa məhsulu götürülmüşdür.  Taxılın məhsuldarlıq göstəricisi 24,7 sentner olmuşdur ki, bu da əvvəlki ilin səviyyəsindən 9,9 sentner çoxdur.

Təsərrüfatlarda 11870 ha sahədə yazlıq bitkilər əkilmişdir. Onun 7101 hektarı qarğıdalı, 378 hektarı lobya, 2041 hektarı  tərəvəz, 312 hektarı bostan, 887 hektarı kartof, 1151 hektarı yonca sahələri olmuşdur. Təsərrüfatlarda 21,3 min ton tərəvəz, 8,2 min ton kartof, 3,2 min ton bostan, 701 ton lobya və digər məhsullar istehsal istehsal olunmuşdur. Hal-hazırda qarğıdalı, tərəvəz və meyvə istehsalı davam etdirilir.  Qeyd olunmalıdır ki, rayonumuz  qarğıdalı məhsulunun  həm əkin sahələrinə görə, həm də istehsal olunan  məhsulun həcminə görə son 4 ildə  respublikada liderliyini qoruyub saxlayır.  Bu isə öz növbəsində məhsul istehsalçılarını  həvəsləndirir  və balakənlilər hər il məhsul bayramını qeyd edirlər.

Hesabat  dövründə bitkiçiliklə yanaşı heyvandarlığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, iri və xırda buynuzlu mal-qaranın baş sayının, ət və süd istehsalının artırılmasına nail olunmuşdur. Qazbinə kəndində yaradılmış heyvandarlıq fermasında  ətlik heyvandarlığın, həmçinin quşçuluğun inkişaf etdirilməsi istiqamətində işlər görülmüşdür.

Rayonda son illərdə meyvəçiliyin inkişaf etdirilməsinə, yeni intensiv bağların salınmasına diqqət artmaqdadır. Əvvəlki illərdə salınmış 183 ha intensiv meyvə bağlarına qulluq göstərilmiş və məhsul istehsalının artırılması üçün əlavə tədbirlər görülmüşdür.

Bütövlükdə 2015-ci ilin 9 ayında rayonda 52,9 milyon manatlıq kənd təsərrüfatı məhsulu  istehsal edilmişdir ki, bu da  əvvəlki ilə nisbətən 3,9 milyon manat və ya 8 faiz çoxdur. İstehsal olunan məhsulun 60,9 faizi bitkiçilik, qalan 39,1 faizi  isə heyvandarlıq məhsullarının payına  düşmüşdür.

Hesabat dövründə rayonda dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən istifadənin səmərəliliyinin artırılması istiqamətində zəruri işlər görülmüş, bələdiyyə mülkiyyətində olan 338,5 ha mövsümi, dövlət mülkiyyətində olan 45 ha sahə əkinçilik məqsədləri üçün uzunmüddətli icarəyə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin  “ Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamının icrası ilə əlaqədar 2015-ci ilin ötən dövrü ərzində 2063 nəfər istehsalçıya becərdikləri 5179 ha əkin sahəsinə görə hər hektara 50 manat hesabı ilə cəmi 258,9 min manat yardım hesablanmış, 50  faizi  verilmiş, qalan 50 faizinin verilməsi üçün sənədləşmə işəri görülür.

Ötən dövrdə 665 ton mineral gübrə güzəştli qiymətlə istehsalçılara satılmış, 4 kənd təsərrüfatı texnikası lizinq yolu ilə verilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına kənd təsərrüfatı sahəsinə 8 layihə üzrə 135 min manat kredit ayrılmış, ayrılmış vəsait hesabına 11 yeni iş  yeri yaradılmışdır.

Ötən dövrdə  rayonun fermerləri Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında fəal iştirak etmiş və bu yarmarkalarda 30 ton müxtəlif növ meyvə və tərəvəz məhsullarının satışı təşkil edilmişdir.

 

Hesabat dövründə “İDEA” İctimai Birliyinin həyata keçirdiyi I ümumrespublika yaşıllaşdırma  marafonu tədbirləri çərçivəsində  şəhərin küçə və parklarında, magistral yolun kənarlarında, kəndlərdə 15100 ağac, 500-dən çox qızılgül kolu və 300 ədəd həmişəyaşıl dekorativ bəzək kolları əkilmiş, ağaclara və yaşıllıqlara qulluq göstərilmişdir. Yaşıllaşdırma tədbirinə qoşulan bəzi müəssisə və təşkilatların bu işə yetərincə məsuliyyətlə yanaşmaması səbəbindən yay fəslində əkilən ağacların bir hissəsi qurumuşdur.

Bu günlərdə davam etdirilən ağacəkmə kampaniyasında qurumuş ağacların yeniləri ilə əvəz olunması təmin edilir. Müvafiq dövrdə 20 ha meşə əkini aparılmış, 650 ha meşə əkinlərinə xidmət və 23 ha torpaq hazırlığı işləri görülmüşdür. Bundan əlavə 1,73 ha sahədə tinglik salınmış, hal-hazırda tinglik sahəsinə  aqrotexniki xidmət göstərilir.         

Əhalinin və təsərrüfatların sel sularından müdafiəsi sahəsində Balakənçay sistemində  40 p/m  uzunluğunda daş beton bənd cari təmir edilmiş, çay məcralarında 450 min m3 ,  suvarma kanallarında 97 min m3 həcmində lildən təmizləmə işləri görülmüşdür.

Eyni zamanda, podratçı təşkilatlar tərəfindən Balakənçay sistemində 130 p/m, Katexçay sistemində 100 p/m uzunluğunda daş-beton bəndin tikintisi aparılmışdır. Son illərdə yay mövsümünün quraq keçməsi əkin sahələrinin suvarılmasını vacib edir. Ona görə də suvarma kanallarının təmizlənməsi daim diqqət mərkəzində saxlanılmalı, mövcud suvarma artezianlarından səmərəli istifadə  olunmalıdır.

          Cari ilin 9 ayında rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilmiş, zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş Sarıbulaq kənd uşaq bağçası yenidən tikilərək istifadəyə verilmişdir.          İnternat məktəbinin əsaslı təmiri, kənd təsərrüfatı idarəsinin, rayon polis şöbəsinin, Qabaqçöldə  yanğından mühafizə bölməsinin inzibati binalarının tikintisi davam etdirilir.

          “Balakən-1” kiçik su elektrik stansiyasının tikintisi tamamlanmış, stansiya istismara hazırdır. Şəhərin Z.Əliyeva, A.Ansuxski, C.Məmmədquluzadə küçələrində, Katexkombinat yaşayış məntəqəsində ümumilikdə 15 kommunal yaşayış binasının dam örtükləri dəyişdirilmişdir. Hazırda isə dəmir yolu stansiyası yaxınlığında olan 6 kommunal binanın dam örtükləri dəyişdirilir. Şəhərin Ə. Ansuxski  1 ünvanında yerləşən kommunal binanın həyəti  şəhər bələdiyyəsinin “Nümunəvi məhəllə” layihəsi çərçivəsində abadlaşdırılmışdır.  Həyətdə 2 ədəd talvar  tikilmiş, tamet üzlüklə üzlənmə, səki tikintisi aparılmış, yaşıllaşdırma işləri görülmüş, sakinlərin istirahəti üçün zəruri şərait yaradılmışdır. 

Heydər Əliyev prospektinin Qazbinə və Qullar istiqamətində hasarlar üzlənmiş, yol kənarında bardür və tamet daşları ilə səkilər düzəldilmişdir. Qullar kəndi istiqamətində küçə işıqlandırılması sistemi qurulmuş, Qazbinə kəndi istiqamətində yol kənarlarına torpaq daşınmış, ağaclar əkilmiş, yaşıllıqlar salınmış,  gecə işıqlandırılması sistemi qurulmuşdur.             

Yerli büdcə vəsaitləri hesabına Qabaqçöl qəsəbə və Katex 1 saylı kənd tam orta, Mazımçay kənd ümumi orta məktəblərində, Meşəşambul, Qazma, Püştətala və Katex 2 saylı kənd uşaq bağçalarında, uşaq  yaradıcılıq mərkəzində, Katexkombinat sənətkarlıq evində, mərkəzi və şəhər kitabxanalarında, Gərəkli kənd həkim məntəqələrində  təmir işləri aparılmışdır.

Hesabat dövründə respublika və rayon əhəmiyyətli avtomobil yollarında asfalt-beton qarışığı ilə 7447 kvadrat metr cari təmir işləri aparılmış, şəhərin 11 küçəsində  25321 kvadratmetr sahə asfaltlaşdırılmışdır.

          Ötən dövrdə ümumi sahəsi 5180 m2  olan 37  fərdi yaşayış evi, ümumi sahəsi 900 m2 olan 10 xidmət və sahibkarlıq obyekti tikilərək istifadəyə verilmişdir.      

 Azərbaycan Respublikası Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 25 dekabr  2014-cü il tarixli Sərəncamına əsasən 2015-ci ildə rayonda 7 artezian quyusu qazılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə rayonda artezian quyularının qazılması üçün ayrılmış xüsusi briqada  tərəfindən  Talalar  kəndində 1 artezian quyusu qazılmış, daha bir neçə kənddə də yeni quyuların qazılması nəzərdə tutulur.

Hesabat dövründə payız-qış mövsümünə hazırlıqla bağlı qaz, su və istiliklə  təchizatın yaxşılaşdırılması üçün xətlərdə zəruri təmir işləri aparılmış, yaranmış problemlər qısa müddətdə aradan qaldırılmışdır. Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması sahəsində 15 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, 38  transformator əsaslı, 200-dən çox transformator cari təmir edilmiş, 10 kv-luq xətlərdə 54 ədəd, 0,4 kv-luq xətlərdə  44 ədəd metal dayaq basdırılmış, 8,0 km məsafədə SİP kabel çəkilmiş, əhaliyə verilmiş  elektrik enerjisinin dəyəri  92  faiz,  içməli suyun dəyəri 83,9 faiz, qazın dəyəri 99,8 faiz  ödənilmişdir.

Pensiya və müavinətlərin vaxtlı-vaxtında əhaliyə ödənilməsi təmin edilmiş, ünvanlı sosial yardımla bağlı müraciətlərin obyektiv və şəffaflıq təmin edilməklə həlli diqqətdə saxlanılmış, 1 oktyabr  2015-ci ilə 1448 ailəyə  ünvanlı sosial yardım verilmişdir. Hər ailəyə ödənilən orta aylıq yardım 157 manat təşkil etmiş, ötən dövr ərzində 3619 nəfərə sosial müavinət, 442  nəfərə təqaüd ödənilmişdir.

Əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində Qaracabinə kəndində 64 nömrə tutumlu yeni elektron stansiya quraşdırılmış, xətt şəbəkəsinin tikintisinə başlanılmışdır. Qazbinə kəndində xətt şəbəkəsi qurulmaqla əhaliyə telefon çəkilişi davam etdirilir. Kəndlərdə müxtəlif tutumlu  kabellər təmir olunmuş,  internet istifadəçilərinin sayı 361 nəfər artmış, 70 nəfərə telefon çəkilərək abonent sayı 7570 nəfərə çatdırılmışdır. Kənd elektron telefon stansiyalarında 12  DSLAM  (deslam) avadanlığı quraşdırılmışdır.  

Hesabat dövründə məktəblərdə və məktəbdənkənar uşaq tərbiyə müəssisələrində təlim-tərbiyənin, hərbi vətənpərvərlik işinin keyfiyyətinin yaxşılaşdırılması, xüsusi qabiliyyətli şagirdlərin aşkar edilməsi sahəsində məqsədyönlü iş aparılmışdır.

          Ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada,  Azərbaycan  Respublikası Tələbə Qəbulu üzrə  Dövlət  Komissiyası tərəfindən keçirilmişdir. İmtahanların nəticəsinə əsasən IX sinif üzrə 1087 , XI sinif üzrə isə 756  nəfər şagird müvafiq təhsil sənədi almışdır. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə IX siniflər üzrə imtahanlarda müvəffəqiyyət 4 faiz yüksəlmişdir. Buraxılış imtahanlarında Qazbölük kənd tam orta məktəbin şagirdləri həm IX, həm də XI siniflər üzrə 100 faiz müvəffəqiyyətə nail olmuş, Lisey, Nizami adına şəhər 1 saylı, Qazma 1 saylı, Nəsimi adına şəhər 2 saylı, Qaravəli, Tülü və Katex 1 saylı kənd tam orta məktəbin şagirdləri yüksək nəticə göstərmişlər.

2015-ci ildə tam orta məktəb pilləsini bitirənlərin 355 nəfəri ali məktəblərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında iştirak etmiş, onlardan 219 nəfəri tələbə adını qazanmışdır.  6 nəfər  600-dən,  26 nəfər məzun isə 500-dən yuxarı bal toplamışlar. Cari il üzrə  Liseyin məzunlarından 86%-i, Nizami adına şəhər 1 saylı tam orta məktəbin məzunlarından 53,3%-i, Kortala kənd tam orta məktəbin məzunlarından 61%-i,  Qaravəli kənd tam orta məktəbin məzunlarından 60%-i ali məktəblərə qəbul olunmuşlar. Nizami adına şəhər 1 saylı tam orta məktəbin məzunu Gülay Ömərova qəbul imtahanlarında 695 bal toplayaraq rayonun indiyə qədərki məzunları arasında ən yüksək nəticə göstərmişdir.

          İnformasiya və Kommunikasiya Texnologiyalarının  təhsil müəssisələrində tətbiqi ilə bağlı hazırda  rayonun  47 məktəbində  658 ədəd  və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 26 ədəd çox müasir tipli komputer   vardır.   Ümumtəhsil   məktəblərində    hər  17  şagirdə 1 komputer düşür. 2014-cü ildə isə bu rəqəm 19 şagird təşkil edirdi. 11 məktəbdə 226 komputer sürətli internet şəbəkəsinə qoşulmuşdur.

   Əhaliyə  tibbi xidmətlərin göstərilməsi sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən rayon əhalisinin tibbi müayinədən mütəşəkkil keçirilməsinə rəhbərlik və nəzarəti təmin etmək üçün rayon qərargahı yaradılmış, 02 fevral-30 aprel aylarında əhalinin tibbi müayinəsi  təşkil edilmişdir.

Cari ilin 9 ayı ərzində rayon  xəstəxanalarında   2869 xəstə (2014-cü ildə bu rəqəm 2905 olmuşdur)  müalicə almış, 611 cərrahiyə əməliyatı aparılmışdır. Müvafiq dövrdə 1035 uşaq doğulmuşdur. (Ötən ilin müvafiq dövründə bu rəqəm 1021 olmuşdur). Uşaqların icbari dispanserizasiyası işi diqqət mərkəzində saxlanılmaqla rayon mərkəzində yerləşən 5 məktəbdə müayinələr aparılmış, 14915  uşaq müayinədən keçirilmişdir. Xəstə uşaqlar qruplara ayrılaraq dispanser qeydiyyatına götürülmüşdür. Dərs ilinin başlaması ilə əlaqədar olaraq kənd məktəblərində müayinələr davam etdirilir. 2015-ci ilin sonuna qədər 18742 uşaq müayinə olunacaq və icbari dispanserizasiyaya cəlb olunacaqdır.

2015-ci ilin iyun ayının 1-dən etibarən nikaha daxil olan gənclərin müayinə olunması məqsədilə ayrıca kabinet təşkil edilmiş, xüsusi kurs keçmiş həkim ayrılmışdır. Xəstəlik tapılan şəxslər dispanser qeydiyyatina alınır.

Rayon  ərazisində  sanitar gigiyenik nəzarətdə olan obyektlərdə profilaktik tədbirlər həyata keçirilmiş, nəticədə hesabat dövründə əhali arasında xüsusi təhlükəli infeksiyalar, həmçinin, kütləvi qida zəhərlənmələri qeydə alınmamışdır.

2015-ci ilin 9 ayı ərzində bütün mədəni-maarif müəssisələrində tarixi günlər, milli və dövlət bayramları, yubiley tədbirləri yüksək səviyyədə qeyd edilmiş, məzmunlu və rəngarəng tədbirlər həyata keçirilmişdir.

 Hesabat dövründə Heydər Əliyev Mərkəzinin fəaliyyətinin əhatə dairəsi daha da genişləndirilmiş, 2014-cü ilin aprel ayından başlayaraq nikahların burada təntənəli surətdə bağlanması həyata keçirilmişdir. 2015-ci ilin 9 ayı ərzində Mərkəzdə 119 nikah  bağlanaraq yeni gənc ailələrin təməli qoyulmuşdur. Bu mərasimlər müasir gəncliyin ulu öndər irsinə, ümummilli liderimizin tarixi xidmətlərinə verdiyi sonsuz dəyərin təzahürlərindən biridir.

Ötən dövrdə Heydər Əliyev Mərkəzinə gələnlərin sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə  823 nəfər çox olmaqla  4921 nəfər  olmuş, eksponatların sayı  925-ə çatdırılmışdır. (2014-cü ilin müvafiq dövründə 892 ədəd olmuşdur.)

Müvafiq dövrdə rayona gələn turistlərin sayı 19806 nəfər (2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 793 nəfər çox)  olmuşdur.

Hesabat dövründə rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması istiqamətində əsaslı iş aparılmış, keçən dövr ərzində  idmanın sərbəst güləş, yunan-roma güləşi, kikboksinq, şahmat, qol güləşi, voleybol , futbol, idman gimnastikası, stolüstü tennis növləri üzrə 34 rayon birinciliyi və turniri keçirilmişdir. (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 yarış çox) Keçirilən rayon səviyyəli turnirlərdə  4212  idmançı iştirak etmişdir.

          Ötən dövrdə  26  respublika səviyyəli çempionat, birincilik və turnirdə 218  idmançının iştirakı təmin edilmişdir. Həmin yarışlarda idmançılarımız  12 dəfə I yeri, (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə çox), 8 dəfə II yeri və 18 dəfə III yeri tutmuşlar.

          12-28 iyun tarixlərində  Bakıda keçirilən  Birinci Avropa Oyunlarında üç həmyerlimiz iştirak etmişdir.  İdmançılarımızdan yunan-roma güləşi üzrə  Oyunların qızıl mükafatçısı Rəsul Çunayev I Avropa Oyunlarında qazandığı yüksək nailiyyətə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə dövlət başçısının 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür.  Hesabat dövründə Rəsul Çunayev daha iki mötəbər yarışın-İranda keçirilən Dünya Kubokunun və ABŞ-da keçirilən Dünya Çempionatının qalibi olmuşdur. Rəsul Çunayevin əldə etdiyi yüksək nəticələr respublikada, eləcə də rayonumuzda idmanın kütləviliyinə və gənclərin bu sahəyə cəlb olunmasına müsbət təsir göstərir.

Hesabat dövründə bələdiyyələr mövcud sosial-iqtisadi problemlərin və yerli əhəmiyyətli məsələlərin həll olunması, abadlıq və quruculuq işlərinin aparılması sahəsində öz fəaliyyətlərini əvvəlki illərə nisbətən gücləndirmişlər. “Bir bələdiyyə-azı bir layihə” çərçivəsində Meşəşambul, Püştətala, Kortala, Hənifə, Talalar və Şərif  bələdiyyələri tərəfindən kəndarası yollara 2,5 km məsafədə asfalt tökülmüşdür ki, bu da əhali tərəfindən böyük razılıqla qarşılanır. Digər bələdiyyələr tərəfindən də kəndarası yollara 29 km qum-çınqıl tökülmüş, 7,2 km uzunluğunda su kanalları və arxlar, sosial təyinatlı və inzibati binalar təmir edilmiş,  abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Hesabat dövründə yerli əhəmiyyətli məsələlərin və sosial-iqtisadi problemlərin həllində zəif iştirak edən İtitala, Şambul, Mahamalar, Gərəkli,  Qaysa, Sarıbulaq və digər adını çəkmədiyim bələdiyyələr öz işlərində dönüş yaratmalı,  “Bir bələdiyyə-azı bir layihə” tədbiri çərçivəsində fəaliyyətlərini qurmalıdırlar.

Rayon büdcəsinin ümumi gəlirlər üzrə proqnozu 94,9 faiz, cari gəlirlər üzrə proqnozu isə 116,4 faiz yerinə yetirilmişdir. Yerli gəlirləri və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 90,0 faiz təşkil etmiş, yerli xərclər 88,7 faiz icra olunmuşdur. Yerli xərclərin  tam şəkildə icra olunması üçün  hər bir büdcə təşkilatı ilin sonunadək öz vəsaitlərinin təyinatına uyğun və səmərəli şəkildə xərclənməsini təmin etməlidir.

2015-ci ilin doqquz ayında  rayon polis şöbəsi tərəfindən 185  cinayət hadisəsi qeydə alınmış, onlardan  88,4 faizinin üstü açılmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin sayı  83  fakt artmışdır ki, bu da əsasən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı baş vermiş  cinayətlərin hesabına olmuşdur.

Narkotiklərlə bağlı 73 cinayət faktı aşkar olunmuş, keçirilən əməliyyat tədbirləri nəticəsində 28,8 kq  narkotik vasitə dövriyyədən çıxarılmışdır.    Aşkar edilmiş cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 fakt çox olmuşdur.

RİHB aparatında sənədlərlə aparılan işlərin yaxşılaşdırılmasına müntəzəm diqqət yetirilir. 2015-ci ilin yanvar ayından başlanaraq sənədlərlə aparılan işləri daha da təkmilləşdirmək, müasir tələblərə uyğunlaşdırmaq üçün RİHB aparatında sənəd dövriyyəsi tam olaraq  elektron qeydiyyat sisteminə keçirilmişdir. Vətəndaşların yazılı müraciətləri,  səyyar qəbullar, daxil olan və göndərilən xidməti sənədlər, başçının sərəncam və əmrləri bütünlüklə elektron formada sistemə işlənilir,  icrasına nəzarət  müvafiq qaydada təşkil olunur. İlin əvvəlindən RİHB aparatından göndərilən sənədlərin indeksasiyası tətbiq olunur.

“Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə müvafiq olaraq cari ilin 9 ayı ərzində RİHB yanında Suranın 19 yığıncağı kecirilmiş, bu yığıncaqlarda  müxtəlif sahələr üzrə  43  məsələ müzakirə olunmuşdur.

RİH-də vətəndaş müraciətlərinə baxılması, onların qəbulunun təşkili işinin təkmilləşdirilməsi məqsədilə inzibati binanın birinci mərtəbəsində qəbul otağı təşkil olunmuşdur.

          2015-ci ilin 9 ayında RİH başçısı tərəfindən aparatda 575 nəfər vətəndaş qəbul edilmişdir. Qəbula gələn vətəndaşların haqlı müraciətlərinin həllinə maksimum köməklik göstərilmiş,   əsassız şikayət  və tələblərə görə isə ətraflı izahatlar verilmişdir.

Müvafiq dövrdə  RİHB aparatına vətəndaşlardan 578 yazılı müraciət daxil olmuşdur. Daxil olan vətəndaş müraciətlərinin 94,3 %-nə bilavasitə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri tərəfindən baxılmış, nəticələri barədə vətəndaşlara  məlumat verilməsi təmin edilmişdir.

 Həmin dövrdə RİHB aparatına yuxarı orqanlardan cəmi 134 ədəd, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 181 ədəd müraciət daxil olmuşdur. Prezident Administrasiyasından daxil olan müraciətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə azalmış, daxil olan ümumi  müracətlərin  25  %-ni təşkil etmişdir.

Daxil olan ərizə və müraciətlərin 29,1  %-i ( 168 ədəd) müsbət həll olmuş,  307  müraciətə dair  müvafiq izahat verilmiş,  18 müraciət qismən həll olunmuş, 29 müraciət əsassız hesab edilmiş,  33 müraciət  isə baxılmaq üçün aidiyyəti və tabeli qurumlara göndərilmişdir.

          Bütün hallarda yazılı müraciətlərə baxılmasının nəticələri barədə vətəndaşların ünvanına məktub göndərilməsi təmin olunur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasından nəzarət qaydasında göndərilən 13 müraciətin hamısına vaxtında obyektiv baxılmaqla Prezident Administrasiyasına və müraciət müəlliflərinə cavab verilməsi təmin edilmişdir.

          Hər min nəfərə düşən müraciətlər 6,1-ə bərabər olmuşdur. 2014-cü ildə isə bu göstərici 10,5 müraciət  təşkil edirdi.

Kənd və qəsəbələrdə əhalini narahat edən sosial-iqtisadi problemlərin öyrənilib həll edilməsi, həmçinin, yerlərdə vətəndaş müraciətlərinə  baxılması məqsədilə qrafik üzrə hər həftə RİH başçısının səyyar qəbul-görüşləri təşkil olunmuş, görüşlərdə vətəndaşların irəli sürdükləri təkliflər, söylənilən tənqidi fikirlər qeydə alınmış və icrası nəzarətə götürülmüşdür.

Cari ilin 9 ayında RİH  başçısı tərəfindən rayonun qəsəbə və kəndlərində 32  səyyar qəbul-görüşlər keçirilmiş, bu görüşlərdə  3205 nəfər   iştirak etmiş, 144 nəfər vətəndaş tərəfindən 158  təklif və tənqidi qeydlər söylənilmişdir. Söylənilmiş təklif və tənqidi  qeydlərin 91-i icra olunmuş, 22 təklif qismən icra olunmuş, 45 təklifin icrası cari və növbəti illər üçün perspektiv tədbirlər siyahısına daxil edilmişdir.

RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində sənədləşmə və kargüzarlıq işlərinin yaxşılaşdırılması məqsədilə müvafiq araşdırmalar aparılmış, seminar müşavirələr keçirilmiş, Təlimata uyğun qeydiyyat kitabları gətirilib nümayəndəliklərə paylanılmış, sənədləşmə və kargüzarlıq işlərinin təkmilləşdiriməsi üçün zəruri tədbirlər görülmüşdür.

Hazırda Balakən RİH başçısı aparatında inzibati  vəzifələrdə çalışan 33 nəfər, yardımçı vəzifələrdə çalışan 6 nəfər dövlət qulluqçusu vardır. İnzibati vəzifələrdə çalışanlardan 9 nəfəri (27,3 %)  qadınlardır. RİHB aparatında  çalışanlardan 7 nəfəri  və ya 18  faizi 30 yaşadək gənclərdir.

2015-ci ilin 9 ayında 22 kadr dəyişikliyi olmuşdur. Yeni təyin olunan kardların tutduqları vəzifəyə uyğun müvafiq ixtisas təhsili vardır.

 Müvafiq dövrdə RİH başçısı tərəfindən 103 sərəncam, 129 əmr imzalanmışdır.

Hesabat dövründə rayonda ictimai-siyasi sabitliyin qorunub saxlanılması təmin olunmuş, dini durumda sabitliyin təmin olunmasına, dini icmaların fəaliyyətinin qanunvericiliyə uyğun olaraq tənzimlənməsinə  diqqət yetirilmiş, qeyri-ənənəvi və zərərli təriqətlərin gənclər arasında yayılmasının qarşısının alınması  məqsədi ilə rayonun kəndlərində maarifləndirici yığıncaqlar keçirilmişdir. Ötən dövrdə Mahamalar kənd “Qazbinə” məscidi dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınmış, rayon üzrə dövlət qeydiyyatına alınmış dini icmaların sayı doqquza çatmışdır.

Müvafiq dövrdə qeyri-hökumət təşkilatları tərəfindən 13 tədbir keçirilmiş, rayonda görülən işlər, baş verən ictimai-siyasi hadisələr yerli “Balakən” qəzetində, RİH-nin rəsmi saytında, digər mətbu orqanlarda və televiziya kanallarında geniş işıqlandırılmışdır.

1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərə texniki və təşkilati hazırlıq işləri aparılmışdır. Seçici siyahıları dürüstləşdirilmiş,  məntəqə komissiyalarının normal fəaliyyəti üçün seçki məntəqələri,   işıq və rabitə xətləri təmir olunmuşdur.

Nazirlər Kabinetinin 2015-ci iIin doqquz ayının yekunlarına dair hesabat müşavirəsində ölkə prezidenti cənab İlham Əliyev yekun nitqində maliyyə intizamının gücləndirilməsini, israfçılığa, izafi xərclərə yol verilməməsini tapşırmış, ölkənin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində əlavə tədbirlərin nəzərdə tutulduğunu bildirmiş, korrupsiya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmasının zəruriliyini, biznes mühitinin yaxşılaşdırılması və biznesin inkişafına təkan verilməsinin, daxili bazarın inkişafının, özəl sektorun inkişafına yönəldilmiş əməli tədbirlərin icrasının, həmçinin, dərman vasitələrinin qiymətlərinə nəzarətin artırılmasının   əhəmiyyətini xüsusi vurğulamışdır. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq hər bir büdcə təşkilatı sərəncamında olan vəsaitdən səmərəli istifadə etməklə lüzumsuz xərclərə yol verməməli, maliyyə idarəsi isə maliyyə intizamına əməl olunmasına nəzarət tədbirlərini gücləndirməlidir.

Cari ilin əvvəlində  şəhərdə yerləşən bütün kommunal binaların, həmçinin Katex kəndində və dəmir yol stansiyası ərazisində yerləşən kommunal binaların  dam örtüyünün dəyişdirilməsi ilə bağlı qərar qəbul etmişdik. Eyni zamanda, şəhərin ümumi görünüşünə xələl gətirən ictimai və xüsusi binaların fasadının  təmir olunacağını bildirmişdik. Hesabatda da dinlədiyiniz kimi həmin işlərin icrası əsasən başa çatdırılıb. Keçirilən qəbullarda şəhər sakinləri çoxmənzilli binaların həyətlərində abadlıq işlərinin aparılmasını, xeyir-şər məclislərinin keçirilməsi üçün yerlərin tikilməsini xahiş edirlər. 2016-cı ildə yerli büdcənin vəsaiti hesabına, həmçinin, şəhər bələdiyyəsinin imkanlarını səfərbər etməklə əhalidən daxil olan sosial sifarişlərin icrası istiqamətində iş aparılacaqdır. Bələdiyyələr tərəfindən qəbul edilmiş və əhalini narahat edən içməli su və yolların asfaltlaşdırılması layihələrinin icrası cari ilin noyabr ayının sonunadək başa çatdırılmalıdır. Eyni zamanda, bələdiyyələr növbəti  il üçün icrası nəzərdə tutulan işlərini planlaşdırmalı, bələdiyyə büdcəsinin bütün mənbələr hesabına daxilolmalarının tam şəkildə yerinə yetirilməsini təmin etməlidirlər.

Qış mövsümünün başlanmasına az vaxt qalıb. Təhsil və səhiyyə müəssisələrinin, inzibati binaların, mədəniyyət obyektlərinin qışa hazırlığı tam başa çatdıırlmalıdır.  Rayon meşə mühafizəsi və bərpası müəssisəsi  ayrılmış limit daxilində qazlaşdırılmayan müəssisələrin quru yanacağının vaxtında daşınmasını təmin etməlidir. Eyni zamanda, qışa hazırlıqla yanaşı rayon ərazisinin, xüsusilə şəhərin təmiz saxlanması məsələləri diqqətdə saxlanılmalıdır. Heç kəsə sirr deyil ki, Balakən şəhərində bizi çox narahat edən problem şəhər və ətraf kəndlərin əhalisinin məişət tullantılarının zərərsizləşdirilməməsidir. Məlumat üçün bildirirəm ki, keçən həftə   Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə rayonda məişət tullantılarının zərəsizləşdirilməsi üçün poliqonun tikintisinə başlanmış və ilin sonunadək başa çatdırılacaqdır. Şəhərdən  kənarda müasir zibil poliqonunun tikilməsi nəticəsində bu problem həllini tapacaq, hazırda tullantıların daşındığı ərazi isə abadlaşdırılacaqdır ki, bu da şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmağa imkan verəcəkdir. Həmçinin, zibilin çeşidlənməsi, kağız və plastik tullantılarının toplanması və təkrar istehsala yönəldilməsi təmin ediləcəkdir ki, bu da  kommunal müəssisələri kombinatına əlavə  gəlir əldə etməyə imkan verəcəkdir.

Ətraf mühitin və yaşıllıqların qorunması, ağac əkinlərinin artırılması və mühafizəsi işlərinə nəzarət edilməli, yol kənarlarına, park və bağlara əkilən ağaclara düzgün qulluq göstərilməsi, suvarılması və qorunması diqqət mərkəzində saxlanılmalıdır.

 Əsaslı təmir olunan internat məktəbində işlər oktyabr ayının sonuna  başa çatdırılacaq və məktəb şagirdlərin istifadəsinə veriləcəkdir, rayon polis şöbəsi və kənd təsərrüfatı idarəsi üçün tikilən  inzibati binalarda da işlərin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.   

Oktyabr ayının sonlarında keçirilməsi artıq ənənəyə çevrilən “Məhsul bolluğu bayramı”nı  qeyd edəcəyik.

Nazirlər Kabinetində keçirilən müşavirədəki yekun nitqində ölkə başçısı cənab Ilham Əliyev qeyd etmişdir ki, ilin sonuna 2 ay yarım vaxt qalır. Əminəm ki, ilin sonuna qədər görüləsi bütün işlər icra olunacaq və biz 2015-ci ili yaxşı göstəricilərlə başa vuracağıq.  Ölkə Prezidenti yekun nitqində səsləndirdiyi nitqi və bu sözləri ilə cari ildə qarşımıza qoyulan vəzifələri müəyyənləşdirdi. Bu vəzifələrin uğurla icrası, əldə olunan nəticələrin gələcəkdə də təmin olunması üçün qüvvə və bacarığımızı əsirgəməməliyik.

 

 

 

Keçidlər