Şriftin ölçüsü :

Saytın rəngi :

2021-ci il üzrə hesabat

Balakən rayonu üzrə 2021-ci ildə sosial-iqtisadi sahədə görülən işlərə  dair

 Hesabat

 

   2021-ci ildə  ümumi məhsul buraxılışı 246 550,3 min manat təşkil etmişdir. Məhsulun 23,8 faizi sənayedə, 3,8 faizi tikintidə,  37,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 1,3 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,4 faizi informasiya və rabitə sahəsində, 33,5 faizi isə ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində istehsal edilmişdir.

   2021-ci ilin yanvar-dekabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 58687,4 min manat olmuşdur. Qeyri-dövlət sektorunda  istehsalın və xidmətlərin həcmi 49215,7 min manat və sənaye məhsulunun ümumi həcmində xüsusi çəkisi 83,9 faiz olmuşdur. Dövlət bölməsində isə sənaye məhsulu istehsalının həcmi 9471,7 min manat olmaqla sənaye məhsulunun ümumi həcminin 16,1 faizini təşkil etmişdir.

  İstehsal edilmiş sənaye məhsulunun və göstərilmiş xidmətlərin 83,9 faizi emal sənayesinin, 14,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı müəssisələrinin payına düşür.

   2021-ci ilin yanvar-dekabr aylarında yüklənmiş malların həcmi 59914,6 min manat təşkil etmişdir. Bununla yanaşı, 2021-ci ilin 01 yanvar vəziyyətinə sənaye müəssisələrin anbarlarında öz istehsalı olan hazır məhsul qalığı 4,4 min manat olmuşdur.

   İl ərzində  kənd təsərrüfatından gələn gəlirlər 10,4 % artaraq 91820 min manata, o cümlədən, bitkicilik  üzrə 14,2 % artaraq 51005,2 min manata, heyvandarlıq sahəsi üzrə isə 5,9 % artaraq 40814,8 min manata çatmışdır.

   2021-ci ildə kənd təsərüfatının inkişaf etdirilməsi, bu sahədə Dövlət Proqramlarının icrası, məhsul istehsalının artırılması, istehsalçılara dövlət dəstəyinin göstərilməsi, xaricdən idxal olunan mal-qaranın, mineral gübrələrin və pestisidlərin  güzəştlə satılması, fermerlərə və torpaq mülkiyyətçilərinə təsərrüfatların qurulmasında köməklik göstərilməsi, onların texnikaya, mineral gübrələrə, toxuma və dərman preparatlarına olan tələbatının ödənilməsi və dövlət dəstəyinin göstərilməsi, məhsul satışına köməklik göstərilməsi, aqrar sahədə “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin tətbiq edilməsi  istiqamətində bir sıra işlər görülmüşdür.

   Görülmüş işlərin nəticəsində rayonda 2021-ci ildə əkin altında olan torpaqlar 15639,3 hektara çatmışdır. Onun 1627,3 hektarı payızlıqlar  (693,3 ha buğda, 919,0 ha arpa, 15 ha xəsil) və 11947,0 hektarı isə yazlıq bitkilər olmuşdur. Yazlıq əkinlərin 2008,0 ha tərəvəz, 353 ha bostan, 615 ha kartof, 173 ha  lobya, 7577 ha qarğıdalı, 921  ha yonca və 300 ha tütün sahələridir. 2021-ci ildə taxıl biçini optimal müddətdə başa çatdırılmış, kombaynlara olan tələbat ödənilmiş və sahələrdən 5276 ton məhsul istehsal edilmişdir. Məhsuldarlıq göstəricisi isə 32.7 sentner olmuşdur. İstehsal olunmuş taxılın 2537 tonu buğda və 2739 tonu arpadır. Eyni zamanda taxıl biçinindən sonra 363,5 hektar sahədə təkrar qarğıdalı əkilməsi də təşkil olunmuşdur.

   Hesabat ilində kümçülərə 1150 qutu ipəkqurdu   paylanılmışdır. Baramaçılığın inkişaf etdirilməsi və onun yem bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq işlər görülmüş, Çindən gətirilən və yerli çəkil ağaclarına xidmət göstərilmiş, məhsuldarlığın artırılması üçün tədbirlər görülmüşdür. Barama istehsalı sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün rayon İcra Hakimiyyətində yaradılmış komissiya ilə birgə lazımi tədbirlər həyata keçirilmişdir. Nəticədə, kümçülər tərəfindən 42,003 ton barama istehsal edilərək “Şəki İpək” ASC-yə təhvil verilməsi təmin olunmuşdur. Eyni zamanda 80 qutu ipəkqurdunun 32 nəfər kümçüyə verilməsi də təşkil edilmiş və 1066,3 kq yaş barama istehsal olunmuşdur. Beləliklə. kümçülər tərəfindən il ərzində 43,069,3 ton  barama istehsal edilmişdir.

   2021-ci ildə tütünçülüyün inkişaf etdirilməsi proqramı çərçivəsində  300 ha sahədə tütün əkilməsi proqnozlaşdırılmışdır. Bu məqsədlə, torpaq sahələri  seçilmiş, sahələrin torpaq analizləri aparılmış, istehsalçılarla müqavilələr bağlanmış, onların kreditə, mineral gübrələrə olan tələbatının ödənilməsi istiqamətində işlər görülmüş, şitil istehsalı üçün sadə istixanalar hazırlanmışdır. Tütünçülük  sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün rayon icra hakimiyyəti tərəfindən yaradılmış işçi qrupu “Azərtütün” MMC, “İlham” MMC və “Azəri” Korporasiyası ilə birgə zəruri tədbirlərin görülməsini təmin etmiş,  ümumilikdə 300,0 ha sahədə tütün əkilməsi təmin olunmuş, 293 ton quru tütün istehsal olunmuşdur.

   Hesabat dövründə rayonda fındıqçılığın inkişaf etdirilməsi sahəsində müvafiq işlər görülmüş, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan  torpaq sahələrinə aqrotexniki qulluq göstərilmişdir. Cəmi 6326,2  ton findıq istehsal olunmuşdur ki, bu da əvvəlki ilə nisbətən 1,5 %  çoxdur. 

   Rayonda bitkiçiliyin qarğıdalıçılıq, tərəvəzçilik, bostançılıq kimi sahələrinin də inkişaf etdirilməsi sahəsində işlər görülmüş, həmin sahələr üzrə istehsalçıların toxuma, mineral gübrələrə, pestisidlərə, texnika və texniki vasitələrə olan tələbatı ödənilmiş, məhsuldarlığın artırılması üçün tədbirlər görülmüşdür. Nəticədə 48863,0 ton qarğıdalı, 29055 ton tərəvəz, 5955 ton kartof, 4181 ton bostan, 381 ton lobya  istehsalı təmin edilmişdir.

   Hesabat ilində təkrar əkinlərin aparılmasına diqqət göstərilımiş, taxıl biçilmiş sahələrdə şum aparılmış və 363,5 hektar sahədə təkrar qarğıdalı səpilmişdir. Fermerlər tərəfindən həmin sahələrdən 1454,0 ton qarğıdalı istehsal edilərək il ərzində istehsal olunmuş qarğıdalı 50317,0 tona çatdırılmışdır. Təkrar qarğıdalı istehsalı əvvəlki ilə nisbətən 665,4 ton  artmışdır.

   Ötən ildə əkin sahələrinin suvarılmasının təşkili ilə bağlı mövcüd suvarma kanallarının təmizlənməsi təşkil olunmuş, 6823 ha sahə suvarılmış, 15 ədəd subartezian təmir olunmuşdur.

   Rayonda bitkiçiliklə yanaşı heyvandarlığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır. 2021-ci ilin sonuna iribuynuzlu mal-qaranın sayı 36115 baş, ana malın sayı 17404 baş, xırdabuynuzlu malın sayı 40042 baş olmuşdur. Keçən ilə nisbətən iribuynuzlu  2,5 %, ana mal 4,4% azalmış, xırdabuynuzlu mal isə 14,3 % artmışdır.

   Hesabat dövründə 4943,6 ton ət, 21928,7 ton süd, 205,0 ton bal, 10414 min ədəd yumurta istehsal olunmuşdur. Ət istehsalı 2,6 faiz, süd istehsalı 1,1 faiz,  yumurta istehsalı  0,4 faiz və bal istehsalı isə 57,1 faiz artmışdır.

   Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli 1364 nömrəli  Sərəncamına uyğun olaraq süni mayalanma yolu ilə alınmış hər buzova görə  subsidiyanın verilməsi ilə bağlı müafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Hesabat ilində 2719 baş mal süni yolla mayalandırılmış və 1927 baş buzov doğulmuşdur.

   Barama istehsalçılarına istehsal etdikləri yaş baramaya görə 208746 manat subsidiya ödənilmişdir.

   Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında”  Sərəncamına uyğun olaraq rayonda arıçılıq fəaliyyəti ilə məşğul olan arıçılara hər arı ailəsinə (pətəyə) görə  subsidiyanın  verilməsi ilə bağlı işlər həyata keçirilmiş və 1159 arıçı tərəfindən bəyan edilmiş 34078 arı ailəsinə görə onların fermer kartlarına 340780 manat subsidiya köçürülmüşdür. 

   Fiziki və hüquqi şəxslərə məxsus olan kənd təsərrüfatı texnikalarının texniki baxışdan keçirilməsi və qeydiyyata alınması üçün müvafiq tədbirlər görülmüşdür. Il ərzində 539 ədəd texnika texniki baxışdan keçirilmiş, 38 ədəd texnika ilkin qeydiyyata alınımış və 21 ədəd texnikaya görə isə cərimə tətbiq edilmişdir.             

   Aqrar sahənin maddi texniki bazasına dəstək vermək məqsədilə rayonda kənd təsərrüfatı texnikaları və aqreqatlarının servisi və satışı, həmçinin bitki toxumlarının çeşidlənməsi, dərmanlanması və paketlənməsi üçün “Balakən toxum” MMC yaradılmışdır. MMC tərəfindən il ərzində 713 ton toxum istehsal  edilərək fermerlərə satılmışdır.

   Hesabat ilində mal-qaraya baytarlıq xidmətlərinin göstərilməsinə nəzarət artırılmış, epizootik tədbirlər planına uyğun xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirilmişdir. İl ərzində 79 baş iri buynuzlu heyvandan qan nümunəsi alınaraq bruselyoza görə müayinə olunmuş, 3 baş xəstə heyvan aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür. 37715 baş iri buynuzlu, 39660 baş xırda buynuzlu heyvanlarda, 1193 baş atlarda qara yara xəstəliyinə qarşı, 70688 baş iri buynuzlu, 84677 baş xırda buynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı, 50000 baş quşlarda nyukasl xəstəliyinin la-sota ştammına qarşı, 37560 baş iri buynuzlu heyvanlarda nodulyar dermatit xəstəliyinə qarşı, 3900 baş itlərdə quduzluq xəstəliyinə qarşı oral peyvəndləmə, 1455 baş iri buynuzlu heyvanlarda leptospiroz xəstəliyinə qarşı, 40490 baş xırda buynuzlu heyvanlarda çiçək xəstəliyinə qarşı, 8778 baş xırda buynuzlu heyvanlarda Rev-1 vaksini ilə, 8778 baş iri buynuzlu heyvanlarda Şt-19 vaksini ilə (göz damcısı üsulu) brusellyoz xəstəliyinə qarşı peyvəndləmə aparılmışdır.

   2021-ci ildə zərərvericilərə və xəstəliklərə qarşı mübarizə aparılması sahəsində də zəruri işlər görülmüş, fermerlərlə birgə  781 ha sahədə sink-fosfid preparatı ilə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılmışdır. Təsərrüfatlarda karantin və digər alaq otlarına qarşı 4079 hektar sahədə müşahidə aparılmışdır. Müşahidə zamanı 1916 hektar sahədə yovşan yarpaqlı ambroziya ilə sirayətlənmə aşkar edilmişdir. 1706 hektar ərazidə yovşan yarpaqlı ambroziyaya qarşı mexaniki üsulla, 210 hektar sahədə isə kimyəvi üsulla mübarizə aparılmışdır.

   Rayonda torpaq analizlərinin aparılmasına diqqət artırılmış, fermer və mülkiyyətçilərlə görüşlər keçirilmiş, onlara müvafiq tövsiyyələr verilmişdir. İl ərzində 150 torpaq nümunəsi götürülmüş və alınmış nəticələr barədə torpaq sahibləri məlumatlandırılmışdır. Götürülmüş torpaq nümunələrinin 16-sı qarğıdalı, 23-ü tütün, 69-u taxıl, 3-ü meyvə, 17-si qındıq, 12-si isə yonca sahələrinə aid olmuşdur.

   Ötən ildə istehsalçıların texnikaya, mineral gübrələrə,  pestisidlərə olan tələbatlarının  ödənilməsi sahəsində işlər görülmüş 1008 ton mineral gübrənin və   380,9 litr herbisidin fermerlərə güzəştə satılması təmin olunmuşdur.

   Rayonda kənd təsərrüfatı sahəsində könüllülər hərəkatına 44 nəfər könüllü cəlb edilmişdir.

   Bununla belə qeyd olunmalıdır ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı tədbirlərin genişləndirilməsinə diqqət artırılmalı, bu sahədə bütün potensial imkanlardan maksimum səmərəli istifadə olunmalı, istifadəsiz torpaqlar müəyyən edilərək əkin dövriyyəsinə cəlb edilməli, torpağın münbitliyinin qorunması, sahələrin suvarılması üçün zəruri işlər görülməli, məhsuldar toxum növlərinin əkilməsinə diqqət artırılmalı, göstərilən aqrotexniki xidmətlərin keyfiyyəti yaxşılaşdırılmalı, torpaq analizlərinin aparılması və aqrar sığorta ilə bağlı fermerlərin məlumatlandırılması istiqamətində ardıcıl işlər görülməlidir.

   Eyni zamanda, süni mayalanma tədbirlərinin geniş tətbiq edilməsi, kənd təsərrüfatı  məhsullarının istehsalının məhsuldarlığın hesabına artırılması sahəsində əlavə tədbirlər həyata keçirilməlidir.

   2021-ci il  ərzində elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması sahəsində rayonda 6-10 kV-luq hava xətlərində 23 ədəd dəmir beton dayaq basdırılmış, 2750 metr məsafədə məftil yenilənmiş, 0.4  kV-luq hava xətlərində 6.9 km məsafədə əsaslı təmir işləri aparılmışdır. Layihə əsasında Sarıbulaq kəndinə 13 ədəd 10 kV-luq metal dayaq, 141 ədəd 0.4 kV-luq ÖİN tipli metal dayaq basdırılaraq 4255 m hissəsi tam kabelləşmişdir. Sayğac quraşdırılması ilə bağlı “ASAN xidmət” mərkəzinə müraciət edən abonentlərə 23 ədəd ÖİN tipli dayaq basdırılmış, 3024 m kabel çəkilmişdir. 0.4 kV-luq qəzalı elektrik verilişi xətlərinin 1256 m. hissəsi SİP kabellə əvəz edilmiş, 211 ədəd yeni sayğac quraşdırılmışdır. 6-10/0.4 kV-luq  transformator üzrə cəmi 5 ədəd KTM əsaslı, 53 ədəd KTM isə carı təmir olunmuşdur.

   2021-ci ildə  əhalinin içməli suya olan tələbatını ödəmək üçün M.Maqomayev küçəsində d=63 mm-lik 1500 p/m yeni su xətti çəkilmiş və 82 abonent su ilə təmin olunmuşdur. O cümlədən, 5 ədəd d=100mm-lik siyirtmə dəyişdirilərək yenisi ilə əvəz olunmuş, Hənifə kəndində yerləşən 1500 m3-lik su anbarı təmir edilmişdir.

   2021-ci ildə şəhərin küçələrində müxtəlif tutumlu TPP kabelləri və abunəçilərə məxsus 14200 m p-274 naqili yenisi ilə əvəz edilmişdir. Rayonun bir sıra kəndlərində 52 yararsız ağac dirək yenilənmiş, 28 ağac dirəyin dibi isə beton calaqla bərkidilmişdir. Keçən dövr ərzində vətəndaş müraciətlərini nəzərə alaraq rayonun telefonlaşmayan ərazilərində Wİ-Fİ texnologiyası tətbiq olunmuş, hazırda 1100 abunəçi bu xidmətdən istifadə edir.

   Əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün kanallarda 194,4 min mhəcmində  təmizləmə işləri aparılmışdır. Əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının 7.3.48.6. bəndində qeyd edilən ərazilərdə qazılmış quyular elə seçilmişdir ki, əksəriyyəti əhalinin içməli suya olan təlabatını ödəməklə bərabər Katex, Tülü, Qazma, Şərif, Sarıbulaq,  Xalatala, Meşəşambul, İtitala kəndlərində əkin sahələrinin də suvarılmasına xidmət etsin. 2021-ci ildə əlavə 6 ədəd içməli suya və suvarma suyuna ciddi ehtiyacı olan ərazilər komissiya tərəfindən müəyyənləşdirilmiş (Qullar, Gərəkli, Tülü, Hənifə, Talalar, Qaracabinə yaşayış məntəqələrində) dəqiq koordinatlar götürülmüşdür.

   2021-ci ildə rayonun müxtəlif ərazilərində daşqın və sel sularının qarşısının alınması məqsədilə Katex, Mazım, Balakən, Hunbul, İnter, Dəli çaylarında 784,5 min m3 məcra tənzimləmə və müxtəlif ərazilərdə sahilbərkitmə işləri aparılmışdır.

   2021-ci ildə Balakən şəhəri  ərazisində yerləşən binaların ( Ə.Ansuxski küçəsində 1 saylı bina, H.Əliyev prospekti 41,48 və M.Müşfiq küçəsi 2,3 saylı binalar) həyətləri müntəzəm olaraq səliqəyə salınmış,  dam örtüyü, tüstü bacaları, su, kanalizasiya və elektrik xətləri təmir olunmuşdur.

   Hesabat dövrünün tədris ilinin sonunda məktəblərdə biliyi qiymətləndirilən şagirdlərin 99,8  faizi müvəffəq qiymət almışdır. Təhsil müəssisələrində müxtəlif növ tədbirlərin, yarış və müsabiqələrin keçirilməsi diqqət mərkəzində saxlanılmış, həmin tədbirlərin nəticələri tədrisin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərmişdir.  

   2021-ci ilin məzunlarının ali məktəblərə qəbul imtahanlarında göstərdiyi nəticələr yüksək olmuş, qəbul imtahanlarında iştirak edən  447 nəfər məzundan 232  nəfəri  tələbə adını qazanmışdır. Ali məktəbə qəbul olan məzunlardan  10   nəfər  600 baldan çox, 40  nəfər isə 500-dən 600-ə qədər bal toplamışdır. 2021-cu ildə ali məktəblərə qəbul olunanlar bütün  məzunların 34 faizini, sənəd verənlərin 49,5 faizini təşkil etmişdir.

   Fənn olimpiadalarının  rayon turunda   424 nəfər, Zaqatala şəhərində keçirilən yarımfinalda isə 60 nəfər  iştirak etmişdir. Yarımfinalın qaliblərindən respublika turunda iştirak etmək hüququ əldə etmiş Qazbinə kənd tam orta məktəbinin IX sinif şagirdi Saxrayev Xizri Vaqif oğlu informatika fənni üzrə, Nizami adına şəhər 1 saylı tam orta məktəbinin XI sinif şagirdi Məmmədov Müslüm Qasım oğlu tarix fənni üzrə I yerə layiq görülmüş və qızıl medal qazanmışlar.

   Olimpiadada rayon məktəblilərinin  tarix, riyaziyyat, coğrafiya, azərbaycan dili, biologiya fənlərindən  nəticələri yüksək olmuşdur.

   2021-ci ildə Rayon Mərkəzi Xəstəxanasında stasionar  xəstələrin sayı 2319 nəfər olmuş, 1966 cərrahi əməliyyat aparılmışdır. İcbari tibbi sığortanın tətbiqi nəticəsində əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsi artmış, həmçinin uşaqların icbari müayinəsi təşkil olunmuşdur. Hesabat dövründə 18259 uşaq müayinədən keçirilmiş, 5745 xəstə uşaq aşkarlanmış və dispanser nəzarətə götürülmüşdür.

   Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami ili” elan edilmişdir. Sərəncama əsasən rayonun mədəni-maarif müəssisələrində  şairin yubileyinə həsr olunmuş ədəbi-bədii gecələr, kompozisiyalar, dəyirmi masalar, sərgilər, rəsm müsabiqələri keçirilmişdir.

   Hesabat dövründə keçirilən 22 rayon səviyyəli idman yarışları və birinciliklərdə  1804 idmançı iştirak etmişdir. Həmçinin, 12 respublika səviyyəli birincilik, çempionat və turnirlərdə 124 rayon idmançısının iştirakı təmin edilmişdir. İdmançılarımız həmin yarışlarda 1 dəfə I yeri tutmuşlar.

   Ötən dövr ərzində Olimpiya İdman Kompleksinin xidmətlərindən 18 idman növü üzrə 2235 nəfər istifadə etmişdir. Kompleks öz işini  idmanın inkişaf etdirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması ilə bağlı fəaliyyət istiqamətləri üzrə təşkil etmişdir.

   Vətəndaşların müraciətlərinə baxılması və sənədlərlə aparılan işlərin təkmilləşdirilməsi sahəsində fəaliyyətin səviyyəsinin yüksəldilməsi və səmərəsinin artırılması, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi istiqamətində müntəzəm iş aparılmışdır.

   2021-ci ildə vətəndaşlardan rayon icra hakimiyyətinə 824 müraciət (məktub, elektron məktub və teleqram) daxil olmuş, icra başçısı tərəfindən 505 nəfər vətəndaş qəbul edilmişdir. Daxil olan ərizə və məktubların 99 %-nə,  yəni 819 müraciətə bilavasitə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri tərəfindən baxılmış, nəticələri barədə vətəndaşlara məlumat verilməsi təmin edilmişdir.

   Daxil olan müraciətlərin xarakterində müsbət dəyişikliklər davam etmiş, şikayətlərlə müqayisədə ərizələrin xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksək olmuşdur.  İl ərzində qeydə alınan  824  müraciətdən 744-nü ərizə, 78-ni şikayət və 2-ni təklif məktubları  təşkil etmişdir.  Ümumi müraciətlərin 21,2 %-ni sosial müdafiə (sosial yardım, müavinətlər, birdəfəlik maddi yardımın göstərilməsi, işlə təmin olunma), 11,4 %-ni torpaq məsələləri (kənd təsərrüfatı üçün torpaq sahələrinin ayrılması, örüş sahələri, fərdi torpaq, əkin sahələrinin və yollarının zəbt olunması barədə), 20 %-ni şəhərsalma və tikinti məsələləri, 8,49 %-ni mənzillə təmin olunma, 5,3 %-ni enerji daşıyıcıları və su təchizatı məsələləri, 2,2 %-ni nəqliyyat məsələləri və 2,7 %-ni təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması ilə bağlı olan müraciətlər təşkil etmişdir ki, bu da ümumi müraciətlərin 588-i və ya 71,3 %-dir. 

   2021-ci ildə rayon icra hakimiyyəti başçısı aparatına Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 212  vətəndaş müraciəti baxılmaq üçün göndərilmişdir ki, bu da bütün müraciətlərin 25,7 %-ni təşkil edir.

   Bütövlükdə ötən il ərzində yuxarı dövlət orqanlarından rayon icra hakimiyyətinə cəmi 275  müraciət daxil olmuşdur. O, cümlədən Azərbaycan Respublikasının  Milli Məclisindən 15, Azərbaycan Respublikasının Nazirlər Kabinetindən 20 və Respublikanın digər təşkilatlarından 109 müraciət daxil olmuşdur. Vətəndaşlardan bilavasitə rayon icra hakimiyyətinə 549 müraciət ünvanlanmışdır ki, bu  bütün daxil olan müraciətlərin 66,6 %-ni təşkil edir. Rayon üzrə hər min nəfərə 8,3 ərizə düşür.

   Rayon icra hakimiyyəti başçısı aparatına vətəndaşlardan daxil olan 824 müraciətdən 239-u müsbət həll olunmuş, 24-ü  qismən həll edilmiş, 514 müraciətə dair müvafiq izahat verilmiş, 9 müraciət əsassız hesab edilmiş, 10 müraciət baxılmamış saxlanılmış, 6 müraciət isə baxılmaq üçün aidiyyəti və tabeli qurumlara göndərilmişdir.

   2021-ci ildə RİH başçısı Aparatına daxil olan vətəndaş  müraciətlərinin 121-nə, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş 212 müraciətdən 34-nə nəzarətə alınmaqla baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından nəzarət qaydasında göndərilən 1 müraciətə vaxtında baxılmaqla cavablandırılması təmin olunmuş, ümumilikdə ötən il ərzində RİH-nə daxil olan bütün müraciətlərə vaxtında baxılmışdır.

   2021-ci ildə RİH-nin tabe qurumlarında 535 yazılı (o cümlədən, 517 ərizə, 16 şikayət, 2 təklif, təkrar 2, kollektiv 117 )  və 581 şifahi vətəndaş müraciəti qeydə alınmış, 1167 nəfər vətəndaş qəbul edilmişdir.

Keçidlər