Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı il üzrə hesabat

Balakən rayonu üzrə 2016-cı ildə sosial-iqtisadi sahədə görülən işlərə  dair

 Hesabat

      10 yanvar  2017-ci ildə ölkə prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin  yekunlarına həsr olunmuş müşavirəsi keçirilmişdir. Həmin müşavirədə cənab Prezident bildirmişdir ki, 2016-cı ildə ölkə qarşısında duran demək olar ki, bütün əsas vəzifələr həll edilmiş, bütün çətinliklərə, itkilərə baxmayaraq,  iqtisadi sabitlik qorunub saxlanılmış, sosial-iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılmışdır.

        2016-cı ildə rayonumuzda görülən işlərlə bağlı hesabat verərək bildirirəm ki, ötən ildə keçirilən müşavirə və konfranslarda  ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət  qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının qarşısına  ölkədə iqtisadi durumun yaxşılaşdırılması, kiçik və orta  sahibkarlığın inkişafı, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yeni istehsal və emal müəssisələrinin açılması, əhalinin məşğulluq səviyyəsinin artırılması və maddi rifahının yüksəldilməsi sahəsində  əməli tədbirlər görülməsi ilə bağlı vəzifələr qoyulmuşdu. Qarşıya qoyulan vəzifələrin icra olunması və aparılan işlərin əlaqələndirilməsi məqsədilə  rayon icra hakimiyyəti başçısının 02 fevral 2016-cı il  tarixli, 09 nömrəli  Sərəncamına  əsasən rayon qərargahı yaradılmışdır.  Rayonun mövcud iqtisadi potensialından, təbii və əmək ehtiyatlarından maksimum səmərəli istifadə olunması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrindən istifadənin vəziyyəti dərindən öyrənilmiş, əkin sahələrinin  eləcə də istehsalın artırılması   ilə bağlı hədəf göstəriciləri müəyyən edilmişdir. Görülmüş işlərin nəticəsində  son 20 ildə ilk dəfə rayonda tütün  bitkisinin becərilməsinə və ipəkqurdu bəslənməsinə başlanılmışdır. Tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı  torpaq sahələri  və istehsalçılar müəyyən edilmiş, 501 ha sahədə tütün əkilmiş, 1149,3 ton yaş,  96,3 ton quru tütün  istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilmişdir.

        Baramaçılığın inkişaf etdirilməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin  yerinə yetirilməsi üçün ardıcıl işlər aparılmış, mövcud yem bazası, eləcə də  istehsalçılar  müəyyən olunmuşdur. Əvvəlki illərdə rayonda barama istehsal edilməməsinə  baxmayaraq  görülmüş işlər özünün müsbət səmərəsini vermiş, bu sahədə  qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində rayon üzrə  3,2  ton  barama istehsal edilmişdir. Baramaçılığın daha da inkişaf etdirilməsi və onun yem bazasının yaxşılaşdırılması üçün yazda 10 min ədəd, payız mövsümündə  isə 90 min ədəd  tut tinglərinin rayonun bütün kəndlərində əkilməsi təşkil olunmuşdur.  Tinglərin 76 min ədədi  Çin Xalq Respublikasından  gətirilmişdir.

       Fındıqçılığın inkişaf etdirilməsi məqsədi ilə  yeni fındıq bağlarının  salınması üçün  dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri üzrə  torpaq sahələri  müəyyən olunmuş, istehsalçıların tinglərə olan tələbatı ödənilmiş, 1602,2 ha sahədə yeni fındıq bağları  salınmışdır. Bununla yanaşı, qərzəkli və digər meyvəçiliyin inkişaf etdirilməsi üçün müvafiq işlər görülmüş, Katex kəndində 3,5 ha sahədə qoz ağaclarının əkilməsi  təmin edilmiş və damlama üsülu ilə suvarma sistemi qurulmuşdur. İntensiv  bağçılığın  inkişafına diqqət verilmiş və  mövcud 187 ha intensiv meyvə bağlarına aqrotexniki qulluq göstərilmişdir.

      2016-cı ildə 1183,5 ha payızlıq və 12444,5 ha yazlıq bitkilər əkilmişdir. 1183,5 ha sahədən taxıl biçilmiş, məhsuldarlıq göstəricisi 29,7 sentner olmuşdur ki, bu da son illərdə taxılda  ən yüksək  məhsuldarlıq göstəricisidir. Yoncadan  başqa bütün digər bitkilərin  əkinində artım müşahidə  olunmuş, hətta taxıl əkini 2.5 dəfə artırılmışdır. Təsərrüfatlarda 7244,5 ha sahədən 44,8 min ton və ya əvvəlki ilə nisbətən 12,0 % çox qarğıdalı istehsal olunmuşdur. 2015-ci  ilə nisbətən tərəvəz istehsalı 5 %, kartof istehsalı 2,3 %, lobya və bostan istehsalı 0,3 %, meyvə istehsalı isə  0,4 % artmışdır. Qeyd olunmalıdır ki, qarğıdalı əkini və məhsul istehsalı sahəsində Balakən rayonu respublikada   yenə də  1-ci yerdə qalmaqdadır.

        Rayonda heyvandarlığın inkişaf etdirilməsi  sahəsində görülmüş işlər nəticəsində iribuynuzlu mal-qaranın say 36468 baş, ana malın sayı 17827 baş, xırdabuynuzlu malın sayı 36156 baş olmuşdur.

      2016-cı ildə kənd təsərrüfatına yararlı torpaq  sahələrindən  səmərəli istifadə olunmasının təşkili ilə bağlı bütün mülkiyyət növləri üzrə torpaq sahələrindən istifadənin vəziyyəti araşdırılmış, əkin məqsədləri üçün istifadə olunmayan  və yaxud ota saxlanılan torpaq sahələri,  eləcə də səmərəsiz istifadə olunan örüş sahələri  müəyyən olunmuş və təyinatına uyğun əkin məqsədləri üçün istifadə olunmayan 1295 ha sahədə  tütün, qarğıdalı və  digər  məhsulların əkini təşkil olunmuşdur. Bununla belə,  əkin sahələrindən təyinatı üzrə istifadə olunmanın təşkili ilə  bağlı əlavə tədbirlərin görülməsinə ehtiyac vardır. Araşdırılmalar göstərir ki, hələlik ota saxlanılan 2393 ha sahə qalmaqdadır və həmin sahələrdə fındıq, tütün, yonca, qarğıdalı və ya digər yem bitkilərinin  əkilməsi daha məqsədəuyğundur.

     Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında tütünçülüyün  inkişaf etdirilməsinə   dövlət dəstəyi haqqında”   5 oktyabr 2016-cı il  tarixli 2366 nömrəli Sərəncamına uyğun olaraq  istehsalçılara tütün satışına görə yardımların verilməsi  və eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin  16 noyabr 2016-cı il tarixli  2442 nömrəli  “İpəkçiliyin və fındıqçılığın  inkişafına dövlət dəstəyinin  gücləndirilməsi ilə bağlı  əlavə tədbirlər haqqında”  Sərəncamına uyğun olaraq istehsalçılara fındıq  pöhrələrinin dəyərinin ödənilməsinin təşkili  məqsədi ilə zəruri işlər görülür.

       Aqrar sektorun davamlı inkişaf etdirilməsi üçün ən əsas şərtlərdən biri  olan əkin sahələrinin suvarılmasının təşkili ilə bağlı əhəmiyyətli işlər görülmüşdür. Uzun illər istifadəsiz qalan və uzunluğu 13 km olan Balakən QES kanalı, 16,5 km olan Balakən-Tuqay, 10 km olan Mazım-Tuqay suvarma kanallarının bərpa edilməsi nəticəsində 100 hektarlarla sahənin suvarılması mümkün olmuşdur.   Şərif, İtitala, Şambul, Tülü, Qullar, Qazbinə, Gərəkli  kəndlərində 7 suvarma  quyusu qazılmış, 31 quyu  təmir və 1 quyu bərpa edilmiş, nəticədə 100-lərlə hektar  əkin sahəsinin suvarılmasına imkan yaranmışdır. Başlanğıcını İnterçaydan götürməklə Qaysa, Şərif, Yeni Şərif və Meşəşambul kəndləri ərazisində 1300 ha əkin sahələrini suvarmağa imkan verən və uzunluğu 5,7 km olan beton suvarma kanalının tikintisinə başlanılmışdır. Artıq bu layihə üzrə suqəbuledicinin tikintisi başa çarmaq üzrədir. Bununla belə, əkin sahələrinin suvarılması  işinin yaxşılaşdırılması üçün əlavə tədbirlərin həyata keçirlməsinə ehtiyac vardır.

        Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əldə olunmuş uğurlar Heydər Əliyev parkında sayca 5-ci dəfə olmaqla “Məhsul bolluğu” bayramı keçirilməklə qeyd olunmuş, rayonda istehsal olunan bütün növ kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi bayram tədbirində çox sayda rayon sakini və qonaqlar  iştirak etmişdir.

      Ölkə Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanına uyğun olaraq təsdiq olunmuş yol xəritəsində göstərilən prioritetlərin  rayonda icra olunmasına başlanılmışdır. Belə ki, rayonda  həyata keçirilməyə başlanılan  ABAD ( ailə biznesinə asan dəstək) layihəsi  “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ində göstərilən prioritetlərdən biridir. ABAD layihəsinin icrası nəticəsində sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına,  rəqabətqabiliyyətli ailə təsərrüfatlarının və ixrac yönümlü milli ailə biznesi brendlərinin formalaşdırılmasına əlverişli şərait yaranacaqdır. Hazırda bu sosial layihənin pilot rayon kimi seçilən rayonumuzda icra edilməsi üçün “ABAD park” kompleksinin tikinti layihəsi hazırlanmış, ailə təsərrüfatları ilə görüşlər keçirilmiş, 160 nəfər müxtəlif sahələrlə (heyvandarlıqla, meyvə-tərəvəz məhsullarının tədarükü və konservləşdirilməsi ilə, arıçılıq təsərrüfatı ilə, sənətkarlıqla və.s) məşğul olan təsərrüfatçıların (ABAD-çıların) siyahısı tutulmuş və ilkin olaraq rayona 12 kişik emal konteynerinin gətirilməsi planlaşdırılmışdır. Bu konteynerlərdən 1 ədədi ət, 2 ədədi süd məhsullarının emalı üçün, 9 ədədi isə meyvə-giləmeyvə məhsullarının emalı üçün nəzərdə tutulmuşdur. Katex kəndində meyvə qurudulması üzrə Cənubi Koreya istehsalı olan avadanlıq quraşdırılmışdır. Gücü    ayda 10 ton quru meyvə olan avadanlıq artıq istifadəyə verilmiş, burada xurma məhsulunun qurudulması test edilmişdir.

       2016-cı ildə rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilmiş, şəhərdə Heydər Əliyev Fondu hesabına tikilən 100 yerlik körpələr evi-uşaq bağçası, əsaslı təmir olunan internat tipli gimnaziya, kənd təsərrüfatı idarəsinin və rayon polis şöbəsinin inzibati binası, kəndlərdə Qarabağ  əlilləri üçün tikilmiş 3 fərdi ev istifadəyə verilmişdir. Meşəşambul kəndində Qabaqçöl yanğınsöndürmə məntəqəsinin tikintisi başa çatdırılmış, Mazımçay  buraxılış məntəqəsi yaxınlığında gömrük terminalının tikintisi isə davam etdirilmişdir. Mazımçayın Xalatala kəndi ərazisindən keçən hissəsində uzunluğu 18 metr olan bir aşırımlı körpünün və Şərif kəndində 360 şagird yerlik yeni məktəbin tikintisinə başlanılmışdır.

        Şəhərin 17 kommunal yaşayış binasında təmir işləri aparılmış, Ə. Ansuxski və Müşfiq küçəsində yerləşən daha 2 beşmərtəbəli yaşayış evi müasir üslubda üzlənmişdir. Heydər Əliyev prospektinin Qazbinə kəndi istiqamətində yol kənarında 2000 p/m bardür və 1600 p/m  tamet daşları ilə səkilər düzəldilmiş, yolun hərəkət hissəsi genişləndirilərək 2400 kvadrat metr asfalt qoyulmuş, yol kənarlarına torpaq daşınaraq ağaclar əkilmiş, yaşıllıq salınmışdır.

        Ötən dövr ərzində şəhərin 17  küçəsinin və həmin küçələrin dalanlarının təmiri işləri başa çatdırılmış, 6,5 kilometr sahə asfaltlanmış, 724  poqon metr beton bardür tikintisi aparılmışdır.

        Balakən-Filizçay avtomobil yolunun 2,1 km hissəsinə asfalt örtük döşənmiş, küçə işıqlandırılmış, su arxları çəkilmiş, yol çiyinləri düzəldilmişdir.        2016-cı ildə təhsil, səhiyyə və mədəniyyət obyektlərindən Mədəniyyət mərkəzində, tarix-diyarşünaslıq muzeyində, mərkəzi kitabxanada, Tülü kənd Folklor evində, Hənifə kənd 1 saylı və şəhər 2 saylı körpələr evi-uşaq bağçasında, mərkəzi rayon xəstəxanasında, RİH-nin inzibati binasında büdcə vəsaiti hesabına əsaslı və cari təmir işləri aparılmışdır.

         Hesabat dövründə əhalinin  qaz, su və istiliklə  təchizatının yaxşılaşdırılması  sahəsində xətlərdə zəruri təmir işləri aparılmış, yaranmış problemlər qısa müddətdə aradan qaldırılmışdır. Hənifə kəndində bir subartezian quyusu qazılmış, 1000 p/metr məsafədə su xətti şəbəkəsi yaradılaraq əhalinin istifadəsinə verilmişdir. Şəhərdə 1800 p/metr məsafədə su xətti yenidən çəkilmişdir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar mövcud qazanxanaların qaz və işıq xətləri yoxlamadan keçirilmiş, istilik xətləri təmir edilmişdir. Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması sahəsində 74 transformator cari, 44 transformator isə əsaslı təmir edilmiş, yaşayış məntəqələrində 10 yeni transformator məntəqəsi quraşdırılmışdır.  6-10 kvt-luq elektrik verilişi xətləri üzrə 413 dayaq, 0,4 kvt-luq elektrik verilişi xətləri üzrə 660 metal dayaq basdırılmış, 9,9 km məsafədə elektrik xətləri SİP kabellə çəkilmişdir. Əhaliyə verilmiş  elektrik enerjisinin dəyəri 80,4  faiz,  içməli  suyun dəyəri 92,5  faiz, qazın dəyəri 100 faiz  ödənilmişdir.

         Əhalinin sosial müdafiəsinə əlavə təminat yaradan sığorta tədiyyələrindən daşınmaz əmlakın icbari sığortası üzrə 309 müqavilə bağlanılmışdır ki, bu da əvvəlki illə müqayisədə 66 müqavilə azdır. 2016-cı ildə rayonda qeydə alınan 38 yanğın hadisəsindən 12-i yaşayış evlərində baş vermiş, 2015-ci ilə nisbətən hadisələrin sayı 8 ədəd, yanmış yaşayış evlərinin sayı 3 ev artmış, vətəndaşlara xeyli miqdarda maddi ziyan dəymişdir. Məlumdur ki, qanunla hüquqi və fiziki şəxslərə məxsus daşınmaz əmlakın məcburi sığortası müəyyən edilmişdir. Qarşılığında insanların öz əmlaklarını həm yanğından, həm də digər təbiət hadisələrindən sığorta etdirməmələri təəssüf doğurur. Sığorta işinin təşkili məqsədilə həm sığorta təşkilatları, həm də aidiyyəti qurumlar əhali arasında təbliğat və maarifləndirmə işini təşkil etməlidirlər.

       Rayon büdcəsinin ümumi gəlirlər üzrə proqnozu 99,7 faiz, cari gəlirlər üzrə proqnozu isə 115 faiz yerinə yetirilmişdir. Yerli gəlirləri və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait  96,2 faiz təşkil etmiş, yerli xərclər 97,8 faiz icra olunmuşdur.

         2016-cı ildə rayonda ümumi məhsul buraxılışı 140,6 milyon manat təşkil etmiş, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 4,2 faiz olmuşdur. Hesabat dövründə 62,7 milyon  manatlıq kənd təsərrüfatı məhsulu, 5,4 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 8,3 milyon manatlıq tikinti işləri görülmüşdür. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının xüsusi çəkisi 44,5 faiz, sənayenin xüsusi çəkisi 3,8 faiz, pullu xidmətlərin xüsusi çəkisi 31,2 faiz olmuşdur.

       2016-cı ildə tam orta məktəb pilləsini bitirənlərin 354 nəfəri ali məktəblərə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etmiş, onlardan 206 (2015-ci ildə 219 nəfər) nəfəri tələbə adını qazanmışdır. 11 nəfər  600-dən,  20 nəfər  isə 500-dən  yuxarı bal toplamışlar. 2016-cı ildə ali məktəblərə qəbul olunanlar bütün məzunların 26 faizini, sənəd verənlərin isə 58 faizini təşkil edir.    

      Əhaliyə  tibbi xidmətlərin göstərilməsi sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən 15 fevral-15 may tarixlərində rayon əhalisinin 97,1 faizi tibbi müayinədən keçirilmiş, 4393 nəfər xəstə aşkar olunaraq dispanser qeydiyyatına götürülmüşdür.

        Ötən dövr ərzində uşaqların icbari müayinəsi işi diqqətdə saxlanılmış və 19337 nəfər uşaq müayinədən keçirilmiş, 1798 nəfər müxtəlif xəstəliklərlə dispanser müayinəyə cəlb edilmişdir.

         Azərbaycan Respublikası Prezidentinin “2016-cı ilin Azərbaycan Respublikasında multikulturalizm ili elan edilməsi haqqında” 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə əlaqədar ölkədə keçirilən beynəlxalq festivallar və bir sıra mühüm tədbirlərdə  mədəniyyət müəssisələrinin işçiləri və folklor kollektivləri fəal iştirak edərək rayonu layiqincə təmsil etmiş, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə təltif edilmişlər.

          Hesabat dövründə rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması istiqamətində mühüm işlər həyata keçirilmişdir.

       Çox sevindirici və qürurverici haldır ki, Balakən rayonu 2017-ci ildə ölkənin Gənclər Paytaxtı seçilib. Balakənin ölkənin gənclər paytaxtı seçilməsi rayonda gənclər siyasəti sahəsində aparılan uğurlu siyasətin,    gənclərin idman və intellektual oyunlarda göstərdikləri yüksək göstəricilərin nəticəsi olmaqla  rayon gənclərinin yaradıcılıq ideyalarının həyata keçirilməsinə, onların potensiallarının artırılmasına və gənclərlə işin daha da canlanmasına təkan verəcəkdir.

        2016-cı ildə rayon polis şöbəsi tərəfindən 183 cinayət hadisəsi qeydə alınmış, onlardan  91 faizinin üstü açılmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin sayı 61  fakt azalmış, kriminogen durum nəzarətdə saxlanılmışdır.

       Hesabat  dövründə vətəndaş müraciətlərinə baxılması, onların qəbulunun təşkili işinin təkmilləşdirilməsi istiqamətində müntəzəm iş aparılmışdır.    RİH başçısı tərəfindən aparatda 838 və ya əvvəlki illə müqayisədə 31 nəfər çox  vətəndaş qəbul edilmiş, vətəndaşlardan 702 və ya əvvəlki illə müqayisədə 11,6 % az müraciət daxil olmuşdur. Daxil olan vətəndaş müraciətlərinin 96,7 %-nə  bilavasitə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri tərəfindən baxılmışdır.

         2016-cı ildə RİH-ə daxil olan müraciətlər  ötən illə müqayisədə 92 ədəd vəya 11,6 %, yuxarı orqanlardan daxil olan müraciətlər    4,1 %, Prezident Administrasiyasından daxil olan müraciətlər isə  3,7 % azalmışdır. 2015-ci ildə hər min nəfərə düşən müraciətlərin sayı 8,3 nəfər təşkil etdiyi halda 2016-cı ildə bu göstərici azalaraq 7,3  nəfər olmuşdur. Bununla belə qeyd edilməlidir ki, bəzi vətəndaşların müraciətləri araşdırılaraq izahlı, əsaslandırılmış cavablar verilməsinə baxmayaraq onlar təkrar olaraq dəfələrlə Prezident Administrasiyasına, müxtəlif rəhbər orqanlara əsassız müraciətlər göndərməkdə davam edirlər.         

      Azərbaycan Respublikası Prezidenti Administrasiyasından nəzarət qaydasında göndərilən 11 müraciətə vaxtında, obyektiv baxılmaqla Administrasiyaya və müraciət müəlliflərinə cavab verilməsi təmin edilmişdir.       

          Ötən ildə RİHB yanında Şuranın 24 yığıncağı keçirilmiş, bu yığıncaqlarda  müxtəlif sahələr üzrə 44  məsələ müzakirə olunmuşdur.

        2016-ci ildə dini qurumlarla aparılan işlər daha intensiv xarakter almışdır. Belə ki, rayon ərazisindəki dini qurumların fəaliyyəti ilə bağlı davamlı müşahidələr aparılmış, onların təbliğ etdiyi dini mövzular diqqətlə izlənilmişdir.

       Rayonumuza ezam olunan mətbuat nümayəndələri ilə “Kütləvi informasiya vasitələri haqqında” qanunun müddəalarına uyğun iş aparılmış, onların fəaliyyəti üçün normal şərait yaradılmışdır.

         Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına dair hesabat müşavirəsində ölkə prezidenti cənab İlham Əliyev qarşıda duran vəzifələr barədə fikirlərini bildirərkən makroiqtisadi sabitliyin təmin olunmasının, biznes mühitinin yaxşılaşdırılmasının, daxili bazarın inkişafının, özəl sektorun inkişafına yönəldilmiş əməli tədbirlərin icrasının, ixrac potensialının artırılmasının əhəmiyyətini xüsusi vurğulamışdır.  İclasda cənab Prezident qeyd etmişdir ki, kənd təsərrüfatı məhsulları hesabına ixrac şaxələndirilməli, geniş ixrac imkanları olan fındıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafı təmin edilməli, rəqabətqabiliyyətli  kənd təsərrüfatı məhsulunun istehsalına nail olunmalı, torpaqlardan səmərəli istifadə edilməklə məşğulluğun artırılması üçün kompleks tədbirlər görülməsi təmin edilməlidir. Hesabat məruzəsindən də göründüyü kimi 2016-cı ildə rayonun kənd təsərrüfatında əhəmiyyətli işlər görülmüş, rayon üçün ənənəvi olan tütünçülük və baramaçılığın, həmçinin, fındıqçılığın inkişafında ciddi irəliləyişə nail olunmuşdur. Hazırda rayon üzrə mövcud fındıq bağlarının sahəsi yeni salınan bağlarla birlikdə 7267 hektar civarındadır.  Növbəti illərdə 3400 hektar sahədə yeni fındıq bağlarının salınmasını hədəf kimi götürmüşük. 15 ton barama istehsal olunması, 550 hektar sahədə tütün yetişdirilməsi də cari il üçün müəyyən etdiyimiz hədəflərdir. Bildirmək istəyirəm ki, “2017-ci ildə tütün istehsalı və emalının təşkili ilə bağlı Tədbirlər Planı” işlənib hazırlanmış və Prezident Administrasiyasının rəhbərinin müvafiq Sərəncamı ilə təsdiq olunmuşdur. İcra üçün RİH-nə daxil olmuş Tədbirlər Planına uyğun olaraq tütün əkiləcək sahələrin müəyyən edilməsi, tütün istehsalçılarının siyahılarının  tərtibi, tütün şitillikləri hazırlanmaqla  toxumun tədarük olunması və səpinə başlanılması, həmçinin, kənd təsərrüfatı texnikasının yaz-tarla işlərinə hazırlanması istiqamətində işlərə başlanılmışdır.

        Payız mövsümündə əkilən tut ağaclarına aqrotexniki qulluq göstərilməsi təmin edilməli,  qısa müddət ərzində yüksək gəlir götürmək imkanı yaradan  baramaçılığın  inkişafına xüsusi diqqət  yetirilməlidir.  Eyni zamanda, xurma istehsalının ölkənin ixrac potensialı baxımından əhəmiyyəti nəzərə alınmalı, təsərrüfatlarda yetişdirilən xurma növlərinin  daha məhsuldar növlərlə əvəz olunması istiqamətində işlər görülməlidir.

          Cari ildə rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi  üçün  əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. Həmin tədbirlər əkin və örüş sahələrinin təyinatına uyğun  səmərəli   istifadəsinin  təşkil edilməsi, təyinatına uyğun istifadə olunmayan  və yaxud səmərəsiz  istifadə olunan örüş sahələrinin təyinatının dəyişdirilməsi və  əkin məqsədləri üçün istifadə edilməsi məsələləri araşdırılmalı, yeni fındıq bağlarının salınması, qarğıdalıçılığın və tütünçülüyün inkişaf etdirilməsi  ilə bağlı  əlavə işlərin görülməsi, baramaçılığın yem bazasının yaradılması,  meyvəçiliyin inkişaf etdirilməsi, mal-qaranın stasionar  şəraitdə saxlanılması, ət, süd və yumurta istehsalının artırılması  üçün  əlavə tədbirlərin görülməsi, fermerlərə, torpaq mülkiyyətçilərinə  təsərrüfatın qurulmasına  köməklik göstərilməsi  və digər məsələlərdən ibarətdir. Əkin sahələrinin suvarılması ilə bağlı ardıcıl tədbirlərin həyata  keçirilməsi davam etdirilməlidir. Sahələrin suvarılması üçün yeni kanalların qazılması və mövcud kanalların təmizlənməsi işlərini təsərrüfat sahibləri və bələdiyyələr diqqətdə saxlamalıdırlar.

       Bütün mülkiyyət növləri üzrə  kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən təyinatına uyğun səmərəli istifadə edilməsi təşkil olunmalı, qanunsuz istifadə və  qanunsuz icarə,  zəbt edilmə, yaxud təyinatına uyğun istifadə olunmama hallarına yol verilməməli və torpaq qanunvericiliyinin tələblərinə əməl edilməlidir. Məlumat üçün bildirirəm ki, Vergi Məcəlləsində edilən yeni dəyişikliyə görə kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə torpaq vergisinin dərəcəsi 1 yanvar 2017-ci ildən etibarən orta hesabla 18 dəfə artırılaraq torpaq sahəsinin hər hektarına görə 200 manat müəyyən edilir. Dəyişikliyin edilməsində məqsəd inzibati metodlardan istifadə etməklə mülkiyyətçiləri torpaqlardan səmərəli istifadəyə sövq etməkdir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları Nazirlər Kabineti tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən ediləcəkdir. Kənd təsərrüfatında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi  cari təsərrüfat ilinin iqtisadi göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, 2017-ci il kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dönüş ili olacaqdır.

         Başladığımız abadlıq işlərini cari ildə də davam etdirəcəyik. Şəhərdə abadlıq işlərinin aparılması, çoxmənzilli kommunal binaların fasadının və dam örtüklərinin təmiri davam etdiriləcək,  küçələr asfaltlanacaq, dövlət bayrağı muzeyi və “ABAD-park” kompleksi tikiləcəkdir. Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun və Şərif kənd tam orta məktəbinin tikintisi başa çatdırılacaq, Katex-Qazbinə yolu boyunca yol kənarları, hasarlar başdan-başa abadlaşdırılacaq, , təhsil, səhiyyə və mədəniyyət obyektlərində əsaslı və cari təmir işləri   aparılacaqdır.

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə  Komissiyanın 26 dekabr 2016-cı il tarixində keçirilmiş geniş müşavirəsində bütün sahələr üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırıldığı vurğulanmış, bununla belə, bəzi dövlət orqanlarında korrupsiya hallarının qalmaqda olduğu bildirilmişdir. Həmin müşavirədə çox təəssüf ki, Balakən rayon təhsil şöbəsinin fəaliyyətində neqativ halların olduğu barədə fikirlər səsləndirilmişdir ki, bu da əsassız deyildir.

      Təhsil şöbəsinin fəaliyyəti barədə müşavirədə qeyd olunan iradlarla bağlı bildirirəm ki, 2015-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Rayon təhsil şöbəsinin maliyyə təsərrüfat fəaliyyəti yoxlanılmış, yoxlama arayışı həmin arayışda qeyd olunan nöqsanların təkrar olunmaması və  müvafiq təşkilati tədbirlərin görülməsi üçün RİH-nə göndərilmişdir. Aparılmış yoxlamanın nəticələri RİH başçısı yanında Şuranın 11 sentyabr 2015-ci il tarixli yığıncağında müzakirə edilmişdir. Müzakirə zamanı       təhsil şöbəsində ciddi maliyyə pozuntularına yol verildiyi, rayon təhsil şöbəsinin  sabiq müdirinin və baş mühasibin tutduqları  vəzifədə yarıtmaz fəaliyyətləri qeyd edilməklə onların təhsil sahəsində rəhbər vəzifədə işləməsi, həmçinin, mərkəzi mühasibatlıqda çalışan və nöqsanlara yol vermiş işçilərin işdə qalması qeyri mümkün hesab edilmiş, həmin işçilər işdən azad olunmuşlar.

         Nöqsanlara yol vermiş məktəb direktorları barəsində intizam tədbirləri görülmüş, yoxlama aparılmayan digər məktəblərdə monitorinq aparılmaqla nəticələri  Təhsilyanı  Şurada müzakirə edilmişdir.

        Prokurorluğa daxil olmuş şikayət ərizəsi əsasında  2016-cı ilin aprel ayında iki ümumtəhsil məktəbində Maliyyə Nazirliyi tərəfindən yoxlama aparılmış, cinayət xarakterli halların olması müəyyən edilməklə toplanılmış materiallar rayon prokurorluğuna göndərilmişdir. Nəticədə sabiq təhsil şöbəsinin  müdiri haqqında cinayət işi açılmış və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan cinayət işinin istintaqı aparılır. Qeyd olunan xoşagəlməz, neqativ halların digər dövlət qurumlarında, xüsusilə səhiyyə, mədəniyyət, icra nümayəndəlikləri, yerli özünüidarəetmə qurumları və başqa müəssisə və təşkilatlarda təkrarlanmaması üçün bu məsələlər nəzarət altında saxlanılmalı, korrupsiya hallarının qarşısı qətiyyətlə alınmalıdır. Səhiyyə müəssisələrində bəzi həkimlər tərəfindən xəstələrdən əlavə ödəniş tələb edilməsi, pulsuz verilməsi nəzərdə tutulan dərmanların gecikdirilməsi kimi neqativ halların baş verməməsi üçün bu müəssisənin fəaliyyətində şəffaflıq artırılmalıdır. Vəzifə tutan hər bir şəxs bilməlidir ki, korrupsiya hallarına son qoyulması  günün tələbidir və bununla bağlı ölkə Prezidenti tərəfindən konkret tapşırıqlar verilmişdir. Bu tapşırıqlara əməl etməyənlər qanun qarşısında cavab verməli və layiqli cəzalarını almalıdırlar. RİH isə bu cür neqativ hallara qarşı mübarizənin önündə gedəcəkdir. 

       Qanunsuz tikintilərlə bağlı İnzibati Ərazi Dairələrində apardığımız  araşdırmalar göstərir ki, hazırda  rayon ərazisində çoxsaylı qanunsuz inşa olunmuş fərdi yaşayış evləri və müxtəlif obyektlər mövcuddur və bu gün də belə obyektlərin inşası davam etdirilir. Yerli icra orqanları və bələdiyyələr bəzi hallarda belə tikintilərə susmaqla razılıq verir, ya da özlərini görməməzliyə vururlar.

        Katex, İtitala, Kortala, Gərəkli, Qaysa, Tülü kəndlərində yeni yaşayış massivləri salınsa da həmin ərazilərdə xidmət obyektləri, səhiyyə və təhsil müəssisələri üçün torpaqlar saxlanılmır. Bu isə şəhərsalma qaydalarının pozulmasına səbəb olur.

        Hənifə, Gərəkli, Kortala, Qullar, Talalar, Qazbinə kəndlərində tikinti işləri görülərkən qonşuluq münasibətləri pozulur. Yolların, meydançaların, yaşıllıqların normaya uyğun saxlanılması pozulur. Bu isə gələcəkdə növbəti problemlərin yaranmasına səbəb ola bilər. Bu kimi halların qarşısı qətiyyətlə alınmalı, şəhər, qəsəbə və kənd bələdiyyələri tərəfindən hüquqi və fiziki şəxslərə torpaqdan istifadə etmək üçün ədalətli və bərabər hüquqi imkanların təmin edilməsinə ciddi riayət olunmalıdır.

       Kommunal xidmət müəssisələrində əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi üçün ciddi tədbirlər görülməlidir. 
Şifahi müraciət zamanı dövlət qulluqçuları vətəndaşlarla etik davranış qaydaları çərçivəsində ünsiyyət qurmalı və edilən müraciətlə bağlı vətəndaşlara düzgün istiqamət verilməlidir.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə kadrların düzgün seçilib yerləşdirilməsi məsələsi mühüm əhəmiyyət kəsb edir. İşə qəbul edilən şəxslər peşəkar, yüksək bilikli, məsuliyyətli, müasir düşüncəli və mədəni davranışa malik olmalıdır. Dövlət qurumlarının rəhbərləri tabeliyində olan hər bir işçini tanımalı, onları narahat edən problemləri bilməli və fəaliyyətlərini diqqət mərkəzində saxlamalıdırlar. Hər bir dövlət qurumunun rəhbəri isə öz əməkdaşları üçün vicdanlılıq nümunəsi olmalıdır.

 

 

 

 

Keçidlər