Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü il üzrə hesabat

 
Balakən Rayon İcra Hakimiyyətinin 2023-cü ildə
rayonda görülmüş işlər barədə
HESABATI
 
  2023-cü il Azərbaycan xalqı üçün çox əlamətdar və uğurlu olmuş, ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. 2023-cü il sentyabrın 19-da başlamış və cəmi bir gün davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunmuşdur. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə Dövlət Bayrağımız qaldırılmış, noyabrın 8-də isə Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirilmişdir.
  2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı, torpaqlarımızın işğalçılardan azad olunması və suverenliyimizin bərpası çoxəsrlik tariximizdə xüsusi yer tutacaq, xalqımızın yaddaşında əbədi qalacaqdır.
  2023-cü il, eyni zamanda  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə, Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 -ci ildönümünə təsadüf etmişdir. Dövlət başçısının prezidentlik fəaliyyətinin 20-ci ildönümünün "Heydər Əliyev İli"nə təsadüf etməsi olduqca əlamətdardır. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev onun strateji inkişaf xəttini uğurla davam etdirərək müstəqil dövlətçiliyin və müasir inkişafın Azərbaycan modelini yaratmışdır. 
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq  Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilmişdir. 
   “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında ölkə  Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə bağlı Balakən Rayon İcra Hakimiyyəti tərəfindən Təqvim Planı hazırlanmışdır. Təqvim Planına uyğun olaraq Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə il ərzində, elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, xalqımız qarşısındakı xidmətlərinə həsr olunan konfranslar, dəyirmi masalar və geniş toplantılar keçirilmişdir.
  Rayonda “Heydər Əliyev  ili”nə həsr olunmuş müxtəlif müsabiqələr, festival və sərgilər, tamaşa və konsertlər, həmçinin ağacəkmə aksiyaları təşkil olunmuşdur.
2023-cü ildə Dövlət və İnvestisiya Proqramlarında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonun əsas sosial iqtisadi göstəriciləri yaxşılaşmış,  ümumi məhsul buraxılışı 325,8  milyon manat təşkil etmiş, 2022-ci illə müqayisədə artım  8,1 faiz olmuşdur. Kənd təsərrüfatı məhsulu istehsalı 128,7 milyon  manat, sənaye məhsulu istehsalı 75,7 milyon manat, tikinti işlərinin ümumi həcmi 13,0 milyon manat təşkil etmişdir. 2022-ci illə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 4,3 faiz, sənaye məhsulu istehsalı 44,8 faiz, artmış, ümumi məhsul buraxılışının rayon əhalisinin hər nəfərinə düşən həcmi 3238,1 manat olmuşdur. Kənd təsərrüfatında istehsal olunan məhsulun 61,4 %-i bitkiçiliyin, 38,6 %-i isə heyvandarlığın payına düşmüşdür.
  Əsas kapitala yönəldilən investisiyaların həcmi 16,1 milyon manat olmuş, rayon iqtisadiyyatına 3,1 milyon manat özəl investisiya cəlb edilmişdir.
  Hesabat dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara 20 layihə üzrə 469,0 min manat həcmində güzəştli kredit verilmiş, həmin sahibkarlar tərəfindən 23 yeni iş yeri yaradılmışdır.
  2023-cü ildə 15697.3 hektar sahədə əkin aparılmış, onun da 1845 hektarını payızlıqlar  (1086.7 ha buğda, 719.3 ha arpa, 39.0 ha xəsil), 11923.3 hektarını isə yazlıq bitkilər təşkil etmişdir. (Yazlıq əkinlərin 2065 ha tərəvəz, 344 ha bostan, 627 ha kartof, 181 ha  lobya, 7819 ha qarğıdalı, 734  ha yonca və 153.3 ha  tütün sahələri olmuşdur).
  2023-cü təsərrüfat ilində sahələrdən 6006.2 ton buğda və arpa məhsulu yığılmışdır ki, bu da  əvvəlki ilin səviyyəsindən  8,8 % çoxdur. İstehsal olunmuş taxılın 3361.8 tonu buğda, 2644.4 tonu isə arpa olmaqla məhsuldarlıq göstəricisi hər hektardan 33.3 sentner  təşkil etmişdir. Təsərrüfatlarda taxıl biçinindən sonra 330,5 ha sahədə təkrar əkinlər aparılmış, onun 300.5 hektarını  qarğıdalı təşkil etmişdir. Bütövlükdə əkin sahələrinə normal aqrotexniki qulluq göstərilmiş, zərərvericilərə və alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilmiş, əkin sahələrində məhsuldarlığın artırılması üçün tədbirlər görülmüşdür.
  Ötən  təsərrüfat ilində 7819 ha sahədə qarğıdalı əkilmiş, 52,3 min ton məhsul yığılmışdır ki, bu da 2022-ci ildən  3,3 faiz çoxdur. 2023-cü ildə baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişaf etdirilməsi və bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl işlər aparılmış, 250 kümçü tərəfindən 800 qutu ipəkqurdu bəslənilmiş,  28.2 ton barama istehsal edilərək “Azərİpək” MMC-yə təhvil verilmişdir.
  Ötən ildə  153.3 ha sahədə  tütün əkilmiş, iyul ayında yağan  leysan yağışları və dolunun   nəticəsində 88.7 ha sahə  (58,0 faiz) tam sıradan çıxmışdır. Bununla belə, qalan 64.6 ha sahədən tütünün yığılması təmin olunmuşdur. İstehsal olunmuş  221,4 ton quru tütün tədarükçü təşkilatlara təhvil verilmişdir. Əvvəlki ilə nisbətən tütün istehsalı 60,4%, hər hektardan məhsuldarlıq  2,5 dəfə artmışdır.Təsərrüfatlarda əvvəlki ilə nisbətən tərəvəz istehsalı 3,1%, kartof istehsalı 6,2%, meyvə istehsalı 3,1% artmışdır.
Rayonda bitkiçiliklə yanaşı heyvandarlığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılmış,  iribuynuzlu mal-qaranın sayı 28,8 min başa, xırdabuynuzlu malın sayı isə 36,8 min başa çatdırılmışdır. Hesabat dövründə ət istehsalı 4305,2 ton,  süd istehsalı  22312,0 ton, bal istehsalı 80 ton, yumurta istehsalı 10701,0 min ədəd, yun istehsalı 75,4 ton olmuş, süd istehsalı 0,6 faiz,  yumurta istehsalı  2,1% artmışdır.
  2023-cü  ildə istehsalçılara 70% güzəştlə 804,3 ton mineral gübrə və 4,0 litr herbisid  satılmışdır.
  Fermerlər tərəfindən 2024-cü ilin məhsulu üçün 1687.2 hektar sahədə taxıl o cümlədən, 795.3 hektar buğda və 891.9 hektar arpa əkilmişdir. Səpin optimal müddətdə başa çatdırılmış və keyfiyyətli toxumlardan istifadə olunmuşdur. Hal-hazırda əkin sahələrinə zəruri aqrotexniki qulluq göstərilir.
  Cari ildə baramaçılığın və tütünçülüyün inkişaf etdirilməsi  istiqamətində işlərin aparılmasına başlanılmışdır. Baramaçılıqla bağlı artıq kəndlər üzrə 700 qutu ipəkqurdunu bəsləyəcək kümçülərin siyahısı tərtib edilmiş və kümxanaların  hazırlanmasına başlanılmışdır. Baramaçılığın inkişaf etdirilməsi və onun yem bazasının yaxşılaşdırılması məqsədi ilə Çindən gətirilən və yerli çəkil ağaclarına xidmət göstərilmiş və onlara baxılmasının monitorinqi aparılmışdır. Monitorinq zamanı Mahamalar, İtitala, Katex, Gərəkli  kəndlərində çəkil ağaclarına normal xidmət göstərilmədiyi müəyyən olunmuş, bu da ağacların bir hissəsinin xarab olmasına səbəb olmuşdur.
  Rayonda tütünçülüyün inkişaf etdirilməsi üçün dövlət proqramı çərçivəsində  işlər görülmüş və cari təsərrüfat ilində 82,0 hektar sahədə tütün əkilməsi proqnozlaşdırılmışdır. Tədarük müəssisələrindən verilmiş toxumlarun səpilməsi üçün istixanalar hazırlanmış və şitil yetişdirlməsinə başlanılmışdır.  Eyni zamanda  tütün şitilinin açıq sahələrə köçürülməsi üçün seçilmiş sahələrdə dondurma şumu aparılmış, sahələr əkinqabağı  hazırlanmış və mineral gübrələrin verilməsi təmin olunmuşdur.  Hazırda Azərbaycan Sənaye Korporasiyasının  “Azərtütün” MMC ilə 45,9 hektar və “Zaqatala Aqro İndustriy” MMC ilə 23,0 hektar sahədə (cəmi 69 ha) tütün əkilməsi üçün fermerlərlə müqavilə bağlanılmışdır. Digər şirkətlərlə müqavilələrin bağlanması üçün tədbirlər görülür. Tütünçülər eyni zamanda tütün əkiləcək sahələrin torpaq analizlərinin aparılmasını təşkil edir və məhsuldarlığın artırılması üçün sahələrə analizlərin nəticələrinə görə aqrotexniki xidməti təşkil etməyi planlaşdırırlar.
  Cari ildə 7820 ha sahədə qarğıdalı, 2065 ha sahədə tərəvəz, 345 ha sahədə bostan bitkiləri 180 ha sahədə lobya, 82 ha sahədə tütün, 2700 ha sahədə yonca və digər bitkilərin əkilməsi nəzərdə tutulmuşdur. Artıq 259 ha sahədə tərəvəz, 202 ha sahədə kartof,  174 ha sahədə yonca əkilmişdir. Hazırda İstehsalçıların toxuma, mineral gübrələrə olan tələbatının ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür, yazlıq əkinlərə başlanılması üçün  fermerlər tərəfindən torpaq  sahələrində şüm aparılır.
2023-cü ildə rayon əhalisinə göstərilən kommunal və digər xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması nəzarətdə saxlanılmışdır. Əhaliyə rabitə xidmətinin göstərilməsi sahəsində çox əhəmiyyətli işlər görülmüş, Qabaqçöl Qəsəbə, Katex, Hənifə, Sarıbulaq kənd elektron stansiyalarının hər birində yeni gərginlik tənzimləyiciləri quraşdırılmış, rayon ərazisində fiber optik kabelləşmə başa çatdırılmış, GPON şəbəkəsinə qoşulma işlərinə başlanılmışdır.
  Ötən dövr ərzində yerli əhəmiyyətli Qazma-Darvazbinə, Mollaçıbinə, Balakən -Qabaqçöl, Bedağar, Gərəkli, Yeni Şərif, Qaysa və Balakən-Filizçay, yollarında asfalt-beton qarışığı ilə 6085 m2, digər yerli əhəmiyyətli avtomobil yollarında çınqıl-qum qarışığı ilə ümumilikdə 308,5 min m2, yol çiyinlərində isə 44,9 min m2 çala təmiri işləri görülmüşdür. Orta təmir üzrə Uzuntala-Beretbinə avtomobil yolunun 5,4-5,7 kilometrlərində 300 metr uzunluğunda və sahəsi 1800 m2 asfalt beton örtük döşənmiş, Tülü kənd yolunda 1500 metr uzunluğunda 7500 m2 asfalt beton örtük döşənmişdir.
  Mənzil fondunun cari təmiri istiqamətində rayonun Mahamalar kəndində yerləşən 3 ikimərtəbəli kommunal yaşayış evində, H. Əliyev prospektində 49 və 53 saylı ikimərtəbəli 16 mənzilli yaşayış evlərində təmir işləri aparılmışdır. 2023-cü ildə büdcə vəsaiti hesabına Balakən şəhər İƏD-in balansında olan 24 küçə və həmin küçələrin dalanlarında əsaslı təmir işləri aparılmışdır. Ə. Ansuxski, Z. Əliyeva, Babək və S. Gözəlov küçələrində yağış sularının ötürülməsi üçün beton arxlar və keçidlərdə borular quraşdırılmış, Heydər Əliyev prospektindəki monitor əsaslı təmir olunmuşdur.
  Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması sahəsində müxtəlif ərazilərdə 6 ədəd 6-10 kv-luq kompleks transformator məntəqəsinin tikinitisi icra olunmuşdur. 2023-cü ildə rayonda  35 kV-luq hava xətlərinin 2,2 km, 10-6 kV-luq hava xətlərinin 3 km məsafədə təmiri başa çatdırılmışdır.
  Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə şəhərin  Əziz Əliyev küçəsində diametri 40 mm olan 50 p/metr yeni su xətti çəkilmişdir. Mahamalar kəndi ərazisində 2000 m³  həcmində 2 yeni su anbarı inşa edilmiş, mövcüd 500 m³ -lik su anbarları əsaslı təmir edilmiş, yeni xlorator və gözətçi binaları tikilmişdir. Bununla yanaşı, Mahamalar kəndinin Salban yaşayış məntəqəsində 10 subartezian quyusu qazılmış və istismara verilmişdir. Həmçinin, Siltik çay su mənbəyində yeni su qəbuledici qurğu inşa edilmiş və mənbədən mərkəzi anbara diametri 300 mm olan polad boru ilə yeni 8 km-lik su xətti çəkilmişdir.
  Əhali təsərrüfatlarının və əkin sahələrinin sel təhlükəsindən müdafiəsi sahəsində Balakənçay, Katexçay və İnterçayın daş-beton bəndlərində 2137 m3 həcmində cari təmir işləri aparılmışdır.
  Rayon İstilik sistemləri istismarı sahəsi 2023-cü il ərzində 4228 Q/kal istilik enerjisi hasil edərək əhaliyə və sifarişçilərə istilik enerjisi xidməti göstərmişdir. Sahənin balansında olan 6 qazanxanada 8 ədəd odluq və 4 ədəd su qızdırıcı kombi yenisi ilə əvəz edilmiş, bütün qazanxanalardan çıxan magistral və məhəllədaxili istilik xətləri, eyni zamanda, qazanxanalarda olan qaz xətləri, yüksək və aşağı gərginlikli işıq xətləri yoxlanılmış, qazanxanalarada 22 ədəd siyirtmə cari təmir olunmuşdur.
  2023-cü ildə qaz təsərrüfatının yaxşılaşdırılması məqsədilə rayonun kəndlərində 10 ədəd yeni qaz tənzimləyici qurğu quraşdırılmış, qaz paylayıcı stansiyada əsaslı təmir işləri aparılmış, Balakən və Katex Qaz paylayıcı stansiyalarında  200 mm-lik filtrlər quraşdırılmışdır.
  Rayon ərazisində 294 mənzil qazlaşdırılaraq abonent sayı 22493-ə çatdırılmışdır.
Balakən rayonu üzrə təhsil sektoru və onun tabeliyində olan təhsil müəssisələri gənc nəslin təlim-tərbiyəsi, kamil şəxsiyyət kimi formalaşması  sahəsində  uğurlu nəticələr  əldə etmək üçün çalışmışdır.
  Hesabat dövründə rayon ümumtəhsil məktəblərində ümumilikdə 12896 nəfər şagird təhsil almışdır. Həmin şagirdlərin təlim-tərbiyəsi ilə 2306 nəfər pedaqoji işçi məşğul olmuş, 42 məktəbdə 59 məktəbəhazırlıq qrupu təşkil olunmuşdur. Rayonun ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili üçün  normal şərait yaradılmışdır.
2022-2023-cü tədris ilində Respublika Fənn Olimpiadasının final mərhələsində Qazbinə kənd tam orta məktəbin  XI sinif şagirdi Xizri Saxrayev gümüş, Nizami adına şəhər 1 nömrəli məktəbin IX sinif şagirdi Ülvi İbadov və VIII sinif şagirdi Məhəmməd Padarov bürünc medal qazanmışdır.
  13 may 2023-cü il tarixində keçirilən Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsinin final mərhələsində Nəsimi adına şəhər 2 nömrəli məktəbin beşinci sinif şagirdi Saramanova Telli İlkin qızı 100 bal toplayaraq qızıl, Nizami adına şəhər 1 nömrəli tam orta məktəbin rus bölməsi üzrə X sinif şagirdi Musayev Emil Elşən oğlu bürünc medal qazanmışdır.
14 may 2023-cü il tarixində keçirilən ALPlogo olimpiadasında Balakən rayonu üzrə 4 nəfər I yeri (Balakən şəhər 3 nömrəli, şəhər 1 nömrəli, Qazbinə kənd tam orta məktəbin şagirdləri), 1 nəfər II yeri (Qazbinə kənd tam orta məktəbin şagirdi), 4 nəfər III yeri (şəhər 1 nömrəli, Qazbinə kənd tam orta məktəbin şagirdləri) tutmuşdur.
  2022-2023-cü tədris ilində XI siniflər üzrə keçirilən buraxılış imtahanında rayon üzrə ən yüksək nəticəni Humanitar və texniki təmayüllü liseyin şagirdi Osmanova Şamay Rahib qızı (286 bal),  IX siniflər üzrə isə Nizami adına şəhər 1 nömrəli məktəbin şagirdi Ocaqverdiyeva Sərvim Arzu qızı göstərmişdir (274 bal).
  2022-2023-cü tədris ilində Balakən rayonunun orta ümumtəhsil məktəblərinin məzunlarından 262 nəfəri ali məktəblərə qəbul olunmuş, qəbul imtahanlarında məzunlardan 26 nəfəri 500-700 bal arasında, o cümlədən 3 nəfər 600 baldan yuxarı nəticə göstərmişdir. Amin Novruzov adına Humanitar və texniki təmayüllü liseyin məzunu Şamay Osmanova imtahanlarda rayon üzrə hamıdan çox – 643 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuşdur. Ümumiyyətlə, qəbul imtahanlarında Amin Novruzov adına Humanitar və texniki təmayüllü liseyin, Nizami adına şəhər 1 saylı, Nəsimi adına şəhər 2 saylı, Qazma 1 və 2 saylı, Talalar 1 və 2 saylı, Şambul və Bedağar kənd tam orta məktəblərin məzunları daha yüksək nəticələr əldə etmişlər. Hesabat dövründə 1 nəfər məzun məktəbi gümüş medalla, 11 nəfər fərqlənmə attestatı ilə bitirmişdir.
2023-cü ildə keçirilmiş  IX siniflərin buraxılış imtahanlarında rayon üzrə orta bal 93,5 olmuşdur. 43 ümumtəhsil məktəbindən yalnız 14 məktəbin şagirdləri 100 baldan yuxarı nəticə göstərmişlər.  Bu onu göstərir ki, rayon üzrə IX siniflərin buraxılış imtahanlarının göstəriciləri aşağı olmuşdur.
2023-cü il ərzində əhaliyə tibbi xidmətlərin göstərilməsi sahəsində müsbət  tendensiya davam etmişdir. İl ərzində  stasionara 3916 xəstə daxil olmuş, 3753 nəfər xəstə evə buraxılmışdır. Çarpayı günlərinin sayı 24830 olmuşdur. Hesabat dövründə 858 doğuş olmuş, 498 nəfər vəfat etmişdir. 3040 cərrahiyə əməliyatı aparılmışdır. 1 yaşa qədər uşaq ölümü halı baş verməmişdir.
  Ötən dövrdə  18192 uşaq müayinədən keçirilmişdir. 6464 xəstə  uşaq aşkarlanaraq dispanser nəzarətinə  götürülmüş, 5498 uşaq sağalaraq dispanser nəzarətindən çıxarılmışdır. 906 uşaq stasionar müalisəyə cəlb olunmuş, 158 uşaq sanator müalicəyə göndərilmişdir.
Rayon  ərazisində  sanitar gigiyenik nəzarətdə olan obyektlərdə aparılan proflaktiki tədbirlər nəticəsində əhali arasında xüsusi təhlükəli infeksiyalar və  kütləvi zəhərlənmə halları qeydə alınmamış, profilaktiki peyvəndlər  90%  yerinə yetirilmişdir.  İl ərzində 457 nəfər heyvan dişləməsi ilə Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etmiş, xəstələrə antirabik köməklik göstərilmişdir.
  Malyariya xəstəliyinin profilaktikası məqsədilə 2023-cü il ərzində 3088 nəfər xəstədən qan nümunəsi götürülmüş və parazitoloji laboratoriyada müayinə olunmuşdur. Hesabat dövründə 142 nəfər qızılça xəstəliyinə, 253 nəfər su çiçəyinə yoluxmuşdur.
  2023-cü ildə mədəniyyət müəssisələri tərəfindən daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, muzey, kitabxana informasiya sistemlərinin müasirləşdirilməsi, xalq yaradıcılığının dəstəklənməsi, muzey fondlarının zənginləşdirilməsi istiqamətində fəaliyyət qurulmuş, qeyri-maddi mədəni irsə aid olan muğama və Novruz bayramına aid  silsilə tədbirlərin keçirilməsi təşkil olunmuşdur. Hesabat dövründə bütün mədəni-maarif müəssisələrində əlamətdar və tarixi günlərin, milli və dövlət bayramlarının, yubiley tədbirlərinin yüksək səviyyədə qeyd edilməsi, məzmunlu və rəngarəng tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.
  2023-cü il ərzində rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması məqsədilə keçirilən 36 rayon səviyyəli idman yarışları və birinciliklərdə  1530 idmançı iştirak etmişdir. Həmin yarışlarda idmançılarımız 2 dəfə I yeri, 1 dəfə II yeri, 1 dəfə isə III yeri tutmuşlar və ümumilikdə 4 medal qazanmışlar. Yunan- Roma güləşi üzrə mübarizə aparmış rayonumuzun idmançısı Əhmədiyev Murad gənclər arasında keçirilən Avropa çempionatında I yeri tutmuşdur.
  Ötən dövrdə  gənclərlə iş üzrə 32 tədbir keçirilmiş və həmin tədbirlərdə 1150 gənc iştirak etmişdir.
  Rayon 1 nömrəli Peşə məktəbi orta və əsas təhsil bazasına malik  gənclərə 1 və 2 illik proqramlar əsasında 11 ixtisas üzrə peşə təhsili vermiş, məktəbdə 208 nəfər təhsil almışdır. Təhsil alanların 116  nəfəri tam orta təhsil bazasında 1 illik qruplarda, 92 nəfəri isə ümumi orta təhsil bazasında 2 illik qruplarda oxumuşlar. 2 nömrəli Peşə məktəbində 5 peşə ixtisası üzrə 95 nəfər tələbə təhsil almışdır. Məktəbdə təhsil alan şagirdlərin 58 nəfəri tam orta təhsil bazasında 1 illik qruplarda, 37 nəfəri isə ümumi orta təhsil bazasından 2 illik qruplarda oxumuşlar.
  Ötən ildə 85 nəfər tələbə isə öz peşələrinə uyğun diplom alaraq məzun olmuşdur.
  Yerli bələdiyyə orqanları tərəfindən 2023-cü ildə bir çox sosial  layihələr icra edilmiş, 65,6 km məsafədə  kənddaxili və çöl yolları təmir edilmiş, Şərif, Qaysa və Yeni Şərif bələdiyyələri tərəfindən ümumi uzunluğu 600 metr olan yolların asfaltlaşdırılması layihələri icra olunmuş, Hənifə, Qazma, Püştətala bələdiyyələri tərəfindən artezian quyuları qazılmış, Qullar, Hənifə, Qabaqçöl, Katex bələdiyyələri tərəfindən küçə işıqlanması layihələri icra edilmiş, şəhid bulaqları tikilmiş, 3 km məsafədə arx və kanallar təmizlənmiş, 900 metr su şəbəkələri təmir edilmişdir.
  2024-cü ildə ilkin olaraq içməli və suvarma suyunun təmin edilməsi məqsədilə Kortala, Sarıbulaq, Şərif, Qazma, Xalatala bələdiyyələri tərəfindən artezian quyularının qazılması, Qaysa bələdiyyəsi tərəfindən asfaltlaşma layihəsi, Sarıbulaq, Meşəşambul, Qullar bələdiyyələri tərəfindən mövcud artezianların təmiri, Katex, Qabaqçöl bələdiyyələri tərəfindən küçələrin işıqlandırılması layihələri, Püştətala bələdiyyəsi tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə idman meydançasının salınması, Xalatala bələdiyyəsi tərəfindən  insanların gediş-gəlişinin təmin edilməsi məqsədilə uçmuş körpünün yenidən inşa edilməsi, Yeni Şərif, Katex, Hənifə, Tülü, Xalatala, Şərif, Şambul bələdiyyələri tərəfindən yeni su şəbəkələrinin yaradılması, əksər bələdiyyələrdə kənddaxili və pay torpaqlarına gedən yolların təmir edilməsi layihələri nəzərdə tutulmuşdur.
Qeyd olunmalıdır ki, 2023-cü ildə və cari ilin ötən dövrü ərzində Qaysa, Kortala, Hənifə, Qazma, Katex, Mahamalar və Qullar bələdiyyələri tərəfindən görülmüş tədbirlər nəticəsində vətəndaşların qanunsuz zəbtində olan 51 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılmışdır.
  Balakən RİH-də Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq  olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də  və 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq  edilmiş  “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli Fərmanına əsasən rayon ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə aparat işçilərindən ibarət 12 nəfərlik işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən mütəmadi  həyata keçirilən tədbirlər və monitorinqlər  nəticəsində        rayon ərazisində bünövrəsi əvvəlki illərdə qoyulmuş və məlum Fərmandan əvvəl tikintisinə başlanılmış, lakin tikintisi başa çatmamış 62 qanunsuz tikinti müəyyən olunmuşdur ki, onlardan 20 obyektin qeyri- yaşayış, 42 obyektin isə yaşayış təyinatlı obyektlərdir. Hər bir obyekt sahibinə tikinti işlərini dayandırması və sənədləşdirməsi tövsiyə olunaraq bildiriş verilmiş, qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq qurumlar bu barədə məlumatlandırılmışdır.
  İşçi qrup tərəfindən aparılmış məqsədyönlü tədbirlər nəticəsində 31 obyektin sənədləşdirilməsi təmin olunmuşdur.
  Ayrı-ayrı kəndlər üzrə 5 nəfər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi ev tikintisi, 3 nəfər tərəfindən isə sahibkarlıq obyektinin tikintisi işlərinə başlanıldığı müəyyən olunmuş, həmin şəxslərə qanunvericiliyin tələbləri izah edilmiş, nəticədə vətəndaşlar tərəfindən obyektlərin könüllü söküntüsü təmin olunmuşdur. Hazırda 23 obyektin sənədləşdirilməsi davam etdirilir.
  Kənd inzibati ərazi vahidlərində ev təsərrüfatları üzrə uçot məlumatlarının toplanılması demoqrafik vəziyyət, vətəndaşların faktiki  ünvanlarının, miqrasiya və daxili yerdəyişmələrinin izlənilməsində, kənd təsərrüfatının siyahıyalınmasında, seçici siyahılarının dürüstləşdirilməsində, insanların sosial müdafiəsi, məşğulluğu və onlarla bağlı bir çox məlumatların dəqiqləşdirilməsində xüsusi əhəmiyyət kəsb edir. Nümayəndəliklər tərəfindən bu istiqamətdə işlər demək olar ki, hər il müəyyən olunmuş müddət ərzində başa çatdırılır.
  2023-cü ildə rayon polis şöbəsi tərəfindən 201  cinayət hadisəsi qeydə alınmış, onlardan  97,5 faizinin üstü açılmışdır.
 Narkotiklərlə bağlı 92 cinayət faktı aşkar olunmuşdur. Onlardan 17 fakt  əkib-becərmə  ilə bağlı olmuş, ümumilikdə 133,2 kq narkotik vasitə dövriyyədən çıxarılmışdır.
 Cinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində rayon polis şöbəsinin səmərəli fəaliyyəti qeyd olunmalıdır.
  Hesabat dövründə rayonda ictimai-siyasi sabitliyin qorunub saxlanılması, rayon ərazisində dini durumun öyrənilməsi, qeyri-ənənəvi və zərərli təriqətlərin yayılması kimi məsələlərə dair araşdırmalar aparılmışdır.
  Rayonda fəaliyyət göstərən siyasi partiyalarla aparılan bütün işlər Azərbaycan Respublikasının “Siyasi partiyalar haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunları və digər qanunvericilik aktları ilə tənzimlənmiş, siyasi partiyaların qanunvericiliyə uyğun fəaliyyət göstərməsi üçün normal şərait yaradılmışdır.
  2023-cü ildə vətəndaşların müraciətlərinə baxılması, sənədlərlə aparılan işlərin təkmilləşdirilməsi və səmərəsinin artırılması, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi istiqamətində müntəzəm iş aparılmışdır.
  Yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyətinin və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” portalı barədə vətəndaşların məlumatlanması üçün bukletlər hazırlanmış, RİH-in inzibati binasının qarşısında elan yerləşdirilmiş, RİH-in rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində məlumatların yerləşdirilməsi təmin olunmuşdur.
  Balakən RİH başçısı aparatının və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları ilə “Rəqəmsal İcra Hakimiyyəti” portalından istifadə qaydaları, vətəndaşların müraciətlərinin vaxt itkisi olmadan sistemə daxil edilməsi, onlara təqdim edilən xidmətlərdən portal vasitəsilə yararlanmaları, dövlət idarəetməsində hər bir vətəndaşın iştirak imkanının təmin edilməsi istiqamətində maarifləndirmə işləri həyata keçirilmişdir.
  Rayon sakinləri tərəfindən  2023-cü ildə Rəqəmsal İcra Hakimiyyəti portalına  ümumilikdə 1660 ədəd müraciət (Xidmətlər modulu üzrə- 602, E-iştirakçılıq bölməsi üzrə -13, Vətəndaş qəbulu modulu üzrə -750 və Müraciətlər modulu üzrə -295 müraciət) göndərilmişdir.
  2023-cü ildə RİH başçısının vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemində 719 vətəndaş müraciəti (məktub, elektron məktub və teleqram) baxılmaq üçün qeydiyyata alınmış, RİH başçısı tərəfindən ümumilikdə 594 nəfər (o cümlədən, səyyar qəbullarda 298 nəfər) vətəndaş qəbul edilmişdir. Daxil olan müraciətlərə bilavasitə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri tərəfindən baxılmış, nəticələri barədə vətəndaşlara məlumat verilməsi təmin edilmişdir.
  Daxil olan müraciətlərin xarakterində müsbət dəyişikliklər davam etmiş, şikayətlərlə müqayisədə ərizələrin xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksək olmuşdur.  İl ərzində qeydə alınan  719  müraciətdən 664-nü ərizə, 54-nü şikayət və 1-ni təklif təşkil etmişdir.
2023-cü il ərzində RİH başçısı tərəfindən inzibati binada 296 nəfər vətəndaş qəbul edilmiş və qaldırılan məsələlərə qanunamüvafiq qaydada baxılmışdır. Aparılan təhlillər göstərir ki, qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlərin 44,6 faizini (132 ədəd) əmək və əhalinin sosial müdafiəsi məsələləri, 13,5 faizini (40 ədəd)  kənd təsərrüfatı və torpaq məsələləri, 9,5 faizini (28 ədəd) enerji və istilik təchizatı məsələləri, 4,1 faizini (12 ədəd) su və kanalizasiya məsələləri, 2,4 faizini (7 ədəd) nəqliyyat məsələləri, 1,7 faizini (5 ədəd) tikinti məsələləri, 1,7 faizini (5  ədəd) sel və daşqın problemləri, 1,4 faizini (4 ədəd) poçt və rabitə məsələləri barədə olan müraciətlər təşkil etmişdir ki, bu da ümumilikdə qəbullarda edilən müraciətlərin 79 faizidir.
  Ötən il ərzində  RİH  başçısı tərəfindən rayonun şəhər, qəsəbə və kəndlərində 46 səyyar qəbul-görüş keçirilmiş, bu görüşlərdə 2449 nəfər  iştirak etmiş, 298 vətəndaş tərəfindən 305 təklif və tənqidi qeydlər söylənilmişdir.
  Bütövlükdə ötən il ərzində yuxarı dövlət orqanlarından rayon icra hakimiyyətinə cəmi 237 müraciət daxil olmuşdur. Yuxarı orqanlardan daxil olan müraciətlər 2022-ci illə müqayisədə 6 ədəd azalmışdır. 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından rayon icra hakimiyyəti başçısı aparatına 183 vətəndaş müraciəti baxılmaq üçün göndərilmişdir ki, bu da bütün müraciətlərin 25,4 %-ni təşkil edir. O, cümlədən Azərbaycan Respublikasının Milli Məclisindən 16, Azərbaycan Respublikasının Nazirlər Kabinetindən 16 və Respublikanın digər təşkilatlarından 22 müraciət daxil olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından nəzarət qaydasında göndərilən 3 müraciətə vaxtında baxılmaqla cavablandırılması təmin olunmuş, ümumilikdə ötən il ərzində RİH-nə daxil olan bütün müraciətlərə vaxtında baxılmışdır.
  Vətəndaşlardan bilavasitə rayon icra hakimiyyətinə 482 müraciət ünvanlanmışdır ki, bu  bütün daxil olan müraciətlərin 67 %-ni təşkil edir. Rayon üzrə hər min nəfərə 7 ədəd ərizə düşür.
  Rayon icra hakimiyyəti başçısı aparatına vətəndaşlardan daxil olan 719 müraciətdən 91-i müsbət həll olunmuş, 14-ü  qismən həll edilmiş, 613 müraciətə dair müvafiq izahat verilmiş, 1 müraciət baxılmamış saxlanılmışdır.
  2023-cü ildə RİH-in tabeli qurumlarında 3144 yazılı müraciətə baxılmış, (o cümlədən, 3123 ərizə, 8 şikayət, 13 təklif, təkrar 5, kollektiv 4)  1372 nəfər vətəndaş qəbul edilmişdir.
İl ərzində RİH başçısı tərəfindən 152 sərəncam, 166  əmr imzalanmış, RİHB aparatına 1 362 ədəd xidməti sənəd daxil olmuş,  RİHB aparatından 2040 ədəd sənəd və cavab məktubları göndərilmişdir.
  Məruzədə sadalanan uğurların, əldə olunan nailiyyətlərin əsasında balakənlilərin ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasət kursuna dərin etibarı və inamı dayanır. Təsadüfi deyil ki, 2024-cü ilin fevral ayında  seçicilərin yüksək fəallığı (78,09 faiz) ilə keçən növbədənkənar Prezident seçkilərində balakənli seçicilərin 90,31 faizi iqtidar partiyası olan YAP-nın prezidentliyə namizədi cənab  İlham Əliyevə səs vermişlər.
  Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. 2023-cü ilin dekabr ayında dünyanın ən böyük beynəlxalq tədbirlərindən birinin- iqlim dəyişikliyinin azaldılmasına və "yaşıl enerji"dən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayan COP29-un Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər. Bu, ölkəmizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Bu tədbir Azərbaycanın iqlim dəyişikliklərinə qarşı yaşıl dünya naminə atdığı addımları dünyaya tanıdacaqdır.
  COP29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsdir.  Buna uyğun olaraq Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir.
  Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan bu beynəlxalq konfransı da yüksək səviyyədə keçirəcək, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaqdır. Ölkəmizin gündəliyi "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda ölkə Prezidenti cənab İlham Əliyevin enerji siyasətinin prioritetidir. COP29 siyasi mənada Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə bir daha çatdırılması, həmçinin ölkəmizin iqtisadiyyatı üçün müstəsna əhəmiyyətə və rola malik olacaqdır.
 
 
Keçidlər